Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər

Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq... - Tanınmış polyak şairdən şeirlər
26 noyabr 2025
# 11:25

Bu gün polyak şair Adam Mitskeviçin anım günüdür.

Kulis.az bu münasibətlə müəllifin şeirlərini təqdim edir.



Səfərə çıxdığım günün düşüncələri

Hardan dolub könlümə bu həyəcan, bu kədər,
Yuxu getmir gözümə gecə səhərə qədər.
Dörd divar arasında tapa bilmirəm aram,
Ah çəkib, divarlara həsrət ilə baxıram.
Görən nəyi unutdum, yadımdan çıxan nədir?
Bu ayrılıq anları ürəyimi göynədir.
Bu divarlar neçə gün, neçə gecə lal kimi
Dinləyiblər çarəsiz ah-naləmi, dərdimi.
Kimi gözlədiyimi anlamadan, bilmədən
Tez-tez donub qalardım pəncərə önündə mən.
Kimsəsiz günlərimin fəryad çəkən izləri,
Məni təngə gətirən yalqız addım səsləri...
Oturardım, durardım... Bu boşluq sıxır məni,
Anlar ilə sayıram vaxtın yetişməsini.
Eşidirəm: simşək də nəğməni kəsən deyil,
O da sevgilisindən cavab sorur, elə bil.
İşıqlanır. Sürücü taqqıldadır şüşəni.
Gedək! Vida söyləyib yoxdur ötürən məni.
Nə "xoş gəldin!" söyləyib girmişdilər qoluma,
Nə "yaxşı yol!" deyərək su səpən var yoluma!
Gedak! Adamlarından mənə dost tapılmayan
Bu yerlərdə nə var ki, məni tutub saxlaya?
Mənim ki bu səfərim kimsəyə qəm gətirməz,
Mən də tərəddüd edib fikrə getmərəm əbəs.
Yaz nəfəsi bürüyən çöllərdən də arabir
Beləcə yetim çiçək harasa uçub gedir -
Küləklərin döşündə yalqız, kimsəsiz, əsir...
Həmcinsini görəntək tez üstünə tələsir.
Arabir də sığınır qızılgül ləçəyinə,
Çaşıb könül də verir vəhşi çöl çiçəyinə.
Sonra da qara yellər köksünə vurub yara,
O çiçəyi mənimtək atır yad diyarlara.
Qərib bir səyyah idim mən də qərib şəhərdə,
Gəzirdim haylı-küylü, darısqal küçələrdə.
Gözəllər də görürdüm könülaçan, şux, incə,
Maraqla baxırdılar yadlığımı bilincə.
Ala-bəzək kəpənək dalınca qaçan uşaq
Yetişib tutan kimi təzədən buraxacaq...
Uçub gedək, hələ ki güclüdür qanadımız,
Yeni yüksəkliklərdən eşidilsin adımız!
Yadımdadır Vətəndən ayrılıb gələndə mən,
Sevgilimə, dostlara əlvida söyləyərkən
Mən uzaqdan görürdüm - o doğmalar nə qədər
Dalımca əl eyləyib, yaylıq yelləmişdilər.
Ağlamışdım, gənc idim, axıb duruldu qanım.
Göz yaşı ovundurmur daha məntək qocanı.
Cavan vaxtı ölüm də sənə oyun-oyuncaq
Dostların ürəyində ömrün ki uzanacaq!
Qoca isə yüz dəfə ürcah olub yalana,
İnamı qalmamışdır möcüzəyə-filana.
Bilir ki, ölüm gəlsə aparacaq hər şeyi,
Qoy olsun! Yad şəhərdən rahat qopur ürəyim,
Getdik! Bizi səfərdən ləngidib saxlayan yox,
Dalımca təəssüflə boylanıb ağlayan yox.
Kimsə baxışlarıyla çəpər çəkməz yoluma,
Xəyalən "ləngi!" deyib qol dolamaz boynuma.
Tənha, qərib zəng səsi qeyb olub itən zaman
Kimsə hıçqırıb yanmaz əbədi ayrılıqdan!..

***

Söhbət

Ürəyimiz danışanda bu söz-söhbət nəyə gərək?
Nəyə gərək sözsüz belə danışırsa hisslərimiz?
Hissin dili daha qədim, daha gözəl, daha təmiz.
Onu kobud kəlmələrlə ağrıtmayaq, incitməyək.
Uzaq, uzaq! Ürəklərə, qulaqlara yetənəcən
Dodaqlarda buza dönən cansız, quru kəlmələrdən.

Səni necə sevdiyimi ürəyimdə milyon kərə
Öz-özümə pıçıldayıb söyləsəm də dönə-dönə,
Yenə incik nəzərlərlə hirsli-hirsli baxıb mənə
Məndən şirin söz umursan, söz umursan nahaq yerə!
Hansı sözlər ölü hissə can verəcək,
Hansı sözlə qanadlanıb uça bilər soyuq ürək?!

Mən ağzımı çox yormuşam təmtəraqlı çıxışlarla,
Söz demişəm, dediyimin biri doğru, biri nahaq
Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq,
Ürək ilə, istək ilə, qəlb oxşayan baxışlarla...
Bundan sonra, gəl, səninlə ancaq belə söhbət edək,
Həyat sona yetənədək, ömür başa çatanadək!..

Odessa, 1825

***

Saat
Elegeiya

Cəmi bir saat öncə göz qoyub əqrəblərə
Vaxtı tələsdirirdin - gəlib çıxacaq haçan?
Bu şəhər tünlüyündə dinləyib neçe kərə
Tanımaq istəyirdin məni addımlarımdan.
O saatla bir yerde döyünərdi qəlbimiz,
O saata qoşulub yaşayardıq onda biz.
İksion cəzalanıb sevgisi ucbatından
Bağlandığı təkərlə əbədi fırlanantək
Yolunu gözləyəndə səni səsləyib her an
Əqrəblərin ucunda firlanardı hey ürək...
Görüş çağı yetəndə saatı izləyərdim,
Əqrəbə göz qoyaraq vaxtı əzizləyərdim,
Sonra da xatırlayıb qoşa keçən anları
Salamını, sözünü, şübhəni, gümanları,
Bircə artıq söz ilə coşan mübahisəni,
Sonra da bir gülüşlə davamızı kəsəni,
Gözlərimdə həmişə gizli bir sirr gəzərdin,
Mən ağzımı açmamış "Sus!" deyib tələsərdin.
Ürəyimdən keçəni dinləməzdin, duymazdın,
Bəlkə də, bilə-bilə danışmağa qoymazdın.
Mənsə vidalaşaraq ürəkdən çəkərək ah,
Düşünərdim: könlümü hökmən açaram sabah.
Ancaq sabah yenə də tükənərdi taqətim,
Bircə kəlmə deməyə çatmazdı qətiyyətim.

Ürəyimdə hər şeyə lənətlər yağdıraraq,
Yenə sənin önündə lal-dinməz dayanaraq,
Mən söz axtaran zaman işıqlı təbəssümlə
Tərk-silah edərdin sən məni bilə-bilə.
Yenə də inciyərək hirslə nəsə deyərdim,
Sonra da yalvararaq səndən üzr istəyərdim.

Ah! Sənin hər bir sözün, hər baxışın, hər ədan
Ürəyimi, ruhumu məhvərindən oynadan...
Birgə çəkilən dərdlər, o ümidlər, o ahlar
Köçüb könlümə tamam. Ürək yadigar saxlar.
Qəlbimin gözləriylə baxaraq keçmişlərə
Təzədən yaşayıram o anları min kərə.

Hər şey gözəlləşmədə - keçmişlə gələn günün
Arasında tək o an dəyişilməz, ərköyün.
Kirli, bomboş ömrümün lentidir keçib gedən,
O gün bir qızıl kimi parlamışdı qəfildən.
Onda ipəkqurdutək mənim qanadım vardı,
Sənə baxıb ömrümü zərifcə toxuyardım.

Günəş keçir göylərdən! O saat yetdi yenə.
Bəs sən harda qalmısan? Niyə baxmırsan mənə?
Kimin qisməti olmuş səadətin, göz yaşın?
Kimə doğru tələsir fikrin, duyğun, baxışın?
Tutub hansı əlləri, baş qoyub sinəsinə,
Kimin söhbətlərini dinləyirsən sən yene?
Göyün gurultusu da ayırmaz sizi, yəqin,
Mənisə vurdu bir gün o səadət şimşəyi.

Daha təkəm, yalqızam! Səni tərk etdim o an,
Ancaq ziyarətinə dönərdim utanmadan.
Dayəsinin yanına gözüyaşlı tələsən
Uşaq kimi qaçardım qucağına yenə mən.
Onda xoşbəxtliyimdən itirmişdim başımı,
Duman dağılıb getdi, qəbul et göz yaşımı.
Sonralar anladım ki, o səadət yalanmış,
Mənə o bir saatın ağrıları qalanmış!

Yenə zəif bir ümid! Vaxtı əyləncə udur,
Geniş çöllər, dənizlər hər şeyi unutdurur.
Gəzməyə çıxmışdımsa, niyə dayanıb durdum,
Cavabını gözləyib, qapında boyun burdum.
Gah təkrar eləyirəm o əziz sətirləri,
Gah vaxta söyləyirəm: qayıt, ey saat, geri!
Bu saatdır, bu saat, gecə-gündüz durmadan
Çəkib qədəmlərimi o qapıya qaytaran.

Bu dünyaya göz yuman ən əziz bir insanın
Həsrətiylə, dərdiylə yansa da, daim canı
Ağır yasın içində, xəyalında bircə an
Onu diri sayaraq tez boynuna sarılan
Bir adamam... O evə tələsirəm yel kimi.
Ancaq qapı bağlıdır. Daha aydındır hər şey...
Ağlayıram, göz yaşım axıb gedir sel kimi...

***

Pototskayanın məzarı

Bu bahar ölkəsində soldun tər çiçək kimi,
Uzaq, doğma ellərə çatmadı zərif səsin.
Ötüb-keçən günlərin əlvan kəpənək kimi
Uçdu, xalları qaldı, qaldı xoş xatirəsi.

Nədən biz tərəflərdə elə şöləli yanır,
Ulduzların qatarı niyə parlaqdı yenə?
Bəlkə, odlu gözlərin verib o son işığı
Səpib son çınqılları Vətənin göylərinə?

Polşa qızı! Yad eldə mənim də vədəm çatar,
Dost əlləri üstümə bir ovuc torpaq atar -
Qəbrinin üstündəcə gələr əbədi yuxum.

Sonra doğma ellərdən kiminsə yolu düşər,
Mahnı qoşar yad yerdə bu qəribə görüşə,
Doğma dilim səsləncək oyanıb qalxar ruhum.


Tərcümə edən: Sabir Rüstəmxanlı

Polyak dilindən sətri tərcümələrin müəllifi: Gülər Abdullabəyova


# 74 dəfə oxunub

Oxşar xəbərlər

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

"Sən canlısan, dirisən – sevgi sənə yaraşır" - Leyla Əliyevanın şeiri

15:52 25 noyabr 2025
Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

Ömürlük qonasan bu ölməzliyə... - Günün şeiri

12:00 25 noyabr 2025
Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

12:00 16 noyabr 2025
"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

13:00 15 noyabr 2025
Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

12:23 14 noyabr 2025
İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

10:00 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər