Allaha yaltaqlanan Əsəd Cahangir

Əsəd Cahangir, tənqidçi, Rəvan Cavid, şair

Əsəd Cahangir, tənqidçi, Rəvan Cavid, şair

22 iyun 2022
# 13:20

Kulis.az Rəvan Cavidin “Qərəz” adlı yazısını təqdim edir.

Tənqid ədəbiyyatın konturlarını, meyarlarını təyin edir. Bu məntiqlə tənqidçilər ədəbi prosesin əsas iştirakçısı və bizim ədəbi mühit kimi tənəzzül yaşayan camiədə proses yaradacaq şəxslərdən olmalıdır.

Azərbaycanda ədəbiyyatında ən unikal və ən marjinal tənqidçilərdən biri Əsəd Cahangirdi. Demək olar ki, bütün müsahibələri rezonans doğuran tənqidçimiz hazırda yalnız öz yazdıqlarının müdafiə istehkamlarını qurmaqdan başqa heç nə ilə məşğul olmur.

Artıq özü də anlayır ki, vaxtilə hansısa səbəblərə görə (?) yazdığı təhlillər, tənqidlər, təriflər bu gün onu ifşa edəcək materiallara çevrilib.

Bir vaxtlar “Səs”, “Dəmirbaşlar”, “Kim yatmış, kim oyaq?!” kimi intellektual, sanballı esselər, kitablar yazan Əsəd Cahangir öz ədəbiyyat savadını, intellektini Aləm Kəngərlinin, Adil Şirinin, Nəzakət Məmmədlinin, Vəli Qaraçaylının yüngül bədii mətnlərini tərifləmək potensialına dəyişdi. Əminəm ki, dünya ədəbiyyatını, kinosunu, musiqisi bilən bir adam (öz bəstələdiyi musiqilər toyxana səviyyəsində olmağına baxmayaraq) yalnız öz vicdanına məişət müstəvisindəki problemləri əsas gətirib belə yazılar yaza bilərdi.

Hər yeni imzanı yanına çağırıb ondan balaca “Əsəd Cahangirlər” düzəltməyə çalışan tənqidçimizin gənclərə qəribə bir münasibəti var. Deməli, kim ki onun yanında olmur, onun şəxsi problemləri olduğu yazıçı, ədəbiyyat adamları ilə “salam-kəlam” səviyyəsində münasibət saxlayırsa, başlayır bir vaxtlar, öz təbirincə desək, böyük ümidlər vəd edənləri “gözdən salmağa”.

Bir az mülayim desək, bir vaxtlar sənətin şeytani olduğunu deyən tənqidçi Əsəd Cahangir Allaha yaltaqlana-yaltaqlana şeytanın casusluğunu edir. Son dövrlər yazdığı yazıların heç birində ədalətli, tərəfsiz, qərəzsiz olmağı bacarmayan Əsəd Cahangir bütün suallara peyğəmbərvarı cavablar verib özünü maskalamaqla məşğuldur. Problem ondadır ki, ədəbiyyatımızda Əsəd bəyin istədiyi karnaval olmadığı üçün (olmasını arzulayıram) maska taxdığı gec-tez bilinir.

Əsəd Cahangir həm də ədəbiyyatımızın ən gülməli obrazıdır. Məsələn, son müsahibəsində tənqid etməli olmadığımız adamların siyahısını verib. Bu dərəcədə mədhiyəçilik, yəqin, axırıncı dəfə Stalinin otağında görülüb.

Stalin demişkən, Əsəd müəllimin AYB-nin qurultayqabağı məruzəsindən belə başa düşdüm ki, yenidən “37” hadisələrini yaşasaq, hamımızın sürgün fərmanını elə Əsəd Cahangirə yazdıracaqlar.

Bu yaxınlarda ədəbi tədbirlərin birində alovlu çıxışı ilə yadımızda qalan Əsəd Cahangir orda da özünü biabır etmişdi. Əvvəlcə Yazıçılar Birliyinin ədalətindən danışan tənqidçi sonra məruzəsinə olunan müdaxiləyə əsəbiləşdi. Cəmi iki həftə sonra isə yenə AYB rəsmilərinin ədaləti haqqında suallara can-başla cavab verdi.

İndi mən tənqidçimizə sual vermək istəyirəm:

“Əsəd müəllim, AYB-dən nə istəmisiniz ki, sizə verməyiblər? İndi belə coşursunuz”.

Əsəd Cahangir təmənnasız heç kimi tərif etmədiyi kimi, tənqid də etmir. Bu beş-altı ildə başa düşdüyüm xarakteri budur.

Daha bir sual:

“Əsəd bəy, tənqid olunmamalıların “siyahısını” verəndə hansı beyinlə düşünmüsünüz?”

Ağzını açanda “İlahi komediya” ilə açan Əsəd Cahangir qalıb Ərəfdə. Bilmir, cənnətə getsin, yoxsa, cəhənnəmə. Cənnətdə onu yaxşı “həyat” gözləyir. Cəhənnəmdə isə dostları.

Həyatını bilmirəm, amma tənqiddə özünə ədalətli yer tapa bilməyən “tənqidçi”mizə Ərafdən sonra uğurlu seçim etməyi arzulayıram.

# 3848 dəfə oxunub

Müəllifin son yazıları

# # #