Kəndin dəlisi - Ruzbeh Məmmədin yeni hekayəsi

Kəndin dəlisi - Ruzbeh Məmmədin yeni hekayəsi
13 mart 2024
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Ruzbeh Məmmədin "Kəndin dəlisi" hekayəsini təqdim edir.

Yəqin ki, dəli Cəmilin yenə siqareti bitmişdi. Başının tən ortasından tökülməyə başlayan saçları dağınıq, ayağında burnu yırtılmış corab, şalvarının da qabağı açıq eyvandan üzü hündür dağlara baxıb köks ötürürdü. Səhərin buz kimi havası onun burnunu qızartmışdı. O da bivec halda eyvanın şərəfəsini at kimi minmişdi. Cəmilin bircə dərdi siqaret idi. Nə olsa çəkərdi, deyirdi ciyərinə bütün siqaretlər düşür.

Siqareti isə bitəndə arvadı ilə dava-dalaş eləyirdi. Amma burda bir maraqlı cəhət var: Dəli Cəmili arvadı qovub çöllərə salardı. Axşama qədər də evə buraxmazdı. O da söyüd kölgəsi tapıb əlini başı altına qoyub yatardı. Amma mən kəndimizin dəlisindən daha geniş danışmaq istəyirəm:

Sovxoz sədri Mövlud kişinin sonbeşiyi olanda, onun başı pul-paraya qarışmışdı. Evlə maraqlana bilmirdi. Sonuncu oğlu Cəmil bir gün xəstələnib, sətəlcam olub. Qızdırmadan sudurğa keçirib. Onun beyni virusdan inkişaf etməyib. Qəribə hərəkətlərinə görə qardaş-bacısı da ona dəli deyib, ələ salıblar. Bir müddət başqa ad qoyulsa da, atası Mövlud kişi nədənsə onun adını dəyişməyə qərar verib və adını dəyişərək Cəmil qoyub. Cəmil nə Cəmil. Allahın bədbəxti. Nə evdə hörməti var, nə də həmyaşıdları arasında... Sanki kimsə onu qəsdən dəli edib, o da bu dəliliyi bəyənib. Atası da vəzifədən çıxarılandan sonra heç Cəmili oxutmayıb da. Adamın içini göynədən də budur. Heç olmasa, bir peşənin yiyəsi də etməyib. Cəmilin dəliliyi bəlkə də, xəstəlikdən çox bu xiffətdən idi. O, ögey münasibəti hiss edirdi. Amma danışanda nədənsə adamı gülmək tuturdu.

Mən şəxsən bir dəfə onun bir söhbətinə şahidlik etdim. Gördüm aqronom Tapdıq kişi ilə həmsöhbət olub:
- Ay Cəmil, sən hara gedirsən, bir ayağında qaloş var, biri isə palçıq içində.
- Tapdıq dayı, gəzməyə. - Sən bilirsənmi mənim atamı kişi sayan yoxdu?

Bunu deyib gülür.
- Cəmil, vicdansız, adam dədəsi haqqında elə sözlər danışarmı heç? - Heyvərənin biri heyvərə. Tapdıq kişi bərk əsəbiləşdi.
- Danışar, a kişi, danışar. Mənim atam kişi deyil! Deyil, Tapdıq dayı, deyil! Cəmil içindəki xofu belə deməklə, sanki atasına olan küsülülüyün başına güllə çaxdı.
- Cəmil, bax məni hövsələdən çıxarma. Sən ağıllı oğlansan. Atan da adlı-sanlı kişidi. Get, bala, ayağına bir şey geyin. Yoxsa ayağına Allah eləməsin dəmir batar.
- Tapdıq dayı, arvadını... Cəmil ta elə söyüş söydü, adam dilinə gətirəndə tükləri biz-biz olur.
- Ayə, ay küçük, rədd ol! Heyvərə oğlu heyvərə! Əl atdı yerdən daş götürüb Cəmilə atsın. Cəmil əl ağacını minib çapa-çapa aradan çıxdı.

Bax, Cəmil belə dəli idi.

Cəmilin toyu mənim yadıma gəlir. Deyirdilər dəli heç arvadına nəsə edə bilməyəcək. Bizim kənddə gənc lotular başqaları haqqında belə uydurma sözlər danışardılar. Amma deyilənlər düz çıxmadı. Cəmilin bir qızı, bir oğlu oldu. Gəl ki, Cəmil evlənəni heç günü yox idi. Arvadı Cəmili uşaq kimi döyürdü.

Cəmilin bir pis xüsusiyyəti də o idi ki, özünə siqaret almırdı. Ancaq siqareti hər yoldan keçəndən dilənirdi. Cəmilgilin evi ilə mağaza arasında üç kilometr yol var idi. Cəmil görəndə ki, kimsə yoldan keçir. Güman edərdi o yəqin mağazaya gedir. Tez bir tay qaloş ayağına keçirər, şalvarının düyməsi açıq qaçardı onun dalıyca. Həmin adamın əlində nəsə varsa, alar kömək edər. Onla söhbət edə-edə mağazaya qədər gedərdi. Necə ki, mağazaya çatanda həmən adamdan üç-dörd gilə siqaret alar, tez evin yoluna baş qoyardı. Həmişə də bunu bilən arvadı onu döyərdi. Artıq bu hal o qədər təkrarlanmışdı ki, onların evindən səs gələndə kənd adamları deyərdi ki, dəli Cəmilin siqareti qurtarıb, arvadı da onu döyür. Bunu deyib gülüşərdilər. Həqiqətən də Cəmil gülməli adam idi. Amma bu faciəni heç kim başa düşmürdü.

Bir gün kəndə xəbər çatdı ki, üç uşağı olmayan və əsgərliyə getməyən adamları yığırlar. Bizim kəndimizdə də çox adam əsgərlikdən yayınmışdı. Bu söhbət yaman tez yayıldı. Kənddə polis maşınları peydə oldu. Bu söhbət yayılandan sonra dəli Cəmilgildə də dava-qırğın yox olmuşdu. Çox adam elə bilirdi ki, Cəmili gecə ilə götürüb əsgərliyə aparıblar.

Artıq neçə ay ötmüşdü. Daha kəndin ortası ilə bir ayağında qaloş, şalvarını iplə bağlamış Cəmil gəzib-dolaşmırdı. Cəmili görən itlər də ağız-ağıza verib hürmürdü. Heç mağazaya gedənlərlə 3-4 siqaretə görə o boydu yolu gedən də yox idi.

Sanki bütün kəndi qaramat basmışdı. Hamı Cəmil üçün darıxırdı. Tapdıq kişi də darıxmışdı. Onun də ürəyindən keçirdi ki, onla söhbət etsin. Axırda da ona pis söyüşlər versin, o da onu söyüb qovsun. Arvadlar da darıxmışdı. Yas yerlərdinə dəli Cəmilin arvadının onu döyməsindən danışıb gülmürdülər. Bunu bir dərd kimi ürəklərində gəzdirirdilər. Heç kim bir kəlmə də kəsmirdi bu haqda.

Dəli Cəmilin yoxa çıxmaqlığı çoxunu qəm dəryasına boğmaqda olsun, amma mən onun yerini bilirdim. Bilirdim ki, daha onu arvadı döymür. Qoymur da evdən çıxa. Özüm qulaq şahidi olmuşdum. Həmən əsgərlik söhbətləri yayılanda dəli Cəmilin arvadı ağlayırdı. Deyirdi, səni də aparıb əsgərlikdə öldürəcəklər. Mən qalacam başsız. Evimin külü sönəcək. Sənsiz biz puç olub gedəcəyik. Ona görə də dəli Cəmili çölə-bayıra qoymurdu. Özü odun doğrayırdı, inəkləri örüşdən gətirirdi. Bu vəziyyət çox uzun sürmədi. Dəli Cəmil bir gün həqiqətən yoxa çıxdı. Bir gün uzun qışqırtı səsinə kənd camaatı toplaşdı. Sən demə, Cəmil özünü asıb, hələ məktub da yazıb qoyubmuş. Məktubu da qızı üçün yazıbmış:

"Qızım, mənim ana baxışlı qızım. Sən böyüyürsən, amma məni görənlər gülür. Sən utanacaqsan atandan. Ona görə sənə gülməsinlər deyə, daha evə gəlməyəcəm. Sən harda olsan, mən səni görürəm ".

Bu sözlər yel oldu yayıldı dumanlı dağlara. Hamı nalə çəkdi, hamı ağladı. Həmin gün evdə bişən yeməklərdən uşaqlar doyunca yedilər.

Daha dəli Cəmil heç kimin yadına düşmür. Elə bil ki, o kənddə heç Cəmil yaşamayıb. Elə kənd belə imiş, dəli Cəmilsiz...

# 2312 dəfə oxunub

Müəllifin son yazıları

# # #