Anar, Elçin, Əkrəm Əylisli davası və Zamin Hacının qərəzi

Anar, Elçin, Əkrəm Əylisli davası və Zamin Hacının qərəzi
29 iyul 2021
# 12:01

Kulis.az Şərif Ağayarın “Əkrəm Əylisliyə telefonda danışdığım əhvalat” yazısını təqdim edir.

Bildiyiniz kimi, son günlər Əkrəm Əylisli ilə Xalq yazıçısı Anarın arasında gedən qiyabi polemika ədəbi cameənini diqqətini cəlb edib.

Bütün mədəni polemikalar sevindiricidir.

Çünki insanlar qonuşa-qonuşa...

Buna da sevinmək lazımdır ki, möhtəşəm Qarabağ qələbəsindən sonra Əkrəm müəllimə qarşı aqressiya azalıb və bu narazılıqdan sui-istifadə edib onun üstünə gələnlər də vəziyyətin dəyişdiyini anlayıb.

Diqqətli oxucular bilir, polemika Xalq yazıçısı Elçinin APA-ya müsahibəsindən başladı. O, Əkrəm Əylislinin təklənməsindən və bunun günahının onun özündə olmasından danışdı.

Əkrəm Əylisli isə Kulisə müsahibəsində söhbətə Anar müəllimi də qatıb, keçmiş dostluqlarından söz açdı. İndən belə bir yerdə gülüb-ağlaya bilməyəcəklərini qeyd etdi.

Anarsa bizim sualımıza rəğmən Əkrəmi səhv və günahlarını etiraf edəcəyi təqdirdə bağışlamağa hazır olduğunu bildirdi. Söhbəti dəqiq bilməyən və diqqətlə izləməyənlərdə belə təəssürat yarana bilər ki, Əkrəm barışmaq istəyir, Anarsa şərt qoyur.

Belə deyildir!

Anar müsahibəsinin ardınca Əkrəm müəllim Kulisə sərt bir açıqlama göndərdi. Mən ağsaqqal yazıçı ilə telefon söhbətində bildirdim ki, əgər məsləhətdirsə, bu açıqlamanı verməyək. Çünki Anar o sözləri jurnalistin müvafiq sualın cavab kimi deyib, sizi, özünüz demiş, “Tövbə qapısına” çağırmayıb.

Əkrəm müəllim sağ olsun, mənə inandı və razılaşdı. Lakin oxucuların məsələni yanlış anlamasından ehtiyatlandığını bildirdi.

Mən ona dedim ki, yanlış anlayan onsuz da yanlış anlayır, yüz dəfə izah eləsək də xeyri olmur. Və bu xüsusda onun izni ilə bir əhvalat danışdım. Əhvalatın təkcə ədəbi cameə üçün yox, bütün cəmiyyətimiz üçün maraqlı və lazımlı olduğunu nəzərə alıb sizinlə də bölüşmək qərarına gəldim. Lakin bundan əvvəl hörmətli Zamin Hacının məsələ ilə bağlı yazdığı və bu gün verdiyimiz yazısına balaca bir münasibət bildirmək istəyirəm.

Zaminin mövqeyini bölüşmürəm. Hətta bu yazısını obyektiv yazı hesab etmirəm. Çünki o, Əkrəm müəllimin gülmək və ağlamaq söhbətini məcazi anlamından çıxarıb, ona konkret məna verməyə çalışaraq lağa qoyub. Ümumiyyətlə, Axundovdan, Mirzə Cəlildən, Əziz Nesindən tutmuş Məmməd Nazimoğluna, Aqşin Yeniseyə və elə bu məsələnin ustası olan Zamin Hacıya qədər bütün “gülməli yazanlar” rahat ironiya edə bilmək üçün bəzən hədəfə aldıqları mətləbi qəsdən kontekstdən çıxarırlar.

Misal üçün, Axundov “Kəmalüddövlə məktubları”nda Mehdini gözləyən şiələri kəskin tənqid, hətta təhqir edir, söyür, onları avamlıqda, axmaqlıda günahlandırır. Halbuki, bundan əvvəl xristianlıqda İsanı gözləmək vardı. Bu məsələnin bir tərəfi. İkincisi, doğrudanmı o boyda sənətkar əhvalatın məcazi mənasını anlamır?

Və doğrudanmı Zamin Hacı kimi gözüaçıq yazar Əkrəm Əylislinin sözün müstəqim mənasında gülmək davası apardığını düşünür?

Bəlkə söhbət dostların əvvəlki səmimiyyətinin qalmamasından və sözün geniş mənasında gülüb-ağlamaq qabiliyyətini itirməsindən gedir?

Yeri gəlmişkən, Zamin Hacının, Sevda Sultanovanın, bəzən də gənc müəlliflərin tənqidindən inciyənlər və bu incikliyi açıq şəkildə mənə bildirənlər olur. Görünür, biz hələ sovet dönəmindən qəzet və jurnallarda yazılan “Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər” qeydinin əbədi yalançılığına inanmışıq. Başqa yeri bilmirəm, Kulisdə doğrudan da belədir. Əks halda şəxsən özüm haqqında sərt tənqidləri yayımlamazdım. Elə ötən həftələrin birində Zamin Hacı bizimlə əməlli-başlı məzələnmişdi və mən onu da yayımladım.

Adını çəkdiyim və çəkmədiyim ciddi müəlliflərə nəyisə qadağan edə bilmərəm, onlara bunu belə yaz deməyə utanaram. O yazılarda nəyisə dəyişdirəndə isə mütləq müəlliflə razılaşdırıram. Hətta kənar müəlliflərin deyil, öz əməkdaşlarımızın müəllif yazılarında da nəyisə dəyişəndə özünə mütləq deyirəm. Söhbət əlbəttə vacib redaktə və korrektədən getmir...

Doğrudan da Zamin bəyin, Sevda xanımın və digər dəyərli imzaların yazıları ilə bizim, şəxsən mənim mövqeyim üst-üstə düşməyə bilər. Bu tənqidləri lütfən Kulis kollektivinin və mənim fikrim kimi qəbul etməyin. Hər hansı aşağılama, həqarət olarsa, bu, başqa...

Gələk əhvalatımıza.

Şam valisi Müaviyyə Həzrət Əli üzərində qələbə çalmaq üçün min-bir varianta əl atır, ən axırda Əmr As adlı şiələrin hiyləgər, sünnilərin ağıllı dediyi bir nəfəri məsləhətə çağırır. Ona Misir valiliyi vəd edərək Suffeyn döyüşünün taleyini həll etməyi tapşırır. Əmr As deyir:

“Siz özünüz yaxşı bilirsiniz ki, İmam Əli sərkərdəlikdə də, igidlikdə də, imanda da, elmdə də, hörmət-izzətdə də sizdən üstündür. Ona qalib gəlməyinizin yeganə bir yolu var: yanındakıların cahilliyi! Bundan yaxşıca istifadə etmək lazımdır. Bizim yeganə avantajımız budur!”

Əmr As dediyini edir və Quran ayələrini keçi dərisində nizələrin ucuna taxaraq məğlubiyyətdən can qurtarır, Əlinin ətrafındakı nadanları onun əleyhinə aktivləşdirir və məğlub ola-ola müharibəni udub İslam Şərqinin taleyini dəyişir.

Allah bizi nadanlıqdan uzaq eləsin, zira o, cümlə bəlaların ən betəridir.

# 7864 dəfə oxunub

Oxşar xəbərlər

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
#
#
# # #