Eyvaz Əlləzoğlunun 65 yaşı tamam olur – Onu yaxından tanıyaq

Eyvaz Əlləzoğlunun 65 yaşı tamam olur – Onu yaxından tanıyaq
28 yanvar 2021
# 14:36

Bu gün yazıçı Eyvaz Əlləzoğlunun doğum günüdür. Onun 65 yaşı tamam olur.

Eyvaz Əlləzoğlu Azərbaycan ədəbiyyatında 80-ci illər nəslinin ən parlaq nümayəndələrindən biridir.

O, 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub. Tbilisi Pedaqoji İnstitutunun filoloji fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərib, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq edib. Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazıb.

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib.

Mərhum yazıçının sağlığında üç kitabı çap olunub: "Ölü yay", "Yatan dinozavrlar", "Odunçu geri qayıdır".

"Ölü yay" yazıçının ilk kitabıdır. Kitabda onun daha çox kənd həyatını əks etdirən hekayələri yer alıb. "Yatan dinozavrlar" hekayələr kitabında isə şəhərə gələn əyalət adamlarının nəhayətsiz tənhalığı təsvir olunur.

"Odunçu geri qayıdır" romanı "Əli və Nino" nəşriyyatının və kitab mağazası şəbəkələrinin təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdu. Bu kitab yazıçının sağlığında çap olunan son kitabı oldu.

Yazıçı bundan əlavə tərcümə fəaliyyəti ilə də məşğul olub. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirib. Eyni zamanda, ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb.

Eyvaz Əlləzoğlu 2011-ci ildə insultdan dünyasını dəyişdi. Ölümündən sonra iki kitabı çap olundu: "Qaraçöllü Qəzənfər" və "Hekayələr". "Qaraçöllü Qəzənfər" romanıyla Azərbaycanın və Gürcüstanın ictimai-siyasi hadisələrini bir sürücünün gözüylə təqdim etdi. "Hekayələr" kitabında müasir insanın zamanla uyuşa bilməməsi, daim keçmişi arzulaması problemini ortaya qoydu.

E.Əlləzoğlu Azərbaycan hekayəçiliyində yeni nəfəs gətirdi. Onun hekayələrində yad mühitə düşmüş insanın ekzistensial sıxıntıları qabarıq hiss olunur.

80-ci illərdə Azərbaycan ədəbiyyatına gəlmiş ən gözəl yazıçılardan biridir Eyvaz Əlləzoğlu. Onun “Bığlı Kərəm”, “Doğum”, Quyu”, “Atcıl Sədrəddin”, “Balıq günü”, “Sonuncu seans”, “Uralanmış gün” və s. hekayələri nəsrimiz üçün gözəl töhfələrdir.

Eyvaz Əlləzoğlu həm də Azərbaycan dilinə qatdığı zənginlik və həzinliklə diqqət çəkir.

Təəssüf ki, E.Əlləzoğlu yetərincə tanınmır. Əslində bunu bir az da özü istəmirdi
Müsahibələrinin birində demişdi: "Mən içimdəki sıxıntını kürüyüb atmaq üçün yazıram. Dünya ədəbiyyatına düşmək iddiam yoxdur."

O, Tiflis mühitində böyüyüb, rəssamlığı, kinonu dərindən öyrənib. Əsərlərindəki yadlıq hissi, ögeylik də yaşadığı bu mühitin təsirindən yaranıb. Hazırda yazıçının çap olunmayan bir xeyli əsəri var.

Kulis.az mərhum yazıçı Eyvaz Əlləzoğlunun yeni nəslə tanış olmayan hekayələrini hər həftənin şənbə günü, saat 13.30-da yayımlayır. Hekayələr yazıçının birinci və ikinci kitabları olan "Ölü yay" və "Yatan dinozavrlar"dan götürülüb.

Hekayələrin internet resurslarında ilk dəfə yaylımlanmasında məqsəd onu çağdaş ədəbi mühitə təqdim etməkdir.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Taxma kirpiklər - Alpay Azərin hekayəsi

Taxma kirpiklər - Alpay Azərin hekayəsi

13:00 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
# # #