Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Bölgələrdən birində ögey ata iki yaşlı qız uşağına şiddət göstərib, bədənində siqaret söndürüb...
Arabir belə xəbərlər çıxır rastımıza və bu hadisələrin arabir çıxan xəbərlərlə məhdudlaşmadığını hamımız yaxşı bilirik. Nə qədər belə hadisə ailə içində ört-basdır edilir. Aydın məsələdir, camaatdan eyibdir axı...
Xəbərdə yazıldığına görə, ögey ata narkotik istifadəçisidir. Və zənnimcə, hadisəni törədərkən də narkotik vasitələrin təsirində olub. Bu məqamı sırf birtəfərli münasibət bildirməmək üçün qeyd etdim.
Başqa şey demək istəyirəm.
Daha doğrusu, məsələnin kökünə getmək istəyirəm. Əlbəttə, nə qədər mümkündürsə, o qədər.
Məncə, məsələnin köklərindən biri ailə institutunun formalaşmamasıdır. Sözümü qəribçiliyə salmayın, qulaq asın, nə deyirəm.
Camaatın Ayda “keçi kimi tullanıb-düşdüyü” (“Sehrli xalat”), Marsa gedib-gəlməyə başladığı vaxtlar gəlib çatıb, amma Azərbaycanda hələ də ailə institutu formalaşmayıb. Uzağa getməyək, elə ətrafımıza baxaq. Ətrafımızda tanıdığımız cavanlardan neçəsi öz sevdiyi-seçdiyi adamla ailə qura bilir? Çox az hissəsi. Əksər evliliklər ata-ana, nənə-baba, ağsaqqal-ağbirçək məsləhəti ilə gerçəkləşir. Əlbəttə, bu barədə ən çox bəxti gətirməyənlər qadınlardır. Hər nə qədər olmasa da, oğlanların azadlığı daha çoxdur. Qız uşağına isə hələ də əksər ailələrdə yük kimi baxırlar. Ona görə ya ilk qapını döyən elçiyə verirlər, ya da maddi təminat cəhətdən ən uyğun bildiklərinə. Qızların da çoxusu buna etiraz etmir, etiraz edə bilmir. Çünki “atam itə də versə, gedəcəyik” təfəkkürü ilə böyüdülüblər. Bəs nə üçün təfəkkürlə böyüdülüblər? Çünki anaları da vaxtikən bu təfəkkürlə böyüdülmüşdü.
Bu ailə institutu, evlənmək mövzusunu nahaqdan açmadım. Zorla qurulan ailələri də bilirsiniz. Eləsi var dilini udub dözür, eləsi var dözə bilmir. Ayrılır.
Cəmiyyətimizdə boşanmış qadınlara necə baxıldığını, nücə münasibət göstərildiyini məndən də yaxşı bilirsiniz. Hələ uşaqla “qayıdıbsa”, vəziyyət bir az da gərginləşir. Əksər hallarda ailə “tezbazar” kiməsə verib qızından da, nəvəsindən də yaxasını qurtarmağa çalışır.
Axırda da ortaya yuxarıda qeyd etdiyim kimi mənzərələr çıxır. Ailə zorakılığı, ögey ata/ögey ana zülmü...
Axı boşanmış kişilərin avantajı boşanmış qadınların avantajından daha çoxdur. Boşanmış kişi çox rahatlıqla evlənmək üçün “əli kişi əlinə dəyməmiş” qız uşağı istəyə bilər. Boşanmış qadının ağzı nədir subay oğlana getsin? Əgər hələ də onu qəbul edən, xüsusən də, “yanındakı küçüyüylə” qəbul edən varsa, allahına şükür eləsin.
Nəsə olanda da, qadının səsini çıxartmağa hünəri çatmır. Onsuz da gözükölgəli adamdı. “Yaxşı olsaydı birincidən çıxmazdı ki...”
Ara yerdə olan yazıq tifillərə olur. Eləmədiyi günahların altını körpələr çəkir. Böyüklərin səhvlərinə görə uşaqlar cavab verir.
O siqaretin yeri uşağın bədənindən gedəcək, amma psixikasından silinməyəcək heç vaxt. Haçansa hansı yollasa özünü göstərəcək. Mütləq göstərəcək.
Soruşacaq ki, niyə?
Amma ona cavab verən olmayacaq.
Çünki bu sualın cavabı yoxdur...