Ədəbiyyatımızın Qisməti – Samirə Əşrəf yazır...

Qismət Rüstəmov, Samirə Əşrəf

Qismət Rüstəmov, Samirə Əşrəf

15 mart 2023
# 12:57

Kulis.az Samirə Əşrəfin “Ədəbiyyatımızın Qisməti” adlı yazısını təqdim edir.

Qismətlə ilk tanışlığımız nə zaman olub, xatırlamıram. Onu özündən əvvəl şeirləri ilə tanımışdım. “Klassika məşqləri” adlı şeirindən sonra klassika sözü məni Homerin “İlliada”sına qədər aparıb çıxarmışdı.

Əlləri su damlası, boynu uzun Yelena,
Səsin mənə mükafat, gözün hüzn Yelena,
Şeir oxu soyuqda, sözlə qızın, Yelena,
Qızınmasan yandır ki, qızınasan birtəhər,
Yoxlamışam, Yelena, yaxşı yanır şeirlər...

Sən bilərsən, yıxıldım, yoxsa daş kimi düşdüm ?
Düşdümsə də ölmədim, çünki çoxdan ölmüşdüm.
Sənsiz keçən günlərin var-yoxunu... demişdim,
Qəzəbimi boğuram, çox getmirəm dərinə,
Nə istəsən yaz getsin nöqtələrin yerinə...

Maşınlar ötüb keçir, dönər alır uşaqlar,
Dişlərini ağardır yazılmamış varaqlar,
Yoxluğundan tikilib bütün evlər, otaqlar,
Mən sənin yoxluğuna mühacirəm, Yelena,
Nə düşünsən haqlısan, müqəssirəm, Yelena.

Qismətlə ilk üzbəsurət tanışlığım yadıma düşməsə də, onunla çox maraqlı bir neçə saat keçirdiyimiz günü yaxşı xatırlayıram. Kinotənqidçi Sevda Sultanova və mən Yaradıcılıq Fonduna getmişdik.

Qismət o zaman orda işləyirdi. Sim-sim.az saytı təzə yaranmışdı. Maraqlı tərcümələr, esselər, müsahibələr yayımlanırdı. Divarlarına Axundovun və digər maarifçilərin və şəkilləri vurulan, iri divan və kreslo qoyulmuş çox soyuq otaqda əyləşib Qisməti gözləyirdik. Səhv etmirəmsə, o otaqda qara pianoda vardı. Hardansa qəfil Ömər Xəyyam və rəhmətlik İkinci Mahmud da gəlib çıxdı. İkinci Mahmudla ilk və son görüşümüz də elə orda oldu. Sevda ilə filmdən, rejissorlardan danışıb getdilər. Sonra Qismət gəldi. Başında yığcam qara kepka, əynində qara rəngli qısa gödəkçə vardı. Tez-tez soyuqdan qızaran əllərini ovuşdurur, istilik sistemindəki nasazlıqdan şikayətlənirdi.

Bir xeyli söhbət etdik. Arada Qismət ədəbi mühitdəki gənclərdən, baş vermiş məzəli əhvalatlardan danışıb qəhqəhə çəkirdi. Açığı gözlərimə inanmamışdım. O vaxta qədər Qisməti ütülü, darıxdırıcı, bütün gün kitabların içərisində itib-batmış qılaflı adam hesab edirdim. Ancaq həmin gün onun nə qədər pozitiv, maraqlı, əsl məclis adamı olduğunu gördüm.

Elə oradaca Qismət bizə ədəbi məclislərin birində baş vermiş maraqlı əhvalat danışmışdı. Deməli, günlərin birində uşaqlar xeyli yeyib-içib əylənəndən sonra məclisdə başqa yaşlı yazıçı və şairləri də görmək istəyirlər. Səlim Babullaoğlundan tutmuş, Ramiz Rövşənə qədər zəng vururlar. Axırda belə qərara gəlirlər ki, Orxan Pamuka da zəng vurub onu süfrəyə dəvət eləsinlər. Hətta kimsə də yerdən deyir ki, siz zəng vurun, o gələcək. Pamuk belə məclislərdən qalan kişi deyil. Nə isə belə bir məzəli əhvalatı danışıb məni və Sevdanı xeyli güldürmüşdü Qismət...

Qismət biliyini, savadını insanlardan əsirgəməyən, onlara öyrətməyə can atan nadir insanlardan biridir. Mən onun kitab paylaşmaq mədəniyyətindən, sadəliyindən çox şey öyrənmişəm. Bəzən olurdu ki, mənə bir neçə kitab birdən lazım olurdu. Qismətə siyahını yollayırdım. Qısa vaxtdan sonra görüş vaxtını təyin edirdik. Görürdüm bir zənbil kitabla gəlib. Kitabları verir, heç bir geri qaytarma vaxtı təyin etmədən ordan burdan söhbətləşib gedirdi. Bir dəfə də əlində yenə iki zənbil kitabla Kulisə gəlmişdi.

O, hərdən artıq özünə lazım olmayan kitabların, film disklərinin adlarını feysbuk səhifəsində qeyd edir. Kim qabağa düşdü, düşdü. Qismətin kitablarında bir qayda olaraq ilk səhifədə bu sözlər yazılır: Qismətin kitabxanası.

Əminəm ki, Qismətin kitabxanasından ədəbi mühitdə olan qələm dostlarımın bir çox bəhrələnib. Bir yazıçı dostumuz vardı. Qismətin ona verdiyi kitabı oxuyandan sonra kitabı fayl klyokuna büküb çantasına qoyurdu. Onun bu hərəkətini görəndən sonra üz-gözü əzilmiş, çirklənmiş kitablarını Qismətə qaytardığım üçün xeyli utanmış, Qismətin kitablarına qarşı daha səliqəli olmağa çalışmışdım. Bilirəm ki, Qismət kitab verdiyi heç kimdən səliqə-sahman, məsuliyyət tələb etməmişdi. Amma dostumuz Qismətin özünə olan ehtiramını sanki onun verdiyi kitaba da göstərirdi. Bir növ kitaba ibadət edirdi. Həm də, Qismətdən bir də kitab götürməmək məhrumiyyətindən ehtiyat edirdi.

Hərdən başqa dostlardan kitab götürüb gec qaytaranda, dostlar da kitabını istəyəndə, onlara Qisməti misal gətirirəm. İllərdir kitablarının məndə olduğunu deyirəm. Dostlar da başlarını bulayıb deyirlər: Qismət bizi işə salıb.

Qismət kitabxanası üçün xərclədiyi pulları yığsaydı, yəqin ki, indiyə bir ev, ev olmasa da, babat bir maşın alardı. Şəxsən, mən kitaba o qədər pul xərcləyə bilməzdim. Buna onun qədər cəsarətim çatmazdı. Bilirəm ki, Qismət əlindəki son qəpiyi də kitaba verib, günlərlə pulsuz qala bilən adamdır.

Qismət həm də əslən şuşalıdır. Uşaqlıq illərinin xatirəsini də içərisinə qarışdırıb babasının ölümündən yazdığı bir yazı var. 2012-ci ildə yazmışdı o yazını. Uzun illər prokuror işləmiş, Şuşanın işğalına dözməyib vəfat etmiş şuşalı babasına həsr etmişdi həmin yazını. Bəlkə, elə bu səbəbdəndir ki, onu hərdən Çəmənzəminliylə, hərdən də Üzeyir Hacıbəyovla müqayisə edirəm. Çünki bu gün maarifçiliyin, bilik ötürmə bacarığının və ədəbi məhsuldarlığın ən yaxşı nümunəsidir Qismət.

Öyrətmək istəyi onun pedaqoji fəaliyyəti ilə də bağlıdır. Qismət həm də çox yaxşı müəllimdir. Yəqin ki, dərs dediyi tələbələr ondan çox şey öyrənir və onu sevirlər. Qismətin bir essesi vardı bir xanım tələbəsi haqqında, onu daxili narahatlıqları barədə yazmışdı. Bu onun müəllim kimi ilk müşahidələri olsa da, amma yaddaqalan və dəqiq idi.

Qismətsiz bugünkü ədəbiyyatımızı təsəvvür etmək çətin olardı.

O, bu gün dumanlı, soyuq, buludlu ədəbi mühitimizdə qalın-qalın bulud laylarını aralayıb planetimizə süzülən, ümidsizləri isindirən günəş şüaları kimidir.

O, bir az da mənə Orxan Pamuku xatırladır. Səliqə-sahmanı, mütaliə yanğısı, öz üzərində ciddi cəhdlə işləməsi, tərtəmiz əlləri və başqa xüsusiyyətləri ilə.

Qismət ədəbi mühitimizdə hamının dostudur. Hər il dünyada müxtəlif ədəbi müsabiqələr keçirilir. Qaliblər elan olunandan sonra ilk baxdığımız səhifə Qismətin feysbuk səhifəsi olur. Hər dəfə qalib olan qəliz adları eşidəndə, düşünürəm ki, yox, daha bundan Qismətin xəbəri olmaz. Gözlərimi yumub Qismətin səhifəsinə girirəm. Gözlərimi açanda, məlum olur ki, o, həmin müəllifin ən azı iki-üç kitabını oxuyub. Özü də illər əvvəl.

Həqiqəti bilmək istəyiriksə, Qismət bizim hamımızdan bir neçə il qabaqdadır. Ədəbi dünya görüşü, bilgiləri, mütaliəsi və çox incə, həzin, həssas şair, esseist ruhu ilə.

Qismətin bir şəkli var. Dama-dama köynəkdə divanın bir küncünə yüngülcə əyləşib. O şəkildə Qismətin simasında oxuduqlarının, yazdıqlarının mənəvi yükünü, iztirabını hiss etmək olur. El dili ilə desək, orada o, sanki illər yorğunu, yaşlı bir qocadır. Bu yaxınlarda Rəvanın Qismətlə olan müsahibəsinə çəkilən şəkilləri gördüm. Saçları ağarmışdı Qismətin. Xeyli mütəəssir oldum. Eyni hissləri Aqşin Yeniseyin ağarmış saçlarını görəndə də keçirmişdim. Nə zaman ağardı bu saçlar, nə zaman yaşlandı, bizim dünən cavan oğlan dediyimiz oğlanlar, şairlər.

İndi Qismət yekə bir qız atasıdır. Qızı Dəfnə rəssamlığa meyllidir. Burdan Qismətə səslənirəm. Rəssamlığın zərəri yoxdur, amma elə et, şair olmasın Dəfnə. Bir evdə iki şair çətin yola gedər.

Bizim xalq qəribə xalqdır. Öyrəşmişik adamlar öləndən sonra onlar haqqında xatirələrimizi, xoş sözlərimizi yazmağa, özümüzə əzab verməyə. Ona görə də, mən bu yazını Qismətin yaşının ən gözəl çağında yazmağı qərara aldım. Bir dost, bir yoldaş, bir çiyindaş kimi.

Qismət haqqında yeganə təəssüfləndiyim məqam onun daha şeir yazmamağıdır. Bəlkə də, yazır, biz bilmirik. Nə zamansa üzə çıxaracaq. Ona ən böyük arzum ürəyindən keçənləri yazmağa, oxumaq istədiyi kitabları oxumağa yetəcək qədər ömrünün olmasıdır. Tanrı ədəbiyyat naminə etdiyi fədakarlığa görə bu ömrü ondan əsirgəməsin!

Sevinirəm ki, bizim ədəbiyyatımızın qismətinə Qismət kimi bir düşüncə, fikir, elm adamı düşüb.

# 2361 dəfə oxunub

Müəllifin son yazıları

# # #