“Azərbaycantelefilm” yeni layihələrə start verir.
Telefilmin yeni təyin olunmuş direktoru rejissor Ramiz Həsənoğlunun Lent.az-a verdiyi açıqlamaya görə, Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir:
“Yeni ildə, Novruzda əvvəlki illərdə olduğu kimi, yeni tamaşa və verilişlərlə efiri təzələmək fikrindəyik. Elçin Əfəndiyevin “Gül dedi bülbülə” hekayəsinin televiziya tamaşasını hazırlamağı planlaşdırırıq. Məzəli hekayədir, Elçin müəllim ona bir az yeni il motivləri də qatacaq”.
Tamaşa üzərində Ramiz Həsənoğlu ilə Şərif Qurbanəliyev birlikdə işləyəcəklər.
“Çiyin-çiyinə görülən iş daha maraqlı və effektli olur” –deyə rejissor öz yetirməsi ilə işləyəcəyini əsaslandırıb.
Bundan başqa Şərif Qurbanəliyevin baş redaktor təyin edildiyi “Sabah” Yaradıcılıq studiyasında Dilsuzun “Mobil telefon” hekayəsi əsasında daha bir tamaşa da hazırlanacaq. Ramiz Həsənoğlu tamaşanın prodüsseridir.
Prodüsserin dediyinə görə bu, fantastik komediya janrında tamaşa olacaq: “Hər iki tamaşada rol alacaq aktyorlar, , rejissorun ürəyindən tamaşaçının qəlbindən keçən aktyorlar olacaq. Yəni Afaq xanım və Cahangir Novruzov kimi.” –deyə Razmiz Həsənoğlu açıqlamasında söyləyib