Anası ilə bir yerdə ölmək istəyən azərbaycanlı rejissor

Anası ilə bir yerdə ölmək istəyən azərbaycanlı rejissor
4 fevral 2021
# 11:09

“Bütün filmlərim ana və oğul haqqındadır, doğrudur. Anam mənim ən yaxşı dostumdur və hər şeyi ona borcluyam. Özümü onsuz təsəvvür edə bilmirəm. Eyni gündə ölməyimiz üçün dua edirəm. Onsuz mən film çəkmək istəmirəm”.

Bu sözləri azərbaycanlı rejissor Hilal Baydarov deyib. O Hilal Baydarov ki, dünyanın ən nüfuzlu film müsabiqələrindən olan Venesiya kinofestivalının əsas müsabiqə proqramında “Səpələnmiş ölümlər arasında” bədii filmi ilə “Qızıl şir” mükafatı uğrunda yarışıb.

“Səhər saat 3:30 idi. Anamı oyatdım və xəbəri ona dedim. Məni qucaqladı və çox ağladı. Dərhal qırmızı xalçada nə geyinəcəyimizi düşündüm. Dostlarımın heç birində belə paltar yox idi” – filminin festivaldakı uğuru haqqında danışarkən deyib bunları.

Düzü, Hilal Baydarovun bütün filmləri ilə tanış deyiləm (internetdə bir filmindən başqa qalan heç bir filmini tapmaq olmur). Bu yaxınlarda “Ad günü” filmini izlədim. Tək yaşayan bir qadının ad gününü xırda detallarla bizə göstərən rejissorun istedadına heyran qaldım. Filmdəki sadəliyin içində həyatın tünd rənglərini gördükcə qəribə bir kədərə yuvarlandığını düşünürssən. Əslində bir evdə tək yaşayan və bütün gününü yemək bişirməklə, ağaclara qulluq göstərməklə, namaz qılmaqla, təsbeh çevirib zikr eləməklə, mürgü döyməklə keçirən qadının həyatında elə də əlamətdar hadisə baş vermir. Ad günü vaxtı ona zəng belə olunmur. Yalnız zəng gedib zəng gəlmək funksiyası olan Nokia telefonunda ilan oyunu oynayan qadının pəncərədən öz həyətinə baxması, quruyan dibçəkləri, domino daşlarını düzüb öz-özüylə oynaması sıradan, adi bir həyat kimi gəlir sənə. Ola bilsin, adi bir azərbaycanlı tamaşaçısı üçün bütün bunlar heç bir əhəmiyyət daşımır və hətta o filmə “burda nə var ki” deyə bilər. Lakin sənət əslində elə o “burda nə var ki” sualında gizlənir. O sadəlik və xırda detallarla qadının həyatını göstərən rejissorun filmi həyata o qədər bənzəyir ki, istər-istəməz həyatın adiliyinə qüssələnirsən.

Sənət əslində izahsız deyilmi? Mən bütün günü filmləri, əsərləri analiz edən adamları anlaya bilmirəm. Əslində sənət izahsız olmalıdır, gördüyün kimi, eşitdiyin kimi. Ona əlavə rəylər vermək, həmin sənət əsərinin ətrafında boş-boş dövrə vurmağa bənzəyir. Hilal Baydarov deyir ki, bir filmimdə tamaşaçı anamla fəlsəfi söhbət etdiyimizi deyirdi. Halbuki bu bizim gündəlik danışığımız idi. İnsanların sənətin alt qatında fəlsəfə, hikmətli bir fikir axtarması çabasına həmişə gülümsəmişəm.

“Birinə kinematoqrafiya öyrədə biləcəyinizi düşünmürəm. Bir şey tapmaq üçün beynində, ürəyində axtarış aparmalısan. Sarayevoda “film.factory”dakı təhsilimi yaxşı xatırlamıram. Mən yalnız Mostar şəhərini xatırlayıram. Çörək pulu qazanmaq üçün bir şahmat turnirinə getmək məcburiyyətində qaldım”. – düşünün ki, bunları neçə-neçə festivallarda uğur qazanmış rejissor deyir. İndi gözünüzün qabağına hələ ortada bir şeyi olmayan sənət adamlarımızı, yazıçıları, rejissorları gətirin. Çəkdikləri, yaxud çəkə bilmədikləri filmlər haqda boğazdan yuxarı danışan, qarşısındakına kino haqda mühazirə deyən, yaxud ortada ciddi bir əsəri olamaya-olmaya pozaya girən, lovqalıqla nəsə xırdalamağa çalışan o xırda, özünü dahi hesab edən adamların fonunda Hilal Baydarovun film haqda sadə düşüncələri məni heyrətə gətirdi. Əslində insanın ən böyük xəstəliyi özünün hamıdan yüksəkdə görməsi, dahi hesab etməsidir. Mən Hilal Baydarovu bu mənada çox sevdim.

“Bütün filmlərimiz aşağı büdcəlidir və mən buna öyrəşmişəm. Çətinliklər çoxdur, amma xoşuma gəlir, çətinlikləri sevirəm. Yaxşı şəraitdə çəkə bilmirəm. Hətta bəzən düşünürəm ki, pulumuz olsa, onunla nə edəcəyik? Bunu dostlarımla müzakirə etdim və məhz əzabın bizi gözəlliyə apardığına qərar verdik. Yaxşı imkanlar istəmirəm. Heç vaxt!” – bütün günü büdcə davası aparan, zıqqıldayan gənc rejissorlar, necəsiz?

“Əslində özümü heç vaxt sənədli film rejissoru hesab etməmişəm. Və özümü bədii filmlərin rejissoru da hesab etmirəm. Özümü heç rejissor və ya kinematoqrafist saymıram. Sadəcə kamera ilə oynamağı sevirəm, filmlər çəkirəm”. – iddiasız olmaq əslində uğurun ən böyük sirridir.

“Heç vaxt yaxşı bir film və ya bədii film çəkmək məqsədim olmayıb. Həmişə kinonun hələ icad olunmadığını fərz edirəm və həyatı daha yaxşı hiss etmək üçün sadəcə kamera ilə işləyirəm. Bildiyim hər şey budur. Bütün bu sözlər - “sənədli”, “bədii”, “drama”, “triller” və s. insanların uydurduqları bir şeydir. Mən heç vaxt onlara inanmamışam. Kino kateqoriyalara bölünə bilməz, çünki söhbət insan təbiətindən, həyatından gedir. Həyatı heç vaxt kateqoriyaya sala bilməzsən. Əgər çalışsanız, bilin ki, bu sizdə alınmayacaq”. – özünü intellektual göstərib hər şeyə münasibət bildirən və əslində sənəti, kinonu anlamayan adamlar, bu da sizə gəlsin.

Hilal Baydarovun bu fikri də çox xoşuma gəldi: “Film mənim üçün əsasən gizli hisslər, insan təbiətinin gözlərimizin qarşısında paradoksal olaraq görünməyən tərəflərindən ibarətdir”.

Haqqında oxudum, sən demə, Hilal Baydarov 1987-ci ildə Bakı şəhərində doğulubmuş, yəni bildiyiniz cavan biridir. Orta məktəbdə oxuyarkən iki dəfə riyaziyyat üzrə respublika olimpiadasının qalibi olub. 2011-ci ildə Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib. Kompüter elmləri üzrə ali təhsil aldıqdan sonra Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Film Akademiyasında oxuyub. Təəccüblüdür elə deyilmi? Riyaziyyatdan filmə gələsən. İndi isə H.Baydarov haqda daha maraqlı bir fakt: məşhur macar rejissoru Bela Tarrın tələbəsi olub. Yəqin filmlərindəki dialoqsuzluqluq, soyuq kadrlar burdan irəli gəlir. Mən onun müsahibələrini oxuyanda başa düşdüm ki, Hilal sadəcə olaraq kamera ilə öz hiss etdiklərini yansıtmaq istəyir. Vəssalam. Bu iddiasızlıq da onu əsl sənətə aparıb çıxarıb.

İllər əvvəl mən sənətin hiss etdiklərindən başqa bir şey olmadığına inanırdım. Bir tənqidçi hekayələrimi oxuyub demişdi ki, bunları yalnız səni tanıyanlar anlaya bilər. Halbuki mən o tənqidçiyə izah edə bilmədim: sənət anlamaq yox, hiss etməkdir. Daha çox duyum məsələsidir. Yəni bu elə bir şeydir ki, yüz universitet də bitirsən, o duyumu özündə inkişaf etdirə bilməzsən.

Məncə, Hilal Baydarovun da uğuru budur: sənətin sadə şeylərdə gizləndiyi həqiqətini tapmaq.

# 3846 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #