“Qarabağ haqda heç nə yaza bilmərəm” MÜSAHİBƏ

“Qarabağ haqda heç nə yaza bilmərəm” MÜSAHİBƏ
14 iyun 2013
# 08:00

Kulis.Az yazıçı Cavid Zeynallı ilə müsahibəni təqdim edir.

- Ədəbiyyata marağın necə yarandı?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, uşaq vaxtı dərslərimi yaxşı oxumurdum. Bir dəfə atam qonşuya getmişdi. Tərslikdən qonşunun uşağı da yaxşı oxuyurdu. Atam evə gələr-gəlməz vurma cədvəlini soruşdu, bilmədim. Vurma cədvəlindən, ümumiyyətlə riyaziyyatdan zəhləm gedirdi (gülür). İki saata yaxın danlaq, tənə eşitdim. Ki, səndən heç nə olmayacaq, canın çıxar onun-bunun qapısında fəhləlik eləyərsən, onda ağlın başına gələcək. Atamın bir şair tanışı var – Əlirza Həsrət. 2-3 gün sonra onun şeirlər kitabını evə gətirdi. Kitabı oxuyanda gördüm, burda nə var, mən də yaza bilərəm. Sonra ağlıma nə gəlsə yaxşıdır: şeir yazıb pul qazanmaq olarsa, oxumaq nəyə lazımdır? Əslində, o vaxtdan yazmağa başladım. İki-üç şeir qaralamışdım. Sonra hekayələr yazmağa girişdim. Balaca bir hekayəmi dostum oxuyub evimizə gəlmişdi ki, əladır, davam elə. Bu məni bir xeyli həvəsləndirdi.

- Hekayələri nə zamandan yazmağa başladın?

- Onuncu sinifdə oxuyanda. Məktəbin KVN komandasına hətta ssenari yazmışdım. Ssenarini müəllimlər bəyənmişdi. Sadəcə, direktora ilişdiyim üçün səhnəyə qoymadılar.

- Oxumaya-oxumaya bəs necə universitetə qəbul oldun?

- Vurma cədvəlini bilməsəm də, sən deyən küt deyildim (gülür). Mənim musiqi təhsilim var. Cəlilabadda musiqi məktəbinin qarmon sinfini bitirmişəm. Yadıma gəlir, atam özəlləşdirmə çekini satıb mənə qarmon almışdı. Məktəbi bitirdiyim il Mədəniyyət və İncəsənət Universitetinə sənəd versəm də, qəbul ola bilmədim. Sonra rayona qayıtdım. Orta məktəbdə çox sevdiyim, mənə hədsiz əziz olan Elmira adlı müəllimim var, məni təmənnasız olaraq tarix fənnindən hazırlaşdırdı. 5-6 ay vaxtım qalmışdı, dizimi yerə qoyub oxudum. 2003-cü ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə qəbul oldum. Hazırlıq səviyyəm aşağıydı deyə, bu fakültəni əmim yazmışdı ki, heç olmasa çöldə qalmayım. Mənim də onda jurnalistikaya böyük həvəsim vardı. Çox qəribədir, həm musiqiçi, həm də jurnalist olmaq istəyirdim (gülür). Söz verdilər, səni jurnalistika fakültəsinə köçürəcəyik. Mən də kitabxanaçılıqda oxumağa razılaşdım.

- Nə qədər bal toplamışdın?

- Səhv etmirəmsə, 374 bal idi.

- Seymur Baycan deyirdi ki, atam məni nağara sinfinə aparmaq istəyirdi. Amma mən yazıçı olmaqla bədbəxt oldum, nağara çalan olsaydım indi yaxşı yaşayırdım. Aqşin də deyir ki, indiyə kimi Seymura baxanda hiss edirəm, onda nəsə çatmır. Sən demə, Seymurun nağarası çatmır. Sən necə, düşünmürsən ki, bu mühitə düşməklə bədbəxt oldun? (qarşılıqlı gülüşmə)

- Bir ara ədəbiyyat barədə hədsiz bədbin idim. Yazmışdım ki, ədəbiyyata aid olan hər şey məni iyrəndirir. Yaxşı ki, bu hissi özümdən uzaqlaşdıra bildim. Düzünü deyim ki, əslində Seymur haqlıdır. Bu ölkədə yazı-pozu ilə məşğul olmaq, bədbəxtliyin başqa adıdır.

- Ədəbiyyatda Qazax, Qarabağ bölgələrinin hegemon olduğu dövrlər olub. Ancaq son dövr sənin də anadan olduğun Cəlilabad rayonundan bir xeyli şair çıxıb. Bu, səncə nə ilə bağlıdır?

- Yəqin torpaq yetişdirir (gülür). Sovet vaxtı Cəlilabadla Bakının arasında İran faktoru olduğu üçün guya bir qapalılıq vardı. Ona görə insanlar kənara çıxa bilmirdilər. Dünyada, paytaxtda baş verənlərdən xəbərsiz idilər.

- Necə bir qapalılıq var idi?

- Bildiyimə görə sovet vaxtı Cəlilabadla Bakı arasında guya xüsusi bir post olub. Ordan gəlib-getmək çətin olub, adamlara mane olurmuşlar, nəzarət-filan varmış.

- Sovet vaxtı sərhəd rayonlarına getmək üçün icazə almaq lazım idi...

- Təxminən, belə bir şey olub. Müstəqillikdən sonra bu qadağa götürüldü. Hazırda Cəlilabadda o qədər istedadsız şair var ki, onların da 80 faizi Yazıçılar Birliyinin üzvüdür. Rayonumuzda hətta ədəbi dərnəklər də olub, iki qəzet fəaliyyət göstərib. Ümumiyyətlə, 2000-ci ilin əvvəllərində Cəlilabadda bir ədəbi mühit formalaşmışdı. Düzdür, mən heç vaxt o mühitdə olmamışam. Bircə onu xatırlayıram ki, 1996-cı ildə, orta məktəbdə oxuyanda Salam Sarvanın yubileyi keçirilirdi. Bakıdan da qonaqlar gəlmişdi. Bir də 90-cı illərdə Cəlilabadda din faktoru da çox güclü idi. Folklor baxımından mərsiyəçilik bir növ şifahi xalq ədəbiyyatı kimi kəndlərdə geniş yayılmışdı. Onun vasitəsilə adamlar sözə meyllənirdilər.

- Yazıçılar Birliyinə neçənci ildə üzv oldun?

- Əsgərlikdən qayıdan sonra, 2008-ci ildə Gənc Ədiblər Məktəbinin üzvü oldum. Sonra həmin xətlə AYB-yə üzv qəbul oldum. Bir il prezident təqaüdü aldım. “525-ci qəzet”ə reportajlar yazırdım. “Günəşi gözləyənlər” romanını da həmin dövrdə yazmışdım.

- AYB-dən gənclərin istefa verməsinə münasibətin necədir?

- Ümumiyyətlə, bu məsələlərə normal yanaşıram və hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ancaq adamlar var gör nə deyir: Qismət çıxdı, sən də çıx. Burdan elan edirəm ki, mənim AYB-dən çıxmaq niyyətim yoxdur. Səbəbsiz, vəssalam! Yəni kefim belə istəyir və səbəb göstərmək kimi öhdəliyim yoxdur. İstəmirəm, istefa verən səkkiz nəfərdən biri də mən olum. Bəlkə kimsə fikirləşir, Cavidin AYB-dən umacağı var, nəsə gözləyir. AYB indiyə kimi heç kimə heç nə verməyib və bundan sonra da inanmıram ki, kimsə AYB-dən maddi olaraq nəsə alsın. Nəinki AYB üzvü olanlar, hətta orda çalışan insanların da normal güzəranları, ev-eşiyi yoxdur. Bəlkə nə vaxtsa elə bir hadisə olacaq, mən də üzvlükdən çıxacam, indilik belə niyyətim yoxdur. Aysel, Rəbiqə, Elnaz, Qismət, Mövlud və digərləri çıxdılar. Qoy çıxsınlar, onların şəxsi işləridir, fikirlərinə hörmətlə yanaşıram.

- AYB-də nə çatışmır?

- Ümumiyyətlə, orda çatışan nəsə varmı? Bəzən üzvü olduğum təşkilatın biletini daşıyan insanları görəndə, xəcalət çəkirəm. Onlar nəinki 40, deyərdim 100-cü dərəcəli şairlərdi. Ciblərində üzvlük biletlərindən istifadə edib dövlət idarələrində dilənçiliklə məşğul olurlar. Bunun adı “reket”çilikdə deyil, məhz dilənçilikdir. Gedib hansısa bir təşkilata deyirlər ki, nüfuzlu təşkilatın üzvüyəm, qonşu rayona gedirəm, bəs, maşınıma benzin vura bilərsən? Hətta bir dəfə kafedə oturmuşdum, yemək yeyirdim. Gördüm qonşu stolda AYB üzvü olan iki nəfər söhbət edirlər. İnanın, onların arasındakı söhbəti eşidəndə iyrəndim.

- Haradan bildin ki onlar AYB-nin üzvüdürlər?

- Ədalət Əsgəroğludan, AYB-dən və sair başqa məsələlərdən danışırdılar. Hətta bir nəfər də vardı stolda, onu da ora üzv qəbul etdirmək istəyirdilər. Söhbətlərinin məğzi bundan ibarət idi ki, AYB-yə üzv olmaqları rayonda onların xeyrinə işləyib. Görünür, üzvlüyün rayon mədəniyyət idarələrində faydası dəyir. Buna görə belə adamları görəndə adam utanır. İstedadım varsa məni üzv götürün, yoxsa 1600-ə yaxın istedadsızı ora toplamayın. 200 nəfər üzv qəbul edin, ancaq urvatlı olsun. Yazıçılar Birliyinin faktiki ədəbi siyasəti yoxdur axı. Yeganə normal çıxan ədəbi orqan “Azərbaycan” jurnalıdır. Bunun da səbəbi odur ki, “Azərbaycan” jurnalının normal büdcəsi var. Məsələn, “Ulduz”un elə bir büdcəsi yoxdur. Hərçənd, o büdcəylə də nəsə etmək olar, sadəcə təşəbbüskar və kreativ olmaq lazımdır. Burda pul faktoru ciddi rol oynayır.

- Rəşad Məcid deyir ki, sən yazında Anarı təhqir edibsən. Bu fikirlə razısan?

- O sözü Rəşad müəllimin dilindən eşidəndə heyrətləndim. Sadəcə, aparıcısı olduğum verilişin, ümumiyyətlə radionun qaydaları mənə kiminləsə efirdə aparıcı kimi mübahisə etməyə, mövqe göstərməyə imkan vermir. Əvvəla, “Azadlıq” radiosunda təhqir olan bir söz belə gedə bilməz. Sadəcə, yazının tonu ağır ola bilər. Bu da Anarın filminə adekvatdır. Məni heyrətləndirən ikinci məsələ odur ki, Rəşad Məcid deyir, yazıda təhqir var idi, Anar müəllimin böyüklüyü onda oldu ki, səni nəinki üzvlükdən çıxarmadı, hətta icazə verdi ki, romanın “Azərbaycan” jurnalında çap olunsun. Üstəlik deyir, mən Anarın yerinə olsaydım, səni üzvlükdən çıxarardım. Belə çıxır ki, bizim dostumuz Rəşad Məcid AYB sədri olarsa, onun çəkdiyi film, yazdığı əsər haqqında tənqidi yazı yazan bir gəncin qabağına kötük dığırladar, əsərinin çapına mane olar? Rəşad Məcid vaxtilə mənim əlimdən tutub, qəzetdə çap olunmağıma şərait yaradıb, hətta mən işsiz olanda işə düzəltməyə cəhd edib və bunları mən deməyə bilmərəm. Və bütün bunlardan sonra haqsız danışmağı əlbəttə, adama təsir edir.

- İstefa verənlər əsasən gənclərdir. Rəşad Məcid də AYB-də gənclər üzrə katibdir. Onların AYB-dən gözləntiləri nə idi və nə oldu? Bu istefalarla bağlı Rəşad Məcidin günahı varmı?

- Rəşad müəllimin günahının olub-olmamasını deyə bilmərəm. Hər halda ilk vaxtlar daha yaxşı başlamışdı. Görünür yorğunluqdan, ya da jansısa sirri-xudadan əvvəlki gənclər siyasətini yürütmək iqtidarında deyil. Gənc Ədiblər Məktəbinin yaradılmasına sevinmişdim. Biz oranın üzvü olanda, Aqşin ağzına gələni yazdı, Günel Mövlud müsahibələrində deyirdi, orda istedadlı adam yoxdur. O cümlədən Elnur Astanbəyli. Zaman göstərdi ki, bu adamların proqnozu ancaq qərəzdən ibarət olub. Gənc Ədiblər Məktəbinin yaranmasının müsbət tərəfi o oldu ki, ən azı 50 nəfər oxuyub yetişdi. O məktəbdən də ortalıqda normal beş imza var. Bu, qazancdır. Mən istəyirəm, o məktəb fəaliyyətini dayandırmasın. Gənc Ədiblər Məktəbi olmasaydı, bəlkə mən ortalığa çıxmayacaqdım. Səmimi deyirəm bunu. Bəlkə mən Qismətlə tanış olub bir dost qazanmayacaqdım, imzamı tanıtmaq üçün səylə çalışmayacaqdım, həvəsdən düşüb kənara çəkiləcəkdim.

- Sizin məktəbin səviyyəsi yüksək idi, yoxsa indikilərin?

- Düşünürəm ki, bizim məktəbin səviyyəsi yüksək idi. Çünki birinci yaranmışdı. Onların arasında iki il fərq oldu. İki ildə ciddi bir dalğanın olmasını gözləmək əbəsdir. Bunun üçün azı 10 il lazımdır. Görünür 7-8 il keçmişdi ki, biz yetişdik.

- “Leyla” romanını nə vaxt yazıb bitirdin?

- Təxminən keçən ilin aprel ayında bitirdim. Bu romanı iki ilə yazmışam.

- Əsəd Cahangir deyir ki, axırıncı romanında Anarı təqlid etmisən.

- Ümumiyyətlə, Anarın indiyə kimi yazdıqlarının böyük mənada heyranı olmamışam. Düzdür, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Otel otağı” əsərlərinin altına öz imzamı ataram, ancaq Anarın elə əsərləri var, onların altına nəinki imza atmaq, yazmaq haqqında düşünməzdim. Məsələn, “Qırmızı limuzin” mənasız, “Ağ qoç və qara qoç” əsəri də zəifdir. İnanın ki, Anarı təqlid etmək ağlıma gəlməyib.

- “Leyla” romanında nədən bəhs olunur?

- Romanda bir müğənni qızın həyatını vermişəm. Azərbaycan şou-biznesinin hazırkı durumu, şou-biznesdəki insanların faciəsini göstərmişəm. Əsərdə ədəbi mühitin də faciəsi var. Romanda jurnalist oğlan müğənni Leyla ilə tanış olur. Jurnalist oğlan qızın həyatına sanki ekskurs edir. Ondan əlavə Leylaya qarşı ölkədə bir qadağa var və bu da bir sirdir. Leylanı efirə qoymurlar, qəzetdə haqqında yazmırlar, konsertlər verə bilmir, hər yerdən sıxışdırılır. Bunun da səbəbi romanda göstərilib.

- Anarın belə süjetli əsəri yoxdur axı...

- Mən də bilmirəm Əsəd bu fikrə necə gəlib. Romanı Əsədə öz istəyi ilə vermişdim. Əsəd əsəri yarımçıq oxudu. Sonrasından xəbərim olmadı bitirdi, ya yox.

- Əsərin yazılmasına necə hazırlaşdın?

- Çox istərdim ki, şou-biznes nümayəndələrindən biri tanışım olsun. Məsələn, 3-4 ay onunla oturum-durum. Elə bir imkanım yox idi. İnsanlar intellektual verilişlərə, filmlərə baxanda mən şou-biznes verilişlərinə, evlənmə proqramlarına baxırdım. Orda danışan insanların danışıq tərzini götürürdüm. Səmimi deyirəm. Hətta Kulis.Az-a “Adam Aygün Kazımova olar” adlı yazı da yazmışdım. Müğənnilərin dünyaya baxışını, əxlaq normalarını, düşüncələrini öyrənirdim. İnternetdə şou-biznes adamlarının qalaq-qalaq çıxışlarını toplamışdım. Təxminən 20 ildir Azərbaycanda şou-biznes yaranıb. Bu haqda mütləq yazmaq lazım idi. Əsəd Cahangirin xarakterində, təbiətində xeyli problemlər var. Bu gün biri ilə dostdursa, onu tərifləyəcək, sabah onunla münasibətləri pozuluşanda mütləq qılıncdan keçirək. Əsəd deyir, qoy desin. Görünür, onun tənqidçiliyi Şərif Ağayar haqsız yerə AYB-dən uzaqlaşdırılan kimi ürək bulandıran müsahibə verib xoşa gəlməyə qədər işləyir. Təəssüflər ki, Əsədin bu gününü də gördüm.

- “Günəşi gözləyənlər” romanının ön sözünü Əsəd yazıb...

- Çalışmışam, Əsədin mənim üstümdə olan zəhmətini itirb haqsız olmayıb və ona qarşı şəxsi münasibətlərimdə hörmətlə yanaşmışam. Kitabımı oxuyub, redaktə edib, ön söz yazıb, haqqımda yaxşı fikirlər deyib. Formalaşmağımda müəyyən mənada Əsədin də xidmətləri var. Və bunu deməliyəm: Əsəd Cahangirin ədəbi vicdanında problem var.

- Yeni romanında Cavid nə qədər var?

- Birinci romanımdakı obrazın adını sonradan oğluma verdim. Əsərdə xeyli yerlər var ki, mən özüməm. Qadınlara, məişətə, dünyaya münasibətdə xeyli şey mənə aiddir.

- Mistik şeylər də var...

- Təbii ki, mən şaman görməmişəm, şamanın yanına qız aparmamışam. Bakıdan kənarda dağın dibində şaman yaşamır. Bu sadəcə yazıçı təxəyyülüdür. Amma qəhrəman kimi xeyli şeylər var ki, mənə aiddir. Tələbəçilikdə fəhlə işləməkdən tutmuş, satıcılığa qədər.

- Sənə həyatdan gəlmə yazıçı demək olar?

- Mənə görə bu xəstə bir bölgüdür. Ədəbiyyatdan və həyatdan gəlmə anlayışı ortalığa nə vaxt çıxıb? Bunun elmi-bədii əsası nədir? Mən bilmirəm bunu. Ədəbiyyatdan gəlmələr şəhərdə, həyatdan gəlmələr isə kənddə yaşayırlar? Mən kənddə yaşamışam, arabir gedib quzu otarmışam. Bunların mənim yazıçılığıma əlbəttə, müəyyən təsiri var. Bunların fərqi dilin koloritində ola bilər. Yeganə buna təsir edə bilər.

- Məncə bizim nəsildə ən usta dil səndədir.

- Təşəkkür edirəm.

- Əsərlərini oxuyan adam elə başa düşə bilər ki, sənin bir xeyli yaşın var.

- Aqşin bir dəfə dedi, əsərini oxuyanda heyrətləndim ki, sən bu dilə necə yiyələnibsən. Dilin koloritliliyi, zənginliyi baxımından Aqşinin də romanı mənim xoşuma gəlmişdi. Mən dil məsələsində çox həssasam. Hətta xəstəlik dərəcəsində. Dostlarımız var ki, roman yazırlar. Baxıram, bu Azərbaycan dilində cümlə qura bilmir. Türkiyə seriallarındakı cümlələri götürüb mənə sırmaqla iş aşırmaq olmaz.

- Sənin kimi cəlilabadlı olan Aqşin deyir ki, otardığım quzu, daş atdığım it mənə Dostoyevskidən daha yaxındır...

- Aqşingillə bizim kəndin arasında bir xeyli məsafə var. Aqşin məndən daha tez Bakıya gəlib, mən Cəlilabadda olanda Dostoyevskini oxumamışam. Aqşinin dediyi qurama şeydir. Bu səmimi fikir deyil, özündən müştəbehlikdir. Məsələn, mən itə nəinki daş, hətta yatdığı yerdə itin burnunun ucuna zırpaket atmışam, yazıq heyvan zingildəyə-zingildəyə başını götürüb qaçıb. Aqşinin dedikləri natura baxımından sənə nəsə verə bilər, bir isti xatirə ola bilər. Dostoyevski isə, sənə romanı necə yazmaq lazımdır, bunu öyrədir.

- Bizdə yazıçıları AYB-də, AYO-da olmasına görə qruplaşdırırlar. Buna münasibətin necədir?

- Bizdə mənim kimi fikirləşmirsənsə, mənim yanımda ola bilməzsən fikri hakimdir ki, bu çox dəhşətli tendensiyadır. Sağlam düşünməyi bacaran adam - yəni, öz mövqeyi olan, nə sağa, nə sola oynayan adama da bir yarlıq yapışdırırlar ki, bu adam ortada oynayır, öz yolunu tapa bilmir. Nə ətdir, nə balıqdır və s. Adama belə damğalar vururlar. Ən pisi də odur ki, cəmiyyətdə radikallıq var. Siyasi, mədəni, ədəbi, dini radikallıq.

- Ədəbiyyatın siyasi hadisələrlə məşğul olmalı olduğunu deyirlər. Məsələn, Qarabağ mövzusunda.

-Aqil Abbasla bir dəfə söhbət edirdim, dedi ki, gənclər Qarabağ problemindən mütləq yazmalıdırlar. Dedim, Aqil müəllim, mən Qarabağda olmamışamsa, nə yaza bilərəm? Dedi, cəbhədən, şiddətli döyüşlərdən yazmağın lazım deyil, qaçqın ailəsindən yaza bilərsən. Əlbəttə, yaza bilərəm, amma səmimi deyirəm ki, gərək özümü zorlayam.

Belə yazıçılıq mənə lazım deyil.

Sosial bəlalar cəmiyyətimizdə çoxdur. Biz də buna bir vətəndaş kimi münasibət bildirməliyik. Amma mən məcbur deyiləm ki, məsələn, sevgidən bəhs edən romanda “onları da həbs etdilər” yazam, sonra ucuz publisistik dillə plakatçılıq, şüarçılıq püskürəm. Digər tərəfdən, “yazıçı cəmiyyətdə baş verən proseslərə mütləq münasibət bildirməlidir” deyə əsassız iddia irəli sürmək olmaz. Selincer nümunəsi var, dünya vecinə olmayıb, çəkilib inzivaya, özünü hər yerdən təcrid edib. Mənim aləmimdə istedadsız, ədəbiyyatın “ə”-si qədər dəyəri olmayan, cümlə qura bilməyib ortalıqda çığır-bağır salan adamdansa, istedadlı başıaşağı adam daha dəyərlidir.

- Bu günlərdə nə oxuyursan?

- Baba Vəziroğlunun povestlərini xeyli tərifləmişdilər, kitabını bitirmək üzrəyəm. “Yuxu”, xüsusən “Müsəlman qəbri” çox xoşuma gəldi. Açığı mənə qəribə gəldi ki, Baba Vəziroğlu sonralar niyə nəsr yazmadı? Əhməd Cavadın həyatı haqda böyük bir yazı yazıram deyə, Əli Saləddinin kitabını oxudum. Norveçli Per Petersonun “Atları oğurlamaq vaxtıdır” Herta Müllerin “Nəfəs yelləncəyi”, romanlarını bu yaxınlardan bitirdim.

# 2995 dəfə oxunub

Müəllifin son yazıları

# # #