Qadınların banana əl vurmağı qadağandır?

Qadınların banana əl vurmağı qadağandır?
9 yanvar 2013
# 08:45

İndoneziyanın bəzi əyalətlərində şəriət qaydalarına görə, qadınların motosikletdə, xüsusilə də kişilərin arxasında ayaqları açıq halda oturmağı qadağandır. Hökumət bundan əvvəl qadınların dar şalvar geyinməyi yasaqlamış, xəyanət edənləri daşlamağa, homoseksualları qamçılamağa əsas verən qanun qəbul etmişdi.

Səudiyyə Ərəbistanda qadınların maşın sürməyi qadağandır. Müxtəlif təşkilat və birliklər bu qadağaya qarşı aksiyalar təşkil edib. Bu yaxınlarda keçirilmiş aksiya çərçivəsində Necla Hariri adlı qadın dörd gün Ciddə küçələrində maşın sürüb.

Bundan başqa, Səudiyyə Ərəbistanda qadınlar kişi qəyyumlarının icazəsi olmadan xaricə gedə bilməzlər.

Hindistanın Sunderbari kəndində qadınların mobil telefondan istifadə etməsinə icazə verilmir. Rəsmilər bunu belə əsaslandırırlar ki, telefon qadınların xarakterini korlayır. Mobil telefon işlədən gənc qızları 10 min rupi (təxminən 145 AZN), evli qadınları isə 2000 rupi (təxminən 30 AZN) cərimə gözləyir.

Əl-Cəzairdə Ramazan ayında siqaret çəkmək qadağandır. Bu yaxınlarda livanlı müğənni Yara Əl-Cəzairə qonaq gəlib və mindiyi taksidə siqaret çəkməyə başlayıb. Oruc tutan sürücü isə müğənnidən siqareti söndürməyi xahiş edib, ancaq Yaranın siqareti söndürmədiyini görüb maşını düz polis idarəsinə sürüb və müğənnidən şikayət edib.

Misirdə bir dindar qadınların banan, kök, xiyar, badımcan kimi qidalara toxunmağını qadağan edib. Şeyx bu meyvə və tərəvəzlərin kişilərin cinsi orqanına bənzədiyini və təhrikedici olduğunu səbəb gətirib.

Somalidəki “Əl Şəbab” hərəkatı sevilən bişmə sambusakın (tərəvəz, pendir, yaxud ətlə doldurulmuş xəmir) bişirilməsi və yeyilməsi qadağan edib. Səbəb isə sambusakın xristianlıq simvoluna oxşamağıdır.

Qadağa dedikdə, İranı yaddan çıxarmaq olmaz. Burada əzan verilən vaxt təyyarələrin uçmağına icazə verilmir. İranın qəribə qadağaları bununla bitmir: burada qadınların dar şalvar geyinməyi, kişilərin jeledən istifadəsi, it saxlamaq və gəzdirmək, qadınların kişilərin futbol oyunlarına stadionda, hətta kinoteatrlarda baxmağı qadağandır.

İranda “Google”, “Gmail”, “Hotmail”, “Facebook”, “Youtube”-dan istifadə etmək də mümkün deyil. Vətəndaşlardan dövlətin yaratdığı “Mehr” saytından istifadə etmək tövsiyyə olunur. Üstəlik, “Simpsonlar” və “Barbi” cizgi filmlərinin nümayişi və oyuncaqlarının satışı qadağandır. Bununla dövlət Qərb dəyərlərinin aşılanmağının qarşını almaq niyyətindədir.

Texnoloji qadağaların bir başqa ünvanı da Çindir. Burada da beynəlxalq sosial şəbəkələrə daxil olmaq mümkün deyil. Çinlilərin yerli “Twitter”i və “Facebook”ları fəaliyyət göstərir.

Çində qadağalar təkcə texnologiya ilə bitmir. Xarici seriallar əsasında yerli serialların çəkilməyinə icazə verilmir. Tarixi motivli film və seriallarda zarafatlara yer yoxdur.

# 7026 dəfə oxunub

Müəllifin son yazıları

# # #