Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA
25 noyabr 2025
# 12:53

Kulis.az APA-nın Azərbaycan dilinin saflığının qorunub saxlanılması ilə bağlı cari vəziyyətə dair araşdırmasını təqdim edir.

Prezidentin Ana dili ilə bağlı çağırışı

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Azərbaycan lideri: “50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”

Prezident yığıncaqda çıxışında bir çox məsələlərlə yanaşı, ana dilimizin saflığının qorunması məsələsinə də toxunub: “On il bundan əvvəl mən bu kürsüdən, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”.

“Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac yoxdur”

Prezident bildirib ki, hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır: “Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”

“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəm, lazımi tədbirlər görəcəm. Azərbaycan alimlərinə də bu məsələyə öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”, – Prezident bildirib.

Hökumətin dilə həssaslığı fonunda bir sıra addımlar – “Ana dili – Azərbaycan məktəbi” layihəsi

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha Azərbaycan dilinin saflığının qorunub saxlanılmasının vacibliyini gündəmə gətirdi. Təsadüfi deyil ki, sözügedən çıxışdan sonra bir sıra qurumlar, qeyri-hökumət təşkilatları aidiyyəti üzrə görülən tədbirlərin mütəhərrikliyini artırmaq yolunda bir sıra yeni layihələrə imza atdılar.

Azərbaycan dilindən düzgün istifadəyə xidmət edən layihələrdən biri də “Ana dili – Azərbaycan məktəbi” layihəsidir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) PR meneceri “Ana dili – Azərbaycan məktəbi” layihəsinin koordinatoru Fidan Quluzadə APA-ya bildirib ki, “Ana dili – Azərbaycan məktəbi” layihəsi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2023-cü ildən etibarən həyata keçirilir: “Layihənin ilk mərhələsi 15.09.2023–15.04.2025 tarixləri arasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra edilib. Layihənin növbəti mərhələsi isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və 01.08.2025–01.12.2025 tarixlərini əhatə edir”.

Hazırda davam edən mərhələdə 200 nəfər iştirak edir

O deyib ki, layihənin əsas məqsədi xaricdə doğulan və yaşayan azərbaycanlı uşaqlara ana dilimizi və milli kimliyimizi öyrətmək, milli şüur formalaşdırmaq və soydaşlarımızın ana dilinə çıxışını onlayn şəkildə təmin etməkdir: “Dərslər həftədə 2–3 dəfə Microsoft Teams platforması üzərindən keçirilir. İndiyədək layihədən ümumilikdə 1500 nəfər yararlanıb. Hazırda davam edən mərhələdə isə 200 nəfər iştirak edir. İştirakçılar dil səviyyəsi - başlanğıc, orta və yüksək və saat qurşaqlarına uyğun olaraq 18 qrupa bölünüblər. Layihə komandası 11 müəllim, 1 ekspert və 1 layihə koordinatoru olmaqla ümumilikdə 13 nəfərdən ibarətdir”.

Müsahibimiz qeyd edib ki, layihədə iştirak edən azərbaycanlılar dünyanın müxtəlif ölkələrindən qatılıb. Həmin ölkələrin siyahısına İran, ABŞ, Almaniya, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Türkiyə, Polşa, Macarıstan, İordaniya, Çexiya, Filippin, Niderland, İsveç, Fransa, Qazaxıstan, Brüssel, Yeni Zelandiya və Qırğızıstan daxildir.

Uşaqların istifadəsi üçün mobil tətbiq hazırlanacaq

Fidan Quluzadə onu da bildirib ki, layihənin gələcək hədəflərindən biri də uşaqların istifadəsi üçün mobil tətbiq hazırlamaqdır: “Bu tətbiq sayəsində layihənin daha geniş kütlə üçün əlçatan olması nəzərdə tutulur. Bundan əlavə, layihənin növbəti sessiyasının dəqiq tarixi layihənin hazırkı mərhələsi başa çatdıqdan sonra elan olunacaq”.

Layihələrin məqsədi ana dilimizin saflığını qorumaqdır”

Qeyr-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, Agentlik tərəfindən ana dilinin qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində müəyyən tədbirlər həyata keçirilir: “QHT Agentliyi bununla bağlı illik qrant müsabiqələri icra edir. 2025-ci il üçün elan edilmiş kiçik, orta və böyük qrant müsabiqələrinin prioritet mövzularından biri “ideoloji təhlükəsizlik, zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsi, yüksək ənənəvi dəyərlərin qorunması”dır. Xüsusilə, müsabiqənin qaydalarında “təhsilin, mədəniyyətin, ana dilinin saflığının qorunmasının təşviqinə dair təşəbbüslərə üstünlük verilir”.

Agentlikdən bildirilib ki, şagirdlər arasında ana dilinin saflığının qorunmasına dair təşəbbüslər həyata keçirilir: “Layihələrin məqsədi ana dilimizin saflığını qorumaq və təbliğ etmək üçün şagirdlər arasında maarifləndirmə aparmaqdır. Məsələn, layihə çərçivəsində Sabirabadda tədbir keçirilib, sosial çarx hazırlanıb və müzakirələr aparılıb. Bu layihələrə misal olaraq “Dilimiz varlığımızdır” layihəsini göstərmək olar. Bu layihə 2025-ci ildə QHT Agentliyinin qrant müsabiqəsində qalib olub. Layihə çərçivəsində verilişlər hazırlanacaq və efir vasitəsilə Azərbaycan dilinin saflığı üzrə maarifləndirmə aparılacaq”.

Agentlik ana dilinin qorunmasına dair müxtəlif layihələr maliyyələşdirir

Məlumatda qeyd edilib ki, dil və mədəni irslə bağlı digər qalib layihələr də var: “2024-cü ildə “Mirzə Ələkbər Sabir Fondu” Sabir ədəbi irsinin və Azərbaycan ədəbi dilinin təbliği mövzusunda qrant alıb. Bundan əlavə, “Məhsəti” Şairlər Məclisi “Ana dilimizin saflığı”, “Xınalıq dilində 500 söz: hər söz bir tarixdır”, “Azərbaycan dili – varlığımızın möhürü”, “Qərbi Azərbaycana qayıdış” kontekstində ana dilinin qorunmasına dair müxtəlif layihələr Agentlik tərəfindən maliyyələşdirilir”.

Agentlikdən o da bildirilib ki, Agentlik qrant müsabiqələrini açıq şəkildə elan edir və “ana dilinin saflığının qorunması” kimi xüsusi mövzulara üstünlük verir: “Bu, sivil cəmiyyətin dilin qorunmasına yönəlmiş təşəbbüslərinə dəstək verilməsi üçün vacib mexanizmdir. Layihələrin bir çoxu məktəblilər, gənclər üzrə maarifləndirmə tədbirləri, sosialçarxlar, verilişlər üzərində qurulub. Bu da gələcək nəslin dilə bağlılığının formalaşdırılmasında vacib rol oynayır. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu - dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir”.

Azərbaycan dilinin qorunması Elm və Təhsil Nazirliyinin diqqətindədir

Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan dilinin qorunması, ona bağlılıq və dilin sosial-mədəni dəyərinin dərk edilməsi nazirliyin daim diqqətindədir: “Bildiririk ki, ümumi təhsil pilləsində tədris olunan fənlərdə, xüsusilə Azərbaycan dili və ədəbiyyat fənlərində şagirdin nitqində dil qaydalarına əməl etməsi, öz fikirlərini və ədəbi nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığcam ifadə etməsi, səlis və ədəbi dildə fikrini çatdırması və bu kimi səriştə və bacarıqlara yiyələnməsi hədəflənir. Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda təsbit olunur”.

Növbəti tədris ilində dərsliklərdəki mətnlərdə dilin zənginliyi genişləndiriləcək

Nazirlikdən bildirilib ki, Azərbaycan dilinin saflığının qorunması da daxil olmaqla, növbəti dövrdə təkmilləşdiriləcək kurikulumlar və onlar əsasında hazırlanacaq dərsliklərdə şagirdlərin yaş səviyyəsinə uyğun mətnlərlə dilin zənginliyini, ifadə imkanlarını və milli-mədəni xüsusiyyətlərinin daha da genişləndirilməsi nəzərdə tutulub.

Diasporla İş üzrə Dövlət Komitəsi: “Hazırda 24 ölkədə 90-dan çox Azərbaycan dilində həftəsonu məktəb var”

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Komitə 2018-ci ildən başlayaraq xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilini, tarix və mədəniyyətimizi daha yaxşı öyrənmələri üçün layihələr həyata keçirir: “Soydaşlarımızın, xüsusilə yeni nəsil diaspor üzvlərinin Azərbaycan dilini öyrənmələrindən ötrü xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri açılıb və mövcud məktəblərinin inkişafına kömək göstərilib. Hazırda 24 ölkədə 90-dan çox həftəsonu məktəbi var”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında çıxışı zamanı səsləndirdiyi tövsiyələri rəhbər tutaraq Diasporla İş üzrə Dövlət Komitəsi həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətini xüsusi diqqətdə saxlayır: “Hazırda 20 xarici ölkədəki 31 Azərbaycan Evinin hər birindəki həftəsonu məktəbləri, o cümlədən Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” adlı onlayn məktəblər uğurla işini davam etdirir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs vəsaitləri ilə və tədris üçün lazım olan bütün vəsaitlərlə təmin edir. Xaricdə yaşayan minlərlə soydaşımız və ölkəmizi sevən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir. Nümunə üçün bildiririk ki, təkcə qonşu Gürcüstanda 1651 azərbaycanlı uşaq və gənc həftəsonu məktəblərinin və kursların xidmətindən yararlanır”.

Milli Dilli onlayn təhsil platforması

Komitədən verilən məlumata görə, xaricdəki hər bir həftəsonu Azərbaycan məktəbində Azərbaycan dili, Azərbaycan tarixi və Azərbaycan mədəniyyətinin tədrisi mütləq şəkildə həyata keçirilir: “Məktəblərdə, həmçinin xarici dillər, musiqi, rəsm dərsləri, gimnastika və digər idman növləri üzrə dərslər tədris olunur, dünyagörüşü kursları, ali məktəblərə hazırlıq kursları, məktəqədər hazırlıq kursları, dram dərnəkləri və s. var. Azərbaycanlıların məskunlaşdıqları ölkələrin bəzi regionlarında onların kompakt yaşamamaları Azərbaycan dili və digər fənlərin tədrisinin əyani aparılmasına imkan vermir. Bunu nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaşayan azərbaycanlılar üçün məsafədən təhsil məqsədilə www.millidilli.eu “Milli Dilli” onlayn təhsil platforması yaradılıb. Platforma dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqları və müəllimləri vahid onlayn tədris proqramı ətrafında birləşdirir. Ümumilikdə platforma təlimində bu günə qədər 55 müəllim iştirak edib”.

Xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəbləri üçün dərs vəsaitləri çap olunub

Həmçinin bildirilib ki, Komitənin dəstəyi ilə xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəbləri üçün “Azərbaycan dili” kitabı, Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaiti hazırlanaraq çap olunub. Kitablar hər bir həftəsonu Azərbaycan məktəbinə çatdırılıb.

“Diasporla İş üzrə Dövlət Komitəsinin ən iri layihələrindən olan “Diaspor Gənclərinin Yay Düşərgələrinin proqramına Azərbaycan dilinin tədrisi daxil edilib. Düşərgə iştirakçıları bir həftə boyunca peşəkar müəllimlərdən dərs alır, müasir tədris metodlarının köməyi ilə Azərbaycan dilini inkişaf etdirirlər”,- məlumatda qeyd edilib.

Komitə son 7 ildə xaricdə ana dilinin təbliği istiqamətində ümumilikdə 187 tədbir təşkil edib

Komitədən o da bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki həftəsonu Azərbaycan məktəbləri ilə bağlı məlumatlara əlçatanlığın təmin olunması məqsədilə 2018-ci ildən bu günə qədər yerli mediada 275 xəbər və analitik yazının işıqlandırılmasını təmin edib. Komitə 2018-2025-ci illərdə xaricdə ana dilinin təbliği istiqamətində ümumilikdə 187 tədbir təşkil edib.

Eyni zamanda, qeyd edilib ki, DİDK xaricdəki həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinin komitənin rəsmi internet kanalı olan Diaspor TV-də, Diaspor FM-də və İTV ilə Diaspor TV-nin ortaq layihəsi olan, İctimai TV-də yayımlanan “Vətən uzaqda deyil” diaspor proqramında mütəmadi olaraq işıqlandırılması təmin edib.

(https://www.youtube.com/watch?v=uMYJB0vB7iM&t=507s)

Komitə bu istiqamətdə layihələri növbəti ildə də davam etdirəcək

“Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə layihələri növbəti ildə də davam etdirəcək. Komitənin Yol Xəritəsinə xaricdə yaşayan soydaşlarımızın ana dilini daha mükəmməl öyrənmələri üçün yeni proqram və layihələr daxil olunub”, – məlumatda deyilir.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

"Ölümdən əvvəl bunları yazdım ki, sonra..." - Azərbaycanlı rejissorun paylaşımı hər kəsi təlaşlandırıb

"Ölümdən əvvəl bunları yazdım ki, sonra..." - Azərbaycanlı rejissorun paylaşımı hər kəsi təlaşlandırıb

14:33 25 noyabr 2025
Paolo Sorrentino:  "Maradona məni rejissor olmağa ruhlandırdı"

Paolo Sorrentino: "Maradona məni rejissor olmağa ruhlandırdı"

14:30 25 noyabr 2025
"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

14:07 25 noyabr 2025
Tanınmış yazıçının növbəti məhkəmə iclası keçiriləcək

Tanınmış yazıçının növbəti məhkəmə iclası keçiriləcək

13:48 25 noyabr 2025
Ana niyə 3 günlük körpəsini dənizə ataraq öldürüb?

Ana niyə 3 günlük körpəsini dənizə ataraq öldürüb?

12:55 25 noyabr 2025
Hitlerə etiraz edən yazıçı - Nobel Komitəsi onunla bağlı hansı faktoru vurğulamışdı?

Hitlerə etiraz edən yazıçı - Nobel Komitəsi onunla bağlı hansı faktoru vurğulamışdı?

12:30 25 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər