Oğruyla böldüyüm pul

Oğruyla böldüyüm pul
25 oktyabr 2012
# 07:30
Layihə-Ədəbiyyat kulisi

“Vahid” Poeziya Evinin qəribə aurası vardı... Əsasən çayxana kimi istifadə olunan bu məkan müxtəlif sahələrdə çalışmış, indi təqaüd yaşını yaşayan insanları, yaradıcı şəxsləri, musiqiçiləri birləşdirən bir yer idi. Darıxmaqdan başqa məşğuliyyəti olmayan adamlar burda nədənsə təsəlli tapırdılar.

Söz adamları bura elə darıxmaqdan ötrü gəlirdilər, burda darıxmaq üçün gen-bol vaxt da, “şərait” də vardı... Havalar soyuyanda da hündür ağaclar bəzən təəssüf hissiylə köks ötürür, baş yelləyirdilər: ey gidi dünya!.. Onda qocalar bir az büzüşürdülər, amma iliyə işləyən soyuq nərd azarına üstün gələ bilmirdi, soyuqdan göyərmiş titrək əllər elə hey zər cütləyirdi. Bəxtinin zəri gətirməyənlərə, davamlı “du-bir” lərin ucbatından həyatda hər şeyə gecikənlərə tale bu boz nərdtaxta üstündə şeş qoşayla təsəlli verirdi...

Biz cavanlar da burda bir ayrı cür darıxırdıq. Bizim sabahımız qaranlığa bürünmüşdü, pərvanə kimi bu günün işığında çırpınırdıq və bizim sıralarımızdan neçə-neçə istedadlı gəncin qanadları yandı, onlar həmin o bir parça işığın dibinə düşdülər...

Çırpına-çırpına yaşadığımız günlərdən birində “Vahid” Poeziya Evində həmişə olduğu kimi darıxmaqla məşğul idik. Elçin Səlcuqla rastlaşdım, əsəbi və gərgin idi. Hal-əhval prosesindən sonra dedi ki, nə var eee, burda? Gəl düşək aşağı. Aşağı deyəndə “Monolit”i nəzərdə tuturdu.

Bu yerdə əl saxlayıb dərindən bir ah çəkirəm: Ah, “Monolit”, “Monolit”!... Səndə neçə şairin, yazıçının ciyəri kabab olub, bilirsən? Həyatın dibinə yuvarlanmış biçarələr gəlib burda ayaqüstü “yüz” vurub səndirləyə-səndirləyə çıxıb gedirdilər... O kafe bağlananda çox adam kədərləndi, mən sevindim. Çünki bura çox adamın başını yeyib. “Monolit” bizim nəslin başını yeyə bilmədi... Biz “Monolit”dən sağ çıxmış yeganə və sonuncu nəsil olduq.

Elçinlə pəncərənin böyründə oturub elə təzəcə “zəhərlənməyə” başlamışdıq ki, Kələntər Kələntərli başının dəstəsiylə gəlib çıxdı. Bir araq iki oldu, iki araq üç, sonra araq şüşələrinin sayını itirdik...

...Kafedən çıxıb üzüaşağı gedirdim, beynim duman içində idi, ancaq ayağımın altına baxırdım, yanımdan ötüb keçən adamların fərqində deyildim. Sakit yay gecəsiydi və sərxoş olmağıma baxmayaraq metronun bağlanacağından narahat idim. O vaxt kənddə yaşayırdım və uzaq yol gözümə durmuşdu. Digər tərəfdən düşünürdüm ki, metro bağlansa da hava yaxşıdır, birtəhər gecədən səhərə çıxmaq olar. Bu, birinci və axırıncı deyildi, mənim o qədər belə gecələrim olmuşdu ki!..

Metro bağlanmışdı. Bir siqaret yandırıb növbəti dəfə ayılmağa mənasız cəhd etdim. Arağın təsirindən göz qapaqlarım ağırlaşmışdı, yatmaq üçün sakit bir yer axtarırdım. Gəzə-gəzə Sahil bağından keçib “28 may” metrosu tərəfə gəlib çıxdım. Avtobuslar da gözə dəymirdi. Allah bilir, gecənin hansı vədəsiydi. Nə saatım, nə mobil telefonum vardı deyə vaxtdan xəbərim yox idi. Mənim üçün zaman anlayışı itmişdi. Vağzal tərəflərdə bir xeyli veyil-veyil gəzib dolaşdım. Artıq ayaq üstə dayanmağım çətinləşirdi. Birtəhər özümü Səməd Vurğun bağına çatdırdım. O vaxt bu bağ gecələr indiki kimi işıqlı olmurdu, hər tərəf zülmətə bürünürdü, “alkaş”lar, cibgirlər buralarda rahatca sığınacaq tapa bilirdi. Bağın dərinliyində bir skamya tapıb üstünə sərildim, yuxu bir andaca məni ağuşuna aldı.

Cibimdə əl gəzdiyini hiss edib dik atıldım, əlimi dərhal şalvarımın cibinə atdım və cibimə girmiş əli tutdum. İlahi, gecənin qaranlığında cibimə girmiş əlin sahibinin gözləri necə də vahiməli görünürdü! Saqqalı pırtlaşıq, dişləri tökülmüş, əyin başı istahadan çıxmış bir adam idi.

- Ey, neynirsən?! –deyə qışqırdım. Əlini cibimdən çəkdi. Yiyəsi ölmüş cibimdə nə vardı ki, nə də götürəydi?! Cəmi iki “məmməd” pulum vardı. Bədbəxt bərk qorxmuşdu, həyəcan və təşviş içindəydi, tövşüyürdü. Sakit tövrlə:

-Mənə araq pulu ver, -dedi.

O iki “məmməd”in birini ona verdim, dedim olanım budu. Tez qalxıb arxasına baxmadan əkildi. Özümə lənətlər yağdıra-yağdıra qalxıb it kimi küçələri dolaşmağa başladım.

Səhərə hələ çox vardı...

Kənan Hacı
# 2201 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər