“Kinomuzun Üzeyir Hacıbəyovu olmadı” MÜSAHİBƏ

“Kinomuzun Üzeyir Hacıbəyovu olmadı” MÜSAHİBƏ
16 yanvar 2013
# 15:34

Rejissor Tahir Əliyevin Kulis.Az-a müsahibəsi

- Özünüz haqda məlumat verərdiniz.

- Facebookda status yazanda həmişə qeyd edirəm ki, “Qara rejissor Tahir Əliyev” (gülür). Özüm haqqında sadə vətəndaş deyə bilərəm. İncəsənət Universitetinə gəlişim tamam başqa səbəblərdən oldu. Əslinə qalsa mülki təyyarəçi olmaq istəyirdim. Hətta məktəbdə oxuyanda özüm üçün təyyarəçi “paqon”ları da almışdım. Ancaq vəziyyət elə gətirdi ki, İncəsənət Universitetinə gəldim və qismətimə Cəmil Quliyevin emalatxanasında təhsil almaq düşdü.

- Universitetdə neçənci illərdə təhsil almısınız?

- 1993-98-ci illər aralığında...Bizim gəncliyimiz çox pis keçib. Niyə? 13-14 yaşımız olanda Qarabağ hadisələri başlamışdı. 15 yaşımızda 20 yanvar qırğını oldu. 17 yaşım olanda Şuşanı itirdik. 20 yaşımızda, dünyanı gəzib, sevən vaxtımızda komendant saatına düşdük. Mənim indiyə kimi yadımdadır 1995-ci ilin 28 aprelində 20 yaşım tamam olanda qızla şəhərdə gəzirdim, başımız qarışdı, gecə saat 12 oldu. Həmin gün məni həbs elədilər (gülür). Səhv etmirəmsə Hüsü Hacıyev küçəsində olmuşdu bu hadisə. Dedilər, siz getməlisiniz komendaturaya, orda qalmalısınız. Dedim, icazə verin, bu gün şənlənim, mənim ad günümdür axı. Pasportuma baxanda, dedilər sən çox pis gündə doğulmusan (gülür). Söz yox, bizi həmin gün azad elədilər. Yəni onu demək istəyirəm ki, çox pis vəziyyətdə, normal, xarakteri olmayan cəmiyyətdə böyüdük. 20 yanvarda və Qarabağda baş verənlər xaraktersiz hadisələr idi. Dediyim kimi əcaib bir cəmiyyətdə böyüdük.

- Niyə məhz İncəsənət universitetini seçdiniz?

- Seçimimi genetik hesab etməyim absurd olardı. Babam 30-cu illərdə Naxçıvan teatrında səhnə rəssamı işləyib. 1988-ci ildə meydan hərəkatında fəal iştirakçılardan olmuşam. 20 yanvar hadisələri olanda biz 8-ci km qəsəbəsində yaşayırdıq. O hadisələrin içində olmuşam. Sözün həqiqi mənasında bu hadisələr məni İncəsənət Universitetinə, incəsənətin daha kəskin, aqressiv növü olan kinoya gətirdi. Kino aqressiv növdür və həmişə deyirəm ki, ictimai baxışı, ictimai rəyi, ictimai düşüncəsi olmayan adam kinodan uzaq olmalıdır. Kino rejissorunun ictimai baxışı yoxdursa, o, kinodan uzaq olmalıdır.

- Belə götürdükdə əksər rejissorların ictimai baxışları yoxdur.

- Bilirsiniz, sizə bir fakt deyim. İçərişəhər Bakı şəhərinin özəyidir. Bakı onun ətrafında meqapolisə çevrilib. Fotoqrafların, rəssamların, rejissorların, kino operatorların bir sözlə hamısının əsərlərində İçərişəhərin izi var. 90-cı illərdə İçərişəhəri dağıdanda hansı kinematoqraf səsini çıxartdı? İçərişəhər dağıdılanda gömrükçü, təyyarəçi, bənna yox, kinematoqrafçılar səsini çıxarmalı idi. İçərişəhərdən daim məkan kimi istifadə edən şəxslər danışmalı idilər. Kinematoqrafçı ictimai rəy formalaşdırmalıdır.

- 20-dən çox sənədli film çəkmisiniz. İndi sənədli film sahəsində böhranlı vəziyyət hökm sürür. Bu nə ilə bağlıdır?

- Belə düşünürəm ki, 90-cı illərdə Azərbaycanda sənədli film sahəsi inkişaf etdi. 90-cı illərdə təhsil alan rejissorlar kütləvi sürətdə kinoya gəldi. Əvvəl Moskvadan iki ildən, üç ildən bir rejissor, ssenarist gəlirdisə, 90-cı illərdə artıq kütləvi axın var idi. 9 milyonluq xalqın ildə 90 nəfəri rejissor diplom almalıdır.

Türkiyədə ildə 500 nəfər rejissor diplom alır. Çünki 80 milyondan çoxdurlar. Ehtiyac var. Telekanalların sayı 5000-dən çoxdur. Bu baxımdan Azərbaycanda sənədli kino 90-cı illərdə çox maraqlı inkişaf etdi. Çünki Azərbaycan kinosunda bədii filmlərə dövlət dəstəyi olmadı. Amma buna baxmayaraq müəyyən şirkətlər kinoya pul ayırırdılar. Sadəcə bunları tapmaq çətin idi. Artıq televiziyalarda sənədli filmlərin çəkilişinə başlanılmışdı. Bu tələbələrin hesabına başa gəlirdi. Çox təəssüflər olsun ki, sənədli kinoda öz sözünü deyən, beynəlxalq festivallarda mükafat ala biləcək rejissorlar – Əli İsa Cabbarov, Vüqar Həmidov, İqbal Məmmədəliyev sənədli kinodan uzaqlaşdılar.

- Niyə uzaqlaşdılar?

- İstək məsələsi var da. Əlisa, Vüqar, İqbal bədii kino üzrə təhsil almışdılar. Bizdə yaxşı sənədli film rejissorları var. Avropanın bəzi rejissorları, hamısını demək istəmirəm, yüzdə yetmişi adlarını çəkdiyim bu rejissorlarla ayaqlaşa bilməzlər.

- Necə yəni ayaqlaşa bilməzlər?

- Bizim rejissorlar sənədli filmdə püxtələşiblər. Çünki bütün enerjilərini 10-15 il ərzində sənədli kinolara sərf ediblər və bu sahədə də uğur qazanıblar. Ancaq Əli İsa bədii film sahəsinə keçdi. İndi həm də sanballı prodüserdir. Sizə deyim ki, mənim sənədli kinoya gəlməyimdə onun, İqbal Məmmədəliyevin çox böyük əməyi olub. İqbal da televiziya sahəsinə keçdi.

- Qarabağ müharibəsi haqqında çox filmlər çəkilib. Bu filmləri ümumilikdə necə qiymətləndirə bilərsiniz?

- “Fəryad” filmi həqiqətən də fəryad idi. Yaxın 10-15 ildə “Fəryad” kimi film çəkilməyəcək. “Fəryad” filmində sözün həqiqi mənasında Qarabağın iyi var. Təəssüflər olsun ki, Qarabağ haqqında çəkilən filmləri sənət filmləri yox, təbliğat filmləri etdik. Bosniya və Herseqovinada, Kosovoda baş verənlərdən amerikalılar, ingilislər özləri üçün sənət filmləri hazırladılar. Onlar o lokal müharibədən hadisə yaratdılar. Bizimkilərsə filmdən təbliğat vasitəsi kimi istifadə etdilər. Amma düşünmədilər ki, kino özü təbliğat vasitəsidir. XXI əsrdə bir filmdən təbliğat maşını kimi istifadə etmək səhrada qütb ayısı tutmağa bənzəyir. Ucuz təbliğatdır, ehtiyac yoxdur buna.

- Qarabağ təbii ki milli məsəlidir. Ancaq sadə bir yol var ki, o da bu filmlərinin pulunu dövlətin verməsidir. Kusturitsanın çəkdiyi filmləri Yuqoslaviya hökuməti maliyyələşdirməyib axı.

- Dövlət deyəndə siz nəyi nəzərdə tutursunuz?! Dövlət böyük anlamdadır.

- Konkret Mədəniyyət və Turizm Nazirliyini deyirəm. Söhbət dövlət büdcəsindən kinoya ayrılan puldan gedir.

- Burda məsuliyyət rejissorun üzərinə düşmür axı. Ümumən sovet hökuməti azərbaycanlı rejissorları çox tənbəl böyütdü. Rejissorun gərək özünün pulu ola. Demirəm o pula hökmən film çəkməlidir, yox. Sadəcə varlı, zadəgan olmalıdır. Bizim bədbəxtçiliyimiz odur ki, rejissorlarımız kasıbdır. Beş nəfər qonağı qəbul etməyə gücləri çatmır. Nuri Bilgə Ceylan milyonçudur. Rejissor pullu olmalıdır. Bizim rejissorlar Mədəniyyət Nazirliyindən 5 qəpik pul almaq üçün bir-birləri ilə mübarizə aparırlar. Belə rejissor olar? Təbii ki, ona nə versən çəkəcək. Rejissor mütləq zəngin olmalıdır. Çox təəssüf olsun ki, kinomuzun Üzeyir Hacıbəyovu olmadı.

- Zeki Demirbukuz küçə ticarəti ilə məşğul olub. Hər halda onlar kinodan da qazanc götürüblər.

- Pul var adamı qudurğan edir, pul var adamı zadəgan edir. Mən zadəganlıqdan danışıram. Bir var milyonçu, biri də var oliqarx. Oliqarx odur ki, televiziya, kinostudiya açır və ora qazanc mənbəyi kimi baxmayaraq pul xərcləyir. Milyonçu isə milyonunun üzərinə milyon gətirmək üçün çalışır. Söhbət bundan gedir.

- Azərbaycanda büdcədən maliyyələşməyən film çəkmək mümkündürmü?

- Çox təəssüflər olsun ki, kinonu bu vəziyyətə salan rejissorların özləri olub. Bir şeyi də deyim ki, 90-cı illərin ortalarına kimi Azərbaycanda bir balaca burjuaziya vardı. Azərbaycanda kino çox lokaldır. Azərbaycan kinosunun sərmayəsi bir təşkilatda, Mədəniyyət və Turizm nazirliyində cəmlənib. Mədəniyyət nazirliyi nə etsin? Bir film və 9 qocaman rejissor. Hamısı da “Şöhrət” ordenli. Gəl, indi bunları yedizdir. Nazirliyi də qınamıram. Rejissorlar yavaş-yavaş prodüserlər vasitəsilə müstəqil olmağa çalışmalıdırlar. Biz də prodüser qıtlığı da var.

- Azərbaycanda prodüser deyəndə ancaq müğənni prodüserləri ağla gəlir. Bir neçə cümlə ilə kino prodüserinin işini izah edərdiniz.

- Mahiyyətcə iki prodüserin də işi eynidir. Sadəcə birinin pulu, birinin ondan sonra görüləsi işi fərqlidir. Prodüserin ətrafı, imkanı, yeri gələndə istənilən nazirin otağına girmək üçün nüfuzu olmalıdır. Çox miqdarda olmasa da özünün şəxsi büdcəsi və təsir qüvvəsi olmalıdır. Vəssalam, qurtardı getdi. Əli İsa Cabbarov prodüserdir, işləri də qaydasında gedir. Fehruz Şamıyev Zeynəb Özbaturdan geri qalmır. Onun çatışmayan cəhəti var. Özünə deyəcəm (gülür). Fehruz sakit formada öz işini görür. Amma kinostudiyada filmlərdə adını prodüser yazanlar var ki, heç qonağını qapıdan içəri buraxdıra bilmir. Yəni sadə mühafizəçinin yanında hörməti yoxdur. Təxminən iki il bundan əvvəl “Salnamə” kinostudiyasında qısametrajlı film çəkildi. Ancaq filmə prodüserlik edən şəxs kənar yerdən gəlmişdi.

- Xaricdən gəlmişdi?

- Yox, ölkədəki prodakşınlardan biri idi. Orda onun adını prodüser yazmağa qoymurdular. Deyirdilər ki, prodüser yazıla bilməz. Pulu Mədəniyyət və Turizm Nazirliyi verir. Çox gözəl, deyirəm ki, orda prodüser yazılmalıdır axı. Bu pulu nazirlikdən kim alıb? Mədəniyyət və Turizm Nazirliyi Tahirin də qapısını döysün də?! Xeyir ola, pulu ona verib? Deməli o pulu ala bilib də. Əgər Fehruz nazirlikdən hansısa işə görə 5 -10 manat ala bilirsə, demək Fehruz prodüserdir. Pulu dövlətdən və ya qeyri-dövlət təşkilatlarından alan adam prodüserdir. Türkiyədə ssenarinin prodüserə təqdim edilmə prosesi var. Təbii ki, bu mühüm məsələdir. Nuri Bilgə Ceylanın sonuncu filmləri “Üç meymun” və “Bir zamanlar Anadolu”nun pulunu Kültür Bakanlığı verib. Bəs niyə prodüser kimi Zeynəb Özbaturun adı yazılıb? Çünki o nazirliklə danışığa girib, o pulu ala bilib. Nuri Bilgə o pulu heç vaxt ala bilməzdi. Söhbət bundan gedir.

- İndi Türkiyədə oxuyursunuz. Bu amil sizə kömək edəcək?

- Açığı, kömək edəcəyinə az da olsa inanıram. Orda oxumağımın ziyanı yoxdur. Yeni qapı açılıb, yeni münasibətlər qurmuşam. Sonra nə olacaq, bu haqda heç nə deyə bilmərəm.

- Bizdə çəkilən seriallarla Türkiyədə çəkilən serialların fərqi nədir?

- Nə Türkiyədə, nə də Azərbaycanda ciddi serial çəkilir. “Baharın 17 anı”, “Amansız cəbhə”-serial bunlardır. Azərbaycanda serial mətbəxə işləyən təsvirdir. Serial mətbəxdəki qadınlar üçündür. Türkiyədə də belədir. Serial boş şeydir. Üç-altı ay bir insanın həyatını izləmək nə dərəcədə düzgündür? Bu absurd məsələdir. İki-üç ilə insanın məhəbbəti azalır. İki il bir adamın arxasınca düşmək olar? Hər şeyin qaydası var.

- Dövlət büdcəsindən kənar pul tapmaq olmazmı?

- Bu cəmiyyətdən asılıdır. İnanıram ki, kino baxımından 5-6 il sonra hər şey öz qaydasına düşəcək. Azərbaycan tamaşaçısının intellekti yüksək səviyyədə deyil. Rus xalqının yüzdə əllisi “alkaş”dı. Onların kinosuna, teatrına, incəsənətinə, rəssamlığına baxın. Deməli, bu xalqda nəsə var da. Bizi bədbəxt edən müharibədir, son 20 ildə insanların şüuruna çox böyük təsir etdi. İnanmıram ki, dövlətdən kənar kimsə kinoya külli miqdarda pul qoysun. Bu absurd məsələdir, mümkün deyil.

- Verdiyin pulun qayıdacağını bilən olsa bəlkə də pul ayırar.

- Müğənniyə verdikləri pul qayıdır? Kinonun mənəvi tərəfdən sevmək lazımdı. Müğənnini fiziki tərəfdən də sevirlər.

- İkinci Dünya Müharibəsi haqqında 8 filminiz var. Bu mövzuya marağınız haradan yaranıb?

- Bir haşiyə çıxım. Qarabağ haqqında çəkilən filmlərdən ən yaxşı film kimi Çingiz Rəsulzadənin “Kuklalar” filmini qeyd edə bilərəm. “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” yaxşı filmlərdir. Niyə? Cəbhədən kənar baş verən hadisələr daha maraqlı olur. “Kuklalar” ona görə maraqlı oldu ki, paytaxtda baş verən hadisələr göstərilmişdi. Qarabağ döyüşlərindən film çəkməkdənsə 1988-90-cı illərdə Bakının küçələrindəki oğurluqları, çörək növbələrini çəkmək daha maraqlı olardı. 1988-93-cü illərdə yaşananlar müharibədən çox siyasi məsələlər idi. Bu da kinoya gəlmirdi. Yəni, kinematoqrafik hadisələr baş vermirdi o müharibələrdə.

Rəhmətlik atam hərbini sevən adam idi. Onun komandiri, polkovnik Nemət Kərimovun böyük şəkli vardı, bu günə kimi də qalır. O, Jukovun adyutantı işləmişdi. Uşaq vaxtı Böyük Vətən Müharibəsində iştirak etmiş marşalların fotolarını toplayırdım və bu müharibə haqqında çəkilmiş filmləri diqqətlə izləyirdim. Sənədli kinoya gələndən sonra özümə söz verdim ki, Böyük Vətən Müharibəsini araşdırım və bu haqda sənədli filmlər çəkim. Mənə elə gəlir ki, alındı və çox maraqlı filmlər ortaya çıxdı. Elə qəhrəmanlar var ki, Azərbaycanda tanınmırdılar, unudulmuşdu, onları ortaya çıxardıq.

- Azərbaycan kinosunun inkişafını nədə görürsünüz?

- Azərbaycan kinosu artıq inkişaf edir. Yeni kino təşkilatları var. “Cinema” Gənc Kinematoqrafçıları Mərkəzi, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası, Ssenari Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatların sayı çox olmalıdır. Müştərək işlər olmalıdır, xarici fondlarla əlaqələr qurulmalıdır. İnkişaf puldur. Pul da ki var. Yaxşı filmlərin ortaya çıxmamağı isə pulla bağlı deyil. Pulun olub-olmamağının kinomuzun inkişafına dəxli yoxdur. Futbola Azərbaycandan çox pul buraxan ölkə var? Amma qol vura bilmirlər. Problem başqadır. Ədəbiyyatın da inkişafı da lazımdır. Nuri Bilgə Ceylanın son üç ildə qazandıqları uğur təkcə ona aid deyil. Onun uğurlarında Orxan Pamukun da payı var. Buna görə düşünürəm ki, ya Əkrəm Əylisli, ya Kamal Abdulla ya da başqa biri Nobel mükafatı almalıdır.

# 2937 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #