Milan vağzalında sevişən miqrantlar...

Milan vağzalında sevişən miqrantlar...
22 iyul 2014
# 14:08

…Milanda ilk öyrəndiyim söz «pikkolo» oldu. «Çao» və «qratsia» kimi məşhur kəlamlardan sonra “pikkolo”nun, necə deyərlər, yeri vardı. «Kiçik», «balaca», «xırda» mənasını verir. Amma baxır harada işlədirsən. Məsələn, mən bu sözü bir rumın dilənçidən öyrəndim. Milanın Sentral adlanan dəmiryolu vağzalında dilənçilər qaynaşır sanki. Və deyəsən mənli-mənsiz, buralarda onlara iri pul verən yoxdur. Yaxınlaşan kimi «pikkolo», yəni, «xırda ver» deyib də qır-saqqız olurlar.

Amma təkcə onlar yox.

Çox unikal vağzaldı Milan dəmiryolu vağzalı. Ölkənin hər yerinə burdan qatar gedir. Və günün istənilən vaxtında. Çox əzəmətlidir. Həddən artıq. Mussolininin zamanında tikilib. Amma elə bilirsən, azı 300 yaşı var.

Milan vağzalı təkcə dilənçilərin hakim olduğu məkan deyil. Burda onlardan da betərləri var. Məsələn, işsiz-gücsüz miqrantlar... Afrika bu sarıdan Milan vağzalında layiqincə təmsil olunur. Yeməkləri də, yatmaqları da, hətta sevişmələri də elə burdaca - vağzalın qabağında, pilləkənlərdədir. Ara-sıra xırda oğurluq etsələr də, elə bir cinayət-filan törətməzlər. Sadəcə, sərgərdan, avara, həyat sürürlər. Onların çoxu üçün Avropa və yaxşı həyat elə bura, Milan vağzalıdır.

Ərəblər də, qaradərililərdən geri qalmır. Amma dinc dayanmır burda bu islam ümməti. Vağzalın qarşısındakı Piazza Prinsipessa Klotilden küçəsi axşam saat 10-dan, gecə yarısınadək onların ixtiyarındadır. Ərəblər burda narkotikdən tutmuş, adama qədər - hə, fahişə alverinə də bu müsəlmanlar baxır - hər şey satırlar. Qəribə parolları da var. Məsələn, mənim qaldığım “Cervo” oteli həmin küçənin kəsişməsindədi. Axşam yaxınlıqdakı kafedəykən 22-23 yaşlı bir ərəb yaxınlaşdı. Yanımdan keçib də elə beləcə fısıldadı: «Fıssss, fısss». Nə baş verdiyini anlaya bilmədim, təbii. Əvvəl elə bildim ağıldan kəmdir. Amma bunu təkrar eləyəndə əlini cibinə atıb bükülü sellofan çıxardı. Dərhal da cibinə basdı. Aydın oldu! Mən də dinc dayanmadım. Başımı yelləyərək «fısss» eləyib lazım olmadığını bildirdim.

Maraqlıdır ki, o, “fısss”la cavab vermədi, sakitcə çıxıb getdi.

Yalan deyərəm, nə vaxtsa, Milanda olmaq arzum-filanım olmayıb. Amma Milan deyəndə, nəyə görəsə dünyaca məşhur La Skaladan daha çox, «San-Siro» yadıma düşürdü həmişə. Düzdür, bu stadion yerli «Milan» klubundandan başqa «İnter»in də doğma, ev stadionudur. Və «İnter»lilər ona «Cüzeppe Meatssa» deyirlər. Hətta stadionun yerini axtararkən interli azarkeşə rast gəlib «San Siro» deyə soruşsan, o, səni böyük məmnuniyyətlə əks tərəfə yollayacaq. Stadionun içində futbola baxmasan da, stadionun əzəmətindən adamı vahimə basır. Və təsəvvür etmək çətin deyil ki, Milan derbisində buralarda nələr baş verir.

Amma «San Siro»dan ayrı məşhur La Skalanın heç bir əzəməti yoxdur. İlk baxışda adi bir mədəniyyət sarayını xatırladır. Di gəl ki, bu mədəniyyət sarayında artıq oktyab ayında olacaq tamaşalara bilet yox idi.

Milanın mərkəzi Duomo meydanı dünyanın kiçik xəritəsidir sanki. Bəlkə də eyni vaxtda 50 dildə danışırlar o meydanda. Çoxsaylı butiklərin, ucuzlu-bahalı onlarla kafe və restoranın yerləşdiyi meydanda, təbii ki, ilk ziyarət olunun məkan Duomo kilsəsidir. Dünyanın ən böyük ikinci kilsəsi sayılır. İçəriyə giriş 2 avroyadır. Amma 200 avroya belə dəyər. Qotik üslubda tikilmiş bu kilsənin fantastik aurasını isə, bağışlayın, sözlə ifadə etməyə acizəm.

Milanda konsulluğumuz olmasa da, Azərbaycan bayrağına rast gəldik. Gələn il bu şəhərdə Milan Expo - 2015 beynəlxalq sərgisi keçiriləcək. Azərbaycan da iştirak etmək üçün müraciət edib. Elə Duomo meydanından üzü qədim qalaya aparan küçədə iştirakçı ölkələr arasında Azərbaycanın da bayrağı dalğalanır.

Milanda, İtaliyanın ikinci bu böyük şəhərində azərbaycanlılar azdır. Diaspora qurumundan isə danışmağa dəyməz. Amma 100 diasporaya dəyən bir tələbə var. Milan Sənət və Kino Akademiyasında təhsil alır bu cavan oğlan. Nihad İsa. Diplom işini də bitirib. Mikayıl Müşfiqin həyatından bəhs edən bir filmlə... Bizə tərcüməçilik etdi bir neçə gün. Çox, həddən çox qabiliyyətli bir tələbədir. İtaliyalı müəllimləri bu istedadlı azərbaycanlımızdan fəxarətlə danışırlar. Onun böyük sənət adamı olacağını deyirlər.

Milan həm də Berluskoninin vətənidir. Köklü milanlılar Berluskonini sevirlər. Və onunla qürur duyurlar. Hətta məhkəmənin qərarı ilə ictimai işlərə cəlb edilən 80 yaşlı həmvətənlərinin yerinə bu işi görməyə minlərlə milanlı hazır imiş. Amma onu da etiraf edirlər ki, Silvionun dövranı getdi. «Amma onun ardıcılları Berluskoninin ideyalarını həyata keçirəcəklər». Hansı ideyaların həyata keçiriləcəyindən isə danışmağı sevmirlər. Çünki əslində ortada heç bir ideya yoxdur. Sadəcə şəxsiyyət var – Silvio Berluskoni. Onunu xarizmasını isə elə Milan küçələrində əli süpürgəli məhv etdilər…

Səbuhi Məmmədli,

Milan

# 3997 dəfə oxunub

Müəllifin son yazıları

# # #