Ad günü adətinin tarixçəsi

Ad günü adətinin tarixçəsi
20 iyun 2013
# 07:15

Hər il xüsusilə gözlədiyimiz günlərdən biri də ad günümüzdür...

Həmin gün sevdiyimiz insanları qonaq çağırar, əylənər, çoxlu hədiyyə alar və ən sonda arzu tutub tortun üzərindəki şamları üfürərək söndürərik.

Bəs heç düşünmüsünüzmü, necə olub ki, doğum günləri qeyd olunmağa başlayıb?

İlk doğum gününü kim edib?

Niyə tort kəsirik?

Şamlar nə məna verir?

Ad günü fironlara məxsusmuş

İndi hamının qeyd etdiyi bu günü əvvəllər yalnız fironlar və onların oğlan övladları keçirirmiş.

İlk ad günləri Misirdə, sonra da Babilistanda qeyd olunmağa başlayıb.

Tarixdən məlum olan ilk doğum günü yığıncağı Miladdan 3 min il əvvəl yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərə ailə, dostlar, xidmətçilər, hətta kölələr də iştirak edirmişlər. Həmin günün şərəfinə həbsdə olanlara əfv qərarı çıxır, əsirlər sərbəst buraxılırmış.

Doğum yox, ölüm gününü qeyd edənlər...

Misirlilər və farslardan yunanlara keçən doğum günü adətinə burada tort kəsmə də əlavə olunub. Ayin və ov tanrısı Artemidanın yenidən doğulması şərəfinə hər ayın altıncı günü üzərində şamlar olan tortlar kəsilirmiş. Tort və şam yandırma adətini gətirmiş yunanlar sadəcə kişilərin ad gününü qeyd ediblər, hətta həmin insanlar öləndən sonra da yığıncaqlar keçiriblər.


Xristianlıqdan əvvəl Romada imperatorların və əhəmiyyətli dövlət adamlarının ad günləri Senatın qərarı ilə milli bayram elan edilirmiş. Sezarın ad günü isə əsl festivala dönürmüş.

Xristianlığın gəlməsi ilə bütün bu adətlər də yox olub. İlk xristianlar illərlə dünyanın zülm və sıxıntı dolu bir yer olmasına inanıblar. Ona görə də insanın dünyaya gəlməyini deyil, ölüm günü qeyd edirmişlər.

Miladdan sonra 245-ci ildə din adamları İsa peyğəmbərin doğum gününü qeyd etməyə başlasalar da, kilsə buna qarşı çıxıb və bunun fironlara məxsus bir adət olduğunu deyib.

Kilsənin ad gününə münasibəti dördüncü yüz illikdən sonra dəyişib və İsa peyğəmbərin doğum günü dekabrın 25-i milad bayramı kimi qeyd olunmağa başlayıb.

Doğum gününün qadınlar və uşaqlar üçün də keçirilməsi üçün isə 800 il də gözləmək lazım gəlib.

İndiki ad günlərimizin ideyası necə yaranıb?

Avropada indiki kimi yığıncaqlar XII yüz illikdən sonra başlayıb. Bundan başqa, yunanların tort kəsmə adəti artıq toylara da şamil olunmağa başlayıb. Tortun yeni evli cütlüyə bərəkət, çoxuşaqlılıq və xoşbəxtlik gətirəcəyinə inanırmışlar.

Ancaq tort dedikdə, indi yediyimiz “mərtəbəli”, bol kremli, bəzəkli şirniyyat ağlınıza gəlməsin. O zamanların tortu indinin keksi formasında olub. Bizim bildiyimiz tortlar isə XIII əsrdə Almaniyada meydana gəlib. Almanlar uşaqlarına indikindən də çox diqqət yetirirmişlər. Uşaqların ad günləri az qala festival kimi keçirilirmiş.

Səhər sübh yeri ağarmağa başlayan vaxt uşaq yuxudan oyadılırmış. Tortun üzərindəki şamlar axşam yeməyinə qədər daim dəyişdirilib və daim yanması gözlənilirmiş. Axşam yeməyində uşaq şamları üfürərək söndürür və bayram başlayarmış.

Tortun üzərində uşağın yaşı nə qədərdirsə, ondan bir ədəd artıq şam qoyularmış. Bu da bir gün “sönəcək” həyatın işığını göstərirmiş. Uşağa həmin gün çoxlu hədiyyələr gələr, ən sevdiyi yeməklər bişirilərmiş.

Ad günündə tortun üzərindəki şamları üfürərkən arzu tutmaq və onu heç kimə söyləməmək adətləri də almanlardan qalmadır.

# 9154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #