Bu gün tanınmış şair, yazıçı, alim, mütəfəkkir, tərcüməçi və Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanovun doğum günüdür.
Kulis.az onun fars dilində yazdığı "Ümidin boşa çıxması..." mənzum hekayətini Məmmədağa Sultanovun tərcüməsində təqdim edir.
İş bilən, ağıllı, qoca bir dehqan,
Bir gecə söylədi belə bir dastan:
Ki, Həsən adında bir kəndli vardı,
Bağbanlıq edərək rahat yaşardı,
Dünyanın qəmindən ürəyi azad,
Əkindən başqa şey eyləməzdi yad.
O, məhsul alardı, cüzi, bir qədər,
Xərcinə çatardı güclə, bir təhər.
Xeyirxah bir qərib Həsəni gördü,
Ona çox qəribə bir toxum verdi.
Hesən əkdi onu, çakdi çox zəhmət,
Yetişdi bir neçə alma nəhayət.
Heç kəs belə alma görməmiş yəqin,
Onda ətri vardı gözəl güllərin.
Bir yanı qırmızı, sarı bir yanı,
Var idi fərəhdən, dərddən nişanı.
Aşiqlə məşuqdur guya bu sayaq.
Birləşib oturmuş qucaqlaşaraq.
Həsən çox dəyərli gördükdə barı,
Bilmədi nə etsin bu almaları.
Əqlinə gəlirdi onun min xəyal,
Gah dedi: "ver yesin qoy əhli-əyal".
Gah dedi: "gəl göndər dosta ərməğan,
Qalsınlar belə bir almaya heyran",
Gah da pul qazanmaq gəldi niyyətə,
Dedi ki, sataram baha qiymətə.
Axırda o gəldi belə qərara:
"Layiqdir bu alma hökmdarlara".
Qəlbini bəzədi min rəngli xəyal,
Sudakı köpük tək coşdu ehtimal.
Zənn etdi sevinər buna hökmdar,
Eləyər ölkədə onu bəxtiyar.
Belə xoş ümidlə, yüksək xəyalla,
Yönəldi şəhərə, gördü cəlalla
Şah çıxır səfərə, tələsik Həsən,
Şaha təqdim etdi almaları şən.
Şah fərman verdi o, sarayda qalsın,
Qayıdan zaman bir mükafat alsın.
Lakin xadimləri bədcinsdi tamam,
Həmişə avara, nəməkbəhəram.
Nə xalq, nə də dövlət düşürdü yada,
Bir qızıl-gümüşdü məqsəd dünyada.
O uca qapıda çox alçaqdılar,
Xidmotdə daima zalim, cəfakar.
Belə alçaqların əlində ikən,
Gör necə bəlaya rast gəldi Həsən.
Saxlayıb müxtəlif evlərdə miskin,
Evindən saldılar onu didərgin.
Yorulub belə bir işdən nəhayət,
Zindana salaraq oldular rahət.
Həsen, o binəva, o yazıq Həsən,
Sonsuz əzab çəkdi, qəlbində şivən.
Gün keçdi, ay keçdi, gəldi hökmdar,
Həsənin halından olub xəbərdar.
Əmr etdi hüzura gəlsin o bağban,
Təəssüf eyləyib bu işə sultan.
Hökm etdi açsınlar ta xəzinəni,
Salsınlar oraya təkcə Həsəni.
Könlü ne istəsə götürsün dövlət,
Bəlkə yaddan çıxa çəkdiyi zillət.
Girdi xəzinəyə tək-tənha Həsən,
Heyrətə düşdü o bu xəzinədən.
Bircə şey alsaydı ömrünə bəsdi,
Lakin daş-qaşlardan tamahı kəsdi.
Götürdü iki şey ancaq oradan:
Biri balta idi, biri də Quran.
Bu xəbər çatdıqda şaha qaldı mat,
Çağırıb danladı, etdi iltifat.
Dedi: "Ey divanə, bu fürsət bir de,
Əlinə düşərmi sənin ömründə?
Sonralar bu işdən olsan peşiman,
Bir fayda gətirməz bu sənə, inan!
Fürsəti itirməz ağıllılar bil,
Qayıt xezinəyə gözlərini sil!
Qiymətdə ən böyük bir cəvahir al,
Gedib öz dərdinin əlacına qal"!
Şaha təzim edib söylədi Həsən:
"Bunlardan özgə şey istəmirəm mən.
Baltayla kəsərəm ağacı əvvəl,
Ki, odur geətirən başıma əngəl.
Deyərəm and içsin nəslim Qurana,
Ümid bağlamasın heç bir sultana.
Nə arzu etmişdim, noldu nəhayət,
Qoy onlar halımdan alsınlar ibrət.
Kim razı qalmasa öz xoş halından.
Varına qənaət etməyən insan,
Tamahla, həsədlə yaşasa ancaq,
Şadlığı doyişib əzab olacaq".
Ey Qüdsi, sən də gəl bundan ibrət al,
Bu sonsuz arzunu bir hüduda sal.
Gəl etmə bu mənsəb, cəlala nəzər,
Kim çatdı arzuya sonuna qədər?!
Belə tamahkarlıq nəyə gərəkdir?
Səadət əlinə düşməyəcəkdir.
Özünə nə lazım bu zülmü sitəm,
Çox pay istəyəne ruzi olar kəm,
Qaç bu pozğunluqdan, canını qurtar,
Yaşamaq şəklində ölümdür bunlar.
Üzünə məcazi olan bu dastan,
Həqiqət qapısı açsın hər zaman.
Həsən bir ruh idi, ağac da xislət,
Qəribə bar verər üzə gülsə bəxt.
Sonra bu bar sənə məğrurluq verər,
Qəflət zindanına çəkib gətirər.
Yoxsulu sınayan xəznəni atsan,
Xislətin ağacı kəsilər asan.
Qurana and içsən, dilşad olarsan,
Qulluq həlqəsindən azad olarsan.