Hər bir insanın taleyi doğuluşundan alnına yazılır. Nə yazıldısa, odur. Sonradan heç kim heç kimin, yaxud özünün taleyində dəyişiklik etməyə qadir deyil. Kimin başına da nə gəlirsə qədəridir-deyirlər. Yaxşı, qəbul etdim, elədir, amma bir məqamı anlaya bilmirəm. Görəsən, torpağı işğal olunan, özü didərgin salınan, şəhid olan, əsir düşən insanların da taleyinə bu başına gələnlər doğuluşunda yazılır?! Bütöv bir millətin taleyinə yazılır ki, millət kimi sənin başına filan müsibətlər gələcək? Elədirsə, bəs, bunu yazanın ədaləti hardadır? Biz bunu yazana necə itaət edə bilirik? Bütün bu suallara cavab tapan varsa desin, mən də bilim. Yoxsa... Partlayacaq bu dərdə bülənd olmuş qəlbim.
Bir aya yaxındır ki, bir kitab oxumuşam. Çox sevdiyim bir xanım verdi ki, oxu, sənə çox təsir edəcək bu əsər. Bilir ki, Fələstində baş verənlərin, qırılan körpələrin burdan oturub halına için-için yanıb, dərdini çəkib göz yaşı tökənəm.
Oxudum əsəri, daha doğrusu birnəfəsə hardasa əlliyə yaxın səhifəsini oxudum. Bir də hiss etdim ki, kitab əlimdən sağa gedir, başım əks tərəfə, dünya gözümdə qaralıb fırlanır. Tez səhifəni qatlayıb kitabı qoydum kənara.
Bir də üstündən bir neçə gün keçəndən sonra yenidən götürüb ikinci nəfəslə birnəfəsə oxudum. Yandım, külüm gözə görünmür, çünki yanıb-yanıb öz içimə tökülmüşəm. Bu bədii təxəyyüllə deyilən ifadə deyil, doğrudan elə hiss edirəm ki, yanmışam, külüm içimə səpələnib.
Əsərdə söhbət nə Fələstindən gedir, nə Suriyadan, daha yaxından - Qarabağdan gedir. Özü də düşünülmüş süjet, bədii təxəyyül məhsulu deyil bu roman, yaşadığımız zamanın məhsuludur.
Söhbət adını indiyə qədər eşitmədiyim bir müəllifin – Meyxoş Abdullayevin “Əsir qadın” romanı barədədir. Bu əsər müəllifin yeddinci kitabıdır.
Təsəvvür edə bilərsinizmi, dünyanın o başında baş verənlərdən təsirlənən kəs öz doğma Qarabağında olanlardan, öz millətinin başına gətirilənlərdən hansı hallar keçirər. Bu əsəri oxuyub başa çatdırınca, ondan sonra da indiyə qədər həmin halları yenidən yaşayıram.
Erməni dığalarının əlinə əsir düşmüş qarabağlı qadının şərti adı Səidədir. Bir qadından danışılır, olmuş hadisədir, amma əslində yüzlərlə azərbaycanlı qadının erməni əlində başına gətirilənlərdir, oxuduqca yaşadım.
Bu qadın türkdür, üstəlik əri ermənilərin başına pul qoyduğu zabitdir. Qucağında da körpə oğlu ermənilərə əsir düşür. Ərinin onun gözləri qarşısında başını kəsib ağaca keçirilər, ötüb-keçən hər erməni o başın da başına oyunlar açır, qadının gözləri önündə. Qadın bir insanın deyil, yüz insanın çəkə bilməyəcəyi yüklü həyatı yaşayır, ölüm də ona qəhət olur.
Övladını qorumaq üçün nələrdən keçir, sonda onu da itirir. Yox, daha deməyəcəyəm, çünki nələr olduğunu danışsam, yenə xəstəxanalıq olacağam, artıq içimdə necə bir təlatüm qalxdığını hiss edirəm.
Romanı oxuyub başa çatdırandan bir iki gün sonra müəllifin nömrəsini kitabın arxasından tapıb özünə zəng elədim. Rayonda yaşayır. Dedi ki, əsəri yazıb başa çatdırandan sonra uzun müddət xəstə yatmışam, indi-indi şəfa tapıram.
Soruşdum ki, əsərdə hansı hissələr olanlar deyil, uydurmadır. Dedi ki, yalnız sonluğu, çünki qadın dünyasını dəyişəndən sonra Rusiyada dəfn olunub, amma əsərə görə onu müəllif Azərbaycanda gətirib dəfn edir.
Oxuyun bu əsəri, ona görə ki, yalnız yaxşı əsər olduğu üçün hansısa əsəri oxumaq insanın özünü sevməsidir, eqozmidir. Heç olmasa hərdən elə əsərləri oxumaq lazımdır ki, orda bizim gerçək tariximiz, taleyimiz, həqiqətimiz olsun. Oxuyaq, bilək. Bilək ki, kiməsə də sübut etmək lazım gələndə dilimiz topuq çalmasın. “Norveç məşəsi”ni də oxumaq olar, amma “Əsir qadını” oxumaq daha vacibdir.
“Norveç meşə”si, yoxsa “Əsir qadın”?
21 noyabr 2012
15:12
5176 dəfə oxunub