Stüardessa: “Sərnişin qapıya qaçdı və dedi ki, düşmək istəyirəm”

Stüardessa: “Sərnişin qapıya qaçdı və dedi ki, düşmək istəyirəm”
12 noyabr 2012
# 08:30
Kulis.az stüardessa Günay Abdullayeva ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualla başlayaq. Stüardessa olmaq haradan ağlınıza gəldi və bu, necə baş verdi?

- Qəribə olsa da, deməliyəm ki, mən hündürlükdən qorxanam. Amma sonralar məcburən öyrəşdim. Şüuraltı olaraq qəbul etdim ki, bu, mənim işimdir.

Azərbaycan Dillər Universitetinin “Fransız dili və ədəbiyyatı” fakültəsini bitirmişəm. Yəni aviasiya ilə yaxından və ya uzaqdan əlaqəm olmayıb. Həkim ailəsində böyümüşəm. 2 il əvvəl təsadüfən AZAL-da təyyarə bələdçisi vəzifəsinə müsabiqə elan olunduğunu eşitdim. Düzü, istəmirdim. Anam məcbur elədi ki, get. O romantikdir, uçuşlar, təyyarələr ona cazibədar görünür. Özümü sınamaq üçün getdim. İnanmırdım ki, seçərlər. Orada elə qızlar var idi ki, adam baxanda ağzı açıq qalırdı. 300-dən çox qız gəlmişdi. Cəmi 15 nəfər seçdilər, biri də mən oldum.

- Müsabiqədə əsasən nəyə üstünlük verirdilər?

- Ali təhsil, xarici dil. Rus və ingilis dillərini mütləq bilməlisən. Fransız dilini də bildiyim üçün məni rahatlıqla götürmüşdülər. Əlbəttə ki xoşagəlimli xarici görünüşümün də rolu olub.

- İlk uçuşunuz hara oldu?

- Üç aylıq treninqlərdən sonra uçuşlar başladı. Qızlardan biri Dubaya, biri Moskvaya, biri İstanbula göndərilmişdi. Mən də səbirsizliklə gözləyirdim, görəsən hansı şəhərə uçacam. Bəxtimdən ilk uçuşum Naxçıvana oldu. O qədər gülmüşdüm ki... Elə bil hiss eləmişdilər ki, əslim ordandır.

- İlk uçuşun Naxçıvana ediləcəyini biləndə pis oldunuz? Yəqin siz də xaricə uçmaq istəyirdiniz...

- Pis olmamışdım. Sadəcə xarici ölkələrdən birini gözləyirdim.

- Xaricə ilk uçuş nə zaman oldu?

- İkinci uçuşum Parisə oldu. Sevindiyimdən yerə-göyə sığmırdım. Oranı mən ikinci vətənim kimi görürəm. Bəlkə də bu fransız dilini bilməyimdən irəli gəlir.

- Birinci dəfəydi Parisdə olurdunuz?

- Bəli, ilk dəfəydi.

- Sonra hansı şəhərlərə uçuş oldu?

- AZAL-ın reys təşkil etdiyi bütün istiqamətlərdə uçmuşam.

- Ayda neçə uçuşunuz olur?

- Hər reysin öz xarakteri var. Qıraqdan asan görünsə də, olduqca ağır sənətdir. İnsanlar bir dəfə uçanda gəlib neçə saat yatırlar ki, yol yorub məni. Halbuki oturaq vəziyyətdə gedib-gəlirlər. Biz isə işləyirik. Bir reys ərzində bəlkə yüz dəfə təyyarəni o baş-bu başa gedirik. Və bu proses hər gün təkrarlanır. Ayda 100 saat uçuruq, bu normadır.

- Təxminən neçə uçuş edir bu?

- Hesab edin ki, İstanbula gediş-gəliş 5 saatdır. Ayda 100 saat uçuruqsa, görün neçə dəfə uçuş edirik.

- Təyyarə heyəti getdiyi şəhərdə gəzə bilirmi?

- Çox təəssüf ki yox. Bizim işimizin bir çətinliyi də budur. İki reys edirik. Getdiyimiz şəhərdə 1-2 saat qalırıq. O da ancaq təyyarədə. Şəhərə çıxmaq qadağandır.

- Vaxt olmur yoxsa, icazə yoxdur?

- İcazə verilmir.

- Bu, bütün ölkələrə aiddir, yoxsa viza tələb edilən ölkələrə?

- İstisnasız bütün ölkələrə. Biz uçuş heyətiyik. Bizə viza lazım deyil, sadəcə şirkət icazə vermir.

- Pasporta möhür vurulur?

- Xeyr. Möhür vurulmur.

- Dediniz ki, hündürlükdən qorxurdunuz. Bəs ilk uçuşlar vaxtı qorxu olmadı?

- Vaxt keçdikcə qorxumun öhdəsindən gəldim. İlk uçuşlarımda az oldu qorxu. Amma 2 illik iş təcrübəmdə etiraf edim ki, qorxduğum anlar olub. Kəlmeyi-şəhadətimi artıq bir neçə dəfə gətirmişəm (gülür). Ürəyimdə valideynlərimlə, sevdiklərimlə halallaşmışam.

- O anlar barəsində bir az danışardınız.

- Bilirsiniz, əvvəllər kimsə qorxduğunu deyəndə mənə qəribə gəlirdi. Zəif insan kimi görürdüm elələrini. Məhz bu işdə bu hissin tam normal olduğunu anladım. Moskva reysində şəhərə çatmağa az qalmışdı ki, ildırıma düşdük. Stəkanın yarısından olan suyu əldə saxlamaq olmurdu. Yəni təyyarə o qədər silkələnirdi. Onda çox qorxmuşdum. Sərnişinlər panikaya düşmüşdü. Hamı qışqırırdı. Birtəhər sakitləşdirdik.

- Bəs siz nə edirsiniz?

- Bizim işin elə çətinliyi ondadır ki, qorxduğumuzu bildirməməyə çalışmalıyıq. Sanki hər şey normaldır. Amma içimizdə nələr çəkdiyimizi bir biz bilirik. Özümü tox tutub vəziyyəti ələ almağa çalışdım. Ən maraqlı hadisə də elə o reysdə olmuşdu. Təxminən 50-55 yaşlarında bir sərnişin birdən gəldi mətbəxə. Halbuki, elə anlarda hamı yerində əyləşməlidir. Qoruyucu kəmərlər mütləq bağlı olmalıdır. Hiss etdim ki, çox qorxub. Elə təzəcə demişdim ki, “Mütləq yerinizə əyləşin, indi qalxmaq olmaz", bir də gördüm sərnişin qapıya qaçdı və dedi: “Açın qapını, mən düşmək istəyirəm”. O qapını açsaydıq, heç birimiz sağ qalmazdıq (gülür).

- Başqa hansı maraqlı hadisələrlə qarşılaşırsınız?

- Hər gün bir hadisə olur. İnsanlar çox müxtəlif və qəribədirlər. Elə hadisələr görürük ki. Bəzən üstünə çay dağılan biri heç şikayət etmədiyi halda, başqa biri “niyə yanımdan sürətlə keçdin?" deyib səni danlayır.

- Bizim insanlar özlərini necə aparırlar təyyarədə?

- Düzünü deyim ki, bu işin insanları tanımaqda əvəzsiz rolu olub həyatımda. Bizim insanımızla xarici vətəndaşın danışıq, davranış, psixologiya, düşüncə tərzləri çox fərqlidir.

- Məsələn, ən çox nələri edirlər? Hansı qaydaları pozurlar?

- Ən sadə misal; bildiyiniz kimi, təyyarəyə daxil olduğunuz andan etibarən telefonla danışmaq qəti qadağandır. Bu qaydanı hər kəs bilir. Xarici vətəndaş hətta öz dostu belə danışsa, bizi çağırıb xəbərdar edir. Çünki onlar üçün təhlükəsizlik hər şeydən önəmlidir. Bizim millətdə isə belə şeyə "işverənlik" kimi baxırlar təəssüf ki. Yanındakı dostuna telefonla danışmağın qadağan olduğunu xatırlatmaq əvəzinə ört-basdır edirlər, şərait yaradırlar. Siqaret çəkmək də qadağandır. Heç vaxt xarici vətəndaşlar bu hərəkəti etməzlər. Amma bizimkilər mütləq pozur bu qaydanı. Bu yaxınlarda bir sərnişini siqaret çəkdiyi üçün təhlükəsizlik işçilərinə verməli oldum. Çıxanda mənə belə dedi: “Yekə qızsan, utanmırsan adam satmağa?” Bizim insanımız öz təhlükəsizliyini düşünmür. Hamı qayda-qanun tələb edir, amma heç kəs əməl etmək istəmir. Bu iki ildə bir dəfə də olsun, hansısa xarici vətəndaşın mənə yan gözlə baxdığını görməmişəm. Amma bizim millətin kişiləri ölkədən, evdən çıxar-çıxmaz “mənə hər şey olar” prinsipinə başlayırlar. Nömrə vermələr, görüş təklifləri olur nə qədər. Bircə şeyi anlamaq lazımdır: Qarşımdakı xanım iş başındadır. Artıq hərəkətlər ən yumşaq dillə desək, etikadan kənardır.

- Ümumiyyətlə, bəzi adamlarda təyyarə qorxusu var. Həqiqətən də təyyarə qorxulu yerdirmi?

- Təyyarədən qorxanlar həddindən artıq çoxdur. Hətta ictimai həyatda tanıdığım olduqca mədəni bir insan var, hər dəfə harasa uçanda tam fərqli insana çevrilir. Dəhşətli söyüşlər söyür. Yəqin ki qorxudan irəli gəlir. Sonra da üzr istəyir dəfələrlə (gülür). Ən effektli vasitə insanlarla söhbət etməkdir. Və qətiyyən zarafat etməməkdir.

Çox paradoksal görünsə də, kişilər qadınlardan daha çox qorxurlar. Çıxış yolunu da özləri tapıblar: spirtli içki içib yatırlar, bir də təyyarə enəndə oyanırlar. Kitab oxumaq, film izləmək, musiqi dinləmək də effektlidir. Əslində, təyyarə bunlar üçün ideal məkandır. Amma bizim insanlarımız nədənsə təyyarəni daha çox restoran kimi görürlər. Mümkün olan nə varsa hər şeyin dadına baxmaq, hər şeyi içmək istəyirlər. Hətta özü ilə yemək gətirənlər də var.

- Çox içib problem yaradanlar olur?

- O qədər olur ki. Ən çox Moskva, Kiev, Sankt-Peterburq reysleri bu özəlliyi ilə seçilir. Hətta içkili sərnişinə görə məcburi eniş etmişik bir dəfə. Təyyarənin bir başında başlayıb digər ucunda bitən davalar da olub. İçib qaytaranlar isə saysız-hesabsızdır.

- Məcburi eniş başqa ölkəyə olub?

- Əlbəttə. Bir dəfə Moskva reysində idik. İki-üç dost xeyli içmişdilər. Başladılar dalaşmağa. Necə deyərlər, söyüşün biri bir qəpik. Onlara etiraz edən sərnişinlər də davaya qoşuldular. Bir də gördük, təyyarənin yarısı ayaq üstədir. Təpik vuran kim, yumruq atan kim, hamı bir-birinə dəymişdi. Bir yumruq da mənə gəlmək üzrəydi ki, iş yoldaşım tez çıxardı məni. Kapitana məlumat verdik, məcburi başqa şəhərə enməli olduq. Çünki tarazlıq pozulurdu. Dava edənlərin hamısını verdik polisə.

- Başqa nələr olur maraqlı?

- Ən maraqlı hadisələr yemək vaxtı olur. Məsələn, soruşurlar hansı şirələr var, deyirik alma və portağal. Sərnişin deyir, onda şaftalı ver. Deyirik, ancaq alma və portağaldır. Deyir, albalı da yoxdur? Bizdə adətən yeməyin 3 növü olur: ət, toyuq, balıq. Vay o gündən ki birdən bunlardan hansısa tez qurtara. Başlayırlar məhz həmin qurtarandan istəməyə. Onda məcbur olub başlayırıq digərlərini tərifləməyə: “Bax bu çox dadlıdır, özüm də dadına baxmışam, məsləhətdir”. Bir də tez-tez halal olub-olmadığını soruşurlar. Bizim məhsullarda donuz əti qətiyyən olmur, amma sırf halal kəsilib-kəsilməməyinə zəmanət verə bilmirik. Bu yaxınlarda bir sərnişin uzun-uzadı ətin halal olub-olmadığını sual-cavab etdikdən sonra “Zəhmət olmasa, bir stəkan qırmızı çaxır verin” demişdi. Çox gülmüşdüm.

- Təyyarə heyətinin maaşları nə qədərdir təxminən, sirr deyilsə?

- Bizdə standart maaş yoxdur. Uçuşa görə hesablayırlar. Ayda neçə dəfə haralara uçuruqsa, ona uyğun da maaş alırıq.

- Aya nə qədər olur bu məbləğ?

- Təxminən 1000-1500 arası.

- Hansı ölkəyə uçmaq istərdin?

- Avstraliya pis olmazdı (gülür).

- Elə vaxt olubmu ki, düşdüyün şəhərdən qayıtmaq istəməyəsən. “Kaş burda qala biləydim” dediyin şəhər olubmu?

- Əlbəttə. Parisdə qalmaq istərdim. İki il ərzində 50-60 dəfə Parisə uçmuşam, bir dəfə də olsun, düşüb gəzə bilməmişəm. Necə olur-olsun, mütləq gedəcəm ora.

- Təyyarədə niyə insanlara yemək verirlər? Baş qatmaq üçün, yoxsa sadəcə tələbatdır?

- Yox, heç biri. Bu, aviaşirkətin şərtlərinə daxildir. Elə aviaşirkətlər var ki, bilet qiymətləri ucuzdur, yəni o qiymətə yalnız təyyarənin yanacaq pulu daxildir. Qalan tələbatlar ödənmir. Kimsə su, yaxud yemək istəsə, artıq pul ödəməyə məcbur olur. Bizdə isə yemək, içki və s. bilet qiymətinə daxil edilib.

- Hər dəfə uçuşa gedəndə yaxınlarınız çoxmu nigaran qalırlar? Yoxsa artıq alışıblar?

- Nigaran qalsalar da, büruzə verməməyə çalışırlar. Ümumiyyətlə, bu mənə ən çox verilən sualdır: “Qorxmursunuz? Evdən necə icazə verirlər?” Deyirlər ki, böyük ürək sahibisiniz. Düzünü deyim, işimi sevirəm. Amma bir gün qızım olsa və bu sənəti seçmək istəsə, icazə vermərəm.

- Niyə?

- Həm təhlükəli, həm də etibarsız peşədir.

- Başqa hansı pis tərəfləri var işinizin?

- Qoyun, baltanı kökündən vurum (gülür). Əvvəllər fikirləşirdim ki, uçuş vaxtı mənə nəsə olsa, elə də təsir etməz yaxınlarıma. Həm də tək ölməyəcəm, bütün sərnişinlər, işçilər də mənimlə gələcək. Fikirləşəndə ki, bir tikəmi də tapmayacaqlar, çox pis oluram. Üstümdə ağlaya da bilməyəcəklər.

- Bizi də qorxutdun lap.

- (Gülür). Pis tərəfləri təkcə bunlar deyil. Çox böyük radiasiya mənbəyidir təyyarələr, başdan-başa şüadır. Sağlamlığımıza ziyandır.

- Bir az da müsbət tərəflərindən danış.

- Müsbət tərəfi isə böyük məktəb olmasıdır. İnsanları tanıyırsan, psixologiyanı öyrənirsən, əsl məktəbdir. Bizi aldatmaq çox çətindir, adama baxan kimi ürəyinin necə döyündüyünü bilirik. Bir dəfə getdiyimiz təyyarənin bir qanadı sınmışdı. İlluminatordan baxan sərnişin bələdçini çağırıb ki, bəs deyəsən qanadın biri yoxdur axı. Həmkarım cavab verib ki, narahat olmayın, bu, əslində belə olmalıdır. İndi görün biz hansı ürəyin yiyəsiyik.

- Sənə bu çətin peşəndə uğurlar arzulayıram. Sərnişin-oxuculara deyəcək sözün varsa, buyur.

- Bu müsahibəni oxuyacaq hər kəsə təşəkkür edirəm. Onlar bir xahişim var: təyyarədə gördüyünüz insanlar ayda 100 saatdan artıq havada olurlar. Bir günə 11-12 saat uçurlar. Onlar da insandır. Onlar sizə necə anlayışla, səbirlə yanaşırsa, siz də bir az qarşılıq göstərin.

Günel Əsgərzadə

(Müsahibimiz fotosunun yayımlanmağına razı olmadığına görə başqa fotodan istifadə etmişik)
# 3431 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #