Kulis.az aktyor, aparıcı İlkin Həsəni ilə müsahibəni təqdim edir.
- İlkin bəy, sizinlə xeyli vaxtdır görüşmək istəsək də alınmırdı. Nəhayət, bizim sayta müsahibə üçün verdiyiniz sözü xatırladanda dərhal razılığa gəldik. Sözə münasibətiniz maraqlıdır...
- Verilən söz təbii ki, mənim üçün çox əhəmiyyətlidir. Fərqi yoxdur bu söz canlı verilib, ya internet vasitəsi ilə. Əgər söz deyilibsə, verilibsə o mütləq yerinə yetirilməlidir.
Bu günə qədər bizimlə maraqlanan, bizdən yazmaq, müsahibə almaq istəyən heç bir sayta, mətbuat nümayəndəsinə yox, olmaz deməmişəm. Onların bizimlə bağlı hazırladıqları yazılara həmişə hörmətlə yanaşıram. Ola bilər ki, səbəbi izah edərək vaxtı bir həftə, yaxud da bir ay uzadım. Amma imtina söhbəti heç vaxt olmayıb.
Siz müraciət edən vaxtda isə biz filmimizin təqdimatına və layihəmizin rayondakı çəkilişlərinə hazırlaşırdıq. Mən həmin çəkilişdə aktyor kimi iştirak etməsəm də layihə rəhbəri kimi çəkiliş heyətinin yanında olmalı, rəsmi qurumlardan icazə almalıydım. Çünki bəzən çəkilişlərdə bizə müəyyən əngəllər yaradırlar, müxtəlif rəsmi sənədlərə ehtiyac olur.
- Bürokratik əngəlləri nəzərdə tutursunuz?
- Hərdən müəyyən qədər bürokratik əngəllərlə rastlaşırıq. Bəzən olur ki, məsələləri məktubsuz həll edirik. Bəzən də sözlə başa salırıq ki, biz komanda olaraq Azərbaycanın bütün rayonlarını iki, üç dəfə gəzib dolaşmış insanlarıq.
- Tanış-biliş məsələsi necə işləkdir?
- İşləkdir. Amma biz bu adamları başa salmağa çalışırıq ki, onlara maddi yardım üçün və yaxud da aktyorlarımızın hansısa oteldə gecələməsi, qidalanması barədə müraciət etmirik. Biz ona görə müraciət edirik ki, onlara qonaq getməyimizdən xəbərləri olsun. Hansısa rayona qonaq getmək barədə müraciət etmək o demək deyil ki, bunun üçün icazə istəyirik.
- Çəkilişlər zamanı yəqin ki, izdiham yaşanır?
- Bizim çəkilişlərimizdə həmişə izdiham olur. Çəkiliş etdiyimiz bölgənin mərkəzi küçələrində tıxac əmələ gəlir, yollar bağlanır. Bir dəfə deyəsən Mingəçevirdə belə bir vəziyyət yaranmışdı. İş adamının təklifi ilə qonaq getmişdik. Yolda mənzərə operatorumuzun xoşuna gəldi. Elə təzəcə maşından düşüb çəkilişə başlamışdıq ki, adamlar bizi tanıyıb avtomobillərini saxladılar. Şəkil çəkdirənlərin, görüşmək istəyənlərin sayı on beş dəqiqəyə o qədər çoxaldı ki, küçənin hər iki tərəfi bağlandı. Polislər gələnə qədər əməlli-başlı xaos yaranmışdı. Rayon rəhbərliyi də onlara xəbər vermədiyimiz üçün bizdən incimişdi.
- Müsahibələrinizdə istəmədən efirə çıxdığınızı deyirsiniz. İstədiyiniz nə idi?
- İstədiyim rejissor olmaq, kamera arxasında dayanmaq idi. Mənim televiziyaya gəlişim fotoqraflıq sənəti ilə başlanıb. On iki, on üç yaşımdan rus istehsalı olan fotoaparatla həvəskar çəkilişlər edirdim. Həmin fotoaparatım və istifadə etdiyim plyoknaları bu günə qədər saxlayıram. Hərdən bir çıxarıb o plyonkalara baxıram və öz-özümə fikirləşirəm ki, niyə mən o vaxtı ağac, dəniz və digər təbiət şəkilləri çəkmişəm. Bir ara istədim həmin fotolardan ibarət bir sərgi təşkil edim. Amma işlər çox olduğundan bu ideyamı həyata keçirə bilmədim. Yəqin ki nə vaxtsa edəcəm. Yəni dediyim odur ki, hələ o vaxtdan mən obrazlı desək fotoaparatın, kameranın gözlüyündən baxmağa həvəsli olmuşam. İncəsənət Universitetinin kino operatorluğu fakültəsinə daxil olsam da rejissorluq peşəsindəki idarəçilik, hər şeyi bacarmaq istəyi mənim operator yox, rejissor kimi yetişdirdi.
- “Bozbaş Pikçərs” komandasındakı istedadlı aktyorların bir yerə yığışması, bir-birlərini cəzb etməsi necə baş verdi?
- Bizim komandanın bir yerə yığılmasında, onların layihəyə cəlb olunmasında maqnit rolunu mən oynadım. Komanda yaranmazdan əvvəl ATV kanalında bir neçə verilişin aparıcılığını edirdim. Xarici ölkələrin yumor verilişlərini, layihələrini də vaxtaşırı izləyirdim. Güman edirdim ki, nə vaxtsa bizdə də belə layihələr olacaq. Amma özümü heç vaxt komik obrazda görmürdüm. Çünki mən təbiət etibarı ilə bir az başqa cür adam idim. Düşünürdüm ki, heç vaxt heç kimi güldürə bilmərəm. Məndə alınmaz. Amma sonra elə oldu ki, “ATV maqazin” verilişinin sonunda üç, beş dəqiqəlik rubrika kimi işə başladıq. Onda hamı bizim rubrikaya “ATV maqazinin axırı” deyirdi. Sonradan həmin rubrikaya “Bozbaş Pikçərs” adını qoydum. İlk dəfə Ramin Babayevlə dublyaja başladıq. Həmin rubrika tamaşaçı qazanandan sonra özümüz də bilmədən bu gün məşhurlaşan obrazlarımızı yaratdıq.
- İlkin bəy, siz həm də televiziya işçisisiniz. Bu gün azərbaycanlı tamaşaçıların bir çoxu fəxrlə yerli kanallara baxmadığını deyir. Sizcə bu fəxr etmənin kökündə nə dayanır?
- Bu gün televiziya kanallarında senzura anlayışı söz etibarı ilə yoxdur. Amma biz hamımız yaxşı bilirik ki, televiziya üçün müəyyən qadağalar və olmazlar var. Bu olmazlar, qadağalar TV kanalların bugünkü vəziyyətə düşməsinə səbəb olub. Bizim işimiz sırf yumoristik layihələrlə bağlı olduğundan bəzən elə mövzular olur ki, toxunulması qadağan edilir. Və yaxud da hansısa şəxsin adının çəkilməsinə icazə verilmir. Bu da təbii ki, mövzu qıtlığına səbəb olur. Bizim müraciət edəcəyimiz mövzu ya hansısa müğənni haqqında danışmaq, onu parodiya etmək, ələ salmaq olur, ya da ki, gündəlik həyatda baş verən məişət əhvalatları. Vəssalam. Ssenaristlərimiz təkliflərini irəli sürəndə mütləq ehtiyatlı yanaşmağa məcbur oluruq ki, birdən əziyyət çəkib ekranlaşdırarıq, sonra efirə buraxmazlar, əziyyətimiz batar. Yəni burda söhbət hansısa vulqar hərəkətdən, açıq-saçıqlıqdan, söyüşdən də getmir. Müəyyən normal mövzulara belə qadağalar qoyulur.
- Konkret hansı layihənizə qadağa qoyulub?
- Gündəmlə bağlı bir layihə etmək istəyirdik. Biz həmin gündəm hadisələrini yumoristik, satirik tərzdə, sarkazmla dörd, beş nəfər arasında müzakirə edəcəkdik, münasibət bildirəcəkdik. Hazırlıq mərhələsinə də başlamışdıq. Amma elə hazırlıq mərhələsində məlum oldu ki, sən demə bu tip verilişlərin olması məsləhət deyil. Ona görə biz də elə komediya janrını əsas götürmüşük. Düzdür bəzən ancaq komediyaya müraciət etməyimiz əksər adamların xoşuna gəlmir, onları bezdirir. Ancaq başqa seçimimiz də yoxdur.
- İlkin bəy, dünya praktikasından da məlumdur ki, keyfiyyəti aşağı olan kommersiya filmlərinin çəkilməsi daha yaxşı, keyfiyyətli filmlərin ekranlaşması üçün hesablanır. Bizdə isə artıq neçə illərdi kommersiya filmləri çəkilir, pul da qazanılır, amma ortada keyfiyyətli işlər yoxdur.
- Bunun birinci səbəblərindən biri odur ki, bizdə vaxti ilə olmuş sonradan isə yoxa çıxmış kinoteatr mədəniyyəti hələ də tam formalaşmayıb. Bizim insanlarımız kinoteatra əyləncəli, səmərəli vaxt keçirmək məkanı kimi baxmırlar. Çox adam kinoteatra qeyri-adi, toyda, bayramda gediləsi yer kimi baxır. Əslində isə kinoteatr çayxana kimi bir məkana çevrilməlidir. İnsanlar necə ki, çayxanaya tez-tez çay içməyə görə baş çəkir, eləcə də kinoteatra getməlidir. Amma bizdə kinoteatra getməyi hansısa əlamətdar günə, vaxta saxlayırlar. Halbuki beş, yeddi manat xərc çəkib iki saat əylənmək, düşünmək, istirahət etmək o qədər də çətin olmamalıdı. Digər tərəfdən son iki il ərzində xeyli sayda ucuz, keyfiyyətsiz filmlər çəkildi. Filmdən anlayışı olmayan insanlar, klipmeykerlər film çəkməyə başladılar. Operatorlar prodüserlik etdilər. Bu adamların hamısı da bir nömrə olmaq iddiası ilə film sektoruna girişdilər. Və bu iki il ərzində çəkilən film istehsal edən şirkətlər ələnib ələkdən keçəndən sonra ortalıqda dörd, beş normal film şirkəti qaldı. Onlar da hal-hazırda elə çətin bir vəziyyətdədirlər ki, inanmıram bundan sonra kimsə film çəkməyə davam etsin. Çünki artıq kinoteatrlar böyük pay sahibi olduğundan onların şərtləri film istehsalı ilə məşğul olan şirkətləri qane etmir.
- Sizcə “Bozbaş Pikçərs” layihəsi olmasaydı, azərbaycanlı tamaşaçı nə isə itirəcəkdi?
- Biz efirə çıxanda “Planet parni iz Baku”, “Bu şəhərdə” layihələri vardı. Biz də onlara həmişə böyük qardaş kimi baxmışıq, bəzi şeyləri onlardan götürmüşük. Yəni onlardan təsirlənərək böyüyən nəsil olmuşuq. Sadəcə olaraq elə bir dövr oldu ki, müəyyən bir boşluq yarandı. Biz də həmin boşluqdan istifadə elədik. Və düşündük ki, bəlkə üç ildən, beş ildən sonra bizdən başqaları da gələcək, nələrsə edəcək. Amma olmadı. Bugünkü gündə bizim geri çəkilmək kimi planımız yoxdur. Əksinə çalışacağıq ki, böyük tamaşaçı auditoriyasının görmək istədiyi, arzuladığı mövzuları çəkib göstərək.
- Ümumiyyətlə bu günün tamaşaçısı nə istəyir?
- Sözün düzü əvvəllər tamaşaçının nə istədiyini bilmirdik. Film ya veriliş efirə gedəndən sonra dost tanışlar ancaq tərif yağdırırdı. Biz də düşünürdük ki, yəqin çəkdiklərimizin hamısı şedevrdi. Amma indiki dövrdə internet var. Sosial şəbəkələrin mövcud olması hər kəsə açıq fikir bildirməyə şərait yaradır. Həmin fikirləri yaradıcı heyət olaraq oxuyuruq. Təbii ki, bütün şərhlər, fikirlər ciddiyə alınmır. Amma onların arasında elələri olur ki, doğrudan da ağlabatan təsir oyadır. Və sizə deyim ki, artıq neçə illərdi ki, bəzi səhnələrdə biz həmin tamaşaçıların zövqü ilə ssenarilərimizdə, çəkilişlərimizdə müəyyən dəyişikliklər eləmişik.
- İzlənmə sayının aşağı düşməsi ehtimalı ilə gülüşün intellektual mərhələsinə qalxmaqdan ehtiyat etməmisiniz?
- Bilirsiniz, seçdiyimiz mövzulara görə bəzən çox adam bizi qınayır. Amma biz bir neçə il əvvəl “Palata 106” layihəsi hazırladıq. Ssenaridə hər iki, üç dəqiqədən bir gülüş yox idi. Daha çox tibb sahəsində olan nöqsanların aradan qaldırılmasına hesablanan mesaj xarakterli layihəydi. Layihə efirə gedəndən sonra reytinqdə, baxış sayında “Bozbaş Pikçərs”lə “Palata 106”ı arasında yerlə-göy qədər fərq oldu. Düzdür, başqa layihələrimizi yox, məhz “Palata 106”nı bəyənən tamaşaçılar da olmuşdu. Amma onların sayı olduqca az idi. Belə olan halda yenidən məlum layihəmizə geri qayıtdıq. Bunu həm də bir eksperiment kimi etmişdik. Amma etiraf edirəm ki, uğurlu alınmadı. Biz də fikirləşdik ki, cəmiyyətdə olan nöqsanları elə Şəminin, Şöşünün, Qılmanın, Fəlakətin vasitəsi ilə təqdim edək.
- Onda belə çıxır ki, hal-hazırda kütlənin ardı ilə getmək məcburiyyəti qaçılmazdır?
- Kütləni birdən-birə başqa istiqamətə çəkib aparmaq qeyri-mümkündür. Heç kimi məcbur etmək olmaz ki, “Bozbaş Pikçərs”ə yox, “Taxt oyunları”na baxsın. Şəminin tamaşaçısına Ağstafanın ucqar bir kəndində çəkilmiş Şəmi ilə Şöşünün əhvalatı daha doğma, daha maraqlıdır. Onlar orda özlərini görürlər, özlərinə aid mesajlar alırlar. Bu baxımdan müəyyən bir proses, güclü dövlət dəstəyi lazımdır. Bugünkü gündə biz sponsorlardan asılı olan şirkətlərik. Sponsorların çoxluğu isə bizim çox qazanmağımız demək deyil. Sponsorlar çoxalanda biz texniki avadanlıqlarımızı yeniləyirik, heyətimizdə olan işçilərin sayını artırırıq ki, keyfiyyətə təsir etsin. Misal üçün 2012-ci ildə çəkdiyimiz videolara, seriallara baxanda, onları bugünkülərlə müqayisə edəndə sözün düzü utanırıq. Həm mövzu, həm ifa, həm də texniki baxımdan həmin kadrların efirə getməsi bizə qəribə gəlir.
- “Bir xalanın sirri” filmində qurşaqdan aşağı zarafatların olması kino tənqidçilər tərəfindən narazılıqla qarşılandı. Zarafatlarınız niyə qurşaqdan aşağı, bayağı təsir yaradır?
- Kino tənqidçilərə məsləhət görərdim ki, onlar yeni çıxan filmləri tamaşaçılarla birlikdə gedib kinoteatrlarda izləsinlər. Nəinki evdə oturub çay içə-içə, filmi irəli, geri yığa-yığa baxıb tənqid yazsınlar.
- Yəni evdə və ya kinoteatrda filmə baxmağın yazılan mətnə hansısa təsiri olacağını düşünürsünüz?
- Təbii ki, belə düşünürəm. Çünki filmlərimizi kinoteatrlar üçün çəkirik. Bizim elə filmlərimiz olub ki, mən özüm ona kompyuterdə baxanda ürəyim sıxılıb. Amma kinoteatrda əksinə həmin filmə bəh-bəhlə baxmışam və ləzzət edib. Kinoteatrın tamam başqa atmosferi olur. Ətrafdakı tamaşaçıların filmə münasibəti, böyük ekran, görüntü və səsin keyfiyyətli olması filmin yaxşı qəbul olunmasında xeyli rol oynayır. Həm də ki, çəkilən filmə bir ildən sonra Youtubedən baxıb tənqid edəndə, tənqid belə öz aktuallığını itirir.
- İlkin bəy, “Bir xalanın sirri” filmindəki qurşaqdan aşağı məlum zarafatların olmasına ehtiyac var idi?
- Biz ssenari yazılışı zamanı bu cür zarafatlar olanda çox böyük tərəddüd içərisində oluruq. Edək, etməyək deyə xeyli fikirləşirik. Bir də ki, burada rejissorun belə zarafatları tamaşaçıya necə çatdırmasının da böyük rolu var. Yəni rejissor bu cür kadrları elə çəkə bilər ki, tamaşaçıya bayağı təsir bağışlamaz. Və ya əksinə rejissor elə bərbad çəkiliş edər ki, adam iyrənər. Konkret “Bir xalanın sirri” filmi ilə bağlı sizin fikirlərinizlə mən də razıyam. Bəzi səhnələr vardı ki, onlar efirdə getməməli idi. Kinoteatr versiyasının efirdə yayımlanması bizim günahımızdan oldu. Biz həmin filmin efir versiyasına əl gəzdirmədiyimiz üçün bu da təbii ki, haqlı narazılıqlara filmi ailəvi izləyən tamaşaçılarda ikrah hissinin yaranmasına səbəb oldu.
- Filminin rejissoru Emil Quliyev çəkilişlərdə rejissor işinə çox güclü prodüser müdaxiləsinin olmasından gileylənərək natamam montajdan sonra filmi sizə təhvil verdiyini açıqlamışdı. Emil Quliyevlə sizin aranızda nə baş vermişdi?
- Emilin qeyd etdiyi müdaxilə mənim tərəfimdən olunub. Emil ilk dəfə idi ki, komediya janrında film çəkirdi. Çəkilişlə bağlı bir söz deyə bilmərəm. Amma ssenaridə yazılmış zarafatlar vardı ki, tamaşaçı onu başqa cür görməli idi. Emil isə onu özünəməxsus Pərdə tərzində çəkdi (“Pərdə” filmi S.Ə). Musiqi tərtibatı, bəzi səhnələr xoşuma gəlməmişdi.
- Çəkiliş vaxtı mübahisələriniz də olub.
- Bəli, həm filmə hazırlıq prosesində, həm də çəkiliş vaxtı ciddi mübahisələrimiz oldu. Elə oldu ki, film natamam rejissorun əlindən alındı və öz əməkdaşlarımız, şəxsi montajçımız ilə birlikdə təqdimata iki həftə qalmış sıfırdan yeniləndi. Bəzi yerləri yenidən montaj etdik. Yenidən musiqilər satın almalı olduq.
- Emil Quliyevin çəkilişi sizin formata uyğun deyildi?
- Bəli. Elə səhnə vardı ki, Emil ora fransız musiqisi yerləşdirmişdi. Bu isə çəkilən səhnəyə uyğun gəlmirdi. Bizim yaradıcı heyətdən də kim həmin səhnəyə baxırdısa uyğunsuzluğu dərhal hiss edirdi. Fransız musiqisinin fonunda Şəmi ilə Şöşünün harasa getməsini təsəvvür etmək belə çətindir. Komediya janrında bir “Bozbaş Pikçərs” formatı da var. Bu ayrıca bir yoldur ki, bunu ancaq bizim heyət edir. Emil istedadlı oğlandır. Amma o, daha komediya filmi yox, Pərdə çəksin, jalüz çəksin.
- Sizin rejissorlarla problem yaşamağınız ilk dəfə deyil. Kənan MM-lə də probleminiz olmuşdu.
- “Ay brilliant” adlı ilk filmimizin rejissoru elə Kənan MM olub. Bundan başqa Kənanla bizim sıx dostluğumuz, ailəvi münasibətlərimiz də olub. Sadəcə olaraq ilk filmimiz olduğundan ordakı rejissor səhvlərini biz də keçdik, tamaşaçı da bizə keçdi. Bir çox məsələləri də qabartmadıq. Amma bir neçə ildən sonra bu adamın bizim komandaya lağ etməsi həm bizim dostluğumuza, həm də Kənanın hər yerdə sinəsinə döyərək mən kişiyəm, mən dürüstəm söhbətlərinə də yaraşmadı.