Əkrəmin qulağına gələn səs

Əkrəmin qulağına gələn səs
18 may 2020
# 18:51

Kulis.az Rasim Qaracanın “Əkrəm Əylislinin “Ölmüş arvadların qayıtmağı” hekayəsi üzərinə notlar” essesini təqdim edir.

Əvvəla onu deyim ki, bizdə hər hansı bir əsər haqqında analitik yazı yazmaq ənənəsi çox zəifdir, belə yazıları gərək gündüz çıraqla gəzəsən. Çox vaxt şeir, hekayə, roman və ya hər hansı bir kitab haqqında rəylər “yaxşıdır-pisdir”dən uzağa getmir, uzaq başı bu rəylər xoşum gəldi-gəlmədi-bəyəndim-bəyənmədim-mənim zövqümə uyğun deyil-bərbad əsərdir və ya möhtəşəmdir-şedevrdir-dünyaya çıxarılası əsərdir və s. kimi ifadə olunar. Ə. Ə.-nin məlum hekayəsiylə bağlı da buna bənzər reaksiyaların şahidi olduq. Tərifləyənlər nəyə görə təriflədiklərini, tənqid edənlər nəyə görə tənqid etdiklərini dilə gətirmədilər. Amma heç olmasa, son illərdə ilk dəfə bir hekayə haqqında səthi də olsa müzakirələr baş tutdu, yoldan keçən adamlar da küyə düşüb hekayəni oxudular. Bunlar yaxşıdır. Dedim bəs mən nəyə görə dəstədən dala qalım? Hekayə haqqında bəzi qeydlərimi şəbəkə müzakirələrində paylaşsam da, burada nisbətən daha geniş yazmaq istəyirəm.

Hekayənin qısa məzmunu belədir: 80 yaş üzərində qəhrəmanın – professor Məmmədəlinin qulağına səslər gəlməyə başlayıb, uşaqlıq dostu həkim Cabbara zəng edir, görüşürlər, dərdini danışır, arada tut arağı içib köhnə xatirələri yada salırlar, sonda Məmmədəli ilk dəfə dostuna öz ilk sevgisini etiraf edir. Hekayə kövrək notlarla sona çatır, hətta Məmmədəli sevgilisindən danışanda ağlayır.

Mənim hekayəçilik anlayışıma görə hər hekayədə kiçik də olsa bir hadisə olmalıdır. Bu hekayədəki hadisə Cabbarın Məmmədəlinin evinə gəlməsindən, birlikdə qurudlu yemək hazırlayıb araq içmələridən ibarətdir. Yerdə qalanlar xatirələrdir. Dolayısıyla əsərin hadisə bazası çox zəifdir, dinamikadan məhrumdur. Hətta, bu “hadisə” nə qədər trivial olsa da yazıçı onu sona qədər davam etməkdə qərarlı deyil. Ən sonda, proloq hissəsində, oxucu özünü heç dəxli olmadan, birdən-birə Cabbarın evində görür, məlum olur ki doktorda da eşitmə hallüsinasiyası yaranıb, vaxtilə öldürmüş olduğu pişiyin səsini eşidir. Proloq hissəsi göstərir ki, əsərin ideyası yazıçının özünə də aydın deyil, hansı məsajı verəcəyində qərarsızdır. Bilmək olmur yazıçı oxucunu kövrəltmək istəyir, yoxsa heyrətləndirmək. Hekayənin ikimərkəzli olması məncə onun təsir gücünü azaldır.

Əsas hadisənin personajları Cabbar və Məmmədəli hər nə qədər “doktor”, “professor” olsalar da, yazıçı onları oxucuya “mədəni” və ya “dərəcəli” insanlar kimi təqdim etsə də, sonradan onların kənd ruhu ilə yaşayan, hələ kəndçi həyat tərzindən qopmamış insanlar olduğu məlum olur. Həkim və professor adı altında bayağı xatirələrdən zövq alan, təsirlənən, Cabbarın Əzra arvadın pişiyini təpəsindən daşla necə vurmasını şirin bir xatirə kimi yada salan iki ixtiyar insan. Kəndçi olmaqda aşağılanacaq bir şey yoxdur, bunu demək istəmədim, ancaq yazıçının öz qəhrəmanlarına belə yüksək rütbə taxmasına nə ehtiyac vardı? Yoxsa o özü kəndçi olmanı qəbahət bilir, qəhrəmanlarının “65 ilin bakılısı” olduğunu qeyd etməyi unutmur?

Ədəbiyyatımızın əsas problemlərindən biri bax budur, kəndçini kəndçi kimi yazmaq, onu şəhərli və ya yarımşəhərli kimi süni qiyafətə bürüməmək. Nə isə, bunu keçək.

Yazıçı əsərin avtobioqrafik olduğunu demək olar ki gizlətmir və ya bunu bacarmır. Bir-iki yüngül ştrixlə Məmmədəliyə fərqli bir kimlik verməyə çalışır (bu ştrixlər də qondarmadır, 65 ilin bakılısı olduğuna görə professorun təqribən 85 yaşı var, qızının uşaqları daha böyük yaşda olmalı idilərr, lakin “böyük qızı 13 yaşındadı, kiçiyinin 5 yaşı var”, zaman hesablaması məncə uyğun deyil), lakin bu cəhdlər uğursuzdur, Məmmədəlinin Əkrəm Əylisli olduğunu təsdiq edən elementlər daha güclüdür. O zaman, sual yaranır, nə üçün yazıçı bu əsəri sadəcə oalraq öz xatirəsi kimi danışmır, belə olsaydı o daha inandırıcı və təsirli alınmazdımı?

Həkim Cabbar, psixoloq kimi təqdim olunsa da dostunun neyrokoqnitiv pozuntularına qarşı hər hansı peşəkar məsləhətində bulunmur. Şizofreniyanın bir əlaməti olan akoizm – eşitmə hallusinasiyası haqqında isveçrəli yazıçı Frans Hohlerin “Qapı döyülür” adlı çox gözəl bir romanı var. Romanda əsərin qəhrəmanının qulağına qapı döyüntüsünün səsi gəlir. Romanı oxuduqca eyni zamanda bu xəstəlik haqqında çoxlu informasiya alırsan. Bu romanda da əsərin qəhrəmanı həkimdir, o hər an qapının döyüləcəyini və cavan yaşda itirdiyi sevgilisinin gələcəyini gözləyir, o ilk sevgidən üzünü görmədiyi bir qızı da var və ailəli olduğu üçün bu sirrin açılmasını istəmir. Sonunda 120 kilo çəkisi olan bir qız qapını döyür və deyir, mən sənin qızınam. Skandal yaranır, arvadı, oğlu bu hadisəni həzm edə bilmir, lakin kişi avtoqəzada komaya düşəndə ailə və yeni tapılan qız birlikdə onun ayılmasına dua edirlər. Romanın çox gözəl məsajı var: həyat bütün hallarıyla gözəldir, onu qəbul etməlisən.

Bizim hörmətli yazıçı özünə zəhmət verib eşitmə hallusinasiyası haqqında yarım saatlıq bir araşdırma aparsaydı, məncə hekayənin təsir gücünü xeyli artırmış olardı.

Lakin həkim Cabbarla professor Məmmədəlinin söhbətləri elmilikdən uzaqdır. Bəzi yerlərdə isə bayağıdır. Sevgilisi Sərəni yuxuda görən, Sərənin gəlib yanında uzandığını danışan Məmmədəliyə həkim Cabbar görün nə deyir:

“- Yaxşı kef eləmisən. – Cabbar gülə-gülə dedi. – Heyif ki, niyyətin axıracan baş tutmayıb. İndi bir nazənin gəlib yanında uzansa, de görüm, o niyyət baş tuta bilər?

– Sərən olsa, baş tutar. – Məmmədəli inamla dedi…”

Yəni, səksənbeş yaşlarında iki oxumuş adam, biri həkim, o biri professor, biri birilərinə şeir oxusalar da (həkimin 4-5 şeir kitabı da çıxıb), nostaljik hisslərə qapılıb guya ülviyyət dəryasında üzsələr də mənəviyyat göstəricilərinin beldən aşağıda olduğu ortaya çıxır. Kənd arvadlarının dilindən danışarkən məllif açıq sözlüdür: “Otu da mənə biçdirir şorgöz oğraş. Həyətin suyunu da mənə suvatdırır yekədaşşaq köpəyoğlu. Nə damın qarını tökür, nə inəyin pox-püsürün yığışdırır. Əlindən bir o gəlir ki, gündə 3-4 dəfə basmarlayıb qayırsın məni”, ancaq ağ insanlara, həkimə və professora gələndə nədənsə ədəb-ərkanlı cümlələr çıxır ortaya: “İndi bir nazənin gəlib yanında uzansa, de görüm, o niyyət baş tuta bilər?” deyir Cabbar həkim, ta “İndi bir nazənin gəlib yanında uzansa, de görüm, qayıra bilərsən?” demir.

Kənd hadisələri, kənd leksikonu Əkrəmə doğmadır, burada o özünü suda balıq kimi hiss edir, kompleksə qapılmır və talantını geniş yelpazədə göstərə bilir. Lakin elə ki şəhər mövzularına gəlir, yazarın elə bil əli-qolu bağlanır, süniləşir və cümlələri qısırlaşır. Bu şəhərli olmaq, mədəni olmaq kompleksi, olduğundan bir boy yüksək görünmək iddiası Ə.Ə.-nin bütün yaradıcılığından qırmızı xətt kimi keçir və bu hekayədə də özünü qabarıq göstərir. Qəhrəmanların şəxsiyyətləri ikilidir, bu isə səmimiyyəti yüzdə əlli azaldır və oxucuda qeyri-müəyyənlik hissi yaradır.

Hekayənin giriş hissəsi, Cabbarın taksiylə dostunun evinə gəlməsi, yemək bişirmə səhnəsi və Məmmədəlinin qızı, nəvələri və yeznəsi haqqında olan təsvirlərdə Əkrəm deplasmandadır, uğurlu deyil, tipik sovet yazarıdır və ümumiyyətlə bu hissələr hekayədə artıqdır, kəsib atsan hekayə heç nə itirməz.

Bu cür ziddiyyətli, sual doğuran məqamlar çoxdur hekayədə, ancaq uzun sözün qısası yaxşıdır. Sonda bir qeydimi də hal-hazırda yaşayıb yaradan bütün Azərbaycan yazıçılarının nəzərinə çatdırmaq istəyirəm. Usta bir yazıçının bir hekayəsində özünü göstərən parazitlərin bu qədər çox olmasına səbəb Azərbaycan yazıçısının özünü tənqidi fikrə qapamasıdır. İstər cavan olsun, istər yaşlı, hər bir şair, yazıçı, qələm adamı ədəbiyyatda öz qalasını tikib oturub, hasarını qaldırıb, quş quşluğuyla bu hasardan keçə bilmir. Beləliklə yazıçı özünü yeniləyə bilmir, öz nöqsanlarını görmür və qurmuş olduğu qala onun həbsxanasına çevrilir, içəridə çürüyür və nəticədə qulağına səslər gəlir. /alatoran.com/

# 6496 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #