10 bacısı, 6 qardaşı olan Xalq artisti PORTRET

10 bacısı, 6 qardaşı olan Xalq artisti PORTRET
15 may 2015
# 20:00

Onun haqqında yazılarımdan birində belə bir cümlə işlətmişdim – Özü olmayanda qədri bilinəcək sənətkarlardandır. Biz beləyik, dəyərli insanları- alimi, ustadı, sənətkarı sağlığında bilmərik, itirəndən sonra itkinin ağırlığını anlayarıq. Nurəddin Mehdixanlıdan danışıram. Bu adı, soyadı tanımayan tapılmaz , soyadını dəyişsə belə.

Soykökü

Onlar Afşarlardır, Mehdixanlı qolu, Qasım xan xətti ilə. Ulu babaları indiki Cənubi Azərbaycandandılar, Urmiya, Əhər, indiki Cəlilabadla sərhəd boyu babalarının torpaqları olub, babasının sərdabəsi də ordadır. Ərazilər də elə Mehdixanlı adlanır. Onun dünyaya gəldiyi Cəlilabad rayonu Tahirli kəndinin ərazisi o vaxt babalarının qışlağı imiş. Babası dəliqanlı adam olduğundan adam öldürdüyünə görə, atası onu da götürüb keçib bu tərəfə-qışlaq ərazilərinə və qayıtmayıb bir daha. Ara bağlanıb bitib hər şey. Sərhəd açılandan sonra onlar qohum-əqrabalarını tapıb, görüşüblər. İndi də əlaqə saxlayırlar.

Uşaqlığın son gecəsi

Uşaqlığı boz atın belində keçib. Atası atı çox sevərmiş, ona görə at saxlayarmışlar. Bir gün atı qonşu kənddə yaşayan bacısıgilə verirlər, səhərisi atası Nurəddinə - get, bacıngildən atı gətir, sabah rayona gedəcəksən-deyir: “Qışdı, şər qarışıb, keçib gedəcəyim yol dağarası yarğandan və dağı aşıb keçməklə, çaydan və qəbristanlıqdan keçir. Qurd dərəsi deyilən yerdir, gündüz vaxtı vahiməlidir, ola ki, qışın qarında axşam vaxtı. Qar, duman, yuxarı qalxdıqca vahimə basır adamı. Özümə nağıllarla, qəhrəmanlarla təsəlli verə-verə keçdim ordan. Geri qayıtmağa bacım qoymurdu, dedim atam gözləyir, deyib atı gətir. Atı mindim, hündür, gözəl at idi, onun belində adam qorxu bilməzdi, qayıtdım evə. Atam hə, gəldin?-deyə bir kəlmə etinasız soruşdu.

Səhərisi gün öz-özümə deyinirəm ki, gecə vaxtı göndərdi, heç sağ ol da demədi. Anam dedi ki, sən gedəndən gələnə qədər evin arxasında dayanıb səni gözlədi. Onlar sevgilərini və narahatlıqlarını biruzə verməzdilər.”

Kənd uşağı, kotandan olan məktəb zəngi

Atasının adı Əzuzulladır, Nurəddin Mehdixanlı onu heç vaxt gülməyən adam kimi xatırlayır. Atası rəhmətə gedəndə qəhrəmanımın 18 yaşı varmış, deyir 18 yaşıma qədər çox təsadüfən atasının dodağını qaçan görüb. Sərt adam olub, amma yaxşı oxuyan uşağı gözünün nuru olarmış. Kənddə iki kitabxana varmış, biri ədəbiyyat müəllimin, bir də onların evində. Evdə ən yaxşı yemək yaxşı oxuyan uşaq üçün olarmış, onların arzusu dərhal yerinə yetirilərmiş.

Anası evdar qadın olub, amma Şura vaxtı o ərazilərdə savadsızlığın ləğvini həyata keçirənlərdən biri imiş bu qadın. Hərf tanımayanlara oxumağı, yazmağı öyrədirmiş. Özü bayatılar, şeirlər yazırmış, ədəbiyyatı çox sevərmiş. 17 uşağı dünyaya gətirib, tərbiyə və təhsil verib bu qadın, 10 qız, 7 oğul. Bəzən onu məktəbə çağırıb sual edərlərmiş müəllimlər ki, bu qədər uşağı necə tərbiyə edirsiniz ki, təhsilləri də yerindədir, tərbiyələri də? Qadın cavab verərmiş ki, onları mən yox, evdəki kitablar tərbiyə edir, çox oxuyurlar ona görə.

“Məktəbə ayaqyalın gedərdik, ayaqqabımız əlimizdə olardı, məktəbin qabağındakı hovuzda ayağımızı yuyub, ayaqqabımızı geyinib girərdik məktəbinə. Məktəb, onun təmizliyi canımızdan əziz imiş demək. Birmərtəbəli kənd məktəblərində çox yaxşı müəllimlər vardı. Bu gün Azərbaycan elminin, incəsənətinin qaymaqları o məktəblərin yetirmələridir. Məktəbimizin heç zəngi yox idi, kotanı yuxarıdan asıb ona dəmir parçası ilə döyəcləyib uşaqları dərsə, tənəffüsə səsləyərdilər.”

Sinfin ən balacaboy uşağı

İlk teatr anlayışı məktəbin özfəaliyyət dərnəyindən formalaşıb. Böyük qardaşı Qabilgilin sinfi tamaşa hazırlayıb, Nurəddin qardaşının da oynadığı o tamaşaya baxıb ilk dəfə. Qabil Quliyev sonradan Neft və Kimya instituna qəbul olunsa da onu yarımçıq atıb İncəsənət institutuna qəbul olur. Eyni yolla qardaşı Nurəddin gedir. Həmin məktəbdə oynadığı tamaşalar sonradan onu İncəsənət instituna gətirib çıxarır, hərçənd atası onu tamam başqa sənətin sahibi görmək istəyib.

“Məktəbdə oynadığım rollar həmişə mağmın, balacaboy obrazlar olardı, çünki sinfin ən balacaboy uşağı idim. 8-ci sinifdə oxuyanda Lənkərandan bizim məktəbə bir riyaziyyat müəllimi gəldi, özü ilə turnik gətirib quraşdırdı məktəbdə, o dartındım ki, bir də gördüm olmuşam hündür. Kənd həyatı çox maraqlı idi, fəsilləri yaşaya bilirdik, hər fəsildə kənd əhalisinin xüsusi ritualları vardı, payız toyları, qış bağlamaları, yaz əkini, yayda qış tədarükü. Bir ay əvvəl Novruz bayramına hazırlaşardıq. İndiyə qədər də uşaqlığım xırda detallarına qədər yadımdadır.”

Atası rəhmətə gedincə onu danışdırmayıb

Orta məktəbi bitirəndən sonra hamı elə bilirdi ki, o, hərbçi olacaq, çünki nəsillərində daha çox hərbiçilər yetişərdi. Atası isə onun hüquqşünas olmasını istəyirdi. Aktyor olmaq ağlının ucundan da keçməzdi. Hər şey Bakıda “26-lar adına teatr dərnəyi”ndən başladı. Hüquq fakültəsinə qəbul olunmaq üçün imtahanlardan da keçmişdi artıq, qəbul kağızını dərnəyin rəhbəri Lütfi Məmmədbəyov alıb cırıq-cırıq eləyib atdı, sən yaxşı aktyor olacaqsan-dedi. Nurəddin sənədlərini alıb İncəsənət institutuna verdi və qəbul oldu. Bunu eşidən atası rəhmətə gedincəyə qədər oğlu ilə kəlmə kəsmədi, Nurəddin evdən heç bir maddi köməklik görmədi. Həm oxudu, həm işlədi. Sərt ataların oğulları sərt həyatla çarpışıb qalibiyyət qazanar.

Adil İsgəndərovun son kursunun tələbələrindən olub Nurəddin Mehdixanlı. Ustadı Ələsgər Ələkbərova oxşadarmış onu, deyərmiş ki, yaxşı aktyor olacaqsan. Vaqif filmini çəkmək istəyirmiş, bu barədə aktyorla söhbətlər aparır, onu bir növ Vaqif üçün hazırlayırmış, amma ömür vəfa etmir, Adil İsgəndərov dünyasını dəyişir.

Əsgərlikdə ordu teatrında məşğul olur, yenə tamaşalar, yenə rollar. İki ildə dörd böyük tamaşa qoyulur və o tamaşalarda oynayır, aktyor-əsgər kimi verilişlərə çıxırdı.

Nurəddin Mehdixanlı televiziyada

Aktyor u, sənətkarı xalqa, kütləyə tanıdan televiziyadır. Sovet vaxtı bir televiziya o missiyanı çox böyük ləyaqətlə yerinə yetirərdi. Sənətkarını tanıdırdı millətə, xalqa. Bu gün telekanal bolluğudur, amma tamaçıya kimi, nəyi təbliğ edirlər bəlli deyil. Orta və yaşlı nəsil Nurəddin Mehdixanlını heç teatra ayaq basmadan tanıyıb, Azərbaycan Dövlət Televiziyasında Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C.Cabbarlının "Solğun çiçəklər" (Bəhram), N.Həsənzadənin "Kimin sualı var?" (İlham), B.Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim) obrazları ilə. Hər biri fərqli xarakterli obrazlardır.

Teatrda və kinoda

Teatr səhnəsində bəlkə də Nurəddin Mehdixanlının bəxti televiziyadakı qədər gətirməyib. Rolları çoxdur, əvvəllər də, indi də. Az sayda televiziya tamaşasındakı olan rəngarənglik çoxsaylı teatr tamaşalarında müşahidə olunmur. Mən onun oynadığı, amma yalnız özümün gördüyüm tamaşaları və rolları sadalayacam. Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev),Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Aydın ("Aydın", Cəfər Cabbarlı),Ərtoğrul ("Afət", Hüseyn Cavid),Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz), Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov),Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), Tağıyev ("Mesenat", Əli Əmirli), Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov), Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid).

Gənclik illərində oynadığı lirik qəhrəmanları çıxmaq şərtilə, mən bir tamaşaçı kimi Nurəddin Mehdixanlı kaloritinə yalnız Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz) bu obrazları yansıta bildim.

Bu aktyor əsil kişi obrazları – Bəbir bəy, Şəmistan ağa , Azərbaycan xanlarının obrazları və bir də Qarabağ müharibəsinin mərd-qəhrəman döyüşçülərini yaratmaq üçün yaranıb. Bir anlıq Nurəddin Mehdixanlını Cahandar Ağa obrazında təsəvvür edin.

Nə yazıq ki, belə bir sənətkarın yaradıcılığının qaynar vaxtı Azərbaycan kinosunun lam vaxtına düşdü. Xəcalətlə deyirəm ki, cəmi 26 filmə çəkildiyi yazılsa da onlardan da yalnız ikisini xatırlaya bildim - Cavad xan (film, 2009) filmində Cavad xan obrazı və Cavid ömrü (film, 2007) filmində Əhməd Cavad.

Ailə

Bu bölümə çatdıq. Bayaq dediyim 17 uşağın hamısı ailə qurub, ən gec evlənən Nurəddin Mehdixanlı olub, 31 yaşında, hərçənd kiçiklərdən deyil.

Oxucu məndən nə tələb elədiyini eşidirəm, amma qəhrəmanımın da öz prinsipləri var, hər iki tərəfə hörmətlə yanaşmaq sadəcə borcumdur. Odur ki, bunları deyə bilərəm. Hər biz Azərbaycan kişisi kimi qəhrəmanım da ailəni müqəddəs bilir, ailəlidior, övladları da var. Və hər bir Azərbaycan kişisinə xas xarakterlə bu bnarədə detallara varmağı arzu etmir.

Pafos barədə

Bilirəm oxucu bir məqama da toxunmağımı istəyir. Dəfələrlə Nurəddin Mehdixanlı barədə söhbətlərdə bu sözün şahidi olmuşam – çox pafosludur. Özüm də hansısa obrazı barədə bu fikri yazmışam bir vaxtlar, amma bu gün gəldiyim qənaət budur- hər bir aktyorun öz obrazları var, tam fərqli də ola bilər, oxşar da, ampula demək istəmirəm, sadəcə Nurəddin Mehdixanlı yerində olanda möhtəşəm olur. Həm də təkcə o, yox, hər kəs, illah da aktyor yerində olanda. Onu yerinə isə rejissor qoyar, özü heç vaxt bunu edə bilməz, bu daxilən görə bilər, həyata keçirə bilməz, çünki rejissorda asılıdır. “Xəcalət”də Vətəni pafossuz realizə edir. Sayını artıra bilərəm belə obrazlarının, amma Əmir Teymuru pafossuz necə oynamaq olar, sizcə.

Son söz

Onun yox, haqqında olan bu yazının son sözüdür bu. Onun hələ deyəcəklər çoxdur, qarşıdadır:

“Hər bir aktyor arzu edər ki, sənət yolu mənimki kimi olsun, amma mən daha böyük işlər üçün yaranmışam, daha böyük işlər görə bilərəm. Elə şeylər öyrənmişəm bu sənətdə ki, daha kamil işlər qoya bilərəm ortaya, ona şərait yoxdur. Almazla işləməyi öyrənmiş zərgərə hələ də aliminum, mis verirlər. Axı, zərgər nalbənd deyil. Deyirlər tamaşaçı gəlmir teatra, yalandır, yaxşı tamaşanın tamaşaçısı var. Özül düzgün qoyulmasa nəticədə yaxşı iş qoymaq olmaz ortaya. Şəraiti peşəkarlara yox, delitantlara yaradırlar. Yaşa, müəyyən yaşa çat və özünə sual ver düzmü yaşadım? Boşunamı yaşadım? – çətindir bu suallara cavab vermək. Pessimist deyiləm, reallığı görürəm sadəcə.”

# 3013 dəfə oxunub

Müəllifin son yazıları

# # #