Süleyman Rüstəmlə Çingiz Aytmatovu nə birləşdirir?

Süleyman Rüstəmlə Çingiz Aytmatovu nə birləşdirir?
15 iyun 2013
# 07:45

Kulis.Az iyunda həyatdan köçən yazıçıların siyahısını təqdim edir.

Franz Kafka – 3 iyun, 1924

3 iyul 1883-cü ildə Praqada anadan olan yazıçı əsərləri ilə bütün dünyanı təəccübləndirə bilib. Atasının məcburiyyəti ilə təhsil alan Kafka 1907-ci ildə sığorta şirkətində işləməyə başlayıb. Həmin illərdə Maks Brod ilə tanış olub. Kafka yazılarını yandırmaq üçün Maks Broda əmanət etsə də, xəyanətlə üzləşib.

Nazim Hikmət – 3 iyun, 1963

1901-ci ildə anadan olan türk şair Nazim Hikmət həyatının 12 ilini həbsxanada keçirib, türk vətəndaşlığından çıxarılıb, vətənindən sürgün olunub, elə sürgündə də həyatla vidalaşıb.

O-Henri – 5 iyun, 1910

1862-ci ildə doğulmuş amerikan yazıçının əsl adı Uilyam Sidney Porterdir. Yazdığı qısa hekayələr və gözlənilməz sonluqları ilə XXI əsrin oxucularını da təəccübləndirməyi və təsirləndirməyi bacarır.

Rey Bredberi – 6 iyun, 2012

1920-ci il təvəllüdlü Rey Bredberi qorxu və elmi-fantastik janrda yazdığı əsərləri ilə sevilib. İyunun əvvəlində həyatını itirən Bredberinin ən məşhur əsərləri "Farenheytlə 451" və "Mars xronikaları"dır.

Henri Miller – 7 iyun, 1980

Amerikanın məşhur yazıçısı Henri Miller 1891-ci ildə Nyu-Yorkda doğulub. Daha çox şəxsi həyatını yazan Millerin əsərləri açıq-saçıqlığa görə dəfələrlə qadağan olunub. Ən məşhur əsəri “Xərçəng tropiki”dir.

Jorj Sand – 8 iyun, 1876

Əksəriyyətin feminist kimi tanıdığı fransız yazıçı Jorj Sandın əsl adı Amandina Avrora Lüsil Düpendir. Məşhurlaşan ilk qadın fransız yazıçısı Sand özünü heç vaxt feminist hesab etməsə də, kişi kimi geyinib, kişi ləqəbi ilə də yazıb. Özünəməxsus üslubu və güclü şəxsiyyəti ilə Şopenə ilham verib.

Çarlz Dikkens – 9 iyun, 1870

1812-ci ildə İngiltərədə doğulan Çarlz Dikkens kraliça Viktoriyanın dövründə ölkədəki sosial islahatları dəstəkləyənlərdən olub. "Oliver Tvistin macəraları", “Böyük ümidlər” kimi əsərləri ilə tanınan yazıçının 200-cü doğum günü bu ilin fevralında təntənəli qeyd olundu.

Çingiz Aytmatov – 10 iyun, 2008

1928-ci ildə doğulan qırğız yazıçısı Çingiz Aytmatov yaşadığı bölgənin sərhədlərini aşaraq əsərlərini dünya oxucusuna tanıdıb.

Süleyman Rüstəm - 10 iyun, 1989

1906-cı ildə Bakının Novxanı kəndində anadan olan Süleyman Rüstəm ali təhsilini Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsində alıb. 1938-ci ildə Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçilib və ömrünün sonuna qədər bütün çağırışlarda vəzifəsində qalıb. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub. Azərbaycan SSR Ali Sovetinin sədri olub.

Orxan Kamal – 12 iyun, 1970

Türkiyənin Adana bölgəsində dünyaya gələn Orxan Kamal 1939-cu ildə Nazim Hikməti oxuyub, kommunizm təbliğatı aparmaqda günahlandırılaraq 5 il müddətinə həbs edilib. Bursa həbsxanasında Nazim Hikmətlə tanış olan yazıçı şairdən fransız dili, fəlsəfə və politologiya dərsləri alıb.

Xorxe Luis Borxes – 14 iyun, 1986

1899-cü ildə Argentinada doğulan böyük yazıçı Borxes 1955-ci ildə Argentina Dövlət Kitabxanasına müdir təyin olunanda görmə qabiliyyətini demək olar ki itirmişdi. Vəzifəsini: “Mənə eyni vaxtda 800 min kitab və qaranlıq verən Allahın möhtəşəm ironiyası”, - deyə qiymətləndirən yazıçı əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etməsi diqqət çəkir.

Maksim Qorki – 18 iyun, 1936

1868-ci ildə Rusiyada doğulan Maksim Qorki valideynlərini uşaqkən itirib. Cəmi bir neçə ay məktəbə gedən yazıçı 8 yaşında işləməyə başlayıb və fəhlə sinfiylə uşaq yaşlarında tanış olub. Yaşadığı çətinliklər və yoxsulluq ona “Qorki” ləqəbini götürməyə məcbur edib.

Uilyam Qoldinq – 19 iyun, 1993

İngilis yazıçı Uilyam Qoldinq 1911-ci ildə doğulub. 1954-cü ildə yazdığı “Milçəklər şahı” əsəri ilə məşhurlaşan yazıçı 1983-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanıb.

Xəlil Rza Ulutürk – 22 iyun, 1994

Salyan rayonunun Pirəbbə kəndində anadan olan Xəlil Rza

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi fəxri adı verilib. 20 Yanvar hadisələrindən sarsılan şair gördüklərini dünya ictimaiyyətinə çıxarmağa çalışıb. Nəticədə, 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya Lefortovo həbsxanasına göndərilib. Şəkər xəstəliyindən əziyyət çəkən şairi həbsxana əldən salıb. 1990-cı il oktyabrın azadlığa buraxılan şair 4 il sonra həyatını itirib.

Əli Kərim – 30 iyun, 1969

Göyçay şəhərində fəhlə ailəsində doğulan şair, tərcüməçi Əli Kərim Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil alıb. Təhsilini Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirən şair əmək fəaliyyətinə "Azərbaycan" jurnalı redaksiyasında başlayıb. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. 1969-cu il iyunun 30-da Bakıda vəfat edib.

Hazırladı: Rəna Nevzat

# 2511 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #