Kulis.az Sabir Rüstəmxanlının Seymur Baycanın "Həyatımın ən xoşbəxt günü" hekayələr toplusu haqda fikirlərini təqdim edir.
Yeni nəsil yazıçılar arasında adı ən çox hallanan Seymur Baycanın "Alatoran yayınları"nda buraxdığı "Həyatımın ən xoşbəxt günü" hekayələr toplusunu oxuyandan sonra bir neçə fikrimi bölüşmək istədim.
Vaxtilə ilk əsərlərindən birini oxumuşdum, ordakı müşahidə qabiliyyətini, yumoru bəyənmişdim və özünə də bu yolu davam etdirməyi, iri həcmli nəsr əsərləri yazmağı məsləhət görmüşdüm. Sonra mübahisə doğuran romanlarını oxumaq imkanım olmadı. Amma elə bu mübahisələrdən, tənqidlərdən və onlara verilən cavablardan da Seymurun istedadı görünür. Bir əsər bəyənilər, biri bəyənilməz, döyülərsən, öyülərsən...
Ədəbiyyatın başqa yolu yoxdur. Əsas ocağın yanması, yaradıcılıq işinin getməsidir. Bu varsa ziddiyyətli yanaşmalar da olacaq... təki durğunluq olmasın!
Son vaxtlar kitablar haqqında az yazıram. Əsas səbəb ədəbi gedişatı bütövlüklə izləyə bilməməyimdir. Ancaq müəlliflərin verdikləri kitabları vərəqləmək imkanım olur. Ümumi mənzərəni görmədən ayrı-ayrı epizodları, əsərləri dəyərləndirmək çətindir. Özəlliklə uşaqlığı, gəncliyi müharibə illərinə, müstəqillik uğrunda mübarizə illərinə düşmüş, indi yaşı qırxı adlayan və yaxud səksən, doxsanıncı illərdə doğulmuş gənclər haqqında onların keçirdikləri vətəndaş sarsıntılarını, psixoloji əzabları duymadan, nəzərə almadan yazmaq günah olar. O yolu biz də keçmişik, lakin biz sovet dövrünün bütün alçaq sifətlərini gördüyümüzdən sonrakı illərin əzablarını da rahatlıqla qəbul etdik, gənclər isə yalnız bu günün sərt və bəzən alçaldıcı üzünü gördüklərindən və keçmişlə müqayisə imkanları olmadığından bəlaların köklərini lazımi dərəcədə bilmir və yalnız özlərini əzabkeş sayırlar. Nə isə. Bu məsələlər haqqında hələ çox danışılacaq.
Mən dediklərimi nəzərə alıb nəsillər arasındakı mübahisələrə ehtiyatla yanaşıram və həmişə gəncliyi daha həssaslıqla, sevgiylə qiymətləndirməyin tərəfdarı olmuşam. Burda nəyisə bəyənib-bəyənməmək ölçü ola bilməz, onsuz da kim hara dartır-dartsın irsiyyət yerində qalır, inkarla kimisə ədəbi prosesdən çıxarmaq, kimisə zorla ora qoşmaq olmaz. Karvan yolda düzlənir, su axıb durulur... Təki yol qırılmasın!
Seymurun kitabı da bu prosesin bir parçasıdır. Düzünə qalsa, indiki halda, onun kitabından gözləməm daha böyük idi, lakin onu da nəzərə alıram ki, hekayə, ümumiyyətlə çətin janrdır və hər bir nasir üçün məhək daşıdır. Bu kitabın başqa bir adı da həyat hekayələri ola bilərdi. Ağrı-acılarla dolu və təbii ki, çox vaxt müəllifin öz taleyinə bağlı, bəzən xatirə kimi səslənən süjetlərin arxasında milli taleyimizin bır çox faciələrini də görməmək mümkün deyil və mən bunu kitabın uğurlu cəhətlərindən biri hesab edirəm.
Savaş, itirilən yurdlar və didərgin bir nəslin dilə gətirilməsi belə çətin olan qədər, yaşamaq sayılmayacaq qədər çətin yaşamı... Bu mövzular ortaya gələndə bütün ədəbi meyarları unudur, hər cür dəyərləndirməni yarımçıq sayıram, çünki bu həyat insanlıq qanunlarına sığmadığı kimi onun təsvirini də şablon ədəbi ölçülərlə dəyərləndirmək olmur və olmaz. Bu baxımdan kitabdakı hekayələr bütöv bir nəslin keçdiyi yola işıq salır və realist nəsr ənənələrimizi davam etdirir. "Həyatımın ən xoşbəxt günü", "Puşkin haqqında xatirə" şübhəsiz gözəl novella nümunələridir. Kitabdakı doqquz hekayədən səkkizi birinci şəxsin dilindən yazıldığına görə avtobioqrafik səciyyə daşıyır və obrazların xarakterinin dəqiq və sərt, güzəştsiz detallarla açılışı qeyd olunmalıdır. "Ad qoya bilmədiyim həkayə", "Babam haqqında hər şey", "Köhnə kişi" əslində bir mövzunun davamı olmaqla, əyalət həyatını orijinal cizgilərlə göstərir. "Məktub yetişmədi", "Ölüm gətirən qulaq" hekayələrində klassik Azərbaycan və rus hekayə modelləri, bilərəkdən, yəni mövzuyla yüklənərək qorunmuşdur. Eyni sözü irihəcmli "Mənim universitetlərim" haqqında da dəmək olar. Yuxarıda işarə etdiyim cəhət, yəni həyatımızın ən sərt üzü bu sonuncu hekayədə maraqlı bir üslubda açılır.
Şübhəsiz həyat universitetləri, sərt, acımasız, bəzən insanlığa yaraşmayan "dərslərlə," səhnələrlə doludur və müəllifin dediyi kimi, bütün etiraflarda da gizli bir qat qalır. Ədəbiyyatın bir işi də məlum ədəb və ədəbsizlik sərhədlərini dəqiq müəyyənləşdirmək və gözləməkdir.
Məncə, bu baxımdan axırıncı hekayədən insanı çimçəşdirən bir-iki epizod atılmalı, bəzi kəlmələr dəyişdirilməlidir. Bununla hekayə itirməz, əksinə qazanardı və əvvəlki hekayələrin müəllif haqqında formalaşdırdığı fikrə kölgə düşməzdi...
Böyük nəsr əsərlərində, romanlarda dil mühitini tam nəzarətdə saxlamaq çətindir, lakin hekayənin dili mükəmməl və qüsursuz olmalıdır. Buna görə də kitabların redaktor əlindən keçməsi vacibdir. Seymurun bəzi hekayələrində açıq-aşkar dil pintiliyini və publisistik üslubun bədii nəsr üslubunu üstələməsini də, onun gələcək yaradıcılığı üçün əhəmiyyətli ola bilər deyə, qeyd eləməliyəm.
Məsələn: "Qazandıqları pulları öz övladlarının rifahına, ailənin səadətinə deyil, içkiyə, dostlarına, bazlığa xərcləmək onların həyat kredosudur". Bu kontekstdə rifah, səadət, kredo sözləri bəzi qəzet yazarlarının məqalə üslubunu xatırladır və kitabda yad səslənir. Babanın məclislərindən söhbət gedəndə orijinal, episentr, əxz etmişdi sözləri də yerinə düşmür və təhkiyənin ciddiyyətini pozur. Bütövlükdə Seymurun kitabı klassik hekayəçilik məktəbimizə bağlı olmaqla çağdaş nəsrimizdə həyatımızın bədii dərki və təsvirinin özəlliklərini göstərmək baxımından maraqlıdır... /interpress.az/