Sabir Əhmədlini səs kimi xatırlayıram

Sabir Əhmədlini səs kimi xatırlayıram
10 iyul 2023
# 17:19

Kulis.az Rasim Qaracanın "Telefonumda üç səs" yazısını təqdim edir.

Telefonumda itən, yox olan, əriyib zamana qarışan üç səs haqqında danışmaq istəyirəm. Duyğusal notlara köklənib oxucunu da kövrəltmək niyyətim yoxdur, sadəcə öz müşahidəmi bölüşmək istəyirəm, qoy bu yazı qup-quru, qaralama bir yazı olsun...

İndi şəhər telefonları dəbdən düşüb, demək olar ki, istifadəsiz hala gəlib. Şəxsən mənə, artıq neçə ildir ki, şəhər telefonuyla kimsə zəng etmir, sadəcə operatorun aylıq abunə haqqını xatırladan zəngləri istisna olmaqla...

Bir neçə il bundan əvvələ qədər telefonum daha canlı idi və 3 nəfərlə davamlı telefon əlaqəm vardı. Bunlardan biri böyük yazıçımız Sabir Əhmədli idi.

Azacıq xırıltılı səsi hələ də qulağımdadır. Tez-tez zəng etməzdi, ancaq onun zənglərindən utanardım. Axı mən diqqət göstərməliydim, mən zəng etməliydim. Guya çox məşğul idim, işim başımdan aşırdı. Bu nisgil hələ də ürəyimdə qalır, nə üçün Sabir müəllimə qarşı daha diqqətli olmadım.

Qonşu sayılırdıq, aramızda Yasamal gölü vardı. İki addımlıq məsafəni qət edib qapısını döymədim. Bu peşmanlıq hissi yaxamı buraxmayacaq, bilirəm... Qəribədir ki, Sabir müəllimi səs kimi xatırlayıram, adı gələndə yumşaq, xırıltılı, məhrəm səsi beynimdə canlanır. İndi o səs yoxdur artıq...

İkinci səs Rafiq Tağının səsiydi. Tez-tez danışırdıq ev telefonuyla, az qala hər günün normativiydi onunla danışmaq. Qarşılıqlı olaraq biri-birimizə zəng edirdik.

Rafiqin telefondakı səsi gündəlik həyatımın dəyişməz bir naxışıydı. Bir-iki gün zəng eləməsə şəhər həyatının polifoniyası pozulardı sanki, ya yer bir az göyə, ya da göy bir az yerə yaxınlaşmış olardı...

Rafiqin həqiqətpərəstliyi dostluğunun fövqündəydi hər zaman. Bəzən hansısa bir məsələdə fikirlərimiz çatışardı, hər ikimizin əsəblərimiz gərilər, telefon məftillərinin qızmasına səbəb olan sözlər işlədərdik. Qərarım qəti olurdu, artıq bir də bu adama zəng etməyəcəm, deyirdim özüm özümə. Ancaq Rafiqin ürəyi daha böyük idi, bir-iki gün keçəndən sonra zəng edərdi, heç nə olmamış kimi hal-əhval tutardı. Əlbəttə, növbəti dəfə məni utandırardı. Özünəməxsus batıq səsi vardı. Heç vaxt unudulmayacaq bir səs...

Üçüncü səs Nurəngiz Günün səsiydi. Güneylilərə məxsus aramla danışardı, şairanə səs tonu vardı. Hardasa mənim bir şeirimi oxumuşdu:

gözlərimə yaxşı bax, gör bir orada nə qədər uçurum var”..., xoşuna gəlmişdi bu misra, həmişə yada salardı. Çox öyərdi, tərifləyərdi, mənə, Alatoran hərəkatına böyük simpatiyası vardı. Hərdən soruşardı: “Yoldaşın səni başa düşür?” Məndən ötrü çox narahat idi, işlərimin yaxşı olmasını ürəkdən arzu edirdi. Son dərəcə həssas, kübarzadə bir xanım.

Təqribən 10 il boyunca Nurəngiz xanım mütəmadi olaraq, ən azı ayda bir dəfə zəng edib hal-əhval tutdu. Həyatda çox az görüşdük, tədbirdən-tədbirə rastlaşdıq. Ona qarşı da yetərincə diqqətli ola bilmədim, heç olmasa bir dəfə mən onu arasaydım, hal-əhval tutsaydım, indi yadıma düşəndə bu qədər nisgil yaşamazdım, bəlkə.

Son günlərindən xəbərim olmayıb, xəstəlik anlarında ona təsəlli ola bilərdim. Nurəngiz xanımın, o böyük ürəkli insanın ölümüylə telefonum əbədi sükuta qərq olub...

Bu üç səs nə qədər qiymətliymiş, bilməmişəm...

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

# # #