Şiddətə məruz qalan qadınlar teatrda... – Reportaj

Şiddətə məruz qalan qadınlar teatrda... – Reportaj
12 dekabr 2019
# 13:10

Kulis.az Samirə Əşrəfin “O qadın” tamaşasından yazdığı reportajı təqdim edir.

Şərin qarışan vaxtında “Kukla” teatrına çatıram. Teatra bu günkü gəlişimin səbəbi qadınlardı. Daha doğrusu ideya müəllifi yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlı olan bir hissəli sosial-psixoloji mövzulu “O qadın” adlı tamaşanın premyerasına yığışmışıq. Tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Ətrafda müxtəlif tanış simalar görsəm də, dostları tapmaqda bir az çətinlik çəkirəm. Nigarançılığım o qədər də uzun çəkmir. Foyenin sağ tərəfindən teatra yığışmağımızın səbəbkarlarından biri Sevda Sultanova nəzərimi cəlb edir. Uca boylu Sevda təbəssümünü də götürüb mənə yaxınlaşır. Beş, altı addımlıq gəlişində Sevda yalnız ikimizin anlayacağı dildə bir neçə teatral ştrixlər göstərir. O, bir azca da qırmızı xalı üzərində yeriməkdən ötrü ürəyi gedən məşhurlarımızı yamsılayır. Qəfildən yazıçı Mirmehdi Ağaoğlu peyda olur. Tamaşanın başlanmasına az qalsa da Mirmehdinin baxışları payız yağışının islatdığı nəmli yollara dikilib. Tez-tez teatrın qapısına yaxınlaşır, xanımının gecikməsi ilə bağlı narahatlığı, darıxması siqaretindən burumlanıb qalxan tüstüdə belə hiss olunur. Elnarə isə hələ ki, gəlib çıxmayıb, tez-tez tıxacdan zəng vurur. Gül almaq lazım olduğunu bildirir.

Gallery

Mirmehdi zarafatından qalmır:

- Qadın başdan-ayağa “rasxoddu”...

Elnarəni Mirmehdinin sözündəki kişi şiddətindən müdafiə edirəm.

- Tıxacda olsa belə rəfiqəsinin premyerasına gül almaq, yalnız qadın zəkasının göstəricisi və incəliyidir.

Mirmehdi yarımmüdafiə vəziyyətinə keçid edir:

- Razıyam. Amma zəhmət olmasa, zala keçəndə gecikən həmcinsinə və mənə yer saxla.

Ancaq hələ zal vaxtı deyil. Foyenin dərinliklərinə doğru irəlləmək istəyirəm. Yazıçı Günel Eminli nəhəng kölgəsi ilə başımın üstünü kəsdirir:

- Bayaqdan səni axtarıram, zəng də vurmuşam. Cavab vermirsən.

Günelin səsindəki incik tondan bir az utanan kimi oluram. Səsim içimə düşür. Yolda gələndə onun zəngini görsəm də açıb danışmağa imkan eləməmişdim.

Günel həssas qızdır, özü məni vəziyyətdən çıxarır. “Səni öldürəcəm” deyib zarafata keçir.

Bir anlıq boyu məndən beş qarış hündür olan Günelin məni öldürmə səhnəsini gözlərimin qarşısına gətirirəm. “Ondansa, zəhər içib ölüm” deyə özlüyümdə fikirləşirəm.

Adamların ağ pilləkənlərlə üzü yuxarı qalxması tamaşanın başlanmasını bildirir.

Gallery

Sənət və ədəbiyyatla bağlı tədbirlərdən qalmayan Təranə xanım Cavanşirlə rəssamlardan danışa-danışa biz də adamların ardınca düşürük. İki daşın arasında Qustav Klimti xeyli tərifləyir, onun müasirlərindən ən yaxşısı hesab edirik. Özümüzdən xeyli məmnun halda zala giririk. Birinci sırada Səidə Haqverdiyeva əyləşib. Əl havası ilə məni öz yanına çağırır. Əyləşən kimi arxadan gələn səsdən diksinirəm:

- Kitabı oxuyub bitirdin, Samira?

Geri çevriləndə yazıçı Alpay Azərin xanımını görürəm. Onun mənə oxumağa verdiyi kitabı əlbəttə ki, oxumamışam. Tutarlı bəhanə də hal-hazırda əlimdə olmadığı üçün səmimi etirafa keçirəm:

- Hələ oxumamışam, kitab çoxdur. Bitirən kimi qaytaracam.

Səma susur, elə mən də. Özümdəki üzlülüyə heyrət edirəm. İlahi, başqasının kitabını alıb bir ay özündə saxlamaq, oxumamaq və bu saxlanca xüsusi bəraət qazandırmaq yalnız mənim kimi cığallığa meylli adamların işi ola bilər.

Səidə əlimdəki diktofona işarə edir

- Qadan alım, nə bacarırsan isti-isti yaz. Xoşuna gəlməsə, ideya müəllifi kimi bacının da ağına, qarasına döşə getsin.

(gülüşmə düşür)

Gallery

Monitorda yanan işıqla bərabər zalı bürüyən yanıqlı qadın səsi bizim gülüşməmizi yarıda kəsir.

“Düz ilqarın, sədaqətin ey eşqinə

Ağarmayın, ay saçlarım, amandı!”

Aktyorlar Ülviyyə Əliyeva, Elgün Həmidov, Ləman Mərrihin hərəkətləri hadisələrin dramaturgiyasını çatdırmağa hesablanan uşaq, qadın çığırtıları, müxtəlif ritmik musiqilər səslənir.

Qadın sığınacağında olan qadınların birinin qırıq-qırıq səsi zalı bürüyür.

- Başımdan tutub stolun üstünə çırpırdı. İki körpə balamı gözümün qabağında döyürdü.

Başqa bir qadın səsi eşidilir.

- Qaynanam dedi, qayıt, gəl, ailəndir.

Üçüncü qadın dillənir:

- Anasına dedim ki, gecələr durub qışqırır. Anası dedi - qorxma qızım, bizim nəsildə sayıqlama var. Ailən gəlir, heç kimə demə. Anamla danışanda ərim dayanırdı başımın üstündə. Qorxa-qorxa “hər şey yaxşıdır, narahat olma, mama”, deyirdim.

Növbəti qadın ağlayır:

- Axı ata-ana niyə öz qızını oda atır?

Monitor sönür.

Aktyorlar qadınların danışdıqlarını əyani şəkildə səhnədə göstərirlər.

Gallery

Əlində bıçaq tutmuş ortayaşlı kişi əvvəlcə həyat yoldaşını, sonra qaynanasını bıçaqlayır. Döşəməyə sərilən qadınlar cansızlaşaraq çabalayırlar.

Mirmehdi telefonunu mənə tərəf yollayır. Daha yaxından bir neçə şəkil çəkməyimi istəyir.

Gəlinlik paltarını tərsinə geyinən aktrisanın şəkillərini çəkirəm. Ritmik musiqinin fonunda rəqs edən Elgün Həmidovun və Ləman Mərihhin ifaları yeni və xoşbəxt ailə hekayəsinin nəqlindən xəbər verəcək deyə düşünürəm...

Təəssüf. “Vağzalı” musiqisinin nisgilli sədasından sonra daha bir ailə dramının şahidi oluruq. Yenə göz yaşı, hıçqırıq və xəyali qan damcıları ətrafa yayılır. Bu damcılardan hamımıza pay düşür.

Gallery

Qəfildən ağlıma belə bir fikir gəlir. Zalda əyləşən kişilərə tərəf göz gəzdirirəm. Görəsən onların arasında həyat yoldaşlarını döyən olub?! Ayağa qalxıb, tamaşanı yarıda saxlasam, kim arvadını sonuncu dəfə nə zaman necə döyüb deyə soruşsam, cavab verərlərmi?! Yəqin ki, təxmin etdiyim cavabları eşidərəm:

- Qadınları döymək olmaz!

- Biz bir-birimizi sözlə döyürük.

- Ayıb deyil, belə sual vermək?

Monitorun işığı yenidən yanır.

Bayaqkı qadınlardan fərqli olaraq bu qadın üzünə tor tutulmayıb. “Yaşadıqlarını cəsarətlə danışmaq istəyən qadınlardandır” deyə düşünürəm

- Qışqırırdım. Qışqıranda, lap bərk döyürdü məni. Deyirdi, qışqırma, qonşular eşidir. Üstümə gələndə ayağımla müqavimət göstərib itələyirdim.

Gender məsələləri üzrə mütəxəssis Nisə Hacıyeva danışır:

- Yeni qurulan ailələrə qarşı xüsusən, yaşlı nəsil tərəfindən neqativ yanaşma var. Yaşlı nəslin neqativ reaksiyası isə ondan irəli gəlir ki, vaxtilə onlara qarşı olan şiddətə dözüblər. Müəyyən səbəblərdən. Ona görə də başqasının dözməmək imtiyazını görmək yaşlı nəsil üçün çox çətindir.

Gallery

Tamaşa bitir. Səhnənin işıqları yanır. Aygün Aslanlı qırmızı geyimdə səhnədə parlayır. Qırmızı rəng azadlığın simvoludur. Aygün bu rəngi təsadüfi seçməz, deyə düşünürəm. Onun səsi də yanan işığa qoşulur.

- Ümid edirəm ki, tamaşamız xoşunuza gəldi. Layihənin əsas ideya müəllifləri Səidə Haqverdiyeva, mən və Sevda Sultanovadır. Layihəni müzakirə elədik və qərara gəldik ki, bir film-tamaşa edək. Çünki bu gün Azərbaycanda qadına qarşı göstərilən psixoloji, fiziki zorakılıq ən kəskin problemlərdən biridir. Bu problemlərin daha çox insana çata bilməsi üçün mədəniyyətlə bağlı məkanda göstərmək qərarına gəldik. Bunun üçün də xeyli araşdırmalar apardıq, qadın sığınacaqlarında olduq, ekspertlərlə danışdıq. Onların əksəriyyəti də burdadırlar. Təşəkkür edirik hamınıza. Bir az tamaşanın ətrafında müzakirə etmək istəyirik.

Gallery

Müzakirələrə başlamazdan əvvəl Aygün Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə tamaşanın bu məkanda göstərilməsinə şərait yaratdığı üçün təşəkkür edir. Xatırladırıq ki, tamaşanın film versiyası da yaxın vaxtlarda ekranlaşdırılacaq.

Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Ancaq doğrusunu deyim ki, aktyorların mükəmməl plastikası və oyunu rejissor işini bir qədər kölgədə qoyurdu.

Müzakirələrə qoşulan aktiv qadınlar tamaşanı bəyəndiklərini vurğulayırlar.

“Yuğ” teatrının rejissoru Gümrah Ömər müzakirəyə qoşulur. Ağır, ahəstə danışıq tərzi ilə fikirlərini ehmal-ehmal söyləyir.

Sanki bir azdan zalda nə baş verəcəyini ehtimal edir:

- Tamaşa bizim çox xoşumuza gəldi. Ancaq tamaşanın təsirindən belə fikir yarandı ki, niyəsə şiddət ancaq qadınlara qarşı baş verir. Məndə belə bir fikir yarandı ki, zorakılığın təkan vericisi həmişə qadın izi, təkanı olur.

Tamaşa üçün qazanılan alqışdan sonra bu sözləri kişi sənətçi tərəfindən səsləndirilməsi, zaldakı qadınların simasındakı yumşaqlığı azaldır. Qəzəbli baxışlar Gümrah müəllimə tərəf tuşlanır. Zaldakı feministlərin çoxluğunu nəzərə alıb Gümrah müəllimin sonrakı taleyi üçün bir azca təəssüf və həyəcan hissi keçirirəm.

Aygünün Gümrah Ömərin sözlərini birəbir təkrarlaması, təsdiq cavabını alması ətrafdakı abu-havanı daha da tündləşdirir.

Gümrah müəllim isə xeyli qəhrəmanlıq edərək sözünün üstündə bərk dayanır:

- Əsl kişi mentaliteti, kişi əxlaqı qadını heç vaxt hədəf kimi görmür. Kişilərə qarşı qadın zorakılığının kökləri dərin olsaydı, yəqin ki, bu problem əsrlər əvvəl də özünü biruzə verərdi. Qadınlar xəstə təfəkkürlü kişilərə belə mərhəmətlə yanaşmalıdır. Şiddətə məruz qalan qadınların psixi durumuna da məncə bir nəzər yetirmək lazımdır.

Gallery

Vəssalam! Onun son cümləsi sınıq şüşə qırıqları kimi ətrafa səpələnir. Zal səssizliyə bürünür. Amma bu səssizlik fırtınadan öncəki səssizliyi xatırladır.

Feminist qadınlardan ən aktivi hesab olunan Nurlana Cəlil Gümrah müəllimin sözlərinə xüsusi amansızlıqla etiraz edir:

- Mənim bu cənabın dediklərinə şərh ediləsi sözlərim var, amma istəmirəm kontekstdən çıxım.

Gümrah müəllimin ürəksiz-ürəksiz “buyurun” deməsi belə işə yaramır.

- İndi yox, kənarda sizə cavab verərəm.

“Aman allah” deyə öz-özümə pıçıldayıram. Mirmehdi də mənimlə eyni düşüncəni bölüşür:

- Əsl tamaşa indi başlayır.

Müzakirələr bir az polemik istiqamətdə cərəyan edir, Nurlana xanımın güclü arqumentlərindən, aydın, konkret fikrilərindən Gümrah müəllimin könülsüz təslimçiliyi hiss olunur. Lakin, sonluq sülhlə başa çatır.

Hər kəs dağılışır. Azərbaycan teatr məkanında bir ilk olan bu uğurlu layihənin təşkilatçılarına uğur diləməkdən başqa heç bir səbəbimiz qalmır.

Qeyd edək ki, layihə həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstək xarakteri daşıyır.

# 5813 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #