Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı

Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
10 iyul 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Məbəddəki rahat, mülayim ab-hava bura nəyə gəldiyimi mənə unutdurmuşdu. Halımla bağdaşmayan xatirələrin istisindən buğlanırdım, ovqatımın şüşə divarları çiliklənməsin deyə padreylə görüşmədən çıxıb getmək istəyirdim. Ancaq kilsədə kölgə kimi, o dünyadan ezam olunmuş mələk kimi dolaşan qurumuş rahibənin sözündən çıxa bilmədim. Geniş salona sıra-sıra düzülmüş skamyaların arasından keçib həmişəki yerimdə oturdum, səs gələn balaca pəncərəyə yox, məbədin tavanına tamaşa eləməyə başladım. Çini ikonalar, titrəşən şamlar mənə sanki istehzayla baxırdılar. İçimdə kələf kimi dolaşmış duyğular ürəyimdə düyünlənmişdi.

Padrenin səsi məni tavandan yerə atdı:

- Bağışlayın, əziz qonağım, sizi yubatdım.

- Eybi yoxdu, mən gözləməyə öyrəşmişəm.

- Sizi burda görəndə çox sevindim, yaşadığınızı, nəfəs aldığınızı bilmək mənə sonsuz səadət verir. Bunun üçün sizə minnətdaram.

- Özümü öldürməkdən daşındığım üçünmü?

- Əlbəttə.

- Müqəddəs ata, doğrudanmı mənim yaşamağım sizi xoşbəxt eləyir?

- Əlbəttə, mənim balam, əlbəttə eləyir. Az əvvəl sizin məbədimizdə öz evinizdə olduğu kimi heç nədən çəkinmədən gəzib dolaşmağınız, yatmış qocanın üstünə adyal çəkməyiniz, süfrədən çay götürməyiniz, Tanrı xidmətçilərinin üzünə gülümsəməyiniz mənə böyük səadət bəxş elədi.

- Padre, bütün bunlar mənim özümü xoşbəxt eləmir axı.

- Sizin hər şeyiniz var, əziz qonağım. Hər şeyiniz var, təkcə səbriniz yoxdu, bəsirət gözünüz bağlıdı. Bu gün sizi nə narahat elədi bura gəldiniz?

- Barəsində sizə gileyləndiyim adam cəzasını aldı, buna çox sevinirəm. İndi növbə mənimdi. Sizə yalvarıram, Ona (başımla göyə işarə elədim) deyin ki, cəzamı ancaq özümə versin.

- Hər kəsin cəzası özünə verilir.

- Oğluma, qardaşlarıma, bacılarıma, bacım oğluna dəyməsin. İstəsə mənim qolumu qırsın, qıçımı sındırsın, çörəyimi əlimdən alsın, lap gözümün birini kor eləsin. Mən güclüyəm, sağalıb yenə ayaq üstə duraram, amma doğmalarıma dəyməsin.

Divarın o üzündən səs gəlmədi. Arxamda məbəd yenə arı pətəyi kimi qıjıldayırdı, açılan qapılardan soyuq içəri təpilirdi. Birdən keşişin hökmlü səsi başımın üstündə göylərin sədası kimi guruldadı:

- Heç birimiz Tanrıya əmr eləyə bilmərik! Sən yenə güclü olmalısan. Səni incidən birisi – lap qatı düşməninsə belə – yıxılanda, əziləndə, bəlaya düçar olanda sevinməməlisən. Sən indi Allah evinə için dolu sevinclə gəlmisən, çünki səni incidən adam əzab içində qovrulur. Ona kömək əlini uzatmaq əvəzinə sevindiyindən uçursan.

Bayaqdan axı keşiş mənə “siz” deyirdi. Mənə elə gəldi indi bu “sən”lə danışan gerçəkdən Tanrı özüdü.

- Bu bəla onun başına gəlməliydi, bu cəzanı o çəkməliydi.

- Sənin buna sevinməyinin özü də bir cəzadı sənə.

Bir az susub Tanrının qəzəbinin soyumağını gözlədim. Səsimdəki incikliyi, ittihamı gizlətməyə çalışıb soruşdum:

- Padre, siz zülümkarınmı yanındasınız?

“Siz” deyəndə mən bütün məiyyəti, yerdəki-göydəki bütün elçiləriylə onun Tanrısını nəzərdə tuturdum.

- Biz bütün insanların yanındayıq – zalımın da, məzlumun da, ölənin də, öldürənin də.

- Bu necə olur axı?

- İndi qonağım sizsiniz, - bu yerdə o, Tanrının ruporu olmaqdan çıxıb öz səsiylə danışmağa başladı, - sizdən sonra orda bir qatil də otura bilər. Mən sizi əzizləyib onu məbəddən qova bilmərəm. Nə dediyimi anlayırsızmı?

- Anlamağa çalışıram, müqəddəs ata.

- Xırda düşüncələrlə, yalançı sevinclərlə, keçici qələbələrlə özünüzü kiçiltməyin. Gedəndə süfrəmizin nemətlərindən dadın, isti yerdə gecələyən qocalara, xəstələrə baxıb sevinin, uşaqları əzizləyin, tikənizi adamlarla bölüşün. Bax onda Tanrı sizə daha da yaxın olacaq. Dünən sizə şillə vurmuş birinin bu gün qırılan qoluna baxıb sevinmək donuz xislətli olmaq deməkdi.

Keşişin sözü keyimiş başıma qapaz kimi dəyib vücudumu silkələdi. İçimdə halay vurub rəqs eləyən cəhənnəm sakinləri – cinlər-şeytanlar bir anda yoxa çıxdılar. Həm pərtliyimi gizləmək, həm də həyəcanımı kiritmək üçün işimə yarayan suallar verməyə başladım:

- Padre, bir adam acları doyurursa, qapısını ehtiyacı olan hər kəsin üzünə açırsa, kimsəsizlərə yardım göstərirsə, xəstələri sevindirirsə Allah onun övladını özündən əvvəl öldürərmi?

- Bu saydıqlarınızı öz axirəti üçün eləyirsə, özünü yaxşı adam kimi göstərmək istəyirsə heç bir mükafat gözləməsin.

Səsini almağı unutduğum telefonum bayaqdan kirimirdi. Suallarıma özümə sərf eləyən cavablar ala bilmirdim deyə Taylanın zəngi mənə göydəndüşmə oldu:

- Padre, sizə çox-çox minnətdaram, - dedim. - Allaha çatdırın ki, qollarım onun üzümə əvvəl taybatay açdığı, sonradan peşman olub bağladığı qapıların arasında qalıb. Deyin o qapını bircə dəfə də açsın, yoxsa qollarım bədənimdən üzüləcək.

- İçinizi yaxşılıqla doldurun, pis adama pis deyib arxa çevirməyin, onun da yaxşı olması uğrunda əlinizdən gələni əsirgəməyin. Sizə xeyir-dua verirəm, yolunuzu hər zaman gözləyəcəyik.

***

Keşişlə sağollaşıb Taylanın zənginə cavab verdim:

- Əfəndim, oğlum.

- Annəciyim, hardasan? Çatladım axı, açsana bu şeytan qurğusunu, - Taylan telefona belə deyirdi.

- Xeyirdimi, sən özün hardasan?

- Mən evdəyəm. Çox soyuqdu, səndən nigaran qaldım.

- Bir azdan mən də evdə olacam.

- Annəciyim, sənə gözəl bir barbunya yapmışam. Yerini de qarşılayım, evə birlikdə gələk.

Bilirdim Tapdığımdan yaxa qurtara bilməyəcəm, ona görə də az qala pıçıltıyla dedim:

- Kilsədəyəm, burdan çıxıb bir maşına oturub gəlirəm.

Taylanın o başda çıxardığı səsdən üşürgələndim:

- Nərdəəəəə, nərdəsin?! Ya qadın, sənin orda nə işin var? Yarım saata evdə olmasan bir daha üzümü görməyəcəksən.

Tanıdığım kilsə qulluqçularına əl yelləyib çıxışa doğru yönəldim. Mən qapıya çatmamış sümükləri sananan, insandan çox xəyalata bənzəyən rahibə əlində dolu torba qarşımı kəsdi:

- Müqəddəs ata bunu sizə verməyimi tapşırdı.

- O nədi elə?

- Şirniyyatdı, evdə yeyərsiz.

Torbanı alıb özümü şaxtanın-sazağın seyrəltdiyi küçəyə atdım. Tərim soyuyan kimi məni titrəmə tutdu. Kilsənin qabağında sıralanmış taksilərdən birinə oturub ünvanı dedim. Taylanın sorğu-sualının qorxusundan evə getməyə çəkinirdim. Qəribi dəvə belində ilan çalar deyiblər – indi mənim sözümü, niyyətimi qəribliyə salan bu qərib balanın imanına keşik çəkən mömin ilanlardan qorunmaq üçün belinə çıxmağa dəvə də yox, fil axtarırdım. Uşağa nə deyəcəyimi yol boyu beynimdə vərəvurd eləyirdim.

Taylan məni bir az küskün, bir az da acıqlı qarşıladı. Çantamı əlimdən, paltomu çiynimdən aldı, məni qonaq otağına ötürüb dedi:

- Mən barmaqlarımı bişirə-bişirə yemək hazırlamışam, süfrə açmışam, amma mənim annəm gör haralarda dolaşır.

Əlimi-üzümü yuyub süfrə başına keçdim, bizim lobya əzməsi, Taylanın barbunya dediyi yeməyi həvəslə qaşıqlamağa başladım. Tapdığım əlini çörəyə uzatmayıb məndən cavab gözləyirdi. Utanılası şeylərdən heç utanmırdım, bəs nədən kilsəni ziyarətə getdiyimi dilə gətirməyə bunca xəcalət çəkirdim?

Taylan zil qara gözlərini üzümə zilləyib durmuşdu. Handan-hana keçi qəzilindən dükcəyə bənzər başını çənəmin altına uzadıb dedi:

- Deyirlər İsfahanda eşşək nərdivana dırmanır, birisi də qayıdır ki, bu eşşək, bu nərdivan, dırmanırsa burda da dırmansın. Annəm, olmaya sən də kilsəyə möcüzə görmək üçün getmişdin? Kilsədə möcüzə göstərilirsə, o möcüzə kilsədən dışarıda niyə baş vermir?

- Mən ora tez-tez gedirəm. Əl çək yaxamdan, imkan ver zəhərimizi yeyək.

- Lalə ablam, Hakim amcam bilirlərmi ora getdiyini?

- Niyə bilsinlər? Mən uşaq deyiləm ki, hamıya hesabat verəm.

- Yazıq oldu mənim qardaşıma! Ya annəm, sən ora necə gedə bilirsən axı?

- Adam kimi, yeriyə-yeriyə.

- Annəm, sən bir müslümansan, türk qadınısan.

- Nə olsun, bəs siz nədən Hürrəmi kraliça yapdınız?

- Yapmaz olaydıq, sevgi tutdu bizim sultanın gözünü. Amma sonunda onu da müslüman etdik.

- Kilsənin camidən nə fərqi var, ikisi də Tanrı evi deyilmi?

- Kəndinə gəl, annəm, Allah dözər, dözər, sonunda bərk əzər. Sənin qardaşların gündə neçə dəfə möhürə alın vururlar, sən də kilsəyə gedirsən.

- Məscidə də getdim.

- Bəs nə oldu, nədən yenə kilsəyə üz tutdun?

Dostum, aciz qalmışdım, gözü böyümüş, dili qurumuş, boğazından tikə keçməyən uşağıma gerçəyi deyə bilmirdim. Amma necəsə özümə bəraət qazandırmalıydım axı, Allahın yaratdığı dünyaya yalnız islam dininin pəncərəsindən baxan amanat övladımı onun müqəddəs bildiyi dəyərlərə xor baxmadığıma nə cürsə inandırmalıydım.

- Məsciddə molla məndən telefon nömrəmi istədi. Ancaq keşiş bir dəfə də özünü mənə göstərməyib.

- Annəm, cami kilsədən çox-çox əvvəl yaranıb.

- Hər cüllüt öz gölünü təriflər.

- Annə, mən cüllüt-falan bilməm, amma sən bir daha ora getməyəcəksən. Di dur özünü salavatla, yönü qibləyə Allahdan üzür dilə.

- Mən getdiyim məbəd də Allahın evi deyilmi?

- Annə, bax indi səndən qəribə qoxu gəlir, tanıdığım bir xristian uşaqdan da belə iy gəlirdi.

Saçımı burnuma tutub qoxuladım – oğlum düz deyirdi, kilsənin tüstüsü canıma hopmuşdu. Taylanın geri çəkilmək fikri yoxuydu:

- Annəm, bilirsənmi böyük Tolstoy belə müslüman kimi ölüb?

- Bunu mən də eşitmişəm, ancaq doğru olub-olmadığını bilmirəm.

- Bu bir gerçək, annə, onun məzarı üstündə xaç şəkli yoxdu. Çar Rusiyası yazıçının bu əməlini hamıdan gizli saxladı, qorxdu ki, böyük bir millət sevdiyi yazarın arxasınca gedər.

- Yaxşı-yaxşı, sən də goplama. Dünənki sərçə mənə civ-civ öyrədir.

- Mən hər kəsə deyirəm ki, mənim annəm böyük adamdı. Amma sənin kilsəyə getdiyini kimsəyə deyə bilmərəm.

- Demə, heç kimə demə. Bir müddətdən sonra getməyəcəm.

- Annə, unutma ki, cami kilsədən öncə yaranıb. Səni kafir edəcəklər, yalvarıram, getmə bir də oralara.

- Sən sirrimizi açma, söz verirəm, ayağımı kəsəcəm ordan.

- Mən bilirəm sən ora niyə gedirsən.

- Niyə gedirəm, oğlum?

- Pis adamlardan yaxanı qurtarmaq üçün. Getmə, mən sənin qulun, kölən olacam, amma sən kilsəyə getmə.

- Yaxşı, getməyəcəm, - dedim, - otur yeməyimizi yeyək.

Tapdığım sevincək əlini qaşığa uzatdı...

***

Həmidin başı özünə qarışmışdı deyə neçə həftə qulağı dinc yaşadıq. Nuşu xala sənədlərinin dalınca geri qayıtdı, cingiltili gülüşüylə evimiz, bişirdiyi dadlı şirniyyatlarla süfrəmiz şenləndi. Yenə gündüzləri bizlə, gecələri boşanmış gəlinindən kirələdiyi oğul nəvəsiylə keçirdi. Ayaz üçüncü sinifdə oxuyurdu, nənəsinə, bibisinə möhkəm bağlıydı. Nənəsinin yanında bizə çox gəlmişdi deyə hamımızı tanıyırdı.

Sənədləri düzələndən sonra Nuşu xala sakitcə gəldiyi kimi, gedəcəyini nəvəsinə bildirmədən sakitcə də çıxıb getdi. Bir axşam işdən qayıdanda Ayazı bizim pilləkənin başında oturan gördüm. Uşaq məni görcək ağladı:

- Bircə xala, bayaqdan qapını döyürəm nənəm açmır, deyəsən ölüb.

İçimdən zəlzələ keçdi, ciyərlərim neçə yerdən çat verdi. Pilləkənə çöküb Ayazı qucaqladım, ona qoşulub ağlamağa başladım. İndi bu bir qırıq uşağa necə deyəydim ki, əndamına otuz iki piltə qoyulmuş nənən gecəylə uçub gedib. Ayazın balaca əllərindən öpürdüm, islaq yanaqlarını silirdim. Arada uşaq da tozlu barmaqlarıyla mənim yaşlı gözlərimi qurudurdu.

Bir müddət beləcə qaldıq. Birdən Firəngiz qapımızı açıb başını eşiyə çıxardı:

- Xala, burda nə şaxsey-vaxsey qurmusan, dur uşağı da götür keç içəri.

Qalxdım, dartıb Ayazı da evə saldıq. Firəngiz uşağı qaraladı:

- Bala, bayaqdan blokda nə oturmusan, demirsən səni axtaran olar?

Bacım qızına göz ağartdım:

- Ayaz nənəsini gözləyir.

- Bilirəm, ay xala, neçə saatdı gah bizim, gah nənəsinin qapısını döyür. Mən də ərindim çıxam deyəm ki, qadam, nənən çoxdan Leninin vətənindədi.

Uşaq ayaqqabısını çıxarmaq istəməyəndə Aydan irəli durdu:

- Ayaz, nənən dünəndən gedib, ayağını soyun gəl yanımıza.

Elə bilərdin on əlipayalı üstünə tökülüşüb uşağı budamağa başladı – körpə özünü divarlara vura-vura ağladı, qışqırdı, uladı, anlaşılmaz sözlər dedi. Mən də ona qoşulmuşdum, Nuşu xalanın kəmfürsət, dönük, namərd əcdadını söyə-söyə uşağı kiritmək istəyirdim.

Gecənin girt yarısınacan Ayaz bizdə oturdu, qızlar onun eynini açıb Cavidin uşağına saxladığı oyuncaqlarıyla başını qatdılar. Evlərinə getmək vaxtı gələndə Ayazın dili açıldı:

- Məktəbdən pul istəmişdilər, anam dedi get nənən versin, mən bezmişəm onların yetimini saxlamaqdan. Gəldim həm nənəmi görəm, həm də ondan pul alam.

Uşağın cibinə otuz manat qoyub dedim:

- Nənən tapşırmışdı ki, gələndə bunu sənə verim.

Ayaz pulu cibindən çıxarıb baxıb sevincək məni qucaqladı. Qızlar aşağı düşüb onu qonşu binadakı evlərinə ötürdülər.

Ertəsi günün axşamı qapımız şiddətlə döyüldü – Nuşu xalanın keçmiş gəliniydi. Pırtlaşıq saçlı ağbəniz, acıdil bu gəlini bir neçə dəfə görmüşdüm. Mən qapını açar-açmaz gəlin uşağa verdiyim pulu sifətimə çırpdı:

- Biz dilənçi deyilik, götür pulunu ver qatığa yax başına! Pullu çıxmısan?

Bürmələnmiş pullar üzümə dəyib ayağımın altına düşdü:

- Mənim Nuşu xalaya borcum vardı, gedəndə tapşırmışdı onu Ayaza verim.

Gəlin yalan dediyimi bilirdi:

- Nəvəsini düşünən nənə ondan xəbərsiz qaçıb getməzdi.

- Burda mənim günahım nədi?

- Onu hər məsələdə sən idarə eləyirsən. Sən desəydin o, Ayazla görüşməmiş, ona pul qoymamış getməzdi.

Matım-qutum qurudu:

- Ay bacı, o yaşda arvadı mən kiməm idarə eləyəm, - dedim, - uşağın eşikdə qalıb ağlayırdı, pis olmuşdu, biz də evə gətirib kiritdik.

- Çox nahaq, bir də mənim uşağıma yaxın durmayın!

Gəlin ikrah dolu baxışlarıyla üzümə tüpürəndən sonra dönüb getdi. Bir müddət qapının kandarından tərpənə bilmədim.

Düz üç il nə o uşağın, nə o gəlinin üzünü gördüm. Üç ildən sonra işlədiyi idarədə adı ixtisar siyahısına düşəndə Aqilin ona köməyi dəyə biləcəyini öyrənib qapımı yenə döydü.

- Sizə kömək eləməyə Nuşu xala icazə verməz, - deyib qapını onun üzünə bağladım.

Nənəm deyərdi: “Tüpürüb bulama quyunu, gün gələr içərsən suyunu”.

Ancaq gəlini əli ətəyindən uzun yola saldımsa da bu zalımlığın ağrısını ondan çox özüm çəkdim. Bəs necə, daha mən də şəhərli olmuşdum, mənim də üzüm asfalt kimi soyuyub bərkimişdi! Şəhərşünaslıq elmləri doktoru Həmid ağanın müdrik təlimatlarına əməl eləməyə başlamışdım! Ol səbəbdən uşağını tək böyüdən arxasız bir gəlinə əl uzatmadım, asanlıqla ovcuna qoya biləcəyim çörəyi ondan, o özü cəhənnəmə, balasından əsirgədim. Afərin mənə! Yaşasın modern insanlıq, yaşasın sivilizasiya, urbanizasiya, kanalizasiya! Rədd olsun şəfqət, mərhəmət – köhnəliyin qalıqları!..

Sonralar o gəlinlə küçədə-bayırda nə vaxt rastlaşırdımsa düz gözümün içinə baxa-baxa dodağının altında məni söyüb qarğıyırdı. Onu görəndə indi də yolumu dəyişirəm.

***

O ilin 8 Martı bizi qucağı dolu qarşıladı. İdarəmiz planı artıqlamasıyla yerinə yetirmişdi, buna görə təsisçilərimiz qadın işçiləri səxavətlə mükafatlandırdılar. Bizimlə müqaviləsi olan şirkətlər qiymətli bəxşişlərlə qapımızı döydülər, hər firma istehsalından payımızı göndərdi.

İlk dəfəydi bu qədər hədiyyə alırdım – bahalı ətirlər, əlvan bantlarla sarınmış şirniyyat qutuları, şokoladlar, şampunlar, sabunlar, məhrəbalar, güllər, çiçəklər... Xanımlardan kimi ərini, kimi sevgilisini ofisin yanına çağırır, hədiyyələrini maşına yığıb bayram süfrəsinə qonmağa tələsirdi.

Həmid tez-tez zəng vurub mənim çıxmağımı gözləyirdi. Bilirdim bəxşişləri görsə həm zəhləmi tökəcək, həm də şərik çıxacaq, bir şey qoparmasa tamahı kiriməyəcək.

Elgün məni təbrik eləyib işdən bir az tez getmişdi. Ofisdə ora-bura vurnuxurdum; bir yandan aldığım hədiyyələrin hamısını evə aparmaq istəyirdim, o biri yandan bəxşişləri Doneşin gözünün gülləsindən qorumağın yolunu axtarırdım.

İşdə virdimi saldığım Təranə məni yanladı:

- Ay Bircə, hamı getdi, sən kimi gözləyirsən? Yoldaşım gəlir, istəyirsən səni də aparaq evinə.

Həmid bayırda güdük çəkirdi, onun durbinindən necə yayınacaqdım?

- Yox, ay Təriş, - dedim, - sən get, mən bir azdan çıxacam.

Dəstəyi götürüb Laləni yığdım:

- Mənə çoxlu hədiyyə veriblər, Doneş də bayırdadı, onunla getsəm yarısını əlimdən alacaq. De görək neyləyim?

- Sən hədiyyəni Doneşə niyə verirsən ki?

- Onun üzünə bələd deyilsən? Bir yolla başımı bişirib alacaq əlimdən.

- Bir-ikisini götür get, qoy qalanı qalsın, onları da sabah tezdən gəl apar.

Bacımın dediyi ağlıma batdı – hədiyyəmin çoxunu iş masamın, dolabımın gözlərinə yığdım, iki səbət gül, bir ətir, bir də bağlama götürüb qapıdan çıxdım.

Mühafizə polisləri mənim kimi ləng tərpənən xanımlarımızın hədiyyələrini gedəcəkləri maşınlara daşıyırdılar.

Həmid əlimdəkilərə baxıb hələ mən maşına oturmamış soruşdu:

- Sənə niyə az hədiyyə veriblər?

- Azdı ki?

- Bayaqdan iş yoldaşların aldıqlarını yığmağa maşında yer tapmırlar.

- Hər kəsə vəzifəsinə görə verilib.

- Bildim işdən gül verəcəklər, mən də sənə bunu aldım, - deyib bir dəstə nərgizi mənə uzatdı.

Mən dağlarımızın nərgizini çox sevirəm, ancaq şəhərdə satılan nərgizlərin qoxusu nədənsə həmişə başımı ağrıdıb, əhvalımı korlayıb. Bu səbəbdən onun verdiyi dəstəni burnumdan aralı tutub gül səbətinin üstünə atdım.

- Nədi, xoşuna gəlmədi, ucuzdu deyə tullayırsan? Bilmirsən əlim aşağıdı, borcum var?

- Səni tanıyandan əlinin yuxarı vaxtını görmədim.

- Əsil qadın hədiyyənin böyüklüyünə-kiçikliyinə baxmaz.

- Səndən hədiyyə uman var?

- Əsas hədiyyəni sabah Şəfayla gətirəcəyik, sənə təzə çıxan qazanlardan almışıq.

- Qazanı neylirəm, evdə qazandan yer yoxdu.

- Yalan deyirəm, Şəfa sənə bir qəşəng hədiyyə alıb.

- Heç nə istəmirəm, hər şeyim var.

- Alıb artıq. Bəs sən nə almısan onlara?

- Onlar kimdi?

- Şəfayla Solmaza.

- Onların aldığına baxıb mən də borclu qalmaram.

Düçar olduğu ağır qəzadan sonra Həmid qırx arşın quyunun dibinə düşmüşdü. Bacısı ərinin maşınını alıb sürürdü, qonşular baxa-baxa maşınsız gəzməyi özünə əskiklik bilirdi. İndi ikicə yolu vardı: ya özünə tezliklə nə yolla olur olsun təzə maşın almalıydı, ya da yaşadığı binadan köçməliydi. Hər gün bu devizi azı yüz dəfə təkrarlayıb özünü mübarizəyə körükləyirdi.

- Sənin işdə hörmətin yoxuymuş ki.

- Niyə?

- Aldığın hədiyyələr sənə verilən qiymətdi.

Yoluq nərgizi alışıb-yanan gül səbətinin içindən çıxarıb güzgüdə ona göstərdim:

- Düz deyirsən, mənim heç yerdə hörmətim yoxdu.

Elə bil Həmidi əqrəb daladı:

- Çıxarıb mənə pul vermək əvəzinə hələ bir hədiyyə umursan məndən? Görmürsən nə gündəyəm? Qazandığını gizləyib gözünü mənim cibimə dikirsən?

- Qazancımı sənə niyə verməliyəm? Siz boğazınızdan kəsib hər bayram bir ölkəyə gedəcəksiz, mən də sənə maşınpulu yığacam? Zəhmət çəkin evinizdə yamangünlük saxlayın.

- Mənim ailəmlə gəzməyə getməyim sənin gözünə girir, hə? Sən nəfsini salırsan deyə bizim də başımıza iş gəlir.

- Sizdə nəfs salmalı nə var ki?

- Mən Leninəm e, səni tanıyandan bəri üzümüz gülmür, söz-söhbətimiz bitmir. Solmaz ölümdən qayıtdı, maşınım metallomluq oldu. Hamısı sənin nəfsinin, gözünün ucbatından.

- Sən gəl ailə söhbətinə məni qatma. Məsləhət görərdim ki, heç kimin qızına, arvadına şər-böhtan deməyəsən, çünki nə desən hamısı öz üstünə qayıdacaq. Qaldı mənim gözümə, kaş mənim gözlərimin elə bir qüdrəti olaydı, dilim ülgüc kimi kəsəydi.

Həmid hər iki əliylə sükanın başına qapaz saldı:

- Bax sən həmişə beləsən! Mən soyuqda-şaxtada sənin yolunu gözləyirəm, sən də mənə qarğış tökürsən?

- Sənə yalvaran yoxdu, gəlmə dalımca.

- Sənin insafın olsa yığdığın puldan mincə manat mənə yardım eləyərsən.

- Axı niyə, borcum var sənə?

- Çünki o maşın sənin də əziyyətini çəkib, vağzallarda boynumu büküb o maşınla sizin yükünüzü daşımışam.

- Daşıdığının haqqını artıqlamasıyla almısan.

- Hansı haqdan danışırsan?

- Gətirdiyin payın, sovqatın yarısını evinə aparmısan. Mənim sənə veriləsi pulum yoxdu.

- Evini hansı pulla təmir elədəcəksən?

- Milyonum olsa sənə bir qəpik vermərəm.

Evə çatanda yenə məndən gözkirəsi istədi:

- Səbətin birini ver aparım Solmaza.

Gül səbətlərini əlimə alıb sanballadım. Hər ikisi o qədər gözəliydi, heç birindən keçmək istəmirdim. Canımı dişimə tutub səbətin birini maşına atdım. Qalan hədiyyələri götürüb bloka girəndə arxadan özünü yetirdi:

- Şəfaya da bir şey ver.

Əlimdəkilərə bir də baxdım: ətiri yüz il qala verməzdim, bantlı bağlamanın da içindən çox çölü mənə maraqlıydı. Mən də onun kimi yanbızımı üzümə geyib:

- Vermirəm, bunları mənə bağışlayıblar, - deyə-deyə pilləkənə doğru addımladım.

Həmid aralaşan kimi taksiylə işə qayıdıb qalan hədiyyələri də evə gətirdim. Gecə yarı olanacan Firəngizlə baş-başa verib hamısını pay-püş elədik. Özümlə bacım qızlarından başqa Laləyə, Xədicəyə də pay tutdum.

# 10992 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #