Göyə yüksələn duanın qayıdışı - Faiq Balabəyli yazır...

Göyə yüksələn duanın qayıdışı - Faiq Balabəyli yazır...
25 yanvar 2023
# 15:29

Kulis.az Faiq Balabəylinin “Göyə yüksələn duanın qayıdışı” adlı yazısını təqdim edir.

Bu qayıdış Yaradanın hökmü idi. Dua sahibini dua etdiyi bağçaya, saflığa, ilkinliyə qaytarırdı...

... Bu, bir kitabın - Sona Vəliyevanın “Ömrün yaddaşı” kitabının bir oxucunun içində yaratdığı əks-səda idi. Kitabdakı şeirlərdə bir uşağın hıçqırtısı, dünyanın işdəklərinə şair münasibəti, gilas ağacının ağlaması, nələr, nələr əksini tapıb:

Bir uşaq ağlayır: “Ana, cənnətdə,
Yemək pulsuzdursa, gəl ölüb gedək,
yoxsa ki bu ömür gözümə durub
Dünyayla hesabı bitirib, gedək”

“Ömrün yaddaşı” kitabındakı ikinci şeirin ikinci bəndi. Şeir 8-ci səhifədədir və kitabın 9-cu səhifəsində yer alan rəsmdə dünyanın solğun qucağında küskün halda əksini tapan, sağ əli ilə gözlərini ovaraq ağlayan uşaq şəkli, hansı ki, aclığın sitəmi onu anası ilə birlikdə ölməyə çağırır. Və uşaq əmindir ki anası ilə birlikdə öldükdən sonra mütləq cənnətə düşəcək. Şeiri oxuduqca məndə də belə bir əminlik yaranır ki, uşağın məhz elə bu arzusuna görə Tanrı onu və anasını cənnətə yola salacaq.

Və haqqında söz açdığım şeirdə şair harayı, ana naləsi, yalvarışı ilə yanaşı şair inamı, şair hökmü:

İlahi, hər işin ölçü-biçili,
Bu küllü aləmi sən yaratmısan.
Yer üzü körpəsiz beşiyə dönər,
Şeytandan betəri dayandırmasan.

Axı, bu şeir niyə məni ağuşuna ala bildi? Niyə kitabın ilk səhifələrində yer alan bu şeir məni öz ardınca çəkə bildi? Mən o şeirin fəlsəfəsini duydum. O şeirdə, sözün həqiqi mənasında, bir ana istəyini, bir ana yanğısını sezdim:

Min alqış göyərsin, qarğış ləngisin
Şər öz tamahından tələyə düşsün.
Hər ulduz bir insan ömrüsə, Tanrım,
Qoyma qara əllər ulduza dəysin...

Tanrı, əlbəttə, eşidir, görür, ağı-qaradan seçir, çünki bütün olanlar və olacaqlar onun hökmündən kənar deyil. Çağdaş poeziyamızda şeiri, sözü və şeirlərdəki tər-təmiz, bakirə ruhu, üstünə nəfəs toxunmayan hisslərin poetikasını içinin dərin qatlarından gətirə biləcək az saylı şairlərimizdən biridir yuxarıda misal çəkərək göstərdiyim misraların müəllifi.

Sözsüz ki, poeziyamızın qadın qolunun çox güclü simaları var. Amma mənə şeirində, poetikasında, ruhunda daha doğma olan çox az sayda xanım şairəmiz var ki, onlardan da biri haqqında bəhs etdiyim Sona xanım Vəliyevadır.

Onun şeirlərinin içərisindən özünəməxsus poetik ifadəsi ilə seçilən bir xanım şairə deyil, həm də bir ana, bacı və vətəndaş baxır.

Bir gilas ağacı ağlar gözümdə,
Bir kimsə tapılmaz qəmin ovuda.
Çiçəyi anamın gəlin yaylığı,
Meyvəsi bənzəməz əvvəlki dada.

Sona xanım vətəndaş şairdir. Şablon səslənir, eləmi? Axı bu epiteti çoxlarına şamil edirlər, mən isə xanım əfəndimizin öz misraları ilə fikrimi əsaslandırıram:

Ay yuva qoruyan quşlar, böcəklər,
Mən sizi özümdən vəfalı gördüm.
Pəncərə gözləri ağlayan evim,
Ağlayan gözündən qoymadı öpüm.

Həəə, xatirələr... Həşəm olmuş ötən günlər, xəzəl olmuş yarpaqlar, divarlara hopmuş ötən günlərin səsi, sədası və bu günün genişliyindəki darlıq, tənhalıq... Sizi bilmirəm, məni ötənlərimə qaytarır:

Mənim sevgim, duam bir vaxt bu bağdan,
Yağışla, günəşlə göyə yüksəlib.
Deyin bağ-bağata, qonum-qonşular,
Deyin o duanın sahibi gəlib.

... Bu qayıdış Yaradnın hökmü idi. Dua sahibini dua etdiyi bağçaya, saflığa, ilkinliyə qaytarırdı.

“Tənha ana kimi gördüm barını, Küləklər sovurur, qoruya bilmir”, deyir və təəssüf, acı, həsrətli bir misra – Əvvəllər kölgəsi toy-büsat olan ağacın tənəsinə, gileyinə, tənbehinə fikir verək:

Aşıb-daşan qəm kimidir meyvəsi,
Bu qədər bar bizə qaçıq tənəmi?

Və ardınca:

Qanadlı arzular aparan ömrün,

Geri dönüb halallığın istədim.

Hər birimiz bir arzunun, istəyin ardınca düşdük, xoş gün, güzəran, karyera, həyat sorağına o doğma ocaqdan yola süvar olduq və sözsüz ki, qazandıqlarımızın müqabilində itirdiklərimiz də az olmadı. Və bu itkilər həm də körpəliyimizin, yeniyetmə çağlarımızın, gənclik illərimizin xatrələrə sığınıb bu günümüzdə bizi göyüm-göyüm göynətməsidir ki, misralarda, poetik ifadələrdə daha dolğun görünür:

Hər ağacda, hər budaqda iz, nişan,
Uşaq ömrümüzün naşı xəttidir.
İçimdə bir ağac duası bitib,
Anam köç edəndən ömür çətrimdir...

“Gilas bağı” adlı bu şeirin son bəndi isə loğman əliylə parçalanmış sinəmdə mənə yaşamaq üçün güc-qüvvət verən ürəyimi daha da sarsıdır, daha dqa “incidir”, doğmalaşdırır:

Ağac libasında kimdir, İlahi,
Göylərə qaldırıb budaq əllərin?
Bu ağac mələkmi, mələk anammı,
Sübhün azanında yuxuma gəlir?!

“Ömrün yaddaşı” kitabı, sözün həqiqi mənasında yaddaşları təzələyir, kitabda yer alan hər şeirdə, hər misrada, hər tabloda ötənlərə qatılmaq, yaşamaq olur.

Həm də kitabda əks olunan bütün əsərlərin qəlb oxşaması, ürək titrətməsi ilə həmahəng olaraq çəkinmədən demək olar ki, Sona xanımın şeirlərində həm də saçlarının üç telini saz edib sinəsində çarpazlayan, lirikasını qəlblərə köçürə bilən xanım əfəndimiz var:

Payızın üzü soyuq,
Havada ayrılıq var.
Yarpaq budağa sığınıb,
Aparmasın ruzigar...

...Köçən quşların yuvası
Boşalan yurd yeri imiş.
Xatirələr sarı qəzəl-
Həzin yağmura bənd imiş.

Ətrafında çoxlu sayda insanlar olar; doğmaların, səni dünyaya gətirənlər, sənin dünyaya gətirdiklərin... Birmi, beşmi. Hamısı doğma, hamısı yaxın, hər biri ilə bir ömrü başa vurmaq, yaşamaq, yaşatmaq olar. Amma tənhasan. Bu tənhalıq ətrafındakı doğmaların sıxlığında belə səni sıxır və sənə elə gəlir ki,

Qar yağıb altında qalıb,
külək sovurub aparır.
Ruhu içində qəribdir,
Burda bir adam darıxır...

Bu, darıxmağın rəngidir, düsturudur, oxuduqca bütün darıxmaqlarını göz önünə gətirirsən və Sona xanımın misralarının içindən çıxıb özünün ovqatına köklənirsən, gözlərini qapayıb içindən o anlarını keçirirsən. Şairin “Darıxan adam”ı sənin üçün, sənin hisslərini yazın ilk gəlişində cücərən, torpaqdan üzü günəşə tərəfə boy atan zərif, xəfif bir çiçək kimi pöhrə verir, nə olsun ki:

Doğmaların da içində,
Tənhadır darıxan adam.

Həm də şairin təbirincə desək:

Qaya gücü hey ovulur,
Dağılır darıxan adam.

Ümid isə sonda ölür, deyiblər. Bu darıxan adamın sıxıtısını, rahatsızlığını sona çatdırmaq da lazımdır. Tənhalıq içəridə olur, bunu əlbəttə hər kəs yaşaya bilsə də, hər kəs duya bilməz, hissi başqasına yaşada bilməz:

Evində qərib kimidir,
hamı yad, hər şey özgə.
Döyür içinin qapısın-
Bir kimsə tapıldı, bəlkə.

Sona xanım “Ömrün yaddaşı”nda həm də özünün təəssüf, yaxud etiraf dolu anlarını da yaddaşlara ötürür:

Mən etdiyim yaxşılıqlardan,
Aldığım zərbənin əksinə,
sadəcə,
Nankor dostlardan
Üz çevirib
Sükuta doğru gedirəm...

“Qızıl balıq” balıq şeirindən nümunə olaraq oxuduğumuz bu etiraf, özünü təqdim, tanıtım parçadan məlum olur ki, axına qarşı üzən, yaşamağın və yaşatmağın mənasını bunda görən, həyatı məhz buna görə də özəl olaraq təqdir olunan balıqlar bu hərəkətləri ilə,

“yeni-yeni ömür yaşatmağa,
bitməyən bu tale nəğməsi yazmağa,

su dastanı yaratmağa doğru üzür və bununla da özünün bir vaxtlar içində olduğu səhvlərdən nəticə çıxaracaq:

haqsızlığa qarşı mücadilədə yalnız
özüylə dava başlayan,
tənhalığa sevdalanan
hər gün içinin harayında özünü boğan,
balıqdan qəhrəmanlıq,
cəsarət öyrənən
kamikadzeyəm,
İntihar sənə üsyansa,
günahımdan keç, ilahi
, -

deyəcək və asiliyinə, susqunluğuna, həyatın bu məqamı üçün nələrdən keçilməsinin bəraətini istəyəcək.

İndi Sona xanımın “Ömrün yaddaşı”nı vərəqləyərkən, mənim də yaddaşımdan bəzi məqamlar keçdi. Əvvəlcə onu deyim ki, kim olursan ol, hansı mənsəb və səlahiyyət sahibi olursansa ol, əgər şairsənsə bütün bu olmuşlar və yaxud olacaqlar səni həmişə şair adından, şair təfəkküründən, səmimiyyətindən və obyektivliyindən aşağada dayanacaq. Şair şeirini yazanda, yaradıcılğın ağuşunda olanda hər kəsdən və hər yüksəklikdən daha yüksəkdə olur. Nə isə...

Bəlkə də yazmaq gərəkməzdi, amma yazmaya bilmədim. Yaradıcı dostlarım vardı, Sona xanımla isti münasibətlər, onun xeyirxahlığından, yaradıcılığından ürəklə bəhs edənlər və siarə. Bir neçə dəfə, onlardan Sona xanımın kitabını istədim, özünün haqqında, şeirlərindən də informasiya əldə edim deyə xahişdə bulundum. Kimi kitabı tapa bilmədiyini, kimi xanımın mənim layihələrimin qonağı olmasını istəmədiyini, kimi isə heç dəxli olmayan səbəblərdən mənə yardımçı olmadı. Ardıyca da düşmədim. Məni inandırmaq o qədər də çətin deyil... Amma kitabının birini “Qanun” nəşriyyatından tapdım. Oxudum və imzası üçün darıxacağım şairlərin sırasında onun da imzası möhkəmləndi, bu da mənim etirafım...

Sonda Sona xanımın özü ilə söhbətinə fikir verək (“Özümlə söhbət”):

Elə bil yer üzü boşalıb,
Hamı məni atıb gedib...

(Demək yuxarıda nümunə göstərdiyimiz şeirdən parça ilə uzlaşma nəzərdən yayına bilməz, Necə demişdi?

Aldığım zərbənin əksinə,
sadəcə,
Nankor dostlardan
Üz çevirib
Sükuta doğru gedirəm...)

Kim üçün darıxar könlüm?
Niyə yol çəkər gözlərim?
Hardasa mənsiz ağlayır
Yazılmayan sözlərim...

Şairlik böyüklükdür, bu fikrə etinasız olacaq, etiraz edəcək qələm adamı varsa, o adamlar şairliyi vasitə kimi seçənlər ola bilər. Bu böyüklük həm də ondadır ki, geri boylana biləsən və gördüklərini, duyduqlarını, yaşadıqlarını etiraf etməyi də bacarasan və heç nədən çəkinmədən, hər kəsin duya biləcəyi şəkildə deyəsən:

...Bir Allah, bir söz vəfalı,
Güvənməyə kim qalıb ki? -

Necə ki, şairlər içərisində öz boyu, öz səsi, nəfəsi olan Sona xanım Vəliyeva deyib.

Və həm də,

Ən rəhimli bildiyim kəs,
Demə ən zalım adammış
... - deməkdən də çəkinmir.

... Bunlar “Ömrün yaddaşı”ndan görünənlər idi. Sona Vəliyevanın ÖMRÜNÜN YADDAŞINDAN...

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #