“Bakılı Yesenin”in rekordu

“Bakılı Yesenin”in rekordu
17 fevral 2014
# 15:38

1937-ci ilin iyunun 4-də NKVD işçisi Yusifin və rus dili müəllimi Məhtəban xanımın ailəsində dünyaya gələn bu uşağa Onegin adını verdilər. Qəribə addır, eləmi? Onun barəsində ilk dəfə "Simsar" jurnalında oxumuşdum. Amma təsadüfən qoyulmamışdı, Məhtaban xanım Bakıdakı məktəblərin birində rus dili və ədəbiyyatı müəlliməsi işləyirdi. Puşkini çox sevirmiş, 1937-ci ildə isə dahi şairin ölümünün 100 illiyi keçirilirmiş. Məhtaban xanım isə sevimli Puşkininin sevimli qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə oğluna bu adı verir. Maraqlıdır ki, çox yox, 5 ildən sonra bu ailədə ikinci övlad dünyaya gəlir. Ona isə Nizami adını verirlər. Nizaminin anadan olmasının 800 illiyi münasibəti ilə.

Hamı kimi orta məktəbə gedir Onegin. Məktəbi bitirən kimi Moskvada, Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Elə sonrakı keşməkeşli taleyi də bu şəhərə bağlanır.

Həddən artıq istedadlı olan bu gənc «Qorki»dəki qızların sevimlisi imiş. Deyilənə görə, nəinki qızlar, hətta oğlan tələbələr belə onun yataqxanadakı otağının qapıçından çəkilmirmişlər. Hamısı şeir üçün o qapını döyürmüş. Ki sevgililərinə oxumağa bir şeir alsınlar ondan. Bu bakılı balasının yüzlərlə belə şeiri var ki, heç yerdə çap edilməyib. Eləcə yaddaşlarda qalıb.

Qəribə adam imiş Onegin. Sərgərdan həyat tərzinə baxmayaraq onu SSRİ teleradio komitəsində işə götürüblərmiş. Amma orada da dinc dayanmırmış. Olduqca intizamsız imiş. Amma istedadına, hə, məhz istedadına görə, ona dözürmüşlər.

Oneginin sözlərinə yazılmış mahnıları kimlər oxumayıb? Polad Bulbüloğlu, Kobzon, Puqaçova, Antonov, Rotaru, Maqomayev… Sovet estradasının nəhəngləri.

«1970-ci il. İyun ayı. Moskvanın mərkəzində, Tverskoy küçəsindəki nəinki paytaxtın, bütün SSRİ-nin ən böyük musiqi mərkəzinin qarşısında qələbəlikdir, günlərlə növbə əskik olmur. Musiqisevərlər hələ may ayından satışa çıxarılmış plastinka uğrunda, necə deyərlər, əsl mücadilə verirlər: Gərək səhər tezdən növbə tutasan ki, axşama yaxın bircə dənəsini ala biləsən. Həmin plastinka o dövr üçün rekord miqdarda, düz 15 milyon 600 min tirajla buraxılmışdı. Amma sovet insanı hələ də onu əldə edə bilmirdi. Bəlkə elə həmin növbədə keşik çəkənlər həmin plastinkaya toplanmış mahnıların müəllifinin də kimliyini düz-əməlli tanımırdı. Heç bir reklamı, indiki terminlə desək “raskrutkası” olmayan həmin plastinka 33 yaşlı bir gəncin mahnılarından ibarət idi. Moskvalı üçün maraqlı adı və soyadı olan bir gəncin: Oneqin Hacıqasımovun”. («Simsar» jurnalı)

Və maraqlıdır ki, bu rekord indinin özündə belə təkrarlanmayıb.

1985-ci ilin fevralı isə Oneginin həyatında dönüş anı olur. Dostlarının, Moskva poeziya elitasının “bakılı Yesenin” adlandırdığı Onegin qəfil qərar verir. O, monastıra üz tutur. Onun monastır həyatı başlayır. Amma…

Bax, bu artıq çox böyük söhbətin mövzusudur…

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

# # #