Anar

Anar
19 oktyabr 2012
# 21:50

Ayrı-ayrı insanlarla tamam müxtəlif situasiyalarda tanış olursan və o adamla bağlı xatirələrin başında məhz o tanışlıq xatirəsi dayanır.

Kiminlə avtobusda tanış olmusan, kiminlə eyni məktəbdə oturmusan, kiminləsə Facebookda...

O adamla xatirələr bitənə qədər ilk xatirə-tanışlıq xatirəsi sənin yaddaşına hopur.

Bu gün doğum günü olan Anar Yusifoğlu ilə mənim ilk xatirəm də unudulmazdır, təkcə ona görə yox ki, bu bizim ilk xatirəmizdir, həm də ona görə ki, bu tanışlıq mənim yaradıcılığıma verilən ilkin böyük qiymətlərdən biri idi.

O zamanlar biz müxtəlif cəbhələrin adamı idik, amma mən o zaman da indi olduğum kimi yazının gücünə inanırdım.

Və Anar mənim siyasi olmayan bir məqaləmə görə (amma deyilənə görə yaxşı məqaləydi ) yazıçı Pərviz Cəbrayıl vasitəsi ilə mənimlə tanış olmuşdu.

O tanışlıqdan sonra şəxsən mən çox şey öyrəndim.

Öz istedadıma inam qazandım, özümə inam qazandım.

Hərçənd o kiçik və balaca kafedəki görüş olmasaydı bəlkə

“Mustafa” romanı da başa çatmazdı, Kulis.az da olmazdı.

Çünki həyatımda qazandığım bütün gözəl şeylərə məni inandıran, məni ruh verən adam Anardan başqası deyildi.

Bir Anarla vuruşub, o biri Anardan ilham alırdım.

İndi bu yazını oxuyan düşünəcək ki, mən bu yazını ad günü olan əziz dostum haqda yox özüm haqda yazdım.

Qətiyyən elə deyil!!!!

Mən özüm haqda yazmadım, məni özüm edən, Turalı Qan Turalıya çevirən əziz dostum haqqında yazdım.

Onun mənə verdiyi mənəvi impuls əvəzsizdir.

Ad günün mübarək, əziz dost.

Səni çox istəyirəm...

# 2393 dəfə oxunub

Müəllifin son yazıları

# # #