Solğun işıqlı ucuz kafelərdə söylənilən sərxoş nitqlərə inansaq biz “itirilmiş istedadlar” dövründə yaşayırıq.
Bütün bu özünütəqdim cəhdləri hər nə qədər yalan ehtiva edirsə belə biz bir qisim istedadın məhv olduğunu faktını da görməyə bilmirik.
Bir atımlıq barıtı olan şairlər, yazıçılar o qədərdir ki.
Bu istedad mütaliə ilə bəslənməyəndə, bu ilahi istedad ancaq bir kitaba, beş-altı şeirə, parlaq gələcək vəd edən (amma o gələcək heç zaman gəlməyəcək) bir romana çevrilir və başa çatır.
Əslində istedadın özü də irrrasional anlayışdır, mütaliədən fərqli olaraq onu ölçmək də mümkün deyil.
Lakin biz tamamilə şərti şəkildə bir atımlıq barıtını partladıb sonra epiqonçuluğa yuvarlananları, yüzlərlə səhifəlik şeir kitabı içində əsasən gənclik illərində yazılmış bir ovuc şeir olanları istedad adlandırırıq.
Parlaq bir şeirdən sonra sönük təkrarlar gəlir hər zaman.
İstedad tükəndiyində görünən şeydir.
Rəsul Rza haqda düşünəndə də fikirlər insanı istedad və mütaliə dilemmasına aparır.
Səməd Vurğunun vəfatından sonra şeirimizin xəritəsinə bir nəzər salaq.
Müşfiq artıq 19 ildir güllələnib, Süleyman Rüstəm çox az yazır, Məmməd Rahim epiqonçuluğunu davam etdirir.
Və Səməd ölümü ilə əslində mövcud olmağa davam edir.
Bu mövcudluğun arxasında onun böyük istedadı, şeirinin xalqa yaxınlığı, kütləviliyi və bir az da sağ şairlərin şeirləri dayanırdı.
Rəsul Rza bu zamanda parlaq manevrlər etməyə başladı, bəli, o Səməd Vurğun kimi xalqın ürəyində olan, ruhuna yaxın olan şair modeli deyildi, şeirləri kütləvi qəbul edilmirdi, nəinki Səməd Vurğunun, Mikayıl Müşfiqin, hətta Süleyman Rüstəmin də kölgəsində qalırdı.
Onun manevrlərini qısa şəkildə əslində bu cür izah etmək olardı: O yepyeni şeir yazacaqdı və açdığı bu yolda da özü olacaqdı.
Yəqin ki, şair Səməd Vurğunun da “son mogikan” olduğunu, bir müddət sonra onun erasının başa çatacağını, şeirimizin yeni təmayüllə irəliləyəcəyini hiss edə bilirdi.
Hiss etməsəydi bu məchul yollarda qələm oynatmazdı.
Rəsul Rzanın bəzən ancaq misraların parçalanmasıyla süni şəkildə yaratdığı sərbəst şeirlər zamanla püxtələşəcək, bu şeirlər yenilik axtaran gənclərin ürəyinə yol tapacaqdı.
Şeirimizdə konseptuallıq, fəlsəfi lirika, yeni formalar yaranacaq, onun üzərindəki əyalətçi ricətlər yavaş-yavaş yoxa çıxacaqdı.
Gənclər bu yeni eranı hamıdan qabaq hiss edəcək, Əli Kərimin simasında Rəsul Rzadan da yaxşı şeirlər yazacaq, amma öz inadkarlığına, uzaqgörənliyinə görə bu yolun banisi Rəsul Rza olacaqdı.
Daim şeirin ən yaxşısına, ən təzəsinə can atan ədəbiyyat tarixi Səməd Vurğun epiqonçularındansa Rəsul Rzanın parlaq olmasa belə novator şeirlərini sevəcək, onları əzizləyəcəkdi.
Çünki ədəbiyyat tarixinin gələcək səhifələri də bu novatorluğun inkişafından ibarət idi.
Qaliblər zamanın ruhunu duyanlardır.