Əsirlikdən dülgər emalatxanasına
İngilis tənqidçisi və ədəbiyyatşünası Yuill onun haqqında yazırdı: “Böll həmişə geniş miqyaslı yazıçı olub. Onu bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir.”
Alman yazıçısı Haynrix Teodor Böll (Heinrich Theodor Böll) Kölndə, dülgər Viktor Böllün ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrxin dövründə İngiltərədən qaçıb Almaniyaya sığınan mühacirlərdən idi. Bütün fanatik katoliklər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqib olunmuş, bu basqıya dözə bilməyib mühacirət etmişdilər. Ailənin sonuncu fanatik katoliki də Haynrix idi...
O katolik olsa da özünü daha çox bəşəri ideyaların daşıyıcısı hesab edirdi. Uşaqlıqdan şeirlər və hekayələr yazan Haynrix orta məktəbi bitirəndən sonra Hitleryuqendə (“Gənc hitlerçilər” faşist təşkilatı) üzv olmayan tək-tük yeniyetmələr arasında idi. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral rütbəsində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır. Bütün bu yaşadıqları ona ciddi şəkildə təsir edir. Əsirlikdən qayıtdıqdan sonra yazıçı bir neçə müddət Köln Universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə Demoqrafik Statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir.
Alman dilinin sadələşdirilməsi cəhdləri
1949-cu ildə onun ilk əsəri olan “Qatar vaxtında gəlib” povesti kitab halında nəşr olunur və ədəbi mühitin diqqətini çəkir. Əsər müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşən əsgərdən bəhs edir. “Qatar vaxtında gəldi” əsəri Böllün, müharibə illərinin ağrı-acısından bəhs edən ilk əsəridir . Ümumiyyətlə, Böll müharibə mövzusuna kifayət qədər müraciət edib. Onun müharibə mövzusunda yazdığı “Yolçu, nə vaxt gələcəksən…”, “Hardaydın, Adam?” əsərləri müharibə ədəbiyyatının yaxşılarından hesab edilir. Haynrix Böllün üslubu nasizm pafosundan azad olmağa başlayan sadə, aydın alman dilini bərpa etmək məqsədi daşıyırdı. İlk romanı olan “Onun yarısında oynanılan bilyard”da yazıçı məşhur Köln arxitektorlarının ailəsindən bəhs edir. Əsər ailənin bir gününün təsviri ilə məhdudlaşsa da, xatirələr vasitəsilə Böll üç nəslin həyatını təsvir edir. Roman Kayzer Vilhelmin hakimiyyətinin son illərindən tutmuş 50-ci illərin “Çiçəklənən Almaniya”sına qədər, böyük bir dövrü əhatə edib. “Onun yarısında oynanılan bilyard” Böllün əvvəlki əsərlərindən təkcə miqyasına görə yox, həm də forma mürəkkəbliyi ilə seçilir.
Aleksandr Soljenitsın Böllün evində
“Alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə” Böll 1972-ci ildə Nobel mükafatına layiq görülür. Hələ Nobel mükafatı almamışdan əvvəl Böllün əsərləri nəinki Qərbi, hətta Şərqi Almaniyada, SSRİ də daxil olmaqla bütün sosialist ölkələrində məşhurlaşmışdı və milyonlarla tirajla satılırdı.
Bununla bərabər Böll yazıçıların beynəlxalq təşkilatı olan PEN-klubun, rejimlərin təzyiqlərinə məruz qalan yazıçılara hüquqlarının qorunması sahəsində gördüyü işlərə fəal şəkildə yardım edirdi. 1974-cü ildə SSRİ-dən sürgün olunan kommunist Aleksandr Soljenitsın Parisə köçməzdən əvvəl uzun müddət Henrix Böllün evində yaşamışdı.
Mediaya qarşı yazıçı etirazı
Soljenitsını müdafiə etdiyi dövrlərdə Böll “Katerina Blumun tapdalanmış şərəfi” adlı publisistik povestini yazır və satqın jurnalistikanı kəskin şəkildə tənqid edir. Bu əsərdə, haqsız olaraq təzyiqlərə məruz qalan Katerina son anda bezib, namusunu tapdalamış reportyoru öldürür. Böll bu günlərdə yaşasaydı yəqin ki, “Katerina Blumun tapdalanmış şərəfi” romanını tamam başqa səpgidə – məncə daha təsirli, daha ağır bir dildə qələmə alardı. Medianın əclaflığını, mətbuatda reklam, qalmaqal arxasınca qaçanların amansızlığı Bölün daha sərt tənqidi ilə üzləşərdi. Yenə də etiraf etmək lazımdır ki, bu mövzuda yazılan əsərlər arasında Bölün bu publisistik romanı ötən əsrin 70-ci illərində doğrudan da ciddi hadisə idi.
1972-ci ildə, mətbuatda Baader Meynhoffun qrupu barədə geniş materiallar dərc olunan zaman isə Böll “Qayğı qatarı” romanını yazır. Bu romanda kütləvi zorakılıq zamanı təhlükəsizlik tədbirlərinin ifrat gücləndirilməsindən doğan sosial narazılıqlar təsvir olunur.
Haynrix Böll özünü tərcümə sahəsində də sınamışdı. 1942-ci ildə Henrix Böll Anne Mari Çex adlı bir xanımla evlənən Böll, xanımıyla birgə bir çox amerikan yazıçılarının – Bernard Malamudun, Selincerin və başqa ingilisdilli yazıçıların əsərlərini alman dilinə tərcümə edib.
1985-ci ildə Böllün 1947-ci ildə yazdığı, lakin heç vaxt dərc etmədiyi “Əsgər mirası” romanı çap olunur. Bu əsərdə ikinci dünya müharibəsi zamanı Şərq və Atlantika cəbhələrində baş verən faciəvi hadisələr təsvir olunur. Öz romanlarında, pyeslərində, esselərində, Haynrix Böll Almaniyanın İkinci dünya müharibəsi zamanı və sonrakı illərdə yaşadığı ictimai prosesləri, bir çox hallarda ironik-satirik üslubda təsvir edib.
Böyük yazıçı 1985-ci ilin 16 iyulunda - 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən, vəfat edib.