İsa Hüseynovun həyat yoldaşı Firuzə xanım dünən vəfat edib. O, bir neçə il əvvəl Kulis.azın "Yazıçı xanımı" layihəsində qonaq olmuşdu. Həmin müsahibəni təqdim edirik.
Firuzə xanımının İsa Hüseynovun həyat yoldaşı Firuzə xanım Ramilə Qurbanlının “Yazıçı xanımı” layihəsində.
Firuzə xanım ixtisasca həkim olsa da heç vaxt işləməyib. İşi-gücü İsa Hüseynova əsərlərini yazmaqda kömək etmək olub. Bəli, kömək etmək, çünki hər böyük kişinin arxasında möhtəşəm bir qadın durur. Firuzə xanımın danışdıqlarından sonra bir daha bu nəticəyə gəldim.
Toyumuzu qadınlar çırtıq çalıb oxumaqla elədilər
Biz İsa ilə xalaoğlu, xalaqızıyıq. Aramızda elə bir söhbət olmamışdı. Bir gün mənə başqa yerdən elçi düşdülər, İsanın atası bizə gəlib elçilərə dedi ki, mən Firuzəni heç kimə vermirəm, çünki onu öz oğluma alacam. Söhbət mənə çatanda dedim ki, o, mənim xalam oğludur, qardaşımdır, mən ona gedə bilmərəm. (Söhbətin bu yerində öz masası arxasında əyləşib başı aşağı öz işindəymiş kimi təsəvvür yaradan İsa Hüseynov ürəkdən güldü. Firuzə xanımın isə onun gülüşünə dodağı qaçdı və söhbətinə davam etdi.)
Mən Bakıda oxuyurdum, anamdan məktub gəldi. Yazırdı ki, qızım, xalan və onun əri olmasaydı biz atan müharibədə həlak olandan sonra Allah bilir hansı günlərə qalardıq, onlar bizə çox kömək olublar. Bu məktuba görə anamdan küsdüm.
Adətimizcə bayramları qohum-əqrəba ilə bir evə yığışıb qeyd edərdik. Yenə yığışmışdıq, İsmayıl Şıxlı da orda idi. Mənə dedi ki, Firuzə, İsa yaxşı yazıçı olacaq, indidən qələmindən bəlli olur, özü də yaxşı oğlandır. Ondan sonra İsmayılla İsa qaldığım tələbə yataqxanasına o qədər gəlib-getdilər ki, axırda saqqızımı oğurladılar.
Toyumuz oldu, əgər ona toy demək olardısa. Müharibədən sonra, 50-ci illərin əvvəli, çətin vaxtlar idi. Yadıma düşəndə ağlamağım gəlir. Anam müəllimə idi, məktəbdən çıxıb bağçada işə girdi ki, balaca bacı-qardaşımı özü ilə aparsın bağçaya, böyüyü mən idim, qalanlarına da evdə mən baxırdım. Məktəbdən gəlirdim, görürdüm Gülarə bacım geyinib hazır məni gözləyir, ikimizin bir ayaqqabısı vardı, mən çıxardırdım, o, geyinib gedirdi. Nə isə, elə toyumuz da bu əhval-ruhiyyə ilə oldu. Qadınlar yığışdılar bizə, biri əli ilə mizin üstündə ritm tuturdu, biri oxuyurdu, qalanları da əl çalırdılar. Oxuyanı ağlamaq tuturdu, o biri qadın onun ağzından musiqini alıb davam etdirirdi. Heç birinin əri müharibədən qayıtmamışdı, ürəkləri yaralı idi. Bu minvalla məni yola saldılar İsagilin evinə.
İsanın da atası işi ilə bağlı haqsızlığa düçar olmuşdu, işini məhkəməyə vermişdilər, bütün ailə səksəkə içində yaşayırdı. Məni apardıqları gün hardansa aşıq gəlib çıxdı. İsanın atasının da, babasının da toyunu həmin aşıq eləmişdi. İsanın adı vaxtsız rəhmətə getmiş əmisinin adıdır. Alı adlı bu aşıq eşidəndə ki, İsanın toyudur gəlib o İsanın da toyunun əvəzini bu İsanın toyunda iştirak etməklə çıxsın. Bütün gün çaldı, oxudu, bizi təbrik etdi.
Gecələr o, yazır, mən ağlayardım...
Gəldik Bakıya. İsa əvvəlcə “Azərnəşr”də işlədi, sonra Yazıçılar İttifaqının jurnalında işləməyə başladı, evdə də gecələr səhərə qədər yazırdı. Kirayədə qalırdıq. Bütün çətinliklərə dözürdüm, çünki artıq alışmışdıq çətinliyə. Bir gün onu Moskva Qorki adına Ədəbiyyat İnstitutuna göndərdilər, məni də götürüb getdi. Orda da Moskva ətrafında bir ev tutduq, Konstantin Simonovla qonşu idik. Orda da çox əziyyətlərimiz oldu, şaxtalara da öyrəşə bilmirdim. İsa çox qoçaq idi. Tez bir zamanda rus dilini öyrəndi, müəllimlərin sevimlisi oldu. Tərcümələr edirdi dolanırdıq. Stalinin göstərişi ilə yataqxananın yanında tələbələr üçün xüsusi mağaza açılmışdı, orda hər şey ucuz idi.
Oxudu qurtardı, gəldik Bakıya. Yenə kirayələr bizi gözləyirdi. Mən heç vaxt işləmədim, yeddi bacı-qardaş mənim idi, yeddisi də İsanın. Onlar hamısı rayondan gəldilər bir-bir oxudular getdilər. Hamısının qulluğunda dururdum, əziyyətini çəkirdim. İsanın evdən, məişətdən xəbəri olmazdı, gündüzlər işdə, gecələr də miz arxasında yazardı. Səhər o, işə gedəndən sonra yazdıqlarını oxuyub ağlayardım. Gözəl yazırdı, qəhrəmanlarının da hamısı öz müasirlərimiz, hadisələr öz yaşantılarımız. Həyatımızı görürdüm o əsərlərdə.
Düz 19 il övladımız olmadı, ilk vaxtlar bu heç yadıma da düşmürdü, amma bacı-qardaşlarımız yerbəyer edəndən sonra başqalarının yanında uşaq görəndə düşünürdüm ki, mənim niyə bir övladım olmur, kaş olaydı. Çox yox, elə bir qız övladı arzulayırdım, ağlayırdım.
1957-ci ildə bizə ev verdilər. Dördotaqlı evin iki otağını Qabilə verdilər, ikisini də bizə. Onların da uşaqları olmurdu, bizim də. Yenə çətin idi, çünki Qabil səs-küylü adam idi. Bir az müddətdən sonra ayırdılar bizi. Bizə üç otaqlı ev verdilər. Yazıçılar Mehdi Hüseynə irad tutdular ki, niyə İsaya üç otaq verirsiniz, onun uşağı yoxdur. Mehdi Hüseyn dedi ki, mən evi yazıçıya verirəm, uşağa yox, İsa böyük yazıçıdır.
19 ildən sonra Allah bizə Türkiyədə övlad verdi
Yazıçı ilə yaşamaq çox çətindir, hər qadın dözüb yaşaya bilməz. Əsil yazıçı ilə yaşamaq cəhənnəm əzabını çəkməkdir. Hələ də özümü ona həsr edirəm. İsa ilə bir yataqda aramıza bir torba iynə-dərman qoyuram, təcili yardım üçün. İsanın əli əlimin içində yatıram. Vəziyyəti dəyişəndə əlləri soyuyur, yaxud tərpənir tez durub Sevinci çağırıram ilk yardım eləyir. Mənim ayaqlarım, əlim artıq yaxşı işləmir, yerimdən tərpənincə görürəm ki, Sevinc artıq başımızın üstündədir.
Türkiyəyə getmişdik, o vaxt xaricə, xüsusilə Türkiyəyə heç kimi buraxmazdılar. Bir qrup yazıçını dövlət xətti ilə ailəvi göndərmişdilər. Rəsul Rza ilə Nigar xanım da bu qrupda vardı. Nigarın iki qardaşı Türkiyədə olurdu. İlahi, onun qardaşı bizi qarşıladı, o səhnəni görmək lazım idi, qucaqlaşıb necə ağlaşırdılar. Hələ ayrılanda necə bir səhnə oldu, deyiləsi deyildi. İsmayıl Şıxlını isə oradakı dayıları ilə görüşməyə qoymadılar.
Türkiyədə olanda Əli Vəliyevin gəlini, Məsudun arvadı dedi ki, gəl gedək Ayasofyaya, müqəddəs yerdir niyyət elə həyata keçər. Ziyarətdən gəldik otelə, gecə İsa məni yuxudan oyadıb dedi: ”Yuxuda mənə bildirdilər ki, sizə bir qız verdik, adını Sevinc qoyarsınız”.
Bakıya qayıtdıq, Allah bizə bir qız övladı verdi, adını da Sevinc qoyduq. İndi Sevincimizdən çox razıyam, iki xəstəyə baxır-atasına və mənə. Gecə də rahat yatmağı yoxdur, az qala gözləri açıq yatır ki, ana. birdən atama nə isə olar, tez çağır iynəsini vurum.
Gənclikdə çox yaraşıqlı idim, İsa məni küçəyə tək buraxmazdı. Ondan xəyanət görməmişəm, mənə çox sədaqətli olub. Özü də həmişə çəkdiyim əziyyətləri qiymətləndirib, əməyimi bilib. Məni çox istəyir, indiyə qədər də belədir. Özünün də ayaqları tutmur, amma mənim ayaqlarım ağrıyanda dizlərin atıb yerə başlayır ayaqlarımı ovxalamaya. 63 ildir bir yerdəyik, indi onsuz həyatı təsəvvürümə gətirə bilmirəm.
Son vaxtlar tez-tez Marksın yeznəsi Pol Lafarqla xanımı həyatını xatırlayıram. Bir-birilərini çox seviblər, övladları da olmayıb. Yaşlı vaxtlarında ikisi də başdan-ayağa ağ geyinib, əl-ələ uzanıb dərman içib bir yerdə ölüblər, əbədi ayrılmamaq üçün.
İndi deyirəm ki, ay İsa, mən sənə dərman verə bilmərəm, çünki gecələr yaşaman üçün dərman verib saxlayıram səni, necə qıyaram. Özüm də içmərəm ki, sən tək qalmayasan, Allah elə eləsin eyni gündə dünyamızı dəyişək. (Bu yerdə İsa Hüseynov söhbətə qarışır: “Yox, mən sənə demişəm ki, qorxma, bizim ömrümüz hələ uzun olacaq, xəstə olsaq da uzun yaşayacağıq ”.)