Zaur Kərimli: "Bu verilişlərə pul verib çıxırlar" - Müsahibə

Zaur Kərimli, müğənni

Zaur Kərimli, müğənni

1 aprel 2022
# 09:00

Kulis.az gənc müğənni Zaur Kərimli müsahibəni təqdim edir.

– Zaur, kavr oxuyanların çoxu ilk vaxtlarda pablarda, küçələrdə oxuyub məşhurluq qazanırlar. Sizdə kavr musiqilərlə tanındınız. İlk necə başlamısınız musiqiyə?

– Xeyr, mən pablardan başlamadım. 2011-ci ildə İncəsənət Universitetinə qəbul oldum. 2015-ə qədər Estrada müğənniliyi ixtisasını oxumuşam. Teymur Əmrah, İlqar Muradav, Cavan Zeynallı müəllimim olub. Tədris saatlarına görə onlardan çox yaxşı dərs almasam da, yaradıcılığımda böyük rolları olub.Xalq artisti ilə bir yerdə olmaq, ondan öyrənmək yaxşı təsir edir. Universiteti bitirdikdən sonra kavrlar oxumağa başladım. Təbii ki, ölkədə Rəşid Behbudov və ya başqa klassiklərin mahnılarına qulaq asanlar az olduğu üçün bu iş mənə heç nə qazandırmırdı. Əsgərliyə gedib gələndən sonra yenidən başladım.

– Bəs maddi ehtiyaclarını necə qarşılayırdın?

– O ərəfədə restoranlarda oxuyurdum hərdən. Hər gün Sumqayıta gedib gəlirdim.

– Unudulan mahnıları yeni arenjamanla oxuyursunuz. Bu mahnılara tələbat varmı?

– Var. Hazırda da pablarda oxumasam da, restoranlarda, banketlərdə oxuyuram. Görürəm ki, dinləmək istəyənlər var. Daha çox da orta yaşlı nəsil. Bu yaxınlarda musiqisi və sözləri Şahin Əlizadəyə məxsus olan yeni mahnı çıxardıq. İki günə on min baxış yığdı. Mənim kanalıma görə yaxşıdı. Görürsən ki, maraq var.

– Toylarda oxuyursunuz?

– Bəli...

“Toyxana biznesi”ndənsiniz...

– Belə deyək də, estrada müğənnisi, pop müğənnisi hardan pul qazanmalıdır?! Yarımsaatlıq ifalara da gedirəm, tam toy götürdüyüm də olub. Şou-proqramlarda da oluram. Ancaq mənim istəyim toylardan yox, konsertlərdən qazanmaqdı. Öz işlərimlə məşğul olmaq istəyirəm. Ona görə çox vaxt toylarda yarımsaat oxuyuram, sonra öz proyektlərimlə məşğul oluram. Qonorarla akustik konsertlər vermək istəyirəm. Türkiyədə, Rusiyada bizi kimi müğənnilər bu cür qazanırlar.

– Qonorar sistemi yoxdu Azərbaycanda?

– Var. Partilərə daha çox reperlər çağırılır. Şou-proqramlarda da çox az qonorar verirlər...

– Məsələn, verilişlərdən nə qədər qonorar götürə bilirsiniz?

– Qonorar vermirlər. Bizdə o sistem qurulmayıb hələ. 2-3 müğənni bu yaxınlarda efirlərdən qonorar istədi. SOY pradakşnla qalmaqal yaşandı. Qonorar istəyəndə də belə olur, təəssüf!

– Niyə estrada müğənnilərə efirlərdə bayağı görünür?

– Şou-biznesdir, ona görə. Mən şou-biznesin içində deyiləm deyə dəqiq bilmirəm. Amma adından da göründüyü ki, şou yaradıb biznesə çevirirlər. Mən, məsələn, qəbul edə bilmərəm elə şeyləri. Elza Seyidcahanın mahnıları superdi, ondan kavrlar da oxumuşam. Ancaq gündəmdə qalmaq üçün şeirlər yazır ki, sima tanınmış olsun. Populyar olsan, efirlərdən də pul ala bilərsən. Hazırda vəziyyət belədir. Sən yaxşı ifaçı olmaya da bilərsən, əsas odur tanınmış olasan. Bunun əxlaq tərəfinə qalanda isə düşünürəm ki, adamları sənətçinin soyunmağı, hansısa mövzuda qalmaqallı fikri maraqlandırmamlıdır. Məsələn, deyirlər, Röya soyundu. Soyundu soyundu da. Bundan sənə. Məncə, ona soyunmaq yaraşır (gülür). Sənəti ciddidir. Mahnıları da dillər əzbəri.

– Televiziyalarımızın vəziyyəti sizi qane edir?

– Çox pis.

Nəyə görə?

– Kommersiya xarakterli verilişləri başa düşürəm. Ciddi layihələr isə yoxdur. Məsələn, İTV-də “Fatehin divanı” verilişindən gəlirəm. Mənim kimi gənc sənətçilərə o verilişə çıxmaq fayda verir. Çünki böyük bir izləyici kütləsinə səni təqdim edirlər. Və səviyyəli formada. Bu cür verilişlər çox olsa, bəlkə tv-lər də inkişaf edər.

– Gənc nəsil prodüsser yoxluğundan şikayətlənir...

O sistem bizdə hələ də “oturmayıb”. Müqavilələr bağlanmalıdır. Prodüser səni maliyyələşdirməlidir, sənin piarını aparmalıdır və sonda sənə qazandırdığı kimi özü də səndən qazanır. Bizdə prodüserlər menecerin işini görürlər. Məsələn, mən verilişləri müsahibələri filan özüm danışıram. Amma prodüser piar işini həll eləsə, mən ancaq yaradıcılıqla məşğul olaram. Zaur Kamal verilişində “set” düzəldib, qiymətə görə verilişdəki fəaliyyətinin növü də dəyişir (gülür). Elə verilişlər isə mənə lazım deyil. Prodüser sistemi qurulsa, heç TV-lər də bu vəziyyətə düşməyəcək. Çünki yaxşı prodüserlər o tip verilişləri seçmirlər.

– Sizcə, gənc müğənnilərin sosial vəziyyəti necədir?

– Normal. Mən tanınmıram, amma normal hesab edirəm vəziyyəti. Tanınmış müğənnilərdə vəziyyət daha yaxşıdı.

– Dinləyicilər necə musiqi istəyir?

Biz onlara nə versək, onu. Kütlə psixologiyası elədir ki, çox istehsal olunana maraq çox olur. Bayağılıq buna görə artıq. Müğənnilərimiz ciddi bəstələri ifa etsələr, dinləyicilərimiz də axır-əvvəl o musiqiləri dinləyib sevəcəklər.

– Digər musiqi janrlarına münasibətiniz necədi? Meyxana, rep daha çox tanınır, nəinki estrada...

– Meyxanaya qulaq asmıram. Daha doğrusu, musiqili meyxanaya. Yaxşı söz mənə də ləzzət edir. Amma çırtma vurub “hmm” eləmək sənət deyil axı. Repin inkişafına sevinirəm. Repin trenddə olmağı cəmiyyətə xeyirdir. Estrada müğənnilərinin reperlərdən aldığı mahnılar da səviyyəli olur. Özüm qazaxlıyam, aşıqlıq sənətinə də hörmət edirəm (gülür). Estrada da olan hoqqabazlıq digərlərində də var. Dinləyici nəyi dinləyəcəyinə özü qərar verməlidir.

Dinləyicinin səviyyəsini müğənni özü müəyyən edir?

– Damla heç vaxt mənim xoşuma gəlməyib. Elədiyi boğazlar yaxşı olmurdu. Buna baxmayaraq, onun mahnılarına on milyonlarla baxış gəlirdi. Son mahnısı var, reperlərdən alıb, “Yandır üzərlik”. Mahnı da, Damlanın performansı da, klip də çox uğurlu alınıb. İzlənməsi isə azdır. Bax budur vəziyyət. Sən yola necə başlamısansa, dinləyiciyə ilk dəfə nə vermisənsə, sona qədər onu istəyəcək.

– Üzeyir Hacıbəyovu sevən xalq Üzeyir Mehdizadəni necə sevə bilər?

– Biz elə əvvəldən Üzeyir Hacıbəyova qulaq asmamışıq. Sadəcə, sovet vaxtı senzura var idi. O bir az adamları qəlibə salırdı, vəssalam. Kütlənin yarısı səviyyəlidir, yarısı yox. Üzeyirin də yolu Üzeyir yoludur da (gülür)

– Kavrlarla davam edəcəksiniz?

– Yox, artıq öz mahnılarımla tanınmaq istəyirəm. Pis də olsa, yaxşı da olsa, mənim olsun.

– Mahnı sözlərini kimdən alırsınız? Şairlərimizdən şeir istəyirsiniz?

– Mən Şahin Əlizadənin özündən alıram sözləri və bəyənirəm. Digər müğənnilər də tanınmış adamları axtarır. Səviyyəsiz olsun, amma tanınmış olsun. Bütün sahələrdə belədir. Kino da, musiqi də, elə ədəbiyyat da bu cürdür. Səviyyəsi aşağı olan, düşündürməyən hər şey tez populyarlaşır və cəmiyyətə təsir edir. Tənqid edən də cəmiyyət aqressiv yanaşır. Təhqir etməyə başlayırlar. Deyirlər, sən paxıllıq edirsən.

– Kitab oxuyursan?

– Yox. Əsgərlikdə vaxtım getsin deyə bir-iki kitab oxumuşam.

# 3102 dəfə oxunub

Müəllifin son yazıları

# # #