Emin Əmrullayev səhv deyir?

Emin Əmrullayev səhv deyir?
11 iyul 2023
# 14:38

Kulis.az Rəna Nevzatın "Emin Əmrullayev nəyi səhv deyir?" adlı yazısını təqdim edir.

Elm və təhsil naziri Emin Əmrullayev son ilin ən dəbdə olan məmurudur. Nazir hər həftə bir brifinq edib, orda camaatın alışmadığı, daha doğrusu, normalda məmurların kamera arxasında dediklərini, bir az da deyindiklərini mətbuat konfransında, medianın iştirak etdiyi toplantılarda deyir. Sonra da dönüb olur müzakirə mövzusu...

Emin Əmrullayev mahiyyət etibarilə açıq fikirli adamdı, emosionaldı, xeyli vaxt davam edən müşahidələrə əsasən demək olar ki, tənqidi çox sevir ( səhv başa düşməyin, özünün başqalarını tənqid eləməsindən söhbət gedir).
İndiki nazir keçmişdə təhsil problemləri ilə məşğul olub, bəlkə də buna görədir ki, təhsilin problemlərini pis bilmir, xeyli yaxşı sadalayır. Emin müəllimin ən yaxşı cəhəti odur ki, reallığı görə bilir, özünü də, cəmiyyəti də aldatmır. Bu, çox yaxşıdır, çünki problemi görmədən onu həll eləmək mümkün deyil.

Məsələnin pis tərəfi isə odur ki, Emin müəllimin gördüyü kiçikdən böyüyə əksər problemlər həll olunmamış qalır. Fakt bundan ibarətdir ki, indi Elm və Təhsil Nazirliyində bürokratiya daha çoxdur. Bürokratiya olan yerdə isə vətəndaş onu aradan qaldırmaq üçün mütləq qeyri-şəffaf yollara baş vurmaq məcburiyyətində qalır. Bu yolların “innovativləşdirilməsi” hələ vəziyyətin yaxşı olmağı anlamına gəlmir.

Emin Əmrullayevin müəllimlər, onların savadlılıq dərəcəsi, sertifikasiya nəticələri, lap elə “25 yaşdan yuxarı olanların 60 faizinin oxuduğu mətndə əsas fikri başa düşə bilməməsi“ ilə bağlı dedikləri faktlara, araşdırmalara, rəqəmlərə əsaslanıb. İfadə formasını doğru seçməyə bilər, amma çox düz deyir ki, Azərbaycanı vaxtilə beynəlxalq təhsil reytinqlərindən “ermənilər orda bizə qarşı təxribat törədir” yalanı ilə kənarda qoymaq özümüzü aldatmaqdan başqa heç nə deyildi. Dünya bu beynəlxalq təhsil reytinqləri ilə işləyir. Heç yerdə təhsil sferasında fikri nə Etibar Əliyev kimi savadlı ekspertin fikirləri, nə də ömründə iki kitab oxumayan adamların “bizdə təhsil yoxdu” qənaəti formalaşdırır. Heç bir ali məktəb reytinqini facebook, tik-tok rəyləri ilə müəyyən etmir. Konkret ölçü sistemləri, göstəricilər var, o göstəricilərə uyğun olmadığı üçün universitetlərimiz siyahılarda çox geridədirlər.

Emin Əmrullayev özündən nəsə kəşf eləmir, oxuduqlarını deyir, əlində olan rəqəmlərlə ortaya çıxan nəticəni söyləyir.
Amma bütün bunları eləyəndə, deyəsən, bir məqamı unudur. O, siyasi vəzifə daşıyır və az qala hər evində rəhbəri olduğu nazirliyə bağlı bir neçə fərdin olduğu bu cəmiyyəti tanımağa, onun klişelərini və düsturlarını bilməyə borcludur. Eyni zamanda onu da bilməlidir ki, bu ölkədə xeyli adam nazirin sadaladığıproblemləri onun qədər olmasa da, bilir, görür və yaşayır. Amma Emin müəllimin bizdən fərqli olaraq bu problemləri təkcə bilmək və demək yox, həm də həll eləmək səlahiyyəti var. Özü də əksər məsələlərdə üst səlahiyyət onundur.

Məsələn, o bağçalara qəbul problemini həll edə bilər. Deyəcəklər ki, bağça azdır, o zaman hörmətli nazir bağçalara lisenziya verilməsi ilə bağlı tabeliyindəki idarənin yaratdığı mənasız və düşük bürokratiyanı aradan qaldıra bilər. O, birinci sinfə qəbuldakı “tapışları” yığışdıra bilər. O, “rus sektoruna qəbul” prosesində hər il yaşanan “adam axtarma əzabının” qarşısını ala bilər. Çoxlu belə sadəcə yerli təhsil strukturunun həll edə biləcəyi məsələlər var ki, bunlar adamları bezdirir, canını boğazına yığır. Və bundan da böyük problemi nazirin dilindən eşidəndə ilk reaksiya belə olur: “Bilirsənsə, həll elə”.

Elm və təhsil ağır sahədir, millətin taleyidir. Orda radikal dəyişikliklər etmək mümkünsüzdür və bu cəhd qarşısı alınmaz faciələrə səbəb ola bilər. Elm və təhsil böyük sərmayə və yatırım tələb edən sahədir. Amma inkişafın, var olmağın və yaşamağın bundan başqa da yolu yoxdur. Ona görə də elm və təhsil naziri həmişə cəmiyyətin diqqətində, müzakirəsində və tənqidində olacaq. Emin müəllim isə bir az da özü buna cəhd edir)

Emin Əmrullayevin “25 yaşdan yuxarı olanların 60 fazidən çoxu oxuduğu mətndəki əsas fikri başa düşmür” açıqlaması ilə bağlı müzakirələrin istiqaməti isə onun bu fikrinin doğru olduğunu təsdiq edir. Çünki gerçəkdən də başa düşmürlər...
Emin Əmrullayev deyir kiiiii, vaxtilə bizim təhsil sistemi üçün prioritet olan nə oxumaq yox, nəqədər oxumaq olub. Yəni, uşağın kitabı üzündən yaxşı oxumasının göstəricisi, onun bir dəqiqəyə neçə söz oxuması ilə müəyyənləşib.Daha sonradan prioritet dəyişib, sənin bir mətni hansı sürətlə oxumağın heç kimin vecinə deyil, əsas məsələ oxuduğun mətndəki əsas fikri başa düşməyindir. Sürətli oxu yox, oxuduğun mətndə əsas məqsədi, qayəni başa düşmək prioritetdir.

Birinci, bu heç bir halda 25 yaşdan yuxarı 60 faiz əhalinin oxuduğunu başa düşməməsi demək deyil. Adam deyir ki, oxuduğu mətndəki ƏSAS FİKRİ başa düşməyib. Elə bu məsələ ətrafındakı ajiotaj da göstərir ki, düz deyib. Heç onun da dediyi mətndəki əsas fikri başa düşmədilər.

Biz oxu, yazı vərdişlərimizi əksərən təhsil prosesində mənimsəyirik, ikinci mənbə ailə üzvləridir, onları da eyni təhsil sistemi yetişdiribsə, deməli, yenə də qaydalar dəyişmir. Savadlılıq göstəricisi oxuduğun mətndəki əsas fikir yox, sürətli oxumağa fokuslanmaq olubsa, bu təhsil sisteminin yetirməsi əksərən oxuduğu mətndəki əsas fikri başa düşməyəcək də. Öyrənmədiyini və sənə öyrədilməyəni bilməyin mümkün deyil. Adamın beyninə xüsusi neyronlarla bilik idxal edilmir. Bu, aksiomadır, Emin Əmrullayev də bunu deyib. Sadəcə, doğru yerdə deməyib, təhsil ekspertinə deyilməli olan sözü, camaata deyir və özünü müzakirə mövzusu edir.

Sual oluna bilər ki, təhsil eksperti, kifayət qədər savadlı Etibar Əliyev də nazirin bu fikrini tənqid eləmişdi. Etibar Əliyev Emin müəllimin nə dediyini çox gözəl başa düşür, sadəcə, bildiyimiz, manipulyasiyanı sevən, öz aramızdır, yaxşı da bacaran Etibar Əliyevdir. O, çox gözəl bilir ki, bu məsələdə Emin Əmrullayevin elədyi səhv fikrin publik söylənilməsidir. Etibar Əliyev bu fikrin mahiyyətinə varacaq qədər savadlı, bilikli, pedoqoji və metodiki yenilikləri izləyən, bilən biridir. Əgər Əmrullayevlə dost olsaydı, onun bu fikrini ən yaxşı müdafiə edən və lazımlılığını sübut edən də elə Etibar Əliyev olardı)

P.S. Etibar Əliyevin nazirə göndərdiyi şəxsi mesajın sosial mediada, həm də saxta profillərlə ictimailəşdirilməsi isə yumşaq desək, biabırçılıqdır. Bu, Elm və Təhsil Nazirliyinə yaraşan metod olmadı.

# 4858 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #