Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Rəşad Məcid, şair

Rəşad Məcid, şair

3 oktyabr 2022
# 09:00

Kulis.az Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə müsahibəni təqdim edir.

– Rəşad müəllim, MŞ-na sədr seçildiniz. MŞ ilə bağlı planlarınız nədir?

– Jurnalistlərin qurultayı çox demokratik şəraitdə və ictimaiyyətin marağı ilə keçdi. Əslində, ictimaiyyətin Mətbuat Şurasından gözləntiləri də çoxdur. Bir çoxları Mətbuat Şurasına Mətbuat Nazirliyi kimi baxır (gülür). Düşünürlər ki, mətbuatımızın bütün problemlərinin həlli Mətbuat Şurasındadır. Amma bu qurum mətbuatın özünün tənzimləmə qurumudur və konkret fəaliyyət istiqamətləri var. Eyni zamanda jurnalistlərin etik davranış qaydaları əsasında fəaliyyət göstərir. Mətbuat Şurası ilə bağlı planlarımız çoxdur. Yeni idarə heyəti seçilib. Təxminən, yarısı gənclərdən ibarətdir. Təzə üzvlər var. Elə bilirəm ki, bu yaxınlarda ilk böyük iclasımızı keçirib yaxın aylardakı planlarımızı ictimaiyyətə bildirəcəyik. Çalışağıq ki, çevik, dinamik şəkildə fəaliyyət göstərib mətbuatımızın saflaşması istiqamətində, jurnalist adının sambalını qorumaq istiqamətində fəaliyyət göstərək.

– Sizə qarşı işlədiyiniz qurumlara müxalif mövqe sərgiləyənlərin də rəğbəti, hörməti var. MŞ sədr kimi fəaliyyət bu sevgini azaltmayacaq?

– Bu narahatlığı bəzi adamlardan da eşitmişəm. Bəziləri deyir ki, Mətbuat Şurası qəliz yerdir, jurnalistlərlə çalışmaq qəlizdir, sənin nüfuzuna təsir edə bilər. Mən isə o qədər qorxmuram, çəkinmirəm. Hesab edirəm ki, son otuz ildə, hətta daha əvvəllər də fəaliyyət göstərdiyim sahə jurnalistikadır, burda insanların çoxunu tanıyıram, yeni nəsil gəlib, yeni nəsildən də tanıdıqlarım çoxdur. Tanımadığım istedadlı adamlarla da tanış olacam. Birlikdə çalışacağıq ki, mətbuatın inkişafı istiqamətində nələrsə edək.

– Müstəqil media orqanlarına MŞ sədri kimi münasibətiniz necədi və necə olacaq?

– Jurnalistika mənim ən çox sevdiyim peşədir. Mənim həyatımın mənasıdır. Həyatımı həsr etdiyim sahədir və zaman keçdikcə də jurnalistikanı ən böyük sənət hesab etmişəm. Elə bilmişəm ki, bundan böyük sənət yoxdur. İndi təəssüf ki, jurnalist adına iddialılar çoxalıb. Təəssüf ki, jurnalistikanı gözdən salan adamlar, bununla belə bu ada iddialılar jurnalist adına xələl gətiriblər. Bir tərəfdən də bizim özümüzüz bir-birimizə kin-kudurət dolu münasibəti də bu sənəti gözdən salır. Mən çalışacam ki, bütün istedadlı gənclərə, istedadlı media orqanlarına normal münasibət göstərim. Xarakterim elədir ki, mən istedadı yüksək qiymətləndirirəm.

– AYB-nin qurultayının gecikməyinə səbəb nədir?

– AYB-nin qurultayının gecikməyi sırf texniki məsələdir. Çünki qonaqların dəvət olunması məsələsi var, maliyyə məsələləri var. Rusiya ilə də bilet qiymətləri çox bahadır və ümumiyyətlə siyasi gərginlik də, Rusiya-Ukrayna məsələsi də təsir edir. Bunları nəzərə alaraq qurultay ayın sonuna planlaşdırılıb. Qurultay nümayəndələri, qonaqlar müəyyənləşib. Xaricdən dəvət olunan qonaqlarla bağlı qeyri-müəyyənliklər var. Bütün bu səbəblərə görə vaxt bir qədər geriyə çəkildi.

– Belə bir fikir var ki, AYB-nin yeni sədri Çingiz Abdullayev olacaq. Bəziləri də sizi deyir...

– Bu günlərdə belə informasiyalar çox yayılır. Bu da mənə elə gəlir ki, nifaq salmaq üçündür. Katiblikdə Anar müəllim sədrliyə namizəd olacağını açıqlayıb, Çingiz müəllim də, digər katiblər də onu dəstəkləyiblər. Əminəm ki, qurultay nümayəndələri də onun namizədliyini dəstəkləyəcək. Anar müəllimin Azərbaycanın ictimai fikrinin formalaşmağında misilsiz xidmətləri var. Azərbaycan xalqının böyük ziyalılarından, yazıçılarından biridir. Onun yazıçılar birliyinin qorunub saxlanmasında böyük rolu var. Arzu edirik ki, onunla daha çox bir yerdə fəaliyyət göstərək. Anar müəllimdən öyrənməli çox şey var. Onunla bir yerdə işlədiyim üçün özümü xoşbəxt hesab edirəm.

– Tez-tez AYB-nin sədrliyi mövzusu qalmaqallar yaradır. Gənc yazarlardan sədrliyə iddialı olanlar da var idi. O yer niyə elə cəlbedici görünür?

– Elə Anar müəllimlə bunla bağlı müzakirələr etmişik. Bizə də maraqlıdır ki, AYB-nin sədrliyi mövzusu niyə ictimaiyyətdə bu qədər marağa səbəb olur? Mən belə hesab edirəm ki, bunun birinci səbəbi elə Anar müəllimin nüfuzuna görədir. Bir dəfə də demişəm, inanmıram ki, Anar müəllimdən sonra AYB-nin bu qədər nüfuzu ola, adi ictimai təşkilatlardan birinə çevriləcək. İndi yazıçılarda, xüsusən də gənc yazıçılarda iddianın olması təbii haldır. Onlar da yazırlar və özlərini Nobel mükafatçısı kimi görürlər. Elə hesab edirlər ki, AYB-yə sədrlik etməyə qadirdilər. Amma zaman çox qəddardı. Zaman özü bizə göstərdi ki, o gənc yazarlar qocaldı və onların arzuları elə arzu olaraq qaldı. O arzuların həyata keçməyi üçün adamda müəyyən vacib keyfiyyətlər mütləqdir. İstərdim o gənclər dediyim keyfiyyətlərə – əzmkarlığa, zəhmətə, geniş mütaliəyə, şübhəsiz ki, istedada və keçmişə dərin ehtiram və hörmətə sahib olsun.

– AYB və bu kimi qurumların sovet ənənəsindən qalması və oxşar nizamnamə ilə idarə olunmasının inkişafın qarşısını aldığını da deyirlər. Sizin fikrinizcə, AYB-nin gələcəkdə inkişaf potensialı olacaq?

– Azərbaycanda bir çox ədəbi birliklər yaransa, müxtəlif qrupların hərəsinin özünün ədəbi qurumları olsa, AYB-yə maraq da itəcək, əvvəlki cazibəsi də itəcək. AYB-nin nizamnamə məsələsi də formal bir şeydir. AYB-nin əsas nüfuzu Anar müəllimin nüfuzu ilə bağlıdır. Cəmiyyətdə də bu qurum Anar müəllimə görə dəyərli qəbul olunur.

– Ölkədəki ən oxunaqlı qəzetlərdən birinin baş redaktorusunuz. Qəzet dövrünün sayt dövrünə keçidi milli mətbuata nə qazandırdı və ya nələr aldı?

– Əlbəttə, ömrümü həsr etdiyim bir sahənin – qəzetçiliyin getdikcə sıradan çıxması məni ağrıdır, incidir. Son illərdə dövlətin dəstəyi olmasaydı, yazılı mətbuat tamamilə sıradan çıxardı. Mənim həmişə ən böyük zövq aldığım iş “525-ci qəzet”i varaqlamaq olub. İndi biz nə qədər istəməsək də, müasir dövr, yeni tendensiyalar, yeni dövr medianın yaranması, sosial şəbəkələrin mövcudluğu yeni informasiya məkanı yaradıb. Yeni media bizim klassik mediamızı üstələyib. Bu mənada elə bilirəm ki, primitivlik baş alıb gedir. Yazı tarixə çevrilir, dəyərlər itir. Yeni influenserlər, blogerlər meydana çıxır. Artıq dünyada bədii filmlərin 7-8 dəqiqəlik olması, kitabların xırda həcmli olması müzakirə olunur. Bu mənada dövr bizə hədsiz zərərlər gətirir, bu da mənim kimi adamlara mənəvi ağrılar verir.

– Yeni dövr haqqında düşünəndə pessimistliyə qapılıram, demişdiniz. Deyəsən, o dövrlər Hararinin kitablarını oxuyurdunuz. Rəşad Məcidin yeni dünya haqqında fikirləri nədir?

– Təkcə mən yox, ümumiyyətlə əksər insanlar gələcək haqqında pessimist düşünür. Bu düşüncələri də daha çox pandemiya yaratdı. Karantin, müharibələr, siyasi gərginliklər bizi övladlarımızın gələcəkdə hansı dünyada yaşayacağını düşünməyimizə səbəb oldu. Hararinin də, digərlərinin kitablarda dediyi məhz bu idi. Yeni dövr, sosial şəbəkələr erası mənəvi duyğuların arxa plana düşməsinə səbəb olur. İnsanlar arasındakı münasibətlər sərinləşir. Virtual münasibətlər dövrüdür. Amma bizim övladlarımız, nəvələrimiz hər halda o dövrdə yaşayacaqlar və ona uyğunlaşacaqlar. Ümid edək ki, gələcək onlar üçün rahat olsun.

– Bəs ədəbiyyatdakı yeni tendensiyalar?

– Yeni informasiya texnologiyalarının inkişafı ədəbiyyatın da qarşısında müxtəlif tələblər qoyacaq. İnsanlar artıq üç yüz səhifəlik romanı oxumaqdansa, kiçik hekayələri, statusları oxumağa üstünlük verirlər. Vaxt məhdudlaşır, insanlar qaçaraq həyat yaşayır. Bədii filmlərin, ədəbiyyatın aşıladığı duyğular heç kimə lazım olmayacaq. Bu mənada ədəbiyyatda da yeni tendensiyaların yarandığını görürük. Mənim kimi klassik əsərlərdən zövq alan, dəqiq təsvirləri sevən biri üçün bu çox kədərlidir.

– Sənətdə demokratik mühit və senzura məsələsi var. Siz necə düşünürsünüz? Dövlət və ədəbiyyat münasibətləri necə olmalıdır? Dəstək olan qurumlar ədəbiyyata öhdəliklər qoymalıdırmı?

– Senzuranın yenidən tətbiq edilməsi real görünmür. Hərdən sosial şəbəkələrində qapadılması baradə söz-söhbət gəzir. Mümkünsüz şeydir. Keçmişi qaytarmaq çətin məsələdir. Sənətdə bayağılığın baş alıb getdiyini görən adamlar belə arzular edir. Bayağılığın qarşısını musiqidə də, ədəbiyyatda da bir yolla almaq olar. Peşəkarları daha çox təbliğ etməklə. Bunun üçün senzuranı yenidən arzulamaq lazım deyil (gülür).

– Rəşad müəllim, ölkədə ədəbiyyat və kitab sistemi niyə qənaətbəxş deyil?

– On beş il qabaq bizim ən böyük problemimiz Bakıda və rayonlarda kitab mağazalarının olmaması idi. Kitaba marağın azalması, insanların mütaliədən uzaqlaşması bizi qayğılandırırdı. Kitab əvvəlki kimi insanların həyatına nüfuz edə bilmir. İndi çoxlu kitab dükanları var, qlamur kitab mağazaları açılıb, gündə imza günləri keçirilir, amma yenə insanların kitaba və mütaliəyə marağı yaranmır. Bunun səbəbini isə bayaq dediyim ki, müasir tendensiyalarda görürəm, müasir dövrün tələbi artıq belədir.

– Məşhur bir müsahibəniz var və o müsahibədə bir fikir səsləndirmisiniz: “Mənim üçün istedad yox, sədaqət vacibdir”. Sizi hədəf alanda həmişə o fikri sizi qarşı səsləndirirlər. O cümlənin açması nədi?

– O cümlənin açması var. Həmin cümləni mən ovqatımın elə bir vaxtında demişdim ki, həmin vaxt mən doğrudan da sədaqəti yüksək qiymətləndirirdim. Amma mahiyyət etibari ilə zaman keçdikcə düşündüm ki, elə deyil. Əlbəttə, mən yenə sədaqətə və bu kimi insan xislətinin hislərinə böyük dəyər verirəm. İstedad isə məni həyəcanlandırır, gözümü yaşardır. İstedadlı yazı, istedadlı adam görən kimi qürurlanıram. Ona görə də, deyim ki, həmin söz mənim o vaxtkı ovqatımla bağlı olub. Yaxşı olar ki, istedadlı adamda mənim sadaladığım gözəl keyfiyyətlər də olsun. Həm də həmin gözəlliklərə sahib adam da istedadlı olsa, yaxşı olar. Çox az hallarda biz ikisinin vəhdətini görürük. Bu keyfiyyətlərin hamısı olanda, kamil insan ortaya çıxır.

– “Gənc Ədiblər Məktəbi” davam etmədi...

– “Gənc Ədiblər Məktəbi” pandemiya dövründə səngidi. Onlayn formada eləmək istədik, alınmadı. 2008-ci ildə biz başladıq bu məktəbi yaratmağa. Çox uğurlu oldu o nəsil. Yeni nəslin gəlməsi üçün müəyyən məsafələr olmalı idi. Biz isə iki ildən bir o məktəbi yığanda bir o qədər effektiv olmadı. Dörd məktəb keçirdik. On dörd il üçün pis nəticə deyildi. Vaxt keçsin yeni katiblər yeni gənclərdən yeni bir “Gənc Ədiblər Məktəbi” yaradarlar.

– Jurnallarda qonorar sistemi sizin fikrinizcə necədi? Sizcə, az deyilmi?

– Qonorarlar azdır, əlbəttə. Yazıçılarımız maliyyə vəziyyətləri yaxşı deyil. Onlar yazılarına, kitablarına görə qonorar ala bilmirlər. AYB-nin də jurnallarında qonorar azdır. Çünki ayrılan maliyyə çap xərcini ödəyir. O jurnallarda işləyənlərin də əmək haqları azdır, cuzidir. Bu dövr keçmişə – ədəbiyyat adamlarının yaxşı qonorar aldığı dövrlərə nostalji oyadır. Bunlar zamanın gətirdiyi acı faktlardır. Ümid edirəm, bu şeylər də yoluna düşəcək.

– Yaradıcılığınız nə yerdədir? Nə yeniliklər var?

– Yaradıcılıq barədə danışanda təəssüf hissi keçirirəm. Əvvəllər də deyirdim ki, mənim qaçaraq həyatım imkan verməz iri həcmli nələrsə yazım. Vaqif Poeziya Günlərində Şuşaya gedəndə gecə-gündüz Şuşanın havasını ciyərlərimə çəkdim. Orada olanda təxminən on şeirin qaralaması var idi beynimdə. Bakıya gəldim, yenə iş-güc və o ovqatı itirdim. İndi də o şeirlərin, o ovqatın həsrətindəyəm.

# 5103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #