Kulis.az Qismətin “Sərfəli bəhanələr” yazısını təqdim edir.
Viruslar başına tac qoyub özünü şah elan etsə də, öz evimizdə məhbus olsaq da, mənim gündəlik rejimimin əsas hissəsi dəyişməz qalıb, amma karantin günlərində mütaliə üçün, rahat-rahat baxmaq üçün ertələdiyim filmlər üçün daha çox zaman yaranıb.
Ötən gün kitabxanamın çoxdandır baş çəkmədiyim rəflərindən birində 150 cildlik Dünya Ədəbiyyatı kitabxanası seriyasından bir neçə xarici müəllifin kitabını vərəqlədim və bütün sahələrdə qarşımıza çıxan bir problemi burda da gördüm. Bu problem adını, şərti olaraq, “buna da şükür bəhanəsi” qoya bilərik. Etiraf edirəm, zaman-zaman məcburiyyətdən hamı kimi, mən də müxtəlif vəziyyətlərdə eyni sözü təkrarlayıb “indiki vəziyyətdə buna da şükür” deyirəm. Amma onu da deyim ki, bizim dinamizmdən şikəst, anaxronizm bataqlığından çırpınan fikir dünyamızda ən nifrət etdiyim şey elə budur.
Bu şərq xəstəliyi canımıza elə yeriyib ki, hamı sözsüz bir razılığa gəlmişcəsinə məsuliyyət altına girməmək, işin böyüyündən, ciddisindən yapışmamaq üçün “buna da şükür bəhanəsi”nin arxasında gizlənir. Bu mənada, tutalım, Con Faulzun sözügedən seriyadan çıxan kitabındakı əsərləri müəllifin ilk dövr yaradıcılığına aid olan yığcam əsərləridir. Kitabda müəllifin 4-5 kiçik romanı var, amma bunlar heç biri müəllifi ifadə etmir. İşin asanına qaçıb, yığcam, balaca dörd-beş əsər çevirməkdənsə, elə həmin beş əsərin həcmindəki “Fransız leytenantının xanımı” romanı çevrilsəydi, həm müəllifin boyu görünərdi, həm də bizim oxucu-yazıçı mühiti həqiqi mənada fərqli bir əsərlə tanış olardı.
Mən bu özünüaldatmanı, bu müsəlman xəstəliyini neçə illərdir hər sahədə görürəm: bir müəllifin kitabı tərcümə olunmalıdır – bax, gör ən yığcam əsəri hansıdır? Üslub yetkinliyi, müəllifi və onun təmsil etdiyi ədəbi istiqamətin bu yığcam əsərdə nə qədər ifadə olunması nəzərə alınmır, əsas həcmdir, çünki ədəbiyyat məqsəd yox, əlavə gəlir üçün araya salıb həll edilən əlavə işdir, ikinci dərəcəli məşğuliyyətdir. Və biz bu yanaşmayla – ədəbiyyata kəf gəlməklə, ciddi ədəbiyyat yaratmaq, kitab sənayesi formalaşdırmaq istəyirik.
Qısa və konkret: “buna da şükür bəhanəsi”ylə proqressiv heç nə etmək mümkün deyil.
Məsələn, dünyada qalın kitablarla , uzun metrajlı mükafat almış filmlərlə yanaşı, minimalist əsərlər də, yığcam filmlər də çəkilir. Biz sərf edir deyə tez minimalist olanı, asan başa gələni, tez-bazar yekunlaşanı seçirik. Qəşəng bəhanə də var: dünyada trenddir. İndiki dünyada trendlər, az qala, hər həftə dəyişir, elə bu da onların ötəriliyinə ən yaxşı dəlildir. Əsas məsələ dayanmadan hərəkət edən, dəyişən paradiqmaların, çalxalanan informasiya axınının, trendlərin, brendlərin, fikir qarşıdurmalarının içindən dayanıqlı, həqiqi, qalıcı olanı seçə bilmək və onu ifadə etmək məsuliyyətinin altına girməkdir. Hər şeyin üz qabığını, səthini imitasiya etməklə, günü, həftəni, ayı, ili beləcə özünüaldatma ilə yola verməklə heç bir nəticə hasil edə bilməyəcəyik.
Ötən həftə koronavirusla bağlı videoları izləyəndə, rastıma daimi tamaşaçısı olduğum Fatih Altaylının “Təkə-tək” verilişi çıxdı. Bizim tez-bazar dünya trendlərinin yüngül qatına qoşulduğumuz, televiziyalarımızın, saytlarımızın sanballı, ciddi verilişlərdən “baxılmır, uzundur” bəhanəsiylə uzaq gəzdiyimiz bu yeni erada gecə vaxtı yayımlanan və xronometrajı üç saatdan artıq olan “Təkə-tək” verilişinin hər sayı, az qala, universitetdə bir kurs bitirmək kimidir. Maraqlısı odur ki, burda nə qədər məsuliyyətdən boyun qaçırsaq da, komfort zonamızdan çıxmağa qorxsaq da, ənənədən başqa izahatımız olmasa da, əslində, Fatih Altaylının verilişini Türkiyədən sonra ən çox Azərbaycanda izləyirlər.
Bəs necə olur ki, o qədər qəliz, elmi mövzuların qoyulduğu və o qədər uzun verilişi bizimkilər də izləyir. Axı biz uzun verilişlərə baxmırdıq? Məncə, söhbəti sağa-sola dartmağın, nala-mıxa vurmağın mənası yoxdur, hər şeyi adıyla çağırmaq lazımdır: istənilən mövzuyla bağlı məhdudiyyət olmadan müstəqil fikir demək üçün şərait olanda və bu cür azad, hazırlıqlı adamların fikrinə ehtiyac olanda kitabın qalınlığı, filmin uzunluğu, verilişin xronometrajı ikinci plana keçir.
Fikir verin, bizdə yazıçıların, fikir adamlarının dəvət olunduğu verilişlərdə ya əsas fikirlər nizamnaməyə uyğun sünnət olunur, ya da fikir adamının böyrünə mütləq bir manıs, aşıq, meyxana deyən qoşurlar ki, disskusiya yox, saçyoldu alınsın.
Bizim ölkədə dəvət olunduğum verilişlərin mütləq əksəriyyətində özümü təhqir olunmuş hiss edirəm. Elə ki, içində fasiləsiz şəkildə qaynaşan, gerçəkləşmək üçün yarışa girən ideyalardan birini üzə çıxarmaq istəyirsən, hasar-hasar, hektar-hektar dərk olunan torpağı vətən eləməyə çalışırsan, verilişmizin musiqili qonağı caynaq kimi qaynaq etdirdiyi dırnaqlarını göstərə-göstərə yeni musiqili meyxanasıyla studiyaya daxil olur...