Elvis Presli 79 yaşında!

Elvis Presli 79 yaşında!
8 yanvar 2014
# 08:30
1935-ci ilin 8 yanvarında dünya şöhrətli amerikalı müğənni və aktyor Elvis Aaron Presli dünyaya gəlib.


Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmayıb.


11 yaşı tamam olan gün gələcək "rok-n-roll kralı" gitara "hədiyyə" alıb. Dırnaqarası hədiyyə ona görə ki, bu gitaraya görə o öz velosipedi ilə vidalaşmalı olub. Yəqin elə həmin gün dünyada velosipedini itirən bir uşaq "ölüb", əvəzində isə bəşər tarixinin ən dahi müğənnilərindən biri – Elvis Presli dünyaya gəlib. Bu hədiyyəni alandan cəmi bir neçə ay sonra Elvis hər il keçirilən əyalət musiqi yarışmasında "Old Shep" (Qoca çoban) xalq mahnısının ifasına görə mükafata layiq görülüb...


Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kaset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.

Qızlar hobbi deyil, əyləncədir.

Heç vaxt spirtli içki içməmişəm.

Adi günlərdə adi paltarlar geyinirəm. Amma səhnə başqadır, orda hər şey par-par parıldamalıdır.

İndi mənim anam şəhərə gəlib istədiyi şeyi ala bilər. Bu, məni çox xoşbəxt edir.

Həqiqət günəş kimidir, o heç vaxt sönməyəcək.

Biz pis yaşamamışıq. Düzdür, pulumuz çox olmayıb, amma ac da qalmamışıq. Məncə, ən azı buna görə taleyə minnətdar olmalıyıq.

Səhnədə elədiklərimdən başqa heç bir fiziki hərəkət etmirəm. Səhnə olmasaydı, yəqin ki mən çoxdan yaxşı qarın çıxartmışdım.

Şöhrət ona görə xoşuma gəlir ki, o sənə çoxlu dost qazandırır.

Balaca olanda özümü filmlərin və komikslərin qəhrəmanı kimi görürdüm. Bu yuxuya inana-inana böyümüşəm.

Ordu oğlanlara kişi kimi düşünməyi öyrədir.

Səhnədə kimi ayağını yerə vurur, kimi barmaqlarını şaqqıldadır, kimi də özünü ora-bura atır. Mən bunların hamısını birdən eləməyi seçmişəm.

Pərəstişkarlarıma baxıram və hiss edirəm ki, biz birlikdə nəsə pis bir şeyi atırıq. Heç birimiz o pis şeyin nə olduğunu bilmir. Əsas odur ki, biz heç kimə ziyan vurmadan həmin pisliklərdən azad oluruq.

Aldığım ilk maşın həyatımın ən gözəl maşını idi. “İkinci əl” olmasına baxmayaraq onu aldığım gün gözümə yuxu getmədi. Bütün gecəni yatmayıb ona baxdım.

Tamaşaçı toplamaq istəyirsinizsə, onlar üçün tamaşa hazırlayın. Səhnədə barmağını tərpətməyən, dümdüz dayanan adama heç kim qulaq asmaz, gedib kasetini alıb evində dinləyər uzağı. Ona görə tamaşa çox vacibdir.

Məndən imza istəyirlərsə, mütləq verirəm.

Qolf və tennis oynayanlarla mübahisəyə girmirəm.

Ağır idman növlərini sevirəm – boks, futbol, karate və s. Futbol oynamaq ən böyük arzumdur.

Hamının oxuduğu kitabları oxumuram. Tez-tez şeir və fəlsəfi əsərlər oxuyuram. Mənə onlar maraqlıdır.

Yaş artdıqca hər şeyə bir az gözlə baxmağa başlayırsan.

Çalışmaq lazımdır ki, ətrafına səni xoşbəxt edən insanları toplayasan.

# 3071 dəfə oxunub

Müəllifin son yazıları

# # #