At arabası sürürlər, internetdən, mobil telefondan istifadə etmirlər

At arabası sürürlər, internetdən, mobil telefondan istifadə etmirlər
1 mart 2013
# 08:15

Dünyanın ən inkişaf etmiş ölkəsi ABŞ-da yaşayıb elektrik, telefon, avtomobil istifadə etmədən, hər cür texnoloji yeniliyi rədd edən bir etnik qrup olduğunu bilirdinizmi? Amiş adlı xristian etnik azlıq təkcə bu adətləri ilə deyil, 16 ildə yüksək artım tempinə görə də diqqət cəlb edir.

Elizabettaun Universitetindən olan amiş eksperti Donald B.Kreybillin 1992-ci ildən başladığı araşdırmalara görə, amişlər Yeni Dünyaya Avropadan XVIII əsrdə köçüblər. Son 16 ildə saylarını 125 mindən 230 minə çatdıraraq ən sürətlə artan etnik qrup kimi tarixə düşüblər.

Kreybill amişlərdə hər ailəyə ən azı 5-6 uşaq düşdüyünü də açıqlayıb. Araşdırmaya görə, onlar bu sürətlə artmağa davam edərsə, 2026-cı ildə sayları 500 minə çatacaq.

Uşaq – müqəddəsdir

Avtomobil əvəzinə at arabası sürən, əlaqələri internet, mobil telefonla qurmağı qəbul etməyən, evlərinə işıq çəkməyən amişlər dolanışıqlarını əkinçiliklə təmin edirlər. Ölkənin bütün ştatlarında yaşayan bu etnik qrup əsasən Pensilvaniya əyalətinin Lançestr şəhərində məskunlaşıb. Avtomobil yollarının sıxlığına baxmayaraq Lançestr rəhbərliyi məhz amişlərin yolda rahat at arabası sürməyi üçün xüsusi qaydalar da qəbul edib. Öz kilsələrində ibadət etməyə üstünlük verən amişlərin ən çox dəyər verdikləri şeylər – çoxlu uşaq sahibi olmaq, qonşuluq əlaqələri və əqrəbaları ilə görüşməkdir. Alman ləhcəsi ilə danışan və ana dillərini 200 ilə yaxın müddət qoruyub saxlayan cəmiyyət üzvləri uşaqlarını ibtidai sinifdən sonra məktəbə yollamır. Onların geyimləri də fərqlidir; qadınlar – uzun qol və uzun ətəkli paltarlar geyinirlər. Paltarlarını önlük və XVII əsrdən qalma papaqları tamamlayır. Kişilər isə tünd rəngli kostyum geyinib, papaq taxırlar. Evlənəndən sonra bütün kişilər saqqal saxlayır. Amişlər paltarları və qablarını əldə yuyur, axşam şam işığında oturmağa üstünlük verirlər. At sürməyi sevməyənlər isə velosiped sürür, axşama qədər tarlalarında işləyib evlərinə qayıdırlar.

Turistlər maraq göstərir

Fərqli mədəniyyətləri və yaşayış tərzləri ilə insanların marağını çəkən amişlər yaşadıqları Lançestr şəhərinə hər gün onlarla turist avtobuslarının gəlməyinə səbəb olur. Qurduqları kəndlərdə yaşayan qrupun həyatını müşahidə etmək istəyən turistlər onlarla birgə tarlalara gedirlər. Ancaq şəkil və video çəkilişinə icazə yoxdur. Amerikanın 27 əyalətində yerləşən amişlər 1996-cı ildən Amerika və Kanada sərhədindəki Smirna əyalətinə də üz tutublar.

# 2928 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #