Kulis.az rumın şairə Ana Blandiana ilə Səlim Babullaoğlu və Jalə İsmayılın müsahibəsini təqdim edir.
Dünya şöhrətli rumın şairə, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisi Ana Blandiana ötən ilin dekabr ayının birinci ongünlüyündə bizim dəvətimiz, Rumıniyanın Azərbaycandakı səfiri cənab Vasile Soare və Rumıniya Mədəniyyət İnstitutunun dəstəyi ilə Bakıda oldu. Şairə özünün “İndi mən sənə ibadət edirəm” adlı seçmə şeirlər kitabının (şeirləri rumın ədəbiyyatı mütəxəssisi, şair və tərcüməçi Jalə İsmayılla birgə çevirmişdik) Bakı Kitab Mərkəzində baş tutan təqdimat mərasimində iştirak etdi. Şəhidlər Xiyabanına, Heydər Əliyev Mərkəzinə, Azərbaycan Yazıçılar Birliyinə, Milli Məclisə, Səməd Vurğunun ev-muzeyinə baş çəkən şairəyə Vaqif Səmədoğlu Medalı təqdim olundu. Və elə bu sıx tədbirlər sırasında, saat yarımlıq vaxt “tapıb” muzeydəcə xanım Blandiana ilə söhbət etmək imkanımız oldu.
Tədbirlərin təşkilində Bakı Kitab Mərkəzində təqdimatın və müsahibənin lentə alınması “Reaksiya TV”, “Agaza” geyim firması və rejissor Mətləb Muxtarovun yaxından iştirakı ilə mümkün oldu ki, buna görə dəyərli dostlarımıza dərindən təşəkkür edirik.
İndi isə şairə haqqında ətraflı bioqrafik məlumat:
Ana Blandiana 1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Atası keşiş George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra bədbəxt hadisə nəticəsində həlak olub.
Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra” (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982), “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.
Rumın dilində 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarında iştirak edib. Əsərləri ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Çexiya, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və digər ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.
Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya” (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin” (2018), Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.
“Yüksək ədəbi nailiyyətlərinə və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni ilə təltif olunub (2000), Fransanın “Fəxri Legion Ordeni”nin (2009) sahibidir.
Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.
1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradıb, hazırda təşkilatın fəxri sədridir. Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.
Həyat yoldaşı, yazıçı Romulus Rusanla (1935–2016) birlikdə 1993-cü ildə Sigetu Marmatsia şəhərində yerləşən, əvvəllər siyasi həbsxana kimi tanınan yerdə Kommunizm Qurbanları və Müqavimət Memorialını yaradıb, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış “Vətəndaş Alyansı”nı da təsis ediblər.
Səlim Babullaoğlu: Xanım Blandiana, Bakıya, Azərbaycana xoş gəlmisiniz. Sizi Səməd Vurğunun ev-muzeyində salamlamaqdan məmnunluq duyuram.
Ana Blandiana: Çox təşəkkür edirəm. Bakıya gəlişimi çox xəyal etmişdim. Bakıya gəldiyim üçün özümü xoşbəxt hiss edirəm.
S.B.: İcazənizlə söhbətimizə başlayaq. Sizcə, çağdaş adam üçün şeir nə qədər vacibdir?
- Belə hesab edirəm ki, son vaxtlar, ən azı, istehlakçı cəmiyyətin bir neçə on ildir mövcud olduğu Qərbdə insanlar hiss etməyə başlayıb ki, daha çox qazanmaq üçün daha çox işləmək kifayət etmir, daha çox arıqlamaq lazım gəlir, çünki daha çox yeyir. Və cəmiyyətin poeziyanın təqdim etdiyi mənəviyyata ehtiyacı yaranır. Bunun sübutu kimi, poeziya festivallarının sayının həddən çox artmasını göstərə bilərik. Böyük fransız yazıçısı Andre Morua ötən əsrin 50-60-cı illərində deyirdi ki, XXI əsr dindar əsr olacaq, ya da olmayacaq. Dəqiq deyə bilmərəm, söhbət dindarlıqdan gedir, amma mənəviyyatdan getdiyi dəqiqdir.
S.B.: Borxes sonsuz redaktə prosesinə inanırdı və nə vaxtsa yazdığı əsərlərini davamlı redaktə edirdi. Olubmu ki, siz də illər əvvəl yazdığınız əsərləri zaman-zaman redaktəyə məruz qoymusunuz?
- Yox, belə bir şey olmayıb. Mənə görə, şeir detalları üzərində işlənəcək sənət deyil, o bir növ möcüzədir, sadəcə baş verir.
S.B.: Ümumavropa, ümumdünya ədəbi mühitinin, vahid ədəbi prosesin olduğuna inanırsınızmı? Bir insanın qan dövranı kimi nəzərdə tuturam.
- Hə, hesab edirəm ki, bu mühit şeir festivalları vasitəsilə mövcuddur. İstənilən halda, məlum məsələdir ki, bu gün mövcud olan festival sayı 50 il əvvəlkindən daha çoxdur. Hazırda şairlər arasında görüşlərin sayı artıb, festivalların sayı artıb. İndi şeir festivallarında müxtəlif ölkələrdən 70-80 şair eyni vaxtda görüşə bilir, tanışlıqlar baş verir. Şair həmrəyliyi yaranır. İndi XIX əsrdəki kimi şairlər ancaq Parisdə görüşmürlər. Çoxlu sayda poeziya festivalı mövcuddur. Məsələn, kiçik bir ölkə olan Sloveniyada ən böyük poeziya festivallarından biri keçirilir.
S.B.: Müsahibələriniz birində deyirsiniz ki, əvvəl şeir yazılır, möcüzə kimi baş verir, sonra kitab tərtib olunur. Bəs prozada necədir?
- Çox fərqlidir. Mən proza yazmağa 30 yaşımdan sonra başladım, artıq 3-4 şeir kitabım çıxmışdı. Nəsr yazmağa məni iki səbəb təşviq etdi: birincisi, ölkədə vəziyyət, atmosfer çox mürəkkəb, çox dəhşətli idi. Hiss edirdim ki, mən bunları ətraflı şəkildə yazmalıyam. Bu dəhşətlərin mənim poeziyamın daxilinə girib onu dağıtmasına yol verə bilməzdim. Proza poeziyanı həyatın pisliklərindən qorumaq üçün, bir növ, xilaskar rolunu oynadı. İkinci səbəbə gəldikdə, şeir yazarkən mən heç vaxt bilmirdim şeir yazma əhvalım nə vaxt olacaq, nə qədər davam edəcək, hər şey Allahın istədiyi kimi baş verirdi. Sonra peşəkar nasir olduqda anladım ki, masada beş saat oturmaq, işləmək lazımdır. Mən yazmağa başlayıram, saxlayıb, iki gün sonra davam edə bilərəm. Bu proses məndən asılıdır, amma şeir məndən asılı deyil.
S.B.: Adınız qafiyəlidir – Ana Blandiana. Qafiyəli şeirə, qaydalı şeirə münasibətiniz necədir? Yazırsınızmı belə şeirlər? Təcrübənizdə varmı?
- Mən qafiyəli klassik şeirlə ağ şeir arasındakı yolun ortasında olmağa meyilliyəm. O mənada ki, son illər tamamilə klassik formada, qafiyəli şeirim çox nadir hallarda baş verib. Amma belə hesab edirəm ki, bəzən qafiyəni başqa bir həyat haqqında xatirələr kimi qorumaq lazımdır. Fikrə aksent etmək üçün. Əksər şeirlərimdə qafiyə sadəcə sonuncu sətirlərdə özünü göstərir. Qafiyə şeirin içindəki ritmə, həm də dəqiq ölçülü ritmə deyil, daxili ritmə xidmət etməlidir ki, o, prozadan seçilsin. Tamamilə “ağ şeir” olsa belə, onun şeir olduğunu göstərməlidir.
S.B.: Növbəti sualla bağlı hörmətli oxucuya uzun da olsa qabaqcandan bir arayış vermək tələb olunur.
Belə ki, düz qırx il əvvəl idi, 1984-cü il. Şairəyə qoyulan ilk qadağa, repressiya bitmişdi. O, artıq bir neçə ildi ki, yeni nəslin klassikinə çevrilmişdi, “Amfiteatr”, “Contemporanul”, “Rumın ədəbiyyatı” kimi jurnallarla əməkdaşlıq edirdi, bəzi dərgilərdə daimi köşə və rubrikaların sevilən müəllifiydi.
Elə həmin vaxtda, 1984-cü ildə “Amfiteatr” avanqard tələbə jurnalında redaksiyanın xahişi ilə şairənin dörd şeirdən ibarət poetik silsiləsi dərc olunur. Bir qədər təhrikçi, təxribatçı səciyyəli həmin şeirlər o intellektual-ruhi vəziyyəti ifadə edirdi ki, “qıcıqlanmış, alçaldılmış, qəzəblənmiş və ümidsizləşmişdi, utanc və üsyanın birləşmiş, yeganə xilas yolu kimi apokaliptik ovqat”daydı.
Bu şeirlər II Dünya müharibəsindən sonra rumın poeziyasında ən kəskin və birbaşa sənət hadisəsi, XX əsr rumın poeziyasında ilk “samizdat” nümunəsiydi, şeirlərin gizlincə üzü köçürülür, əl-əl gəzir, o vaxta qədər Rilke, Dikinson kimi metafiziki, vizioner, yaxud Mihay Eminesku kimi romantik duruşu olan müəllifinə, şairəyə postmodernist dillə danışan obraz qazandırırdı. Yeri gəlmişkən, bu şeirlərlə öz üslubunu kökündən dəyişmiş Ana Blandiana öz poeziyasına xas estetikadan uzaqlaşmış, adi, banal danışıq dilinə, tərzinə keçmiş, anti-lirik, anti-metaforik, anti-simvolik pozisiya tutmuşdu; bununla da sonradan rumın poeziyasındakı postmodernist hərəkatı və nəsli – Mirça Kerteresku, Boqdan Qiu, Florin Yaru və İon Stratanı qabaqlamışdı.
Con Kennedinin böyük Amerika şairi Robert Frostla bağlı nitqində söylədiyi sözlər yada düşür: “Hakimiyyət pozanda, dağıdanda poeziya təmizləyir, birləşdirir... Çünki poeziya gücü özündən qoruyan vasitədir".
Şeirlər böyük şöhrət tapdı. Bütün xalqın manifesti kimi qəbul edildi. Hətta oxucular dörd poetik nümunədən biri olan “Hər şey” şeirininin davamını yazmağa başladı və şeiri diktatorun rəhbərliyi ilə yaşanan gündəlik həyatın absurd və kuryoz dolu təfərrüatları ilə zənginləşdirdilər.
Qərb mətbuatı, xüsusən Böyük Britaniyanın dünyaca məşhur “The İndependent” nəşri şeirə özünün bir bütöv səhifəsini ayırdı ki, bu, o vaxtadək görünməmiş bir hadisə idi. “Hər şey” şeirindəki ilk baxışdan adi görünən sadalamanı Kevin Cons və Andrey Brezianu geniş şərh etmişdi. Silsiləyə daxil olan “Hər şey” şeiri büsbütün və yalnız rumınlara tanış rəmzlərdən, eyhamlardan ibarətdi. Diktator Çauşeskunun hər bir çıxışı zamanı tez-tez təkrarladığı, hətta az qala, 50 dəfə təkrar etdiyi bir deyim, bir sual vardı: Biz hər şeyi edə bilərikmi?”; yaxud ”Biz hər şeyi bacararıq!”... Əslində, söz sırası, sadalamasıydı bu şeir – rumınların “hər şeyindən” danışan söz sırası. Şeir beləydi:
“Yarpaqlar, sözlər, göz yaşları, / kibrit qutuları, pişiklər,/ bəzən tramvaylar, un növbələri,/ uzunburun cücülər, boş şüşələr, nitqlər,/ televizorda uzunboylu göstərilən şəxslər, / Kolorado böcəkləri, benzin,/ bayraqlar, tanış simalar,/ Avropa Çempionlar Kuboku,/ qazla işləyən maşınlar, ixrac üçün yararsız almalar, / qəzetlər, baton çörəklər, saxta yağlar, qərənfillər, /aeroportdaca təbriklər, “Cico”, şokolad batonlar, / Buxarest salyamisi, pəhriz qatıqları,/“Kent” satan qaraçı qadınlar, Krevediya yumurtaları,/ şayiələr, şənbə axşamı,/ yalançı kofe, xalqların sülh mübarizəsi, xorlar, / hektar üzrə məhsuldarlıq, Herovital, yubileylər,/ bolqar kompotu, fəhlə yığıncağı,/ yüksək növ regional şərab, Adidas,/ lətifələr, “Kalya Viktoriya”dakı yeniyetmələr,/ okean balığı, rumın nəğmələri,/ hər şey.”
O söz sırasında nələr yoxdu? Rumın televiziyasının alçaqboylu Çauşeskunu uzunboylu göstərməsinə işarə, kommunist rejimin fəxr etdiyi, qürurlandığı paytaxt “Styaua” komandasının qələbəsi, yerli istehsal olan sərinləşdirici içki və dərman, guya Rumıniyanı, əslində isə, diktatoru vəsf edən mahnı-şeir müsabiqəsi... hətta hər bir uşağın və yeniyetmənin arzusu olan “Adidas” idman ayaqqabıları ki, əslində qida qıtlığı, gecədən səhərə qədər uzanan ət növbələrində rumınlara satılan, cüt-cüt təklif olunan donuz ayaqlarına işarəydi (müsahibələrinin birində xanım Blandiana bunun məhz belə olduğunu sonradan öyrəndiyini söyləyirdi, çünki adamı alçaldan “ət növbələrində” dayanmamaq üçün o, həyat yoldaşı Romulus Rusan ilə həmin dövrdə əsl vegeterian həyat tərzi keçirirmiş)... Ən dəhşətli eyham isə paytaxt Buxarestdə, Qələbə prospektində, Kalya Viktoriyada vaxtilə Rumıniya xüsusi xidmət orqanı olan “Securitate”nin “hamı izlənir, nəzarətdədir” duyğusu yaratmaq və əhalinin canına qorxu salmaq üçün uşaq evlərindən götürülmüş, xüsusi olaraq təlim görmüş yeniyetmələri hərəkətsiz dayanmaqla prospekt boyunca düzməsi haqda idi.
Bu silsilə “amansız” hermetik zarafat, sarkazm idi, əslində. “The İndependent”in 1985-ci ildə özünün bir səhifəsi boyunca dərc etdiyi şərhindən Ana Blandiana 1989-cu ildə xəbər tutmuşdu. Vəziyyəti yüngülləşdirən yeganə “xilas kəməri” şairənin iki il əvvəl layiq görüldüyü nüfuzlu və beynəlxalq “Herder” mükafatı, beynəlxalq intellektual ictimaiyyətin dəstəyi, alman və italyan ədiblərinin onun müdafiəsinə qalxması oldu ki, bu da Çauşesku rejiminin repressiyasını sonradan xeyli tərk-silah etdi.
İndi isə sualımı verim.
Bu gün azadlıq dönəmində “Hər şey” şeirini yazsaydınız, rumınların həyatının hansı “hər şeylərini” o şeirə daxil edərdiniz?
- Həqiqətən, çətin sualdır. Biz əzab çəkən zaman birlikdə əzab çəkirdik. Eyni cür əzilmiş, repressiyaya uğramış vəziyyətdə biz daha həmrəy idik. Mən özümü daha çox xalqımın nümayəndəsi kimi hiss edirdim, özümü bu cür ifadə edirdim. Azadlıq şəraitində həmrəylik daha az müşahidə olunur. Burada tənhalıq daha çoxdur. Hamı öz başının çarəsinə baxır, öz taleyini özü həll edir. Parodoksal vəziyyətdir. Məsələn, Çauşesku dövründə Rumıniyada üç nəfərin birlikdə toplaşmasını qadağan edən qanun vardı. Bu, həmrəylik əleyhinə qanun idi. Amma insanlar bir-biri ilə daha çox həmrəylik nümayiş etdirirdilər. Çünki hamının dərdi eyni idi. İndi insanlar azaddır, hər kəs istədiyini edir.
(Səfir Vasile Soare, Xalq yazıçısı Anar, Ana Blandiana, Səlim Babullaoğlu, Jalə İsmayıl)
S.B.: Burda dəyərli oxucularımız üçün daha bir arayış vermək, əslində, xanım Blandiananın bir başqa müsahibəsindən uyğun parçanı, oxşar suala cavabını diqqətinizə çatdırmaq istəyirəm ki, bu da həmsöhbətimin indiki cavabını bitkinləşdirir. Ana Blandiana həmin müsahibəsində deyir:
“Kommunizm dövrü”ndə şeir yazan çox idi, bu özünü bir qədər gizli ifadə etməyin yeganə üsuluydu.
1989-cu il inqilabından sonra isə daha çox məqalələr yazılırdı, publisistika. Yeni, azad şəraitdə hamı dəyişikliyə öz birbaşa töhfəsini vermək istəyirdi, şeir birbaşa yol və üsul deyildi, yəqin, belə hesab edirdilər. Bizdə, Şərqi Avropada, Rumıniyada poeziya ağ ciyər funksiyasını yerinə yetirirdi bir qədər. Səbəb metaforadaydı. Metafora terminlərin olmadığı müqayisədir. Həm də şeir bu tərəfi ilə senzuraya çox da məruz qala bilmirdi, çünki yarısı aydın, yarısı metafora səbəbiylə anlaşılmazdı. Bu da müəllif və oxucu arasında ecazkar ünsiyyət imkanı yaradırdı. Oxucu şeir vasitəsilə özünü asudə və azad hiss edirdi.
1989-cu ildə senzuranın ləğvindən sonra biz bir müddət nə baş verdiyini anlamadıq. Çünki bəzən hər
sətir və nöqtə-vergül uğrunda mübarizə aparmışdıq. Nə baş verdiyini tədricən anladıq. Hər şey məntiqi və rasional idi. Əvvəllər bizdə poeziya bir çox şeyi – dini, tarixi, qadağan olunmuş başqa şeyləri əvəz edirdi. Biz metafora vasitəsilə diqqətdən yayınaraq bu şeylər haqqında danışa bilirdik. Normal şəraitdə hər şey öz yerini aldı. Poeziya elitar publikanın malına çevrildi. Mən anlamağa başladım ki, “azadlıq sözünün çəkisi” azalıb. Senzura təzad yaradıbmış belə çıxır. Və azadlığı ilə qurban verən şair nə deməyindən asılı olmayaraq, başına heç bir iş gəlməyən şairdən çox-çox vacibdi, önəmliydi”.
Jalə İsmayıl: Mübarizədən danışdınız. Yazırsınız ki, risk intellektualların koordinatlarını müəyyənləşdirir. Başqa bir yerdə də qəhrəmanlığın puçluğu haqqında yazırsınız. Bu gün risk və qəhrəmanlıq ədəbiyyatçı üçün nə qədər vacibdir?
- Mənim köhnədən iki şeirim var bu mövzuda. “Başa düşdüyüm üçün başa düşdüklərimin hamısında günahkaram...”. İntellektual daha yaxşı başa düşdüyü üçün daha çox cavabdehdir. Anlamaq onun məsuliyyətinin ölçüsünü artırır.
J.İ.: Siz ABŞ-də və Fransada rumın miqrantlarla görüşmüsünüz: Mirça Eliade, Emil Çoran, Ejen İonesko. Sizcə, bu şəxslər rumın ədəbiyyatında hansı yeri tutur? Onlar rumınlar üçün kimdir?
- Qeyd etdiyiniz şəxslər 1989-cu ildən dərhal sonra nəşr edilməyə başladılar. Müqəddəs irsə çevrildilər. Daha böyük fiqur olduqları üçün bəxtləri gətirdi. Digər miqrantlar da çap olundu. Amma onların kütləvi tanınması baş vermədi. Evdəki yazıçılar qədər məşhur ola bilmədilər. Məsələn, Paul Qoma. O, dissident idi, yaxşı yazıçı idi. Miqrasiya etmişdi. Onun kitabları Rumıniyada qadağan edilmişdi. Qəribədir ki, azadlıq əldə edildikdən sonra o vətəndə çap olundu, amma onun əsərləri maraqla qarşılanmadı. O, sadəcə kommunizm dövründə sevilən məşhur yazıçı kimi qaldı. Yəni evdə tanındığı kimi.
S.B.: Atanız keşiş olub. Bir ruhaninin evində anadan olmaq, böyümək sizin tərbiyənizə, dini dünyagörüşünüzə necə təsir edib? Özünüzü inanclı insan sayırsınızmı?
- Atam kilsədə ətrafına həmişə insanların toplaşdığı, özünün populyarlığı ilə rəsmi dairələri narahat edən bir adam idi. Atamın keşiş olması uşaqkən mənim üçün nə demək idi? Evimizin girişində, dəhlizdə həmişə hazır çamadan olardı. Atam hər an həbs oluna bilərdi. Təkcə bizim ev üçün deyil, bütün evlər üçün bu, gözlənilən hal idi. Atam keşiş olduğu üçün bizim ehtimal daha yüksək idi. Dini təhsilə gəlincə, belə bir ailədə böyümək əlbəttə ki, mənim xristianlığın və digər dinlərin mənəvi inanclarına hörmətlə yanaşmağımda vacib rol oynamışdı. Bu o demək deyil ki, mən dini doqmalar mənasında çox dindaram. Elə hiss edirəm ki, Allah həmişə mənimlədir. Allahın mənim yanımda olmasının sübutu odur ki, özümü heç vaxt tənha hiss etmirəm.
(Heydər Əliyev Mərkəzində Səlim Babullaoğlu, Ana Blandiana, səfir Vasile Soare, Əminə Məlikova, Jalə İsmayıl)
S.B.: Sonuncu şeiri nə vaxt yazmısınız?
- Keçən yay. Pişiyimlə bərabər kəndə getmişdim. İki ay, demək olar ki, insan görmədim. Yaşadığım ev də kənddən bir az uzaqda idi. İki həftədən bir sadəcə alış-veriş üçün gedirdim. Orada bütün gün yazdım. Həyat yoldaşımın vəfatından sonra nəşr olunan kitabımdakılar sonuncu şeirlərimdir. Ondan sonra şeir yaza bilmirdim. Elə hiss edirdim ki, artıq bitdi, mən şeir yaza bilməyəcəm. Qorxurdum. Məşhurlaşan başqa esse kitabları yazmışdım. Özümü göstərirdim. Amma şeirə qayıda bildiyim üçün çox xoşbəxt idim. Cənab Babullaoğlunun da tərcümə etdiyi axırıncı şeirlər kitabım mənim üçün özünüqoruma forması idi. O şeirlər kitab nəşr etmək üçün deyildi, bir növ dua idi mənimçün. Bu kitabın iki ay içində yeddi dilə tərcümə edilməsi, uğur qazanması möcüzəvi bir şey idi. Mən kitabı imzalayarkən üç-dörd nüsxə alanlar vardı. Bu, övladını itirmiş biri üçün, bu, anası vəfat edən yaxınım üçün... Kitabı dərman kimi alırdılar. Möcüzəvi hisslər idi. Məni öz kitabımla həyəcanlandıran sürpriz olmuşdu mənim üçün.
S.B.: Burda dəyərli oxucular üçün daha bir vacib arayış vermək lazımdır.
Xanım Blandiana əri və əqidə yoldaşı Romulus Rusanın ölümündən sonra yazdığı, bizə də az əvvəl xatırlatdığı “Məlum mövzuda variasiyalar” (kitabın adının hərfi tərcüməsi “Tapşırıq üzrə variasiyalar”dır - S.B.) şeir toplusu xüsusi önəm daşıyır. Titul vərəqindəki ilk qeyd belədir: “R.-yə ithaf” (yəni, Romulusa ithaf). 56 il birgə yaşadığı ərinə, silahdaşına və həmkarına ithaf etdiyi bu 59 şeir – “ağılar, mərsiyələr” – bizə görə isə Blandiananın ən yüksək və xalis poetik mətnləri haqqında müəllif özü belə deyir: “Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır bu şeirlər. Kitablarımın ən metafizikidir”.
(Ana Blandiana həyat yoldaşı Romulus Rusanla birlikdə)
Biz az əvvəl, Blandiananın 1984-cü ildə “Amfiteatr” avanqard tələbə jurnalında çap olunan dörd şeirini xatırlatdıq, onlardan biri haqqında geniş məlumat verdik. Həmin silsiləyə aid daha bir şeir “Uşaqların səlib yürüşü” adlanırdı və müəllif bu şeiri yazmaqla sanki “abort qadağasına”, ilk baxışda sanki ailə institutuna qarşı çıxırdı (O dövrün yazılmamış qanunlarına görə, Rumıniyada hər bir qadın minimum 4 uşaq doğmalıydı. Çauşesku kommunist rejimi ciddi abort qadağası tətbiq etmişdi. Bu işi gizli görən həkimlər ciddi şəkildə cəzalandırılırdılar. Şeir bəzən zorlama, yaxud “sevgisiz aktlar” zamanı formalaşan, qadınların bətnindən onların razılığı olmadan “çıxan” uşaqların yürüşü haqqındaydı - S.B.); halbuki, ərinə ithaf etdiyi şeir silsiləsi ilə şairə elə ailəyə, qadın-kişi sevgisinə XX-XXI əsrlərin ən böyük poetik, dürüst, səmimi abidəsini qoydu. O silsilədəki bütün şeirlərdə dərin hüzn və ağrıyla yanaşı, ölümlə barışmamaq da var. Yox, bu, asilik deyil, bu, ölümün ənənəvi dərkinin inkarıdır... Hərçənd, xanım Blandiana 2016-cı ildə dekabrın 9-da öz facebook səhifəsində, ərinin ölümündən bir gün sonra bu sözləri yazmışdı: “Yarım əsrdən artıqdır ki, sevdiyim və sevgisi olmadan sağ qalmayacağım ərim Romulus Rusanın ölümünü elan edəcəyim heç vaxt ağlıma gəlməzdi...”
Şairə söhbətlərinin birində deyir: “Məncə, əvvəl şeirləri, şeiri yazırlar, sonra onu kitaba çevirirlər. Mən şəxsən əvvəlcə şeiri yazıram, əlbəttə, Allah icazə verəndə. Amma kitab hazırlamaq, bu, kərpic düzmək kimi bir şeydir, bunun üçün hansısa daxili rahatlıq lazımdı...”
Həyat yoldaşının vəfatından sonrakı iki il (daha az vaxt) ərzində şairə bu şeirləri “birnəfəsə” yazıb, yarasının qanı axa-axa. O şeirlərin 59-dan 31-ni biz Jalə İsmayılla birlikdə hazırladığımız kitaba daxil etdik ki, şeirlərin hamısında yoxluq vurğusunun təzahürü ilə aydın sezmək olar.
Yeri gəlmişkən, bu silsilə ilə Ana Blandiana onu şairə kimi susqunluq, yaxud çap olunmamaq, bəzi rəqiblərinin dediyi kimi, yazmamaqda ittiham edənlərə də ən dürüst cavab verirdi. Minilliklərin qovşağında, ta günümüzə qədərki dövrdə şairənin yeni və əski şeirlərindən ibarət 16 şeir toplusu işıq üzü gördü.
J.İ.: Azərbaycana gələnə qədər, səfər öncəsi Azərbaycan, Bakı, ədəbiyyatımız haqqında məqsədli şəkildə nəsə öyrəndinizmi, bilirdinizmi?
- İlk növbədə rumın dilinə tərcümə olunmuş yazıçılara baxdım. Məsələn, indi Səlim Babullaoğlunun “Avqust” şeirlər kitabını xatırlayıram. Bu şeirlər rumın dilində demək olar ki, nüfuzedici səslənir. Mətndə təkrarolunan ritm var. Çox xoşuma gəldi. Sözsüz ki, cənab Anarın kitabı. Regionu yaxşı tanıyan səfirimizdən, cənab Vasile Soaredən Azərbaycan haqqında çox şey öyrəndim. Ölkəniz bir neçə aspektdən maraqlıdır. Bir tərəfdən, siz keçmiş sovet ölkəsisiniz, digər tərəfdən, müsəlman xalqsınız, başqa bir tərəfdən, incəsənətə çox meyillisiniz, bunu görmək üçün sizin şəhərləri gəzmək, şairlərinizi oxumaq kifayətdir. Bu fonda aydın görünür ki, planetin bu parçası böyüyür, inkişaf edir. Mən heyran olmuşdum, odur ki, sizinlə tanış olmaq istədim. Sanki iki fərqli tektonik lay təkanlar nəticəsində hərəkət edir, bu təkanlar arasında balansı qorumağa çalışırsan. Məsələn, siz türk dilləri ailəsinə məxsussunuz, eyni zamanda latın əlifbasını tətbiq edirsiniz, bu da dünyanın qalan hissəsi ilə ünsiyyət qurmaq deməkdir. Bu ölkə ənənələrə sadiqdir, həm də tamamilə yeni binalara malikdir. Bu sintez mədəniyyətlər, dinlər, tendensiyalar və siyasətlər arasında balansa nail olmağa imkan verir. Çox dəyərli bir şeyə sahibsiniz. Müsəlman ölkəsisiniz, eyni zamanda da qadınlar tamamilə azaddır. Mən bilirəm ki, qadınlara səs hüququnu da daha əvvəl vermisiniz, bizim konstitusiyadan əvvəl. Mahiyyət etibarilə, bu, çox maraqlıdır.
S.B.: Modernistlər var, postmodernistlər var, neopostmodernistlər var, çoxlu izmlər var. Bunlara münasibətiniz necədir? Özünüzü hansına aid edirsiniz? Siz etməsəniz də, ədəbi tənqid sizi hansı cərəyana aid edir?
- Onilliklər boyu bizim ədəbi nəsil neomodernist olub. İndi gənclərin əksəriyyəti postmodernisdir. Mənə gəldikdə, hesab edirəm ki, balansı qorumaq lazımdır müasirliklə... bu, həmin o ənənəvilik deyil... müasirliklə möcüzə arasında. Bütün dövrlərin ən böyük şairi Mariya Rilke, məsələn, ifadəetmə müstəvisində olduqca müasirdir, eyni zamanda sirlidir, buradan da onun ruhani möcüzəyə bərabər poeziyası doğulur.
S.B.: Xanım Blandiana, ətraflı cavablar üçün sizə təşəkkür edirik. Qrafikimiz sıxdır, birgə tərtib etmişik, odur ki, söhbətimizi bitirməyin vaxtı gəldi. İcazənizlə, iki xahişimizi səsləndirək: Azərbaycan oxucularına arzularınızı çatdırardınız; bir də“Mikrofon” (bu şeiri biz hazırladığımız kitaba “Əgər evimizə o əvvəlki illərdəkitək…” kimi - şeirin ilk misrası ilə daxil etmişik - S.B.) və “Küknar” şeirlərinizi oxuyardınız.
- İlk növbədə məni, sizi oxuyacaq insanlara minnətdarlığımı bildirirəm. Sizin deyirəm, çünki mənim kitabım əslində sizin kitabınızdır. Bəxtim gətirib ki, mənim şeirlərimi şairlər tərcümə edib. Bu, ideal situasiyadır, belə şeylər nadir hallarda baş verir. Gərək bəxtin gətirə. Mənim də bəxtim Azərbaycanda gətirdi, iki şair şeirlərimi tərcümə etdi. Mənimlə görüşdə şeirlərimi oxumağa başlayanda qorxurdum ki, darıxdırıcı olacaq. Amma oxucularla əla ünsiyyət quruldu. Mən buna görə çox minnətdaram. Sadəcə tərcüməni deyil, rumınca şeirləri də gözəl qarşıladılar. Bunu hiss etdim.
Müsahibəyə görə təşəkkür edirəm.
Aşağıda Ana Blandiananın "Əgər evimizə o əvvəldəki illərdəkitək..." ("Mikrofon") şeirinin (tərcümə və kadrarxası səs: Səlim Babullaoğlu) qiraəti və şairənin dilimizə çevrilmiş bir neçə şeiri ilə tanış ola bilərsiniz:
“Məlum mövzuda variasiyalar” kitabından
R. üçün
Yadımdadır, bir dəfə düşündüm…
Yadımdadır, bir dəfə düşündüm,
bizi qoruyan mələklər ikidir axı.
Əgər həmişə bir yerdəyiksə,
bu, israf deyilmi?
Bizə biri də bəs edərdi.
Ağlıma da gəlməzdi
nə vaxtsa ayrıla bilərik
və onda
ya mələk seçim qarşısında qalmalı,
ya birimiz ondan vaz keçməliydik.
Düzünü de,
onu təkcə mənim üçün qoyduğuna
heyifsilənmirsən ki?
Güzgü ilə müqavilə bağlamışam…
“Güzgü ilə müqavilə bağlamışam, – demişdin,
– Səni mənim gördüyüm kimi göstərəcək,
qəbrə qədər sədaqətli olacaq sözünə”.
On illər keçirdi,
güzgü sözünə sadiqdi:
məni sığallı, təmiz,
daim sənin nurunla boyanmış göstərirdi;
sanki nağıllardakı dirilik suyu idim,
dəyişmirdim.
İndi güzgüyə baxıram,
təşvişlə dəyişikliyi gözləyirəm.
Amma görə bilmirəm.
Hələ də mənə baxdığının
başqa nə dəlili olmalıdır ki?!
Əgər evimizdə o əvvəlki illərdəkitək
Əgər evimizdə o əvvəlki illərdəkitək yenə də mikrofonlar quraşdırılsaydı,
səs yazanlar, bizi gizlincə dinləyənlər hökmən dəli sanardılar məni;
yazırlar, dinləyirlər və səninlə ən adi şeylər haqqında danışdığımı,
hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi eşidirlər;
arabir indiki zamanda elə-belə “səni sevirəm” deyirəm,
işığı söndürməzdən qabaq “gecən xeyrə qalsın” söyləyirəm.
Dinləyənlərin arasında öz işində təzə olanlar var – gedişindən xəbərsiz olanlar,
sənin cavabsızlığını şübhəli sanacaqlar,
hesab edəcəklər ki, onlar başa düşməsin deyə əl hərəkətləri,
işarələrlə doldurursan sükutu.
Yazda necəsə çəkilmiş şəkillərin qalıb telefonda
Yazda necəsə çəkilmiş şəkillərin qalıb telefonda.
Həmin günü xatırlayıram: ağacların belə hədsiz, az qala, partlayışla çiçəkləməsini
unutmamaq üçün çəkmişdik. Nərgizlərin, sünbülçiçəyinin, qızıl akasiyanın,
Tırqoviştedən gətirilmiş qırmızı çayın rəngləri yerdən boylanarkən
göz deşən bəyazlıq baxışları havada yaxalayırdı.
– Xoşbəxt olmaq azdır, – dedim, – gərək xoşbəxt olduğumuzu anlayasan, təkrar elə:
– Biz xoşbəxtik. Sən də təkrarladın: – Biz xoşbəxtik, – sanki xoşbəxtlik
gözəlliyin daha da dərinləşdirdiyi bədbəxtlikmiş kimi, sonsuz bir hüznlə gülümsədin.
Telefonda həmin şəkillərinə baxıram, onları böyüdürəm, barmaqlarımı üzündə gəzdirirəm,
sığal çəkirəm, ta ki ekranda yaralı heyvan kimi bədbəxtliyi qabaqcadan bəbəyinə hopduran
tək gözün də yox olur.
Hər bir hərəkətim
Hər bir hərəkətim
işıq xətti ilə çevrələnib,
görməsəm də,
hiss edirəm.
Bərk qucaqlaşma kimidir bu,
mənimtək biri, amma daha cüssəlisi,
qucaqlayıb və isidir məni.
Məni tək qoymamağın
necə mahir bir yolunu tapmısan.
Müxtəlif kitablardan
İşıq və kölgələr
Kölgələrin torları atılıb,
Onların çənginə keçmişəm,
qırmaq üçün onları
boşuna çırpınıram.
Uzun “A”
Cərrah bıçağı toxunmuş adam
ağrını vəsf etməyib,
kürəyinə bıçaq saplanmış adam
qorxusunu və ölümünü şeirə çevirməyib,
eləcə
xırıltılı və batıq “A” ilə keçinirsə ki,
dünya inciləri
onun yanında cırıltıya bənzəyir,
mən də hər şeydən daha çox
üstünlüyü həmin uzun,
arasıkəsilməz,
“A”ya verirəm.
Çünki bilmirəm
hansı qafiyələnmiş misra
ağrının sirrini
onun qədər faş edib –
həmin asi sait qədər.
Küknar
Küknarların kabusları küləkdə budaq-budaq yırğalanır,
sanki məğlub aqibətdən xəbər verən qoşun bayrağıdır.
Amma bu öncəgörən Kassandra budaqların hikməti bizə yaddır,
Bizə kim inanar, bu nə həyatdır?
Bir yerdə dayanıb durur, yerlərini dəyişmirlər,
və budaqlarıyla dəyişkən səmanı, üfüqü süpürürlər,
gizlədirlər, kimsənin inanmadığı, diş qıcıtdığı həqiqətləri
əridirlər, ağac bətnində şirəyə çevirirlər.
Ətrafda su da, səma da daim hərəkətdədir.
– Getmirsən? – külək durmadan sual verir.
Ağlayır, hıçqırır küknar: – Yox, mən evdəyəm, – deyir.
Tərcümələr Səlim Babullaoğlunundur