Xoşqədəm Hidayətqızı: “Evlənmək mənim üçün gecdir”

Xoşqədəm Hidayətqızı: “Evlənmək mənim üçün gecdir”
22 aprel 2013
# 08:00

Orta məktəbi Ağdərə rayonunda bitirib. Naxçıvan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Uzun illərdir mətbuatda çalışır. “Üç nöqtə” qəzetinin təsisçisi və baş redaktorudur. Teleməkanın ən populyar “Səni axtarıram” layihəsinin müəllifidir.

Xoşqədəm Hidayətqızı ilə görüşə müsahibimlə deyil, çoxdankı tanışım, keçmiş iş yoldaşım (mənim baş redaktorum olub), sadəcə eyni nəslin iki jurnalisti, həmkar kimi getdim. Görüşdük, oturub söhbətləşdik. Arada sadəcə diktofonun düyməsini basdım. Səmimi söhbəti sizə təqdim etmək üçün.

- Səninlə görünməyə ehtiyat edirəm, elə bilərlər itənim var, axtarmaq üçün sənə yaxınlaşmışam (gülür). Hə, indi de görüm bu jurnalistləri niyə incidirsən, deyirlər müsahibə vermirsən?

- Qoy, heç kim inciməsin. Mən qalmaqallardan uzaq insanam. Bu gün sevə-sevə sənə müsahibə verirəm, çünki sən hələ “Üç nöqtə”də işləyərkən mən səndən qalmaqallar istəsəm də sən qalmaqallardan qaçmısan. Ona görə bu gün sənin qarşındayam, bilirəm ki, fikirlərim təhrif olunmayacaq. Və bir də sualları verən məni tanıyan insandır.

- Hə, doğrudur, “Üç nöqtə” qəzetinin özülü qoyulan vaxtlar mənimlə davan yalnız qalmaqal, şou yaratmamağımın üstündə idi. Bunu tələb edirdin. Görürsən, süni qalmaqal yaradılması indi özünə xoş gəlmir.

- (gülür) Amma gəl etiraf edək ki, biz kiminsə şəxsi həyatının üstündə qurulmuş qalmaqal yaratmırdıq.

- Verilişdən danışaq, kökündə xeyirxahlıq duran bir layihədir, teleməkanda yeganədir və reytinqlidir. Bununla belə bəzən deyirlər ki, “Səni axtarıram” da insanların faciələri üzərində şou effekti yaradılır?

- Hə, bu kimi fikirləri bəzən mən də eşidirəm. Təbii ki, mən tamaşaçının sona qədər bizim verilişə baxması, kanalı dəyişməməyi üçün çalışıram. Yəni, “az sonralar”la, (gülümsəyir) ancaq mən heç vaxt belə bir fikirdə olmamışam. Verilişdə mümkün qədər bundan qaçıram, imkan yaratmıram. Elə talelər olub ki, orda bəzi məqamların ortaya çıxmamağı üçün mən reytinqdən keçmişəm. Bəzən elə olur ki, həqiqəti qapada bilmirəm, gizlətmək olmur. Mən etiraf edirəm ki, bu verilişdə müzakirə olunan talelər məni çox dəyişdi, anladım ki, dünya fanidir, bu dünyada yalnız yaxşılıq qalacaq. Efirdən də tamaşaçıma yalnız bunu çatdırmağa çalışıram. Ancaq çox istərdim ki, bu verilişdə nəticəni qiymətləndirək. Sən də bilirsən ki, biz bəzən öz yaxınlarımızın dərdləri ilə belə yüklənmək istəmirik. Görün bu layihənin əməkdaşları gündə nə qədər dərdli insanları dinləyir, dərdlərinə şərik olur. Gecəmiz-gündüzümüz yoxdur. Mən sadəcə özümdən deyim ki, Əfqanıstanda on gün yatmadım. Elə olur ki, gün ərzində dörd dəfə təyyarə dəyişirəm. Bunları görmək lazımdır.

- Adamın heç ağlına gəlməzdi ki, ölkədə əzizini, yaxınını itirən, axtaran bu qədər insan var.

- Mən bu layihəni ATV rəhbərliyinə təqdim edəndə dedilər ki, bəlkə başqa layihə edəsən? Çünki rəhbərlik də, açığı elə mən də bilirdim ki, çətindir. Amma mən buna getdim. Çünki hisslərimə güvənirəm. Bilirdim ki, alınacaq. Layihə işə başlayandan sonra çox üzüldüm. Bilmirdim ki, bu qədər həsrətli insanlar var

- Yəqin ki ən çox müraciət Rusiyada bizim kişilərin qoyub gəldikləri övladlarından olur?

- (gülür) Doğru deyirsiniz. Maraqlı bir faktı deyim sizə, bir dəfə gecə hava limanında öz atasını axtarmağa gələn qızı qarşılayırdım. Bir qadın mənə yaxınlaşdı ki, Xoşqədəm xanım, xahiş edirəm, bizim bəzi kişilərin orda qoyduqları övladlarını yığıb gətirməyin. Görürsünüz bəziləri bunu xeyirxah missiya kimi görür, bəziləri isə əksinə. Ancaq mənə görə həm xeyirxah işdir, həm də maraqlı. Bu talelərin hamısını özüm üçün qeyd edirəm, bunlardan yaxşı kitablar yazmaq olar, film çəkmək də mümkündür.

- Çox arıqlamısan, özün belə istəyirsən, yoxsa verilişin təsiridir. Bir də səni yalnız studiya çəkilişlərində görmək olur, niyə?

- Əvvəllər arıqlamaq üçün idmanla məşğul olurdum, amma indi ona ehtiyac yoxdur, çünki işim o qədər ağırdır ki, idmanı əvəz edir. O ki, qaldı makiyaja, bilirsən ki, mən gündəlik makiyaj etməyi sevmirəm. Bəzən mənə deyirlər ki, siz heç dəyişmirsiniz? Nə edirsiniz belə? Cavabım birdir – dərimi korlayan makiyajdan qaçıram.

- Bəs, itkinlərin axtarılması ilə əlaqəli bir qurum yaratmaq istəmirsən?

- (gülür) Yox, yox, belə bir fikrim yoxdur.

- Səndən kişilər qorxur, sosial şəbəkələrdə yazırlar ki, çıxıb getməyə də qorxuruq ki, Xoşqədəm onsuz da tapıb çıxardacaq. Yaxud deyirlər google.az Xoşqədəm xanımın yanında mahiyyətini itirib.

- Görürsünüz də, bu artıq verilişin populyarlığın göstəricisidir. Daha bir maraqlı fakt deyim sizə bir qadın mənə yazmışdı ki, qızım atasını hirsləndirib, özü də qaçıb gizlənib. Atası deyir ki, əlinizdən çıxıb gedəcəm. Qız gizləndiyi yerdən çıxıb deyib ki, Xoşqədəm xalaya deyərəm tapıb gətirər. Yaxşıdır də, nəyi pisdir, qoy kişilərin də qorxduğu bir kimsə olsun, bu, biz qadınlara sərf edər. Hələ bu harasıdır, bəzən mənə feminist də deyirlər. Verilişdə bəzən qadınların tərəfindən çıxış edirəm. Əslində feminist deyiləm, sadəcə taleləri izləyərkən şahidi oluram ki, daha çox əzilən qadındır. Hansı qadın isti yuvasını tərk edər, özü də bizim qadınlar. Bizim qadınlar qədər ailəcanlı, zəhmətkeş, sədaqətli qadın heç bir yerdə yoxdur. Bunu kimsə deyəndə populist fikir kimi qarşılayırdım, amma indi bütün dünyanı gəzib, bütün xalqlarla ünsiyyətdə oluram və görürəm ki, ən fədakar qadınlar bizimkilərdir. Qadın gəlib 25 ildir onu atıb gedən kişini axtarırsa, bu fədakarlıq deyilmi? Birindən soruşdum ki, niyə axtarırsan onu, axı o, səni atıb gedib, başqasının yanındadır. Deyir, axı, o, mənim övladımın atasıdır. Bunu Azərbaycan qadınından başqa kimsə deyə bilməz. Azərbaycan kişisi gedib sağlam vaxtı rus qadını ilə yaşayır, pulunu ona xərcləyir, qocalanda, sağlamlığını itirəndə ona sahib çıxan Azərbaycan qadını olur.

- Qəzeti əzab-əziyyətlə ərsəyə gətirmişdin, niyə səni televiziya çəkdi, ehtiyac nədən yarandı?

- Televiziya mənim uşaqlıq arzum idi. Qəzetdə sadəcə özümü təsdiqləmək istəyirdim ki, mən mətbuat adamıyam, bu işi bacarıram. Şükürlər olsun ki, bunu edə bildim. İndi sən demiş, relsinə qoyulmuş işdir, gedir. Fikrim var ki, gələcəkdə qəzeti elektron versiyaya keçirək. Bu gün əgər ən ucqar kənddə də internet insanların əlindədirsə, kim gedib köşkdən qəzet alar? Ona görə də buna getməliyik.

Qəzetə qədər də, ondan sonra da yalnız televiziyaya can atırdım. Qarşıma çıxan maneə sponsor məsələsi idi, layihəmi aparırdım, deyirdilər sponsor tap. Mən heç kimi çağırmıram ki, gəl mənim layihəmə yardım et. Bu gün də “Səni axtarıram” həmin sponsorlar üçün ən bahalı layihədir.

- “Sən tək deyilsən” nədənsə tez bağlandı?

- Bağlanmasaydı “Səni axtarıram” açılmazdı. Məncə “Səni axtarıram”ın xeyirxahlıq missiyası “Sən tək deyilsən”dən çoxdur. “Sən tək deyilsən”i “Səni axtarıram”ın əvəzləməsinə sevindim. Bu gün mən kökündə xeyirxahlıq duran bir layihədə çalışıram. Peşəkar insanlarla işləyirəm. Çox gözəl yaradıcı heyətimiz var. Bütün bunları mənə “Səni axtarıram” verib.

- Yeri gəlmişkən, xarici ölkələrdə axtarışlarınızı sponsorlar maliyyələşdirir?

- Mən bu məsələlərlə maraqlanmıram. Bizim televiziyamız var, layihə ilə bağlı bütün güc də televiziyanın üzərindədir.

- Yeri gəlmişkən, ATV-də rəhbərliyin dəyişməsi işinizə bir təsir göstərmədi?

- Yox, yox, hər halda göstərsəydi mən orda olmazdım. Mən yaradıcı adamam, hər bir yaradıcı insana da normal münasibət olanda iş effektli alınır. Peşəkar insanlarla çalışıram. Çox gözəl şərait yaradılıb bizə, istər texniki baxımdan, istərsə də yaradıcı. Bu, bir faktdır.

- Qayıdaq, “Səni axtarıram”a. Adama elə gəlir ki, bu layihə əbədi olacaq.

- Ramilə, deyirsən, yəni, ürəyim dayanana qədər bu layihəni aparmalıyam?

- Yox, sən artıq başqa layihələrdə ola bilərsən, bu layihə yaşayacaq, bu qədər itkiləri, dərdləri yarıda qoymaq olmayacaq.

- Düz deyirsən, olmaz, günahdır. Hətta bir dəfə anaya oğlunun ölüm xəbərini verərkən o qədər pis olmuşdum ki, bir həftə özümə gələ bilmədim. Həkimə getdim məsləhət gördü ki, bir müddət bu layihədən uzaqlaşım. Ona söz verdim ki, artıq “Səni axtarıram” bitdi. Yolda mənə bir zəng gəldi. Bu övladını axtaran 75 yaşlı bir ata idi. Göz yaşları ilə oğlundan xəbər gözlədiyini deyirdi. Bir də baxdım ki, mən artıq ATV-nin qarşısındayam. Yəni, neçə ki, həsrətli insanlar var, bu layihəni yarımçıq qoymaq mənim üçün günahdır.

- Mənə elə gəlir ki, həm də yerindəsən, televiziyada olmaq, ulduz həyatı yaşamaq istəyirdin.

- Ulduz? Yox, yox, heç vaxt istəməmişəm.

- İnkar edə bilməzsən, bilirəm, ulduz olmaq istəyirdin, bu, pis istək deyil, ola bilər sözün özünü indi ucuzlaşdırıblar.

- Hə, bu başqa məsələ, açığı ulduz kəlməsini sevmirəm, amma istər qəzetdə, istər televiziyada başladığım bir işdə yalnız uğur qazanmaq, birinci olmaq istəyirəm. Məncə bunu hamı istəyər. Nəticəsi olmayan işin arxasınca getmərəm. Yəni çalışıram ki, gördüyüm iş nəticə versin və o işdən danışılsın. İndi buna necə ad verirsinizsə, verin. Bir də ki mən bir işə başlayarkən bir az öncə dediyim kimi hisslərimə güvənirəm.

- İlk nəvən qız olar.

- İnşallah, amma hələ nənə olmaq istəmirəm. İstəyirəm ki, övladım təhsil alsın, özü ayaqda durmağı bacarsın, sonra ailə qursun.

- Yeri gəlmişkən, oğlun diqqətsizlikdən şikayətçi deyil ki?

- Bir-iki dəfə iş yerimə gələndən sonra nəinki bundan şikayətlənmədi, hətta o, mənim qayğıma qalmağa başladı ki, ana, çox yorulursan. Onun təhsilindən, tərbiyəsindən arxayınam, yaxşı məktəbdə yetişir, artıq 18 yaşı var, universitetə hazırlaşır.

- Bəlkə, deyəsən, niyə ailə qurmursan?

- Artıq gecdir.

# 22275 dəfə oxunub

Müəllifin son yazıları

# # #