Əsirlikdən qaytarılan əsgərlərimizin Tik-tokda etdikləri doğrudurmu?

Əsirlikdən qaytarılan əsgərlərimizin Tik-tokda etdikləri doğrudurmu?
19 dekabr 2023
# 15:28

Kulis.az Rəna Nevzatın "Əsir Azərbaycanım" yazısını təqdim edir.

2020

Müharibə qurtardı...

Hamımız sevinc və qürur içindəyik...

Ordumuz onillərin qəribliyinə, həsrətinə son qoydu.

Rahat-rahat “Şuşa! Sən azadsan!” deyə bildik.

Ordumuzun savaşı həm də mənəviyyət savaşı idi.

Ordular heç vaxt təkcə torpaq üçün savaşmır.

Onlar böyük ölçüdə dəyərlər uğrunda döyüşür.

Zəfərimiz təkcə Qarabağın yox, dəyərlərimizin geri qayıtmasıdır.

İnamımızın... Arzularımızın... Ümidlərimizin...

Qələbə alnımızdakı qaranlıq pərdəni açdı.

Qələbə belimizi dikəltdı, Bizi şaxlaşdırdı, şuxlaşdırdı...

Məhəlləmizin axırındakı çörəkçi Əlabbas əminin çörəyinin dadı dəyişdi.

Nənəm çəliyini atdı.

Həyətdə bir alma ağacı əkdi.

İndi hər gün ətrafında pərvanədir.

Səhər duran kimi pərdəni aralayıb pəncərədən ağaca baxır, gözləri işıldayır.


***

2023

Üstündən üç il keçib zəfərimizin...

Bu üç il ərzində zəfərimiz də böyüdü, iməklədi, ayaq üstə durdu, yıxıldı, yenə durdu.

Nə olursa olsun heç nə kölgə sala bilmədi bu qələbəyə...

Ancaq necə deyərlər, milçək balaca olsa da, ürək bulandırır.

Bir neçə gün əvvəl əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundov ölkəmizə gətirildi.

Hamımız böyük sevinclə qarşladıq onları.

Kanallar, saytlar yazdı, çəkdi.

Çəkdi, yazdı.

Günlərlə müzakirə olundu, amma bitmədi ki, bitmədi.

Sonra xəbər yayıldı ki, sən demə, bu adamlar başlayıblar tiktokda canlı açmağa.

Yox, yox mən durub deməyəcəm ki, ay nə bilim, niyə belə elədilər?

Ay nə bilim, hara gedirik belə?

Qətiyyən! Qətiyyən!! Qətiyyən!!!

Həm deyirik ki, adamlar əvvəlki həyatına qayıtsın, həm də müdaxilə eləyirik.

Olmaz!

Bəli, adam tiktokda canlı açmaq istəyib, açıb.

Bunun kiməsə aidiyyatı yoxdu.

Öz həyatını yaşayır.

Şəxsən mənə dəxli yoxdur. Sizə də olmamalıdır.

Amma və lakin...

Bayaq baxıram ki, Aqşin Bəbirov çıxıb Azər Zahidin tiktok verilişinə...

Azər Zahid əsirlikdən qayıdan Aqşinə deyir ki, "nə istəyirsən danış, xalq səni dinləmək istəyir".

Aqşin də deyir ki, "mənə elektrik verəndə gülürdüm", nə bilim nə.

Dedim axı, tiktoker olmaqda problem yoxdur, ancaq həssas mövzularda danışığımıza fikir verməliyik.

Nədən ki, bu şəxsi yox, milli məsələdir, ölkə əhəmiyyətlidir.

Yəni sən çıxıb “mən belə istəyirəm” deyə bilməzsən.

Azər Zahid əsirlikdən qaytarılan Aqşinə "nə istəyirsənsə danış" deyə bilməz.

Çünki Qarabağda, qələbəmizdə minlərlə şəhidin qanı, şəhid anasının göz yaşı var.

Sən belə bir məsələni eqo təminatına xərcləyə bilməzsən.

Azərbaycanda vaxtilə əsir düşmüş yüzlərlə adam var, onların heç biri belə danışmaz və danışmamalıdır.

Axı heç kimə tok veriləndə, gülməz...

Əsir düşdün, dövlət bütün riskləri gözə alıb səni geri – ananın isti qucağına qaytardı.

Sən indi o qucaqdan düşüb tərli-tərli hansısa verilişə çıxıb belə söhbətlər eləyirsən.

Olmaz!

Burda cəmiyyətin də günahı var.

İnsanlarda bir qəhrəman yaratmaq fetişi var.

Nədir də bu?

Qəhrəmanların öz çəkisi, xarizması, sözü və əməlinin vəhdəti olur.

Çox sadə bir nümunə gətirəcəm.

Gedin Mübariz İbrahimovun uşaqlıq şəkillərinə baxın.

Min nəfərin içindən seçilir o duruş, baxış.

Adam seçilmişdir.

Anadangəlmə qəhrəmandır.

Onunun baxışlarında qəhrəmanlara xas bir rahatlıq var.

O rahatlıq, əslində, bizə yönəlib, bizim üçündür.

O rahatlığın arxasında sərhədsiz bir təlaş var.

Xalqın gələcəyindən duyulan təlaş.

Ancaq o baxışlarının təlaş tərəfini rahatlıqla pərdələyir.

O baxışlar bizə deyir ki, narahat olmayın, mən buradayam, sizinləyəm.

Eyni baxışlar Polad Həşimovda da var.

O baxışların uzandığı hər yer vətəndir.

O baxışların altında dünyanın ən böyük mübarizəsini aparmaq olar.

Dediyim odur ki, qəhrəmanlar seçilmişlərdir.

Ta uşaqlıqdan ən kiçik hərəkətlərindən belə sezə bilirsən ki, bu adamdır kimdir, nəçidir, haradan gəlib haraya gedəcək.

Ona görə qəhrəman seçəndə diqqətli olun.

Seçimləriniz xalqın gələcəyini müəyyən eləyir.

Sənin, mənim, bizim...

https://t.me/kulis_az/9291

# 2934 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #