Kulis.az sevgiyə aid təsirli şeirləri təqdim edir.
Nüsrət Kəsəmənli
Hələ də sevirəm, sevirəm səni
Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.
Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.
Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.
Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.
Zəlimxan Yaqub
Gül sənin nəyinə gərəkdir, gülüm?
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…
Mədinə Gülgün
Sevgin varsa |
Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl...
Nəbi Xəzri
Dəniz, göy, məhəbbət
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Məmməd Araz
Sevgi Nəğməsi
Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək…
Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.
Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.
Rəsul Rza.
Ayrılmayaq şeiri
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca
Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…
Əliağa Kürçaylı
İstərəm
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.
Sabir Rüstəmxanlı
Sənin Gözlərinlə
Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!
Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçin töküləcəkdir.
Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.
Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan…
Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.
Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!