Bu gün Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Kulis.az bu münasibətlə Xalq şairi Ramiz Rövşənin dillər əzbəri olan "Əbülfəz Elçibəyə" şeirini təqdim edir.
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daşqalaq eylər.
Bir əlində daş var,birində Quran,
Daş atan bilirmi nə günah eylər?!
Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: "Var olun,qan qardaşlarım",
Məni təzə daşa kim qonaq eylər?!
Hər daş özü boyda köz olub yanar,
Cana damga kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan başa çılçıraq eylər.
Bircə tilsimin var -
Sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?!
Tanrı Tanrıdırsa, öz elçisini
Min bir daş altında yenə sağ eylər.
Sən dözərsən ağrısına,
Daş dözməz,daş haray eylər.
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər...