Kulis Qismətin “Onlayn” essesini təqdim edir
(Ədəbiyyat və başqa şeylər haqqında bazar günü qeydləri)
1
Üç ay bundan öncə, gecənin bir vaxtı qərara gəldim ki, siqareti tərgidim. Tanıyanlar bilir, günün ilk işıqlarını görməyincə gözünə yuxu getməyənlərdənəm. Vərdişdi: səhərə qədər yazıb-oxuyur və bu müddət ərzində dayanmadan siqaret çəkirdim, təxminən iki-üç qutu. Aludəçilər bilər: maddi problemlərin siqaret sevdasına qəti təsiri olmur, mənim qərarımın da böhranla, pul-para ilə əlaqəsi yox idi. Çünki o zəhrimara başlayandan dəyişməz bir prinsipim olub: siqaretin və içkinin imkan daxilində keyfiyyətlisini dadmaq lazımdır. Bu mənada böhran oldu-olmadı, həmişə ziyanda olmuşam. Qərarım ilk növbədə səhhətim, sonra isə iradəmin sərhədlərini yoxlamaqla bağlı idi. Son aylarda fasilələrlə bir xeyli bezdirici, yorucu xəstəliklərlə əlləşməli oldum, hələ də canımdan tam çıxmayan bu mərəzlərin bircə xeyri oldu ki, xeyli müddət sakitlikdə düşünmək, yaddaşımın dərinliyindən üzə çıxan olaylara, adamlara zaman və məkanca neytral nöqtədən baxmaq, bir az da özümü analiz etmək fürsətim oldu. Öz sükutuma qulaq kəsildiyim bu günlərdə birdən, elə bil, beynimin qaranlığına kimsə kibrit çaxdı, gördüm ki, məktəb illərindən bu çağacan xatırladığım səhnələrdə hər şey dəyişsə də, bircə tütün qoxusu, siqaret dumanı sabitdir. Bir də düşündüm ki, deyəsən cavanlı-qocalı əksəriyyət həmişə başından və yaşından böyük məsələlər barədə danışıb nələrdən imtina etməyindən bəh-bəhlə dəm vursa da, bircə siqareti ata bilmir. Mənsə iradəmi yoxlamağa ən xırda şeydən – siqaretdən başladım.
Ötən həftə isə facebook profilimi deaktiv etdim. Mesajlar bölməsi bağlı olmaq şərtilə bircə “səhifə”mi aktiv saxlamışam, lazım gələndə yazıdan, xəbərdən paylaşmaq üçün. Səbəb çox sadə, amma bir o qədər də ciddidir: etiraf edim ki, siqaret kimi facebook da məndə artıq asılılıq yaradırdı. Təxminən iki yüz səhifəlik kitabı bir günə oxuyub bitirən bəndəniz, sosial şəbəkənin toruna düşəndən oxumaqdan, yazmaqdan və çox vacib saydığım yaradıcı tənhalıqdan məhrum olmuşdum.
Yazıçı bir cümlə yazmasa belə hər gün saatlarla ağ vərəqin qarşısında oturmağı bacarmalıdır. Biz isə deyəsən onlayn olmağı ədəbiyyatda olmaq kimi başa düşməyə başlamışıq. Zəmanə belədir, hər gün qurban tələb edən istehlak dünyasında yeni insan tipi yaranmaqdadır. Bu yeni insanın ən böyük dərdi köhnə telefonunu – meqapikseli yuxarı olan, yaddaşı geniş, qrafik özəllikləri cazibədar olan – təzə telefonla əvəz etməkdir, istifadə etsə də, etməsə də. Bu yeni insan üçün sevgi telefona, noutbuka, planşetə aşiq olmaqdır. O, texnologiyanın sadəcə istifadəçisi deyil, telefonla, internetlə sözün həqiqi mənasında erotik bir münasibət içindədir. Öz qulaqlarımla eşitmişəm, dükana yeni gələn planşeti yoxlayan alıcı yanındakı dostuna elə beləcə də demişdi: “Nə seksi şeydir bu!” Belə baxanda qınamıram, indiki cihazlar sahibinin səsinə reaksiya verir, bir barmaq toxunuşu ilə işə düşür, böyüyür, kiçilir, sonuncu əməliyyatları yadda saxlayır və ən başlıcası kişili-qadınlı çoxlarının təhtəlşüurundakı əsas arzunu çox yaxşı ifadə edir: verdiklərinin qarşılığında heç nə istəməmək.
Məncə, həyatımıza sürət gətirsə də, bəşəriyyəti irəli atsa da, bütün əsrlərdə texnologiyanın ən böyük düşmanı həqiqi insan münasibətləridir. Ona görə də istehlak tanrısı gerçək sevgini dayanmadan çoxalan reklamlar vasitəsilə ya ətirlə, ya da brilyantla eyniləşdirir. Ötürülən mesaj aydındır: sevdiyinizə mütləq nəsə almaq lazımdır. Mesajın bir də deyilməyən tərəfi var: bəli, sevdiyiniz varsa, ona mütləq nəsə almalısınız, amma “Samsunq Z3” sevginizin qarşılığında heç nə istəmir. Kişilərin çoxunun arzusudur: həyatımda elə bir qadın olsun ki, ürəyim istəyən vaxt sevişək, amma sonra zəng vurub deməsin hardasan, başqaları ilə də görüşməyimə fikir verməsin, sorğu-sualsız olsun. Qadınların çoxunun arzusudur: həyatımda elə bir kişi olsun ki, mənə sahib olmağı məni əsarətdə saxlamaq bilməsin, fikirlərimə hörmət etsin, münasibətlərimiz davamlı olsun. Tanış gəlirmi? Onda düz ünvandasınız, iphone 6 tam siz istəyəndir! Şəxsiyyət vəsiqəsi olmadan da götürə bilərsiniz!
Qəribə dünyada yaşayırıq, biz facebookda dondurma yalayan qız fotosuna da, doğmasının ölümünü bölüşən ağrılı insanı da eyni anda bəyənə bilirik və “bəyənmək” get-gedə insani ovqat olmaqdan çıxır, mexaniki bir şeyə çevrilir. Reallıqdan uzaqlaşıb virtual dünyanın şəffaf məkanına kursorumuzu qoyan kimi sosial şəbəkələr içimizdəki hakimiyyət hissini yemləyə başlayır. Amma bu da bir cür reallıqdır – yeni dövrün reallığı!
2
Bizim nəsrimizin ən böyük problemi realizmə münasibətdədir. Bu məsələ ya çox vaxt diqqətdən kənarda qalır, ya da səhv anlaşılır. Realist yazıçı gerçəkliyi bəlli bir dünyagörüş içində “yenidən emal etmə”yə məcburdur. Məsələn, XIX əsr Avropa nəsrində Realizm anlayışı təxminən belə idi: realizm konkret gerçəkliyin burjua dünya görüşü çərçivəsində yenidən istehsalıdır. Dünya görüşü yazıçının reallığı yenidən emaletmə formasını müəyyənləşdirirsə, demək gerçəklik əsərə transformasiyaya uğramış şəkildə daxil olur. Konkretləşdirim, dünya görüşü gerçəkliyin nə cür transformasiya olunacağını təyin edir, amma yazıçı bu çevrilməni necə reallaşdıracaq, bu artıq başqa məsələdir.
Artur Kestler “Azalan mədaxil qanunu və ədəbiyyat” məqaləsində yazır: “Homer üçün dənizdəki fırtına Poseydonun qəzəbinin simvolu idi; dan yeri söküləndə görünən bənövşəyilik isə gül barmaqlı Avroranın səmaya toxunmasını ifadə edir. Vergili isə təbiəti sakitlik içində, xoşbəxt görür”. Homer də, Vergili də, hərəsi təbiəti yaşadıqları dövrün aparıcı dünya görüşünə uyğun təsvir edirdi. Deməli, Realizm təbiəti və nəsnələri eləcə olduğu kimi təsvir etmək deyil. Çünki heç bir təsvir mexanizmi təsvir olunanları olduğu kimi kopyalaya bilməz; o, yəni Təsvir mütləq təsvir etdiklərini dövrün dominant dünya görüşlərindən birinin içindən yenidən emal edir. Əgər Vergili təbiəti çiçəklənən Roma İmperiyasının sakitliyi və rahatlığı içində görürsə, onu tənqid etmək olmaz ki, o dövrdə heç fırtına olmamışdı? Çünki Realist təsvir çoxlarının düşündüyü kimi birəbir əks etdirmə deyil. Çoxsaylı realizmlər var…
Bədii əsərin gerçəkliyi ilə təbiətin, yəni real həyatın gerçəkliyi ayrı-ayrı şeylərdir. Məsələn, Homerin əsrində təbiətin gerçəkliyi insanın gerçəkliyi ilə ahəng içindəydi, parçalanma hələ baş verməmişdi. Bəlkə də ona görə də “İliada” və “Odisseya”da təbiət və əşya təsvirlərində həmişə insanabənzərlik var. Homerdə qılınc, qalxan təkcə adi nəsnələr deyil, həm də sanki qəhrəmanın bədəninin bir parçasıdır.
3
Aşağı səviyyəli oxucu (elə yazıçı da) adətən əsərin mövzusu ilə onun məzmununu eyniləşdirir. Bu cür oxucular (yazıçılar) üçün əsərin mövzusu əsərin özüdür. Buna görə də bu cür oxucular (yazıçılar) çox vaxt əsərin gerçəkliyinə mövzunun reallığa uyğun olub-olmaması ilə qərar verirlər. Belə şeylər eşitmiş olarsınız, axı həyatda heç kim böcəyə çevrilmir? Əlbəttə çevrilmir, yoxsa zövqsüz oxucuya qalsa hər “Çevrilmə” alana bir tarakan dərmanı hədiyyə verilməliydi.
Niyə insan belə düşünür, beynində nələr baş verir? Deyvid Hyumdan bilirik ki, insan beyni eyni vaxtda baş verən şeyləri, sinxronluğu səbəbiyyətlə qarışdırmağa meyllidir. İnsan beyni dalbadal gələn iki faktdan birincini səbəb, ikincini isə nəticə saymağa yatımlıdır. Bədii ədəbiyyatda isə zaman da, məkan da, şəffaf və şərti ola bilər. Oxucu sualı belə qoyur: Zamza necə böcəyə çevrilə bilər axı? Halbuki ağla gələn ilk sual belə ola bilərdi: görəsən dünən nə baş vermişdi ki, Zamza səhər yuxudan böcək kimi oyanmışdı?
Ötən gün köhnə qeyd dəftərlərimə baxanda gördüm ki, düz 10 il bundan qabaq, tələbə ikən “Çevrilmə” ilə bağlı xeyli qeydlər etmişəm. Çünki o vaxt (elə indi də!) miniatür bir roman yazmaq fikrinə düşmüşdüm, adı da belə idi: “Zamzanın dünəni”. Belə bir eksperiment aparmaq istəyirdim, Zamzanın böcəyə çevrilməmişdən əvvəlki bir gününü yazmaq. Son günlər yenidən həmin əsəri yazmaq eşqinə düşmüşəm və düşünməyə başlamışam ki, birdən Zamzanın heç dünəni olmaz…
4
Şərifin “Gülüstan”ından sonra “Haramı”sını da yenidən oxudum. Məncə, Şərifin nəsrini analiz etmək istəyənlər üçün bir neçə açar məqam var. Birincisi, itirilmiş məkan hissi. Fikir verin, iki romanın adı da məkanla bağlıdır: Haramı gerçəklikdə mövcud olan konkret məkandır, Gülüstan qəsəbəsi isə ədəbi şərtiliklə yaradılmış ümumiləşdirilmiş məkan. İkincisi, mənə görə, Şərif “Haramı”da Don Kixotu, “Gülüstan”da isə “Qar” romanını model kimi götürüb. Ona görə də “Haramı”da cəngavərliyə, igidliyə ironiya olunur, konflikt Səməndərlə zəmanə arasında qurulmaq istənib. Və təbii ki, Şərif nə qədər igidliyə bir quş desə də, ürəyinin dərinliyində Səməndərin tərəfindədir. Əlbəttə, Don Kixotun müəllifi də öz qəhrəmanının tərəfində idi, amma məsələ odur ki, Don Kixot idealist, xəyalpərvər idi, Səməndər yox. Bu mənada Səməndər diribaşlığı, qoçaqlığı ilə əslində elə bir xeyli də zəmanə adamıdır, sadəcə metodları köhnəlib.
“Gülüstan” əsərində bir qəsəbənin modelində Azərbaycan yaradılmaq istənib, eynən Orxan Pamukun “Qar” romanında Qars şəhəri Türkiyəni təmsil etdiyi kimi. Bir çox mətnində Şərifi müəllif kimi narahat edən aşağılar-yuxarılar, əzənlər-əzinlər, yoxsullar-imkanlılardı, yəni müəyyən mənada marksist dünya görüşüdür. Problem odur ki, dünyada pis-yaxşı (analoji olaraq varlı-yoxsul) kimi binar ziddiyyətlər çoxdan öz funksiyasını itirib. Bugün ədəbi mətndə dünyanın marksistcəsinə yozumunu don kixotluq hesab etmək olar, bu mənada Şərifin müəllif kimi vəziyyəti öz qəhrəmanından daha çox ədəbiyyat mövzusudur.
Şərif müstəqillik dövrünün mübahisəsiz ən parlaq nasirlərindən biridir. Bu mənada vaxt olsa, hər roman haqqında ayrıca, daha əhatəli yazmaq planım var. Amma məncə daha ümumi planda, fəlsəfi-nəzəri qatda müzakirələr də faydalıdır.
“Haramı” romanında bir parçaya əsasən bilirəm ki, Şərif üçün üslub, texnika onuncu dərəcəli məsələlərdir və bu, mənə görə çox problematikdir. Romanda Rəcəb İvedikin dilindən nəql olunan parçada belə bir məqam var: “Kimsə filmdə çoxlu qüsurlar tapa bilər, texniki tərəfdən təhlil edib yerdən-yerə vura bilər. Hadi lan burdan! Bədii əsərin başlıca cəhəti insanlara təsir etməkdir. Əsərin təsiri yoxdursa, heç bir üslubdan, sənətkarlıqdan danışmağa dəyməz.” Bu məntiqə qalsa, detektiv ədəbiyyat gərək bir nömrəli janr ola, insanlara ən çox detektiv təsir edir. Ya da məsələn, təsir dairəsinə görə “Rəcəb İvedik” filmi Nuri Bilgə Ceylanın əsərlərindən daha geniş kütləyə xitab edirsə, deməli məsələ həll olundu?
Sadə bir şeyi bilmək lazım: incəsənət tarixi mövzuların yox, üslubların tarixidir.
5
Axşam Mirmehdinin “Bugün səbr elə” kitabını bitirdim. İlk oxunuş həmişə tanışlıqdı, daha diqqətli analiz üçün bir də oxumağa ehtiyac var. Mirmehdini oxumaq həmişə maraqlıdır, amma ümumi bir tendensiya haqqında danışmaqda fayda var: bizim nasirlərin əksəriyyəti indiki dövrdə ancaq sosial problemlərdən yazırlar, başa düşüləndir. Aktuallıq, çağdaşlıq baxımından da bunun xeyirli tərəfləri var, tutalım, daha tez oxucu reaksiyası ola bilər. Mənsə düşünürəm ki, məsələn, normal bank sistemi qurulsa həll olunası məsələyə ədəbi enerji sərf etmək əbəsdir. Yazıçı avtomatik belə deyə bilər: mən də elə buna çalışıram, istəyirəm normal bank sistemi qurulsun, bu problemlərə göz yumub başqa şeylərdən necə yazım? Bu bəraət yazıçılıq deyil, çünki arxasında qəhrəmanlığın imitasiyası, kütləyə oynamaq hiyləgərliyi sezilir. Sənətin işi insanın əbədi, universal tərəflərinə işıq tutmaqdır. Bu mənada elə mən də deyəsən bir müddət xeyli ikinci dərəcəli şeylərə vaxt sərf etmişəm. Fikrim belədir, bizdə normal qəzet, televiziya olmadığı üçün yazıçılar jurnalistin görməli olduğu işə girişirlər, elə cəmiyyət də jek müdirindən, bələdiyyə sədrindən, qəzetin-jurnalın sahə müxbirindən istəməli olduğu şeyləri sənətçidən gözləyir. Ona görə də “Euronews”un bir “No comment” rubrikasında göstərilib həll olunası məsələlər bizdə şişirdilib roman adına cəmiyyətə təqdim olunur. Qoy lap polemik səslənsin, indi Heminquey dövrü deyil, məncə, bugün ədəbiyyatın ən böyük düşmanı jurnalistikadır.
sim-sim.az