Müharibənin bitməsi üçün yazıçı öldürülməlidir

Müharibənin bitməsi üçün yazıçı öldürülməlidir
4 iyun 2018
# 11:17

Kulis.az sim-sim.aza istinadən Qismətin “Pol Osterin “Qaranlıqdakı adam”ı essesini təqdim edir.

TEAS PRESS nəşriyyatının son illərdə çap etdiyi çoxsaylı kitabların içində çağdaş dövrün ən böyük romançılardan hesab edilən Pol Osterin “Qaranlıqdakı adam” romanı da var. Osterin yaradıcılığı ilə tanış olanlar yaxşı bilir, onun romanlarında parelel dünyalar, ikiləşən, üçləşən insanlar, təsadüflərin insan həyatına təsiri, həmişə yolayrıcında olanlar, axtarışın əbədiliyi kimi motivlər həmişə təkrarlanır. Postmodern ədəbiyyatın ən xarizmatik müəlliflərindən olan Osterin “Qaranlıqdakı adam” romanı digər əsərlərindən həm də siyasi məzmunu ilə fərqlənir. 2007-ci ildə çap olunan əsər Amerika böyük səs-küyə səbəb olmuş, bütün dünyada reaksiya doğurmuşdu.

Roman Nyu-Yorka qonşu olan Vermont əyalətində qızı Miriam və nəvəsi Katya ilə yaşayan 72 yaşlı tənqidçi, kitab resenzisti Avqust Brillin dilindən nəql edilən bir parça ilə başlayır: “Qaranlıqda tənhayam. Geniş Amerika biyabanlığının bəyaz gecələrinin birində yenə yuxusuzluqla əlləşir, bir yandan da öz-özümə dünyanın işlərini çək-çevir edirəm. Yuxarı mərtəbədə qızım və nəvəm hərəsi öz otağında yatıb, onlar da tənhadırlar… ” Bu kiçik, eksiztensial parçadan çox şey aydın olur: 1) roman birinci şəxsin dilindən nəql edilir; 2) təhkiyəçi yuxusuzluqdan əziyyət çəkir; 3) eyni evdə qızı və nəvəsi ilə birgə yaşasa da, onlar bir yerdə yaşayan tənhalardır, demək, hərəsinin bir hekayəti var…

Brill xatirələrini yazıb kitablaşdırmaq istəyir, lakin xatirələr əzablıdır deyə, həmişə bu işi yarımçıq qoyur, ertələyir. O, avtomobil qəzasına düşdüyü üçün yataq xəstəsidir, buna görə də həm əzablı xatirələrə qayıtmamaq, həm də yuxusuzluqda başını qatmaq üçün xəyalında Oven Brik adlı bir personaj yaradır. Bu xəyali personaj – Oven Brik sehrbazlıqla məşğul olan bir adamdır. Flora adlı bir qadınla evlidir. Gözəl günlərin birində Oven yuxudan oyanıb görür ki, dərin bir quyunun dibindədir. Xatırlamağa çalışır ki, bura necə düşüb, qəfil atışma səsləri eşidir. Sonra birdən kimsə quyuya bir ip atır, Oveni yuxarı çıxması üçün səsləyir.

Quyudan çıxanda o qarşısında əsgər uniformasında bir çavuş görür, özünü təqdim edən çavuş deyir, xam əsgərlər orduya götürüləndə sınaq üçün quyuya atılır. Oven öyrənir ki, onun da rütbəsi var – kapral. Çavuş ona xəbər verir ki, Amerikada dörd ildir vətəndaş müharibəsi gedir. Savaşın bitməsi isə Ovenin əlindədir. Oven əvvəlcə bütün bunları zarafat hesab etsə də, sonradan görür ki, nə qədər inanılmaz da olsa, bunlar doğrudur. Çavuş deyir ki, savaşın bitməsi üçün o, Blake, Black, ya da Block adlı bir yazıçını öldürməlidir. Çünki bu müharibənin ssenarisini həmin adam yazır, o adam ölməsə, müharibə bitən deyil.

Əsər bu iki paralel xəttlə həm Brillin real dünyada sıxıntıdan Oven adlı personaj yaratması, həm də yaratdığı personaj Ovenin xəyali, paralel dünyada başına gələnlər şəklində davam edir. Bundan əlavə Ocenin özü də əsərin içində iki dünyada yaşayır, həm real dünyada (bu, onu yaradan müəllifin dünyasıdır və Əkiz Qüllələrə hücum olub, Amerika İraqı qoşun yeridib), həm də quyudan çıxarkən gördüyü, başa düşə bilmədiyi alternativ dünyada (bu alternativ dünyada vətəndaş müharibəsi nəticəsində süquta uğramağın bir addımlığında olan Amerika təsvir edilir.)

Brill əzablı xatirələrdən qurtulmaq üçün beynində real dünyaya paralel bir dünya yaradır, amma bu paralel dünyanın özündə belə rahatlıq yoxdur, çünki həmin dünyada da savaş gedir. Amerika özü özüylə vuruşur. Səbəbkarsa elə Brill kimi bir yazıçıdır. Ovenin içinə düşüb başını itirdiyi dünyadakı savaşı yaradan Brill sanki ABŞ-ın İraqdakı savaşını ustalıqla Amerikanın öz içinə köçürür.

Oster Amerikalıların özləriylə vuruşmasını müxtəlif səhnələrlə detallaşdırarkən sətir aralarına incə mesajlar da yerləşdirir. Belə ki, Oven yolda tanımadığı bir adamdan bir ünvan soruşur, həmin adam bunun müqabilində ondan külli miqdarda pul istəyir. Oster şərhsiz verilən bu səhnədə oxucuya müharibəni həm yaradan, həm də daim diri saxlayan merkantil maraqları ustalıqla nişan verir.

Düşünürəm ki, əsər oxucular üçün nə qədər oxunaqlı, gözlənilməz və maraqlı mütaliə saatları vəd edirsə, yazıçılar üçün də bir o qədər maraqlı şeylər vəd edir. Çünki Oster bu romanında birdən çox təhkiyə növündən ustalıqla istifadə edib, xəyali olanla real olanı bir-birinin içində əridib. Roman birinci şəxsin təkində başlayır, üçüncü şəxsə keçir, pespektiv lər, baxış bucaqları dəyişir, insanı duyğulandıran bir parçanın içindən qəfil bir təbəssüm məqamı ortaya çıxır, ən kəskin ironik hissənin sonu gözlənilməz şəkildə insan qəlbinə toxunan bir cümləylə yekunlaşır.

Bu, əlbəttə ki, Osterin ən yaxşı romanı deyil, amma o, bütün böyük yazıçılar kimi, ilk mütaliədən sonra adamı özünə mübtəla etməyi bacarır və nədən yazır-yazsın həmişə maraqla oxunur.

P.S. İlahə Əkbərin ingilisdən dilindən tərcümə etdiyi kitabın redaktoru Jalə İsmayıldır.

# 2769 dəfə oxunub

Müəllifin son yazıları

# # #