Bu müsahibəni oxuyandan sonra kompüterin kamerasını sındıracaqsınız!

Bu müsahibəni oxuyandan sonra kompüterin kamerasını sındıracaqsınız!
30 may 2013
# 07:45

Əvvəllər insanlar məhrəm hisslərini, başına gələn maraqlı, əlamətdar hadisələri xüsusi bir dəftərə yazardılar. O gündəliyi də bərk-bərk gizlədərdilər. İndi gündəlikləri kompüter əvəz edib, üstəlik kompüterlər qat-qat funksionaldır. Amma vay o gündən ki kompüter haker hücumuna məruz qala. Türk jurnalist Ayşe Arman hamımızı narahat edən bu problemə hakerdən müsahibə almaqla aydın gətirməyə çalışıb. Demə, bizə göndərilən adi bir faylı açmaq kifayət imiş ki, kompüterimiz başqasının əlinə keçsin...

Kulis.az həmin müsahibəni təqdim edir:

- Kimsiniz siz?

- Hakerəm.

- Təhsiliniz varmı bu sahə üzrə?

- Yox, hərbi məktəb məzunuyam. 2011-ci ilə qədər zabit idim, sonra ordudan ayrıldım. Kompüter əvvəlcə hobbim idi, maraqlandım, araşdırdım, özümü inkişaf etdirdim.

- Məsələn, nələr edə bilərsiniz?

- Edə biləcəyim şeyləri göstərsəm, qorxarsınız. Kompüterinizlə sağollaşarsınız.

“Ərin Facebookda kimin profilinə baxdığını da görürəm...”

- Məsələn...

- Kimin nəyə ehtiyacı varsa, onu edə bilirəm. Haker sistemin təhlükəsizlik boşluqlarını tapıb dəyişdirə bilən adamdır. Həm də hesabların şifrələrini qıra, bəzi proqramları lisenziyalı edə, istədiyinin kompüter sisteminə girə, məlumat ötürə bilər. Hamısını edə bilirəm. Bir müddət dedektivlik şirkətləri üçün işləyirdim. İndi şirkətlərə təhlükəsizliklərini təmin etməyə kömək edirəm.

- Dedektivlik şirkətləri üçün nə edirdin?

- Məsələn, siz gedib o şirkətə deyirsiniz ki, ərim məni aldadır, onu izləyin. Gündəlik 450 lirə verib onu izlətdirirsiniz. Şirkət də ərinizin dalınca düşüb şəkillərini çəkir, hara getdiyini yazır və sizə verir. Amma siz buna qane olmursunuz. Onda şirkət mənə müraciət edir. Ərinizin kompüterinə girirəm. Sosial şəbəkələrdəki hesabının, mailinin şifrələrini qırıram. Kredit kartı hesabına girirəm, nələrə pul xərcləyib, görürəm. Hətta Facebookda kimlərin profilinə baxıb, hamısını sizə təqdim edirəm.

- Dəhşətdir ki!

- Hələ arvadı mənə kömək etsə, işim daha rahat olur. Biz ona “daxildən kömək” deyirik. Amma “mənim başım çıxmır, istəmirəm” desə, tək başıma da hər şeyi həll edə bilərəm.

- Kiminsə kompüterinə necə girirsiniz?

- Məsələn, əriniz hansı futbol klubunun fanatıdırsa, o komanda ilə bağlı ona bir fayl göndərirəm. O da istər-istəməz onu açır və mən sistemə girirəm.

- Bu qanuni deyil axı...

- Əlbəttə. Mən işimin qanuni olduğun demirəm ki...

“Qızımın kompüterinə girin”

- Türkiyədə neçə dedektivlik şirkət var ki?

- İstanbulda 10-a yaxındır. Əksəriyyəti keçmiş polislər, təhlükəsizlik işçiləridir.

- Ancaq aldatmaları araşdırırlar?

- Yox, itkin düşənləri, şirkət ortaqlarını izlədənlər var. Bəzən də “Qızım başqa şəhərə oxumağa gedib, gör nə işlə məşğuldur?” deyən valideynlər olur. Axır-əvvəl mənə müraciət edirlər.

- Qızlarını niyə izlədirlər ki?

- Qızı universitetə daxil olub, başqa bir şəhərə köçüb, kimləsə ev tutub. Ana-ata da qızlarının necə yaşadığı ilə maraqlanır. Məqsəd qızın şəxsi həyatına müdaxilə etmək deyil. Bəzən gənclərə narkotik vasitələr təklif edirlər, istifadə edib-etmədiyi valideynə maraqlıdır. Bir dəfə belə şey olmuşdu, ailə gedib qızı başqa evə köçürtdü, ona narkotik verən dostu ilə əlaqəsini kəsdi.

“Kompüterinizin kamerasından sizi izləyə bilərəm”

- Dediklərinizi necə sübut edə bilərsiniz?

- İstəyirsiniz, göstərim.

- Buyurun...

- Tutaq ki, siz kompüterdə oturub musiqiyə qulaq asırsınız. Facebookunuz, Twitteriniz də açıqdır. Başınız qarışıb dırnaq boyanızı silməyə, makiyajınıza, həmin vaxtda mən sizin kompüterinizə girib hesablarınıza baxıram, həm də sizi görürəm.

- Necə olur ki bu?

- Olur, kamerası olan hər hansı kompüterə girib sizə baxa bilərəm.

- Nəsə inandırıcı gəlmir...

- Onda istənilən bir adamı göstərin, sizin yanınızda girim onun kompüterinə. Ya da hazırda məndə açıq olanlardan göstərim. Kompüterdə izlənməyə aid heç bir işarə çıxmır. Mən kameramdan onu izləyirəm, mikrofondan nələr danışdığını eşidirəm. İstədiklərimi hətta öz kompüterimə də yazıram.

- Zarafat edirsiniz?

- Yox. Niyə ki?

- Əvvəllər deyirdilər telefonlarda etmək olur belə şeyləri...

- Bir neçə il əvvələ qədər vardı. Telefona “Hə”, ya da “yox” tərzində mesajlar gəlirdi, ona cavab verəndə telefonu dinləmək olurdu. Amma onun da qarşısı alındı. İndi kompüterlərdə bu təhlükə var. Dedektiv firmaları gəlib deyir ki, filan şirkətdən sifariş almışıq: “Tender olacaq, biz bilmək istəyirik, X və Y şirkətləri nə qədər təklif edəcəklər? O şirkətlərin təklif fayllarını bizə tapın”. Girirəm həmin şirkətin sisteminə, kimdə o faylı tapsam, yazıb qarşı tərəfə verirəm. Hələ insanların videolarını, telefon danışıqlarını yazıb şantaj edən hakerlər də var...

- Hədəf kimlər olur?

- Həyat tərzinə baxıb “Bundan pul qoparda bilərik” deyə qərar verirlər. Məşhurlar, geylər, lesbianlar...Məsələn, lesbian saytlarına bir qadın işçilərini yerləşdirib qarşı tərəfin videolarını çəkirlər, sonra da şantaj edib pul alırlar. Kompüterinizə virus göndərərək də sizi izləyə bilərlər.

- Bəs necə qoruna bilərik?

- Birinci qayda budur: tanımadığınız adamlardan gələn faylları açmayın! Amma əlbəttə ki, tanıdığınız insandan da sizə viruslu fayl gələ bilər. Əgər sizin Facebook, yaxud Twitter hesabınıza girmək istəsəm, danışdığınız adamlardan birinin hesabına girirəm. Boşluq tapan kimi onun hesabından sizə viruslu faylı göndərirəm. Adamların hobbiləri, sevdiyi şeylər çox işimə yarayır. Pişikləri sevən birinə beş dənə pişik saytı göndərirəm, işimi həll edirəm.

- Dəhşətdir...

- Elədir (Bu məqamda qarşısındakı kompüterdə izlədiyi insanlardan birini mənə göstərir). Baxın, bu evdə üç qız yaşayır. Biri kompüterdə oturub dərs oxuyur. Arxadakı da o biri qızdır, otağa girdi indi. O biri də saçını qurulayır. Biz bu evi burdan izləyirik, onların ruhu da hiss eləmir.

“Hər göndərilən faylı açmayın!”

- Məni də izləmisiniz?

- Yox. Sistemin necə işlədiyini göstərdiyim adamların hamısı eyni sualı verir: “Mənə də baxmısan?”. Mən sizə indiki dövrdə izlənməyin mümkünlüyünü göstərmək istəyirəm. Yəqin bu müsahibədən sonra hamı kompüterinin kamerasına yara bantı yapışdıracaq.

(Baxmağa davam edirik...)

- Bu kimdir?

- Arada baxdığım başqa bir adam. Sosial şəbəkədəki hesabları açıqdır. İndi kamerasını açacam...

- Hiss etməyəcək?

- Yox. Kimləsə telefonla danışır. İstəyirsiniz, mikrofonu açım nə danışdığına qulaq asın. Gördüyünüz kimi, heç kim evində tək deyil. Hər an izlənə bilər.

- Bəlkə bu adamlar sizin dostlarınızdır, necə inanım? Mənim dediyim bir adamın kompüterinə girin, inanım.

- Oldu. Kimi istəyirsiniz, deyin. “Sənə bir mail atacam, o faylı aç” deyin sadəcə...

(Bir neçə dostuma zəng vurub məsələni izah edirəm, heç kim razılaşmır. Nəhayət, anamı qurban verməyə qərar verirəm. Zəng vurub “Sənə bir fayl göndərdim, ona baxa bilərsən?” dedim, əlbəttə ki razılaşdı. Allah sizi inandırsın, bir az sonra anamın kompüteri qarşımda idi. Ekranda qızımla mənim şəklim! Haker kompüterdən fotoları necə yazdığını da göstərdi. Şok vəziyyətdə anama yığıb: “O fayl açılmır, özünü yorma Mamicim” dedim)

- Nə etməliyik indi? Heç cür qarşısını ala bilmərik?

- Kompüteri bilmək lazımdır. İşlətməyi bilmirsinizsə, kömək istəyin. Bəziləri elə bilir antivirus proqramları kompüterləri qoruyur, amma heç də elə deyil. Hər gələn faylı açmayın! Kompüterdən də, internetdən də soyumayın.

İtkin qızı necə tapdım?

Bir gün qızı itən bir ana məndən kömək istədi. Kafedə görüşdük. Qızının mail ünvanını, Facebook hesabını, şəkillərini və bəzi şəxsi məlumatlarını göstərdi. Ana durub tualetə gedəndə kompüterinə göz atdım. Sonra evə getdim, axşam kompüterinə daxil oldum. Baxdım ki, evdəki bacı “itkin bacı” ilə Facebookda danışır. Üstəlik “Anam bir hakerlə danışıb, bir müddət internetə girmə” deyir. Onu tapmağım cəmi bir neçə saatımı aldı...

Kamerasız kompüter almağın da faydası yoxmuş...

- Bəlkə kamerasız kompüterlər alaq? Onda izlənmərik bəlkə...

- Şirkət kompüterlərində kamera yoxdu, əvəzində vacib fayllar var. Malı kimdən alıb kimə, neçəyə satırlar, tenderdə nə təklif edəcəklər...

- Başqa nələr edə bilirsiniz?

- (Ekranda izlədiyi birinin kompüterini açır) Bax bu xanım mühasibdir. Onu izlətdirən də müdiridir. Nəzarət edir. İşçilərə nə qədər maaş verir, borcluların siyahısı, müştərilər...Onun heç xəbəri yoxdu izləndiyindən...CD-ROM-unu da açım?

- O da mümkündür?

- Əlbəttə. ( Açır, bir daha dəhşətə gəlirəm).

- Bəs mühasib qadın nə düşünür? Axı bir yerdən başqa yerə keçirsən...

- Elə bilir, səhvən oldu. Bir dəfə bir qadınla yazışırdım. “Çay alıb gəlirəm” dedi, “Mənə də al” dedim. Zarafatyana “Ok” dedi. “Açıram CD-ROM-u, qoyarsan ora, götürərəm” dedim. Güldü. Çayı gətirəndə açdım CD-ni. Mənimlə münasibəti kəsdi, danışmadı daha! Burdan kompüteri açıb bağlaya da bilərəm. Klaviaturalara, mauslara (siçan) nəzarət edə bilirəm. Hətta ekranda yazı da çıxarda bilirəm.

- Yox əşi!

- Əlbəttə. “Ayıb olsun, burnunu eşmə”, ya da “Kökəlmisən sən axır vaxtlar?” kimi şeylər yazırdım. Amma onda da camaat çox qorxur. Bir dəfə Ankarada piano çalan bir qızın kompüterinə girmişdim, Word proqramı açıq idi. Ekranda iri hərflərlə “”Ədalətsiz Seçim”i çala bilərsən?” yazdım. Qız o gündən bəri kompüterə girmir!

- Bəs bu adamları hardan tapırsınız?

- Arada “Youtube”da “MSN şifrəsini qırın” başlıqlı videolar qoyuram. Ananıza göndərdiyim o faylı da orda gizlədirəm, başqasının MSN-ini “qırmağa” cəhd edənlər də “toruma düşür”.

Mənbə: “Hürriyet” qəzeti

# 5356 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #