“Çap olunacağını düşünmürdüm” - Saday Budaqlıdan "Master və Marqarita" etirafı

“Çap olunacağını düşünmürdüm” - Saday Budaqlıdan "Master və Marqarita" etirafı
20 oktyabr 2026
# 12:05

Görkəmli rus yazıçı Mixail Bulqakovun "Master və Marqarita" romanı "Park" nəşriyyatında çap olunub.

Kulis.az romanın tərcüməçisi Saday Budaqlının tərcümə ilə bağlı yazısını təqdim edir.

Bunu necə istəyirsinizsə elə də başa düşün, hara istəyirsinizsə yozun – heç nə təsadüfən olmur. 80-ci illərin sonları idi. M.Qorki adına Ədəbiyyat institutunu bitirib, “Yazıçı” nəşriyyatında redaktor işləyirdim. Bir yerdə çalışdığımız gözəl tərcüməçi Natiq Səfərov bir gün mənə yaxınlaşdı ki, radiodan “Master və Marqarita” romanı əsasında hazırlanmış iki hissəli radio-tamaşanı tərcümə etmək üçün mənə veriblər, ancaq vaxtım yoxdur, istəyirsənsə, sən tərcümə et. M.A.Bulqakov yaradıcılığına bir tərcüməçi kimi ilk dəfə onda müraciət etdim. Ancaq radio-tamaşanın adı “Ustad və Marqarita” kimi getdi. (Natiq belə məsləhət gördü.) O tamaşa indi də radionun Qızıl fondunda saxlanılır və vaxtaşırı efirdə səsləndirilir.

Sonra 90-cı illərin məlum hadisələri başımızın üstünü aldı – Sovetlərin dağılması, Qarabağda müharibə, qaçqınçılıq, itirilən torpaqlar. Təbii ki, yaradıcı aləmdə bir süstlük yarandı, hamının əli iş-gücdən soyudu, demək olar, bədii jurnallar çıxmır, kitab çap olunmur, film çəkilmirdi. Yaradıcı insanların hərəsi o dövrü bir cür yaşadı. Mən də sözdən ayrı düşməmək, sözün dadını-duzunu unutmamaq üçün tərcümə etmək qərarına gəldim və “Master və Marqarita” kimi çətin bir romana girişdim. Bu gözəl romanın Azərbaycan dilində olmasını və ədəbiyyat tarixində qalmasını çox istəyirdim. Dostlara deyirdim ki, Bulqakov və Budaqov soyadları elə də fərqlənmir, bu romanı məhz mən tərcümə etməliyəm. Zarafatyana desəm də, buna inanmaq istəyirdim.

Beləcə, başladım romanı tərcümə etməyə. Onda çap haqqında fikirləşmirdim, bayaq dediyim kimi, özüm üçün tərcümə eləyir, necə deyərlər, sözlə oynayırdım. O vaxt respublikada latın qrafikasına keçilirdi. Çətin də olsa, nəşriyyatlarda, məktəblərdə ilk addımlar atılmağa başlamışdı. Prezident İlham Əliyev 50 cildlik dünya ədəbiyyatının latın qrafikasında çapı üçün sərəncam imzalamışdı. “Master və Marqarita” da o kitablardan biri oldu. Romanın tərcüməsi 2009-cu ildə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü. Görkəmli yazıçı M.A.Bulqakovun məşəqqətli bir həyat yaşadığı hamıya məlumdur. Əsərlərinin çapına qoyulan qadağa ona mənəvi əzabla yanaşı, maddi sıxıntı da yaşadıb. Və qəribədir ki, onun yaradıcılığına müraciətim, əksinə, mənə uğur qazandırmaqla yanaşı, maddi cəhətdən də kömək olub. Burda da bir mistika var. Sanki yazıçının çəkdiyi məhrumiyyətlərin əvəzi onun yaradıcılığına müraciət edənlərə verilir.

“Master və Marqarita” romanından sonra mən dünya şöhrətli bir çox yazıçının əsərini dilimizə tərcümə etmişəm. Ancaq bu romanın yeri məndə bir ayrıdır. Ona qarşı özümdə həmişə böyük məsuliyyət duymuşam.

“Master və Marqarita” həm də tərcüməçi kimi ilk qələm təcrübəm idi. Ona görə əsərə təzədən qayıdıb, redaktor gözü ilə ona bir də baxmaq və izahları ilə bir yerdə nəşr etdirmək qərarına gəldim. İndiki mətni daha mükəmməl hesab edirəm. Tədqiqatçılardan, tənqidçilərdən və oxuculardan bu nəşrə müraciət etmələrini istəyirəm.

# 241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər