Bela Tarr: “Bizim vəzifəmiz insanın qürurunu qorumaqdan ibarətdir” – Müsahibə

Bela Tarr:  “Bizim vəzifəmiz insanın qürurunu qorumaqdan ibarətdir” – Müsahibə
6 noyabr 2022
# 16:00

Dünya kinosunun ən tanınmış rejissorlarından biri olan Bela Tarr 1955-ci ildə Macarıstanın Peç şəhəində anadan olub. İlk 20 dəqiqəlik sənədli filmini on altı yaşında lentə alıb. Yasudziro Odzu, Andrey Tarkovski, Bresson kimi rejissorlardan təsirlənən Tarr sonralar özünün ən gözəl filmlərini çəkib. Rejissorun “Şeytan rəqsi”, “Lənətlənmiş”, “Verkmayster harmoniyaları”, “Turin atı” kimi filmləri ona məşhurluq gətirib. Bela Tarr 2010-cu ildə ekranlaşdırdığı “Turin atı” filmindən sonra kinokaryerasına son verdiyini açıqlayıb. Rejissorun 2013-cü ildə verdiyi müsahibəni təqdim edirik.

– 70-ci illərdə bir həvəskar rejissor kimi nələri öyrəndiniz?

– İlk olaraq mən çox sadə şeyləri - insanların həyatına və şərəfinə hörmət etməyi öyrənməklə başladım. Mən bunu yetkinlik dövründən dərk edirdim. İlk kino təcrübələrimdən bu yana və indi də Sarayevo Film Akademiyasında o mənə yol göstərir.

– Sizcə “həvəskar”la “professional” arasındakı fərq nədən ibarətdir?

– Mənim fikrimcə onların arasında heç bir fərq yoxdur. Bir film çəkmək üçün sənin kino üzrə diplomunun olması və ya hər hansı professional sertfikata ehtiyacın yoxdur, bu dəqiq belədir.

– Budapeştdə “Budapeşt teatr və kino akademiyası”nda nələr öyrəndiniz?

– Bu suala heç bir şey öyrənmədim deyə cavab vermək istəyirəm. İzah edəcəm. Akedemiyaya daxil olmamışdan bir il əvvəl 1977-ci ildə bir film çəkdim. Ancaq tədris ilində mənim davamiyyətim o qədər də yaxşı olmadı. Gəlin biz buna belə deyək, mən bir növ “əcnəbi bir qonaq” idim. Nadir hallarda dərslərdə özümü göstərirdim. Akademiyada Miklos Szinetar kimi bir rejissor müəllimim olduğu üçün mən kifayət qədər şanslı idim. Szinetar bir insan kimi həddindən artıq açıq fikirli idi. O, məni və sinif yoldaşlarımı cəsarətləndirirdi ki, ağlınızda olan nə varsa gedin çəkin. O, bizim içimizdə olan bütün hissləri göstərməyə sövq edirdi. Həmişə mənə deyirdi ki, hər şeyi mən öz axmaqlığımdan və səhvlərimdən öyrənməliyəm. Və mən indi də onun məsləhətinə qulaq asıram (gülür).

– “Turin atı” filmi doğurdan da sizin ən fəlsəfi filminizdir. Nitşenin düşüncəsi ilə sizin şah əsəriniz olan film arasındakı əlaqəni izah edə bilərsinizmi?

– Fəlsəfə və kinonun dili çox fərqlidi. Fəlsəfə kinodan kənar bir məkanda çalışır. “Turin atı” filmini fəlsəfə filmi olaraq adlandırılmağını sevmirəm. Çünki hər ikisi bir-birindən olduqca uzaqdır. Bu sadəcə bir filmdi. Mənim üçün əsas sual atın aqibətinin necə olmasıdır. 1985-ci ildə filmin ssenarisini yazan Laslo Krasnaxorkai bu sualı vermişdi. Və buna cavab tapa bilmək üçün otuz ilə qədər gözlədik. “Turin atı” filmi həmin suala bir cavabdı.

-Atın taleyi insanın taleyinimi təsvir edir?

– Elə də demək olar. Ancaq simvolik formada bu çox çətindi, nəinki fiziki baxımdan: Tamamilə bir-birinə bağlı olan üç canlı var. Biri olmadan digəri yaşamır. Onlar öz çevrələrindədilər. Nəticədə isə az izah və əhəmiyyətdi. Əsas olan yaşamaq uğrunda mübarizədir.

– Filmdə qonaq gələn adamın Nitşevari bir xarakter olduğunu söyləmək mümkündür?

– Tam formada demək olmaz. İçkisi qurtardığı üçün yenisini almağa gələn adi bir qonşudur. Şüşəni stolun üstünə qoyduğu zaman düşüncəsini söyləyir, danışır. Çünki goplamağı çox sevir.

Məndən qeyir-səmimi bir şərh ala bilməyəcəksiniz. Bunu yoxlamağa da ehtiyac yoxdur.(gülümsəyir)

Hər şeyi ən sadə formada deməyi xoşlayıram və film çəkməyin həddindən artıq mənfəətli iş olduğunu hesab edirəm.

Biz fərqli düşüncələrə sahib olduğumuz üçün film çəkməyin də zehni iş olduğunu hesab edərək insanların taleyinə o qədər də diqqət etmirik. Məncə rejissor bir neçə xarakteri anlamağı bacarmalı, onları həyatına oturtmalı və həqiqi həyatda onların gündəlik yaşantılarını nümayiş etdirə bilməlidi. Filmimdən intellektual zövq ala bilirsinizsə, bu məni hədsiz dərəcədə məmnun edər. Ancaq yenə də qeyd etmək istərdim ki, haqqında bəhs etdiyim filmim intellektual çalışmanın məhsulu deyil.

– Turin atı filmində həm də dünyanın sonu ilə əlaqəli atmosfer hiss olunur. Amma burada siz bu fikirlərdən çox uzaq görünürsünüz. Həmin film dünyanın sonu ilə bağlı fikirlərinizə aydınlıq gətirirmi?

– Məncə öz-özlüyündə dünyanın sonu heç zaman olmayacaq. Çevrilişlər, dəyişilmələr, yeniləşmələr davamlı olaraq baş verəcək. Amma bu dünya xeyli sayda kiçik canlılardan ibarətdi. Bir tək canlının yox olması və yaxud sonu dünyanın bir hissəsinin sonudur. Fimdəki atın ölümü söhbətin mövzusudursa, o zaman onun ölümü də dünyanın müəyyən hissəsinin sonudur. Yaşayan hər bir canlının dəyərli olduğuna inanıram. Hər bir insan müəyyən qədər qürura sahibdir. Bizim vəzifəmiz isə bu qüruru qorumaqdan ibarətdir.

– Bir az əvvələ qayıdaq… Film çəkməyə necə başladınız və sizi buna təşviq edən nə idi?

-Gənc yaşlarımda belə bir şiddətli istəyim olmayıb. Bu əsasən mən gördüyüm dünyanın çirkinliklərindən yaranan istək idi. Filmlərə baxmağı çox sevirdim. Ancaq izlədiyim filmlərin çoxu məni qane etmirdi. Həmin filmlər getdikcə məni daha çox sıxırdı. Bu kimi düşüncələrə qarşı çıxmaq üçün özüm film çəkmək qərarına gəldim. “Fərqli filmlər” də çəkilir deyə göstərmək istədim.

– Kinokaryeranızı sona çatdırdığınız üçün bu günün filmlərindən razı olduğunuz deyə bilərikmi?

– Xeyir, mən ümumiyyətlə bu günün dünyasından razı deyiləm. Və artıq filmlərlə yeni nələrsə söyləyə biləcəyim fikirlərə sahib olmadığımı düşünürəm. Əks halda bu özümü təkrar etmək anlamına gələr. O zaman da filmlərim məndən yox, başqa məsələlərdən bəhs edər.

– Filmləriniz çox qaranlıq olsa da, fərqlidi. “Verkmayster harmoniyaları” filmini sizin ən ürəkaçan filminiz hesab etmək olar?

– Mənim bütün filmlərim ürəkaçıcıdır. Yanlış anlamayın, bədbin insan ölmək üçün nərdivanla dırmaşıb ağaca çıxan və ordan özünü atan adamdır! Qaranlıq film çəkdiyini hesab etdiyinz adam səhər saat dörddə yuxudan qalxıb soyuqda, yağışda film çəkə bilmək üçün avadanlıq daşımaz. Hətta sizin tam rahat ola bilməyiniz üçün belə deyim ki, mənim bütün filmlərim komediyadır. Onlara da gülmək olar. Acı bir gülüşlə… Sizcə həyatın özü də bunlardan ibarət deyilmi?

– Flimləriniz davamlı olaraq ağ-qara çəkməyinizin xüsusi bir səbəbi var?

– Əslinə qalsa elə xüsusi və ya şəxsi səbəb yoxdur. Ağ-qara filmlər çəkəndə daha detallı incələmə edə bilirəm. Filmdəki planların iki rəng üzərindən daha ruhi hala gəlməsini əldə edirəm. Bu səbəbdəndir ki, ağ qara rəng filmə bir başqa yaraşıq verir.

– Özünüzə yaxın hiss etdiyiniz və ya sevdiyiniz kino adamları varmı? “Verkmayster harmoniyaları” filmində ilham pərinizin Xanna Şiqullaya istiqamətlənərək, Con Kassavetis və Reyner Fassbinderdən təsirləndiyini hesab etmək olar?

– Həm bəli, həm də xeyir deyə bilərəm. Hər zaman səssiz və sakit şeylərə qarşı çox həssas olmuşam. Xüsusilə, plastik sənətə və rəsmlərə baxmağı çox sevirəm.

– Rejissorluq işini dayandırdınız. Bundan sonra nə etməyi fikirləşirsiniz?

– Uzun müddət Budapeştəki kino atelyemi işlədəcəm. Bu iş vasitəsi ilə maddi və mənəvi imkanı olmayan kino adamlarına işləmək imkanı yaradacam. Bir də Xorvatiyanın Split şəhərində film məktəbi açmaq istəyirəm.

– Niyə məhz Xorvatiya?

– Çünki Dalmatsiya çox qəribə bir yer, Split isə tarixi şəhərdi.

# 2580 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #