SSRİ-nin islamı ləğv etmək projesi necə iflasa uğradı?”

SSRİ-nin islamı ləğv etmək projesi necə iflasa uğradı?”
16 iyul 2012
# 07:00
“Məqalənin birinci hissəsi: SSRİ-də islam “Bal ayı”ndan Allahsızlar İttifaqına”




XX əsrin 50-ci illərində islama qarşı liberal siyasətin bir neçə səbəbi vardı. Hər şeydən əvvəl inqilabdan əvvəl yetişmiş ruhani sinfi həyatdan getmişdi. İslam üzrə təhsil verən müəssisələrin sayı az idi, üstəlik yeni yaranan nəsil əvvəlki nəsil kimi yüksək dini instinktlərlə fərqlənmirdi, onlar daha artıq dərəcədə ruhani kimi kompartiyanın əlavəsi kimi fəaliyyət göstərirdi. Onların bir çoxu merkantil və karyerist idi. Din sovet hökumətinə həm daxili həm də xarici siyasət üçün lazımlı idi və ruhanilər də dövlətin onlardan tələb etdiyi xidməti bir çox hallarda məmnuniyyətlə göstərirdilər.

Dinə qarşı mübarizəinin səngiməsində marksizmin prinsipləri də rol oynayırdı. Böyük filosofa görə din ölüb getməliydi, onunla mübarizə aparmağa dəyməzdi, dövlətin süqutu ilə bir institut olan din də avtomatik şəkildə ləğv ediləcəkdi.

Xruşşovun hakimiyyətə gəlməsi ilə kommunizm quruculuğuna start verildi və ateizm təbliğatı gücləndirildi. 1954-cü ilin iyun ayında qəbul edilmiş “”Elmi ateist təbliğat işində çatışmamazlıqlar və onun yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edildi. Bu qərara görə ateizm təbliğatı üzrə kompleks tədbirlər müəyyən edilməli, yeni məscidlərin açılmasına qadağa qoyulmalı, dini qurumlardan alınan vergilər artırılmalı idi.

Lakin həmin ilin noyabr ayında “Əhali arasında elmi-ateist təbliğatın keçirilməsində səhvlər haqqında” qərar verildi. Həmin qərarda din xadimlərinə qarşı baş vermiş amansızlıq faktları təəssüflə qeyd edildi və 5 aylıq kompaniya dayandırıldı.

SSRİ-nin Yaxın Şərq siyasətində islam faktoru mühüm rol oynayırdı. Belə ki, islam İsraillə daimi qarşıdurma vəziyyətində olan ərəbləri öz tərəfinə çəkmək üçün SSRİ tərəfindən istifadə edilirdi.

SSRİ-nin Əfqanıstanı işğal etməsi (1979) və İran İslam İnqilabının baş verməsi ittifaq dövlətlərində islama qarşı ehtiyatlığı artırdı.



İslama qarşı mübarizədə bu illərdə repressiyalar heç olmadı. Kommunistlərin islamı xristianlıqla eyni yerə qoyurdular anlamaq istəmirdilər ki, xristianlıqdan fərqli olaraq islam dini həyatın bütün sahələrinə nüfuz etmək gücündə və istəyindədir. Buna görə də müsəlmanları məsciddə saxlamaqla onları siyasi aktivlikdən kənarlaşdırmaq meylləri vardı. Məlum olduğu kimi xristianlıq islama görə çox daha asosial və apolitikdir.

Savadsızlaşdır və hökmranlıq et!


Sovet ideoloqların islama münasibətdə mühüm bir səhvləri vardı. Onların düşüncəsinə görə ateizm təbliğatını yaymaqla və ölkədəki nəhəng mədəniləşmə prosesi ilə islamın köklərini qazımaq mümkündür. Rəsmi təbliğata görə gənclər arasında islama meyl yox idi, dini ayinlər adətən qocalar tərəfindən icra edilirdi və onların xətrinə dəymək, nəyisə onlara qadağan etmək məqbul sayılmırdı. Mərkəzi Komitə dinin geniş yayıldığı yerləri “maarifçilik fəaliyyəti ilə zəif əhatə edilmiş yerlər” hesab edirdi. Prinsip etibarı ilə burda bir yanlış yox idi, çünki dini ayinlər adətən kəndlərdə icra olunurdu, şəhərlərdə dini rituallar yox deyiləcək qədər az gözə dəyirdi.

SSRİ-nin bütün dünyada bənzəri görülməmiş nəhəng təbliğat maşını vardı və modernizmdən güc alan, zəkanın gücünə inanan, elmlə, maariflə hər şeyin dəyişəcəyinə iman gətirən kommunistlər islama qarşı qılıncla yox, sözlə mübarizə aparırdılar. Misal üçün 1948-ci ildən 1976-cı ilə qədər Azərbaycanda islam əleyhinə 96 kitab çap edilmişdi, Mərkəzi Komitənin xətti ilə hər il Azərbaycanda islam əleyhinə 15 min mühazirə oxunurdu.

Burda çox maraqlı bir məqamı da müşahidə edirik. Belə ki, elmi ateizm üzrə böyük araşdırmalar aparılır, bu sahəyə güclü axın yaradılırdı. Bu sahənin mütəxəssisləri yaxşı ali təhsil alır, onlara kitab yazdırılır, mühazirələrə göndərilirdi. Lakin SSRİ-nin dindarlarla polemikaya girmək həvəsi yox idi. Belə ki, elmi ateizm sahəsində ciddi sayda mütəxəssis yetişdirilsə də ruhanilərin təhsilinə məqsədyönlü şəkildə barmaqarası baxılırdı. Misal üçün 80-ci illərin əvvəlinə kimi Azərbaycanda cəmi 20-yə qədər ruhaninin ali təhsili vardı. Üstəlik, Azərbaycanda islam sahəsində ali təhsil müəssisəsi yox idi. Dini ədəbiyyat faktiki olaraq çap edilmirdi. Çap edilənlər də çox məhdud sayda idi, misal üçün milyonlarla müsəlmanın yaşadığı ölkədə rus dilində “Quran” cəmi 10 min tirajla çap edilmişdi və bu kitabı əldə etmək üçün müsəlmanlar çox böyük əziyyət çəkirdilər. Amma müvafiq dövrdə ən zəif yazıçının romanı belə bir əsəri 10 min tirajla çap edilmirdi. SSRİ islamın savadsızlaşdırılıb ləğv edilməsində maraqlı idi.

Rəsmi təbliğatın fəaliyyəti də bir çox hallarda uğur qazanmırdı. Ateizm mühazirələr adətən insanları inzibati metodlarla gətirirdilər. Din haqqında kitablar da kütləvi oxunmurdu. Bununla belə savad baxımından qeyri-bərabər döyüş əlbəttə ki, kommunistlərin “Pirr qələbəsi” ilə yekunlaşırdı.


Maarifçilik sahəsində işlər də yolunda getmirdi. Misal üçün, hakimiyyət orqanlarının bütün tələblərinə baxmayaraq Aşura məclislərində uşaqlar iştirak edirdi. 1960-cı ildə Gəncədəki “Şah Abbas” məscidində uşaqların iştirakı ilə baş verən Aşura mərasimi həmin məscidin bağlanaraq muzeyə çevrilməsiylə nəticələndi. Rəsmi təbliğat dinin ancaq qocalar arasından yayıldığını desə də məscidlərdə istər adi günlərdə, istərsə də Aşura günlərində gənclər gözə dəyirdi.

Bakının bir çox kəndlərində, eləcə də ölkənin cənub rayonlarında məhərrəmlik ayinləri açıq şəkildə icra edilir, uşaqlar da orda iştirak edirdi. Zəncir və xəncərlə özlərini yaralayan dindarlara qarşı hökumətin münasibəti loyal idi.

İnsanlar dini nigah bağlamağa da meyl göstərirdilər, misal üçün 1970-ci illərdə hər il rəsmi dövlət idarəsi olan VVAQ-da 60 min nigah bağlanırdısa hər il mollalar tərəfindən 4 min nigah kəsilirdi. Hökumətin bu barədə keçirtdiyi sorğularda maraqlı rəqəmlər üzə çıxmışdı. Misal üçün Füzuli rayonunun 72 kəndinin 7-sində 277 ailəsinin dövlət qeydiyyatı yox idi, dini nigah kəsdirmişdilər. Lənkəran rayonun təkcə dörd kəndində isə 500 nəfərin rəsmi nigahı yox idi.

Məktəbli qızların təhsildən yayınması da ciddi problemə çevrilmişdi. Misal üçün Füzuli rayonunun məktəblərinin I-IV siniflərində 4508, X-XI siniflərində isə cəmi 490 qız şagird vardı. Yardımlı və İmişlinin bəzi kəndlərinin son siniflərində ümumiyyətlə qız yox idi.

Ölkə xaricində olan ziyarət yerlərinə getmək qanunla qadağan edilsə də pirlərə və digər müqəddəs yerlərə bir qadağa yox idi. Azərbaycanda 300-dən artıq pir və müqəddəs yer fəaliyyət göstərirdi. Bu pirlərin bir hissəsi məhdud dairələr tərəfindən ziyarət edilirdi. Amma 25-dən çox ziyarətgaha ölkənin ən müxtəlif yerlərindən dindarlar axın edirdi.

Yenidənqurma illərində hakimiyyətin dinə münasibətində maraqlı meyllər üzə çıxdı. SSRİ nəyin bahasına olursa olsun, qonşu İranın o zamanlar cəmi bir neçə yaşı olan inqilabının ölkəyə ixrac edilməsinin qarşısını almaq istəyirdilər. Bu dövrdə islama münasibət xeyli dərəcədə yumşaldıldı, islam dini haqda xeyli kitablar, o cümlədən Kraçkovskinin 1965-ci ildə çap edilmiş Quran tərcüməsi yenidən çap edildi.

Amam bu dövrdə kommunist partiyası ölkədəki yeganə qüvvə deyildi, Xalq Cəbhəsinin simasında “hakimiyyəti olmayan güc” vardı. Xalq Cəbhəsi də ilk günlərdən islam dininə qarşı ehtiyatlı mövqe tutdu.

İslam inqilabının rəhbəri Qarabağ konfliktinin yarandığı ilk günlərdə azərbaycanlıların xeyrinə bəyanatlar versə də xalq hərəkatı fəallarının kəskin təzyiqi ilə üzləşdi. Xalq hərəkatının lideri, ixtisasca da ərəbşünas olan Əbülfəz Elçibəy hər fürsətdə fundamentizmə qarşı olduğunu, demokratiya uğrunda mübarizə apardığını bildirir və ermənilərin rus və qərb mətbuatında azərbaycanlıların fundamentalizmi haqda yalanlarına tutarğa vermirdi. Hərəkat fəalları dəfələrlə Bakıdakı İran konsulluğunun qarşısında aksiya keçirtmiş və Xomeyni rejiminə sərt şəkildə tənqid etmişdilər. SSRİ Ali Sovetinin deputatı Starovoytovanın “Azərbaycan xalqı islam fundamentalizmini seçəcək” ifadəsi biabırçı şəkildə süqut etdi.


Azərbaycan xalqı Sovet illərində qoruyub-saxladığı islam dinini sonradan siyasətə qarışdırmadı və onu şəxsi inanc kimi yaşamağa başladı.


Yazının sonunda bəzi məsələləri yenidən lupa altına salmaq istəyirəm. Məqalədən də göründüyü kimi SSRİ-nin islama qarşı münasibəti bir neçə dəfə dəyişmişdir. 1920-ci illərdəki kəskin münasibəti ümumilikdə 70 illik dövrü səciyyələndirmək həqiqətə uyğun deyil. Ümumilikdə, SSRİ dinə qarşı düşmən deyildi, o kommunizm qurmaq istəyirdi, kommunizmdən əvvəlki sinifli cəmiyyətlərdə dinin hakim siniflərin mənafeyini müdafiə etdiyini düşünürdü. SSRİ-nin din siyasəti də maarifçiliyi yaymaqla dini ləğv edəcəyini düşünürdü. Lakin maarifçilik prosesinin sona çatmamamasından, ya da ümumilikdə “maarif olan yerdə din olmaz” tezisinin yanlışlığındanmı dini ləğv etmək mümkün olmadı.

Kommunistlərin dinə münasibətində iki qısa və bir uzun mərhələ diqqət çəkir. “Bal ayı”nda kommunistlər islama imperializmlə mübarizədə etibarlı müttəfiq kimi nəzər saldılar. Bal ayı qurtaran kimi islama qarşı hücum başladı və bir neçə il davam etdi. Repressiyaya bir neçə il qalmış səngiyən təzyiqlər dindarların da bir qrup kimi repressiya prosesinə qatılması ilə yenidən başladı. II Dünya Müharibəsinin başlanması islama qarşı mülayimlik meyllərini üzə çıxardı. Müharibədən SSRİ-nin süqutuna qədər SSRİ ideoloqları maarifçilik, mədəniləşmə ilə özlərinin dediyi kimi “dinin qalıqlarını ləğv etməyə” ümidli idilər.

Azərbaycanda Sovet dövründə kəskin repressiyaya məruz qalanların bu tarixi bilmələri faydalıdır. Bilik sahibi olmayıb fikir sahibi olmaq təhlükəlidir. Xüsusilə də din kimi insanların emosional hisslərinə müraciət edən istiqamətin ideoloqları üçün bu təhlükə xüsusi əhəmiyyət kəsb edir.
# 1520 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #